Mədəniyyətə
münasibətimiz: necə dəyişə bilərik?
Esse
İncəsənət təkcə gözəllik
yaratmaq üçün deyil, eyni zamanda cəmiyyətin,
insanın və zamanın güzgüsüdür. Sənət
əsərləri çox zaman açıq şəkildə
deyə bilmədiklərimizi söyləyir, gizlində
qalanları üzə çıxarır. Əsrlər boyu sənətkarlar
öz əsərlərində dövrün ictimai və siyasi
problemlərinə münasibət bildiriblər. Qədimdən
bu günə qədər istər Şekspirin əsərlərindəki
siyasi intriqalar, istər Pikassonun "Guernica"sında
müharibənin dəhşəti, istərsə də Azərbaycanın
çağdaş rəssamlarının əsərlərində,
ədəbiyyat nümunələrində, musiqilərdə
sosial ədalətsizliklərə etirazlar sənət dili ilə
çatırılıb. Məsələn, rəssam Səttar
Bəhlulzadənin əsərlərində təbiət
gözəlliyi ilə bərabər, insan ruhunun
azadlığı da hiss olunur. O, realizmin sərhədlərindən
çıxaraq duyğuları rənglərlə
çatdırmağa çalışırdı. Səttar Bəhlulzadənin
əsərlərindəki təbiət mənzərələri
təkcə mənzərə deyil, o, həm də insanın
təbiətlə harmoniyası, kökə
bağlılığı və daxili dünyasının təzahürüdür.
Başqa bir dünyaşöhrətli sənətkar Dieqo
Riveranın divar rəsmləri isə Meksikanın ictimai və
siyasi tarixini əks etdirən dərin mənalar
daşıyır. Bu əsərlər Meksikanın inqilabi
ruhunu əks etdirir, eyni zamanda sosial bərabərsizliyin tənqidlərini
ehtiva edir. Müasir dövrdə sənətçilər sosial
mövzulara daha açıq yanaşırlar. Eyni zamanda
küçə sənəti də sosial və siyasi
mesajların ifadəsinə çevrilib. Dünyada məşhur
olan "Banksy" adlı anonim küçə sənətçisinin
əsərləri müharibə, istehlakçılıq və
zorakılıq kimi mövzuları ironik və sərt şəkildə
gündəmə gətirir. Azərbaycanda da son illərdə
bəzi gənc rəssamlar şəhər divarlarında
mesajlarını rəmzlərlə çatdırmağa
başlayıblar. Bu nümunələrdən yola
çıxaraq deyə bilərik ki, sənət əsərləri
təkcə estetik obyektlər deyil, onlar həm də sosial
mesaj daşımaq funksiyasına malikdir.
Tarixin səhifələrini bir az diqqətlə vərəqlədikdə
görərik ki, sosial dəyişikliklər çox zaman səssiz
başlayır. Məsələn, bir şeir, bir tablo və
yaxud bir mahnı ilə. İncəsənət hər zaman dəyişikliyin
görünməyən, amma çox güclü bir vasitəsi
olub. Ədəbiyyat, musiqi, rəssamlıq və teatr kimi incəsənət
sahələri sadəcə əyləncə vasitəsi deyil,
onlar bütün zamanlarda ictimai şüurun
formalaşmasında mühüm rol oynayıb.
XIX əsr rus yazıçısı Dostoyevskinin əsərləri
sosial mesajlarla doludur. O, yoxsulluq, ədalətsizlik, mənəvi
çöküş kimi problemləri gündəmə gətirərək
cəmiyyətdə müzakirələrə səbəb
olmuşdu. Eyni şəkildə, Azərbaycan ədəbiyyatında
Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin"
jurnalındakı satirik məqalələr, karikaturalar və
hekayələr xalqı oyatmaq, geriliyə qarşı
çıxmaq üçün dəyərli vasitələr
idi. Bu əsərlər sadəcə gülüş
doğurmur, düşünməyə vadar edirdi. Belə
yaradıcılıq nümunələri insan
azadlığı, daxili çəkişmələr və cəmiyyətin
təzyiqləri barədə dərin sosial mesajlar
çatdırır.
