BÖYÜK
SÖZÜMÜZÜN EVİ
Elə nişanələr var ki, onlar rəmzlərdir,
danışa bilirlər. Adicə bir şəkil, sadəcə
bir tikili, ya bir qocaman ağac göründüyündən
daha çox söz deyə, uzun hekayətlər söyləməyə
qadir olur. Qız qalasına bax, Qoşa qala qapısının
qarşısında dayan, Funikulyor, onun
qarşısındakı Bəhram Gurun heykəli də hərəsi
bir rəmzdir, dindir, Bakı haqqında sənə çox mətləbləri
nağıl edəcək.
Və Azərbaycanın rəmzi, Bakının
timsalı sayılası binalar içərisində Nizami
muzeyi də var. O cazibəli tikilini, eyvanında
qatarlanmış heykəlləri görüncə istənilən
kəs təsdiqləyəcək ki, bura Bakıdır, bu,
Nizami muzeyidir.
XIX yüzilliyin ortalarında ora bir karvansara idi.
Bakı hələ İçəri şəhər boyda idi.
Amma İçəri şəhər o vaxt - XIX yüzilliyin
ortalarında indiki İçəri şəhərdən
böyük idi. Yox, ərazi həmin ərazidir. Onda 20 hektar
idi, yenə o qədərdir. Bakının qala divarlarından
çöldəki hissəsi böyüyə-böyüyə
getsə də, İçəri şəhər həmişə
bəlli sərhədin içərisindədir. Ancaq köhnə
İçəri şəhəri indikindən qat-qat
geniş, böyük, dərin edən adamlar idi. XIX əsr
bitir, XX yüzillik başlanırdı və Azərbaycanın
ən müxtəlif guşələrindən, Qafqazın
ayrı-ayrı yerlərindən, Xəzərin o tayından
buralara üz tutanlarçün Bakı elə İçərişəhər
deməkdi. Orada musiqi məclisləri qurulurdu, ədəbi
yığnaqlar vardı. Hərəsinin öz çöhrəsi
olan məhəllələr, o məhəllələri dolduran
sinədəftər ağsaqqallar və ağbirçəklər,
dəliqanlı cavanlar, dərin ruhanilər, zərif təbiətli
şairlər, ad-sanı Yaxın Şərqin
alış-veriş aləmində məşhur tacirlər,
qoluzorlu pəhləvanlar... dünya içində dünya.
İçərişəhər içəridən
böyüyürdü və gün yetişdi ki, daha
İçərişəhər qala divarları arasına
sığmamağa başladı, heç gələn
qonaq-qaranın hamısını qəbul etmək
mümkün deyildi. Onda bir-bir İçərişəhərin
peykləri yaranmağa başladı. İçərişəhərdən
az aralı liman idi, sahilə yan alan yüklü ticarət gəmiləri
durmadan artırdı. Təşrif gətirən tacirlərin hansılarınınsa
İçərişəhərdə dostu-tanışı
olurdu, orada gecələyirdi, bəs qalanlar neyləsin?
İçərişəhərdən az aralı bir
karvansaranın yaranmağını vaxt özü umurdu. Təxminən
1850-ci illərdə Qoşa qala qapısının
tuşundakı iri qayalığın üzərində karvansara tikildi.
Karvansaranın hücrələri qonaqlarınkı idisə də,
həyəti içərişəhərlilərinki idi. Mərasimlərdə,
böyük toy-düyündə bu həyətə
yığışardılar.
Ayrı-ayrı yerlərdən gəlib bir neçə
gecəni o karvansarada keçirən müsafirlərin də
bir ayağı yenə İçərişəhərdə
idi.
Bakı asta-asta qanadlarını açırdı,
İçərişəhərdən kənara böyüməyə
başlayırdı. Və vaxtın hökmü ilə bu bina
da böyüyürdü. XX yüzilliyin lap əvvəllərində
birqat karvansaranın üstünə bir mərtəbə də
artırıldı. 1915-ci ildə mühəndis Nikitinin layihəsi
ilə bu bina daha da müasirləşdirildi. Müasirləşdirmənin
səbəbi sifarişçi idi. Binanın yeni sahibi el
içərisində Hachacağa çağırılan
Hacı Hacağa Dadaşov idi. Görkəmi xeyli dəyişib
gözəlləşən, boyu da artan karvansara dönüb
olur Bayır şəhərin - təzə Bakının
tezliklə məşhurlaşacaq mehmanxanalarından biri -
"Metropol" mehmanxanası. O çağlarda bu ətraflarda
başqa mehmanxanalar da yaranmağa başlayır. Bir az
yuxarıda, indiki Sabir bağı və bazar səmtində
"Təbriz", "Dağıstan", "İslamiyyə"
mehmanxanaları sıralanmışdı.
"Metropol"un restoranı da o çağlar dillə
deyilirdi və ora axşamlar yalnız
mehmanxananın qonaqları deyil, Bakının
tanınmışları, zənginləri də tez-tez
yığışardı.
Daim get-gəlli olmaq sanki bu imarətin taleyindədir.
Karvansara olanda da, sonra hotelə çevriləndə də gecə-gündüz
dolu idi. Və sonra qismət elə gətirdi ki, 1918-ci ilin
sentyabrından bu binanın taleyində yeni bir səhifə
açıldı. 28 mayda Tiflisdə, Qafqaz canişinliyinin
keçmiş binasında istiqlalımız elan edilmişdisə
də, Cümhuriyyətimizin qurucuları işə Bakıda
yox, Gəncədə başlamışdılar. Yalnız
1918-ci ilin 15 sentyabrında artıq Qafqaz İslam Ordusu
Bakını qəsbkar ünsürlərdən təmizləyib
şəhəri azad edəndən sonra milli hökumətimiz
Gəncədən Bakıya köçməyə imkan
tapdı. Ancaq nazirlərimizin çoxu Gəncədən və
Azərbaycanın digər bölgələrindən idi,
onların Bakıda yerləşməsi, işləməsi
üçün münasib şərait lazım idi. Ona
görə də "Metropol" mehmanxanası verilir Azərbaycan
Cümhuriyyəti Nazirlər Kabinetinin ixtiyarına. Bura olur
onların həm evi, həm iş yeri.
Bina yenə səhərdən-axşamacan insanlarla
daşır, yenə hər gün coşqun həyat
yaşayır.
1939-cu ilin payızında Azərbaycan
büsbütün başqa tarix parçasında, tamam fərqli
siyasi bir müstəvidə idi. Cümhuriyyət dönəmi
çoxdan arxada qalmışdı. Azərbaycanda sovetləşmənin
19 ili tamam olmuşdu. Qarşıdan 1941-ci il gəlirdi - Nizami
Gəncəvinin səkkiz yüz yaşının tamam
olacağı il. Azərbaycan o hadisəni böyük bir milli
bayram kimi qarşılamaq əzmində idi.
Və yaxınlaşan o böyük bayram bu binanın
da taleyini kökündən dəyişdi.
1941-ci ilin payızında Nizami Gəncəvinin 800
illiyi bayram ediləcəkdi və heç kəs
başlanmış İkinci Dünya müharibəsinin
dalğalarının Azərbaycan insanının da taleyindən
keçəcəyini ağlına gətirmirdi. Böyük
söz bayramına ciddi hazırlıqlar gedirdi və bu da qət
edilmişdi ki, gərək Bakıda Nizaminin evi də olsun.
Və gələcəkdə ədəbiyyatımızın
bütöv tarixi hüsnünü əks etdirəcək,
Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinə
çevriləcək bina, əslində, başlanğıcda
Nizaminin Xatirə Muzeyi kimi yaradılmağa
başlanırdı.