Musiqi də sosial dəyişikliklərə təkan
verə bilir. ABŞ-də 1960-cı illərdə Bob Dylan kimi
sənətçilərin etiraz motivli mahnıları vətəndaşlara
hüquqlarının müdafiə etmək üçün
ruh verirdi. Azərbaycanda da müasir dövrdə bəzi
müğənnilər və rep ifaçıları sosial bərabərsizliyi,
gənclərin problemlərini dilə gətirərək sənət
vasitəsilə cəmiyyətə mesaj ötürür. Dəyişikliyin
ən güclü vasitələrindən biri də
teatrdır. Azərbaycanda 20-ci əsrin əvvəllərində
Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun"
operettası qadın azadlığı və maariflənmə
mövzusuna toxunaraq dövrün ciddi problemlərini yumorla
gündəmə gətirirdi.
Sovet dövründə bəzi azərbaycanlı rəssamlar
və yazıçılar dolayı yollarla senzuranı aşa
bilirdilər. Onlar rəmzlərlə danışır,
metaforlarla çatdırmaq istədiklərini söyləyirdilər.
Bəzən bir rəsm tablosundakı tünd rənglər,
bir əsərdəki susqun obraz əslində yüzlərlə
sözə bərabər olurdu. Əsərlərdə ictimai
və siyasi hadisələr şərh edilir və cəmiyyətdə
yeni rəy yaradılırdı. Bəzən sənət təkcə
estetik anlayış yaratmır, həmçinin siyasi mesaj
ötürmə məqsədi daşıyır. Sənətin
siyasi ölçüsü tarix boyu müxtəlif yollarla ortaya
çıxıb. Məsələn, 1960-cı illərdə
Amerikada etirazlar artdıqca küçə sənətçiləri
plastik vasitələr və qraffitilərdən istifadə edərək
səslərini çatdırmağa
çalışırdılar. Bu kontekstdə sənət
geniş auditoriyaya sosial məsələlər üzərində
düşünmək imkanı verir. Bu baxımdan da incəsənət
bir növ sosial proseslərin təkanverici gücü hesab
olunur. Cəmiyyətlər sənət əsərləri
vasitəsilə öz tarixlərini mədəni kimliklərini
və ictimai problemlərini ifadə edir. Sənətin bu rolu fərqli
cəmiyyətlərdə müxtəlif formalarda meydana
çıxır. Braziliyalı sənətçi Kandido
Portnarinin əsərlərinin özəyini sosial ədalətsizliyə
və istismar sisteminə qarşı tənqidi yanaşma təşkil
edir.
İncəsənət mədəni şüurun
yüksəlməsində müstəsna rol oynayır. Fərqli
mədəniyyətlərə aid sənət əsərləri
yeni baxış bucaqları yaradır. Müxtəlif səpkili
tədbirlər, sərgilər insanları yeni mədəni təcrübələrlə
tanış edir. Son illər ölkəmizdə xarici sənətkarların
sərgilərinin, görüşlərinin, ustad dərslərinin
təşkil olunması, beynəlxalq festivalların
keçirilməsi təqdirəlayiqdir. Ancaq gəlin görək
cəmiyyətin bu cür tədbirlərə reaksiyası
hansı səviyyədədir: təəssüf ki, ötən
əsrlə müqayisədə bu cür tədbirlərə
qatılan insanların sayı hər gün keçdikcə
azalır. Hətta belə cəhdlər bəzən çox
sərt reaksiyalarla qarşılaşır. Misal olaraq bu
yaxınlarda paytaxtımızda dünyaca məşhur
italiyalı heykəltaraş Lorenzo Quinnin heykəlləri ətrafında
yaranan hay-küyü önə çəkmək olar. Bu
baxımdan belə tədbirlərin tez-tez təşkil
olunması zamanla mədəni müxtəlifliyə hörmətin
formalaşmasını artırmış olur. Xüsusilə
çağdaş sənət sərgiləri
iştirakçıların fərqli mədəniyyətlərin
estetikasını və dəyərlərini anlamağa imkan
yaradır. Sənət həmçinin keçmiş və
mövcud mədəni mühit arasında bir
körpüdür. Yerli festivallar, xalq rəqsləri və ənənəvi
sənətlər cəmiyyətlərin şəxsiyyətini
qoruma cəhdləridir.