1939-cu il noyabr ayının 1-də Nizaminin Memorial
muzeyinin yaranması haqqında Azərbaycan hökumətinin
xüsusi sərəncamı imzalandı. İl yarıma -
yubileyədək bütün təmir, yenidənqurma və
ekspozisiya quruculuğu işlərini tamamlamaq və muzeyi təntənə
ilə Nizami bayramı günlərində açmaq əzmindəydilər.
Ancaq araya müharibə girdi və
açılış arzusunu gerçəkləşdirmək
qaldı gələcək xoş günlərə.
İçəridəsə iş gedirdi. Ağır
davanın davam etdiyi qayğılı günlərdə, hər
gün bir arpa boyu böyüyən uşaqlar kimi, muzeyin daxili
də dəyişir, gözəlləşir, gün-gün
daha artıq muzeyləşirdi.
1945-ci ilin 9 mayında dünya savaşının son qələbə
nöqtəsinin qoyulmasından beşcə gün sonra -
düz 80 il qabaq çoxdan tamaşaçısını
gözləyən muzeyin zallarında
üz-gözündən böyük zəfərin fərəhi
yağan ilk tamaşaçılar göründü.
Elə günlərdi ki, çoxdan bəri müharibənin
iztirablarını yaşayan insanların bayramlara, sevincə,
gülüşə ehtiyacı çox idi.
Və Nizami muzeyi mühitimizə həm də bir təsəlli,
qəlb məlhəmi və məhrəmi, sirdaş kimi gəlirdi.
Nə vətənimizi, nə ata-anamızı, nə
milliyyətimizi seçə bilirik. Bu, alın
yazısıdır, taledir. Bizə nə qismətdirsə, o
da nəsibimizə çıxır. Ancaq istisnasız olaraq hər
kəs vətəni ilə də fəxr edir,
ata-anasını da dünyadakı ən əziz varlıqlar
sayır, öz milliyyəti ilə də həmişə
iftixar duyur. Bu, hər kəsə aid olan fərdi bir
hissiyyatdır, ancaq azərbaycanlıların məhz bu vətəndə
doğulub boya-başa çatmaları, məhz bu millətə
mənsub olmalarıyla öyünməyə üçqat,
beşqat, onqat artıq haqqı var. Çünki həyatı
dərk etməyə başladığın ilk
çağlardan anlayırsan ki, bunca zəngin bir mədəniyyət
sənin irsindir, sən bu sərvətin sahibisən.
Dünyada ərazicə Azərbaycandan qat-qat böyük
ölkələr də var. Əhalisinin sayı Azərbaycandan
dəfələrlə çox olan məmləkətlər də
az deyil. İqtisadi gücü və bir çox başqa
göstəriciləri ilə bizdən irəli gedənlər
də bəs deyincədir. Bəzən miqyaslar elə
böyükdür ki, sən anlayırsan, biz heç vaxt
onlara çata bilmərik. Ancaq ədəbiyyatımız, mədəniyyətimiz,
milli-mənəvi irsimiz elə nəhəng miqyaslardadır
ki, biz dünyanın ərazicə də, əhalicə də,
bütün digər göstəricilərcə də bizdən
qat-qat irəlidə olan istənilən xalqıyla
qarşı-qarşıya dayana, mübahisə edə və
üstün çıxa bilərik. Mədəniyyətimizin,
ədəbiyyatımızın bizə verdiyi böyük
güc bundan ibarətdir. Həmin səbəbdən də
keçmişiylə, ulu babalarıyla, onların övladlara əbədi
ərməğanı olan mirasıyla qürurlanmaq haqqı həmişə
bu xalqladır.
Balası olduğumuz mədəniyyətin bir parlaq
örnəyi də bütün millətinki olan Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir.
Düz 80 il əvvəl bu muzey qapılarını
tamaşaçı üzünə açdı və elə
ilk günlərdən də hər kəsin doğması kimi
qəbul edildi.