İncəsənətin bütün sahələri
insan əxlaqının inkişafında təsirli olmaqla
yanaşı, şəxsin yaradıcı qabiliyyətinin
formalaşması onun estetik şüurunun da yüksəlişində
əhəmiyyətli rol oynayır. Təbii ki, hər kəs sənətçi
olmaq məcburiyyətində deyil. Lakin çağdaş bir
insan olmaq üçün hər bir insan az da olsa sənətdən
anlamaq məcburiyyətindədir. Təəssüf ki, ölkəmizdə
həyat-dolanışıq qayğıları, müxtəlif
sahələrdəki problemlər, ictimai geriqalmalar nəticəsində
sənətin və ona münasibətin zəif təzahürlərinə
tez-tez şahid oluruq. Kütlənin içi boş maqazin
proqramlarına, hay-küylü, əxlaq çərçivəsini
aşan "ailə-məişət" verilişlərinə
daha çox maraq göstərməsi
araşdırılmalı sosial problemə çevirilib. O
cür verilişlərə niyə bu qədər maraq var? Nə
üçün təhsil, mədəniyyət mövzulu
proqramlar reytinq qurbanı olaraq yayımdan
çıxarılır? Bu məsələlərə
aydınlıq gətirilməlidir ki, öz həllini
tapsın.
Əfsus ki, təhsil sistemində sənət dərslərinə
arzuolunmaz münasibət var. Bir çox məktəblərdə
müəllimlərin "Musiqi", "Təsviri incəsənət"
dərslərinə laqeyd yanaşmaları şagirdlərdə
həmin fənlərlə bağlı "boş dərs"
fikrinin formalaşmasına təkan verir. Orta məktəblərdə
sənətin belə xoşagəlməz səviyyədə
tədrisi ilə sənətin gözəlliklərindən
zövq ala bilən, öz mədəniyyətini tanıyan, ətrafa
və sənət əsərlərinə tənqidi gözlə
baxmağı bacaran fərdlər yetişdirmək
mümkünsüz görünür. Media da ciddi sənət
hadisələrinə, mədəniyyət xəbərlərinə
çox yer vermədiyi üçün cəmiyyət bu
mövzulardan uzaqlaşır. Kitab sərgiləri, mədəniyyət
festivalları ilə bağlı xəbərlər
ara-sıra yayımlansa da, insanların əksəriyyəti bu
barədə məlumatsız olduğu üçün
arzulanan nəticə alınmır. Sənət həyatı
canlı olan bir cəmiyyətin inkişafında təhsil ilə
birlikdə medianın da mühüm rolu var. Mediada yer alan hər
mədəniyyət xəbərinin oxucular arasında incəsənətlə
maraqlanan bir kəsimi maarifləndirəcəyi şübhəsizdir.
Xüsusilə televiziya və radio proqramlarının əsas
məqsədi xəbər vermək, maarifləndirmək
olmalıdır. Lakin hazırda media işin yalnız əyləndirmək
vəzifəsini yerinə yetirməklə kifayətlənir.
Günümüzdə Azərbaycan mediasında mədəniyyət
şöbələri "lazımsız", haradasa simvolik
bir bölmə kimi fəaliyyət göstərir. Mədəniyyət
jurnalistikası üzrə ixtisaslaşan müxbirlərə
ehtiyac duyulmur, hətta hazırda mədəniyyət yazarlarından
ibarət bir işsizlər ordusu var desək, yanılmarıq.
Bir cəmiyyətin mədəni səviyyəsini həmin
cəmiyyətdə yetişən sənətçilərin
və sənətdən anlayan, dəyərləndirmə
bacarığı inkişaf etmiş insanların
çoxluğu müəyyənləşdirir. Bu səbəblə
də incəsənət cəmiyyətlərin mədəni
inkişafının əsas göstəricisi hesab edilir və
sənətin susduğu yerdə cəmiyyət də tədricən
lal-kar olur.
Günel MUSA
525-ci qəzet .- 2025- 24 may(№90).- S.16.