1945-ci ilin may ayıdır, Nizami muzeyi yenicə
açılıb. Bura ilk tamaşaçılar
sırasında bir gənc şair də gəlib - Qubada
çıxan rayon qəzetinin redaktoru Mövlud Qonaqov. O, ədəbi
mühitdə yenicə görünüb, hələ mətbuatda
ilk şeirləri dərc edilir. Onillər keçəcək,
həmin Mövlud Qonaqov da Azərbaycan ədəbiyyatında
tanınan imzalardan birinə çevriləcək. Ancaq hələlik
1945-ci ilin mayıdır, Nizami muzeyi qapılarını
qonaqlarına bir neçə gündür ki, açıb,
Mövlud da ilk
tamaşaçılardandır və yolunu yeni başlayan bu qəzetçi
şairin 24 yaşı var. Gəlib, görüb, məftun
qalıb və düşüncələrini şeirlə
Nizami muzeyinin xatirə kitabında əks etdirib.
Və incə şair fəhmi ilə ən vacib
olanı tutub:
Bir tarixdir bu binanın hər küncü,
hər bucağı,
Qoy dillərdə əzbər olsun
bu şux sənət ocağı.
Nizami muzeyi müstəsnadır. Nə Yaxın-Orta
Şərq ölkələrində, nə Avropada bunun tam bənzəri
olan ikinci bir muzey var. Müxtəlif ölkələrdə ədəbiyyatın
ayrı-ayrı şəxsiyyətlərini, ayrı-ayrı
dövrlərini əks etdirən muzeylər fəaliyyətdədir,
aralarında yaxşıları da istənilən qədər.
İncəsənətə, tarixə həsr olunmuş, mədəniyyətin
ayrı-ayrı sahələrini əks etdirən muzeylər də
çoxdur. Ancaq heç yerdə belə bir muzey yoxdur ki, bir
xalqın ədəbiyyatının yarandığı
gündən müasir dövrə qədərki mənzərəsini
dolğun və bütöv panoramda əks etdirsin. Nizami
muzeyinin başqa özəlliyi də ondan ibarətdir ki, burada
yalnız keçdiyi bütöv yolla ədəbiyyatımız
cəmləşməyib. Tariximiz də, maddi-mədəni
irsimizin seçmə örnəkləri də müşayiətçi
kimi onunla yanaşıdır. Çünki bunlar hamısı
bir-biri ilə bağlıdır. Ədəbiyyatımızın
yaşı 3000 ildirsə, bu həm də 3000 il boyunca o ədəbiyyatla
yanaşı addımlamış, həmin ədəbiyyatı
yetişdirmiş, ona can vermiş bu yurdun, bu millətin
tarixidir. Ona görə də belə möhtəşəm
tarixin həmişə göz qabağında olmasına,
şəklinin düşüncələrə hopmasına
lüzum var. Nizami muzeyini də məhz həmin zəruriyyət,
həmin milli ehtiyac doğurub.
Qobustan qayalarında əks olunmuş rəsmlərin
surətləri də buradadır. Hərəsinin 5000 il, 10000
il, 15000 il yaşı. Bunca qədim əyyamlarda Azərbaycan
insanı rəqs edirdisə, musiqi dinləyirdisə, şeir
yazırdısa və sübutları qayalar üzərində
tarixləşibsə, "bu, böyük xalqdır" deməyə
daha ehtiyac qalmır. Bu mədəniyyət, bu irs özü
söyləyir ki, bu xalqın rişələri zamanın
çox-çox dərinlərinə işləyib. O tarixi
bilmədənsə bu ədəbiyyatı da sonacan qavramaq
mümkün deyil. Ədəbiyyat yalnız hissiyyat məsələsi
deyil, ədəbiyyat həm də tarixin yol yoldaşı, bələdçisidir,
keçmişləri görməyin
çırağıdır.
Və Azərbaycan insanı ilə üz-üzə
olduğu, tək özümüzünkülərə deyil,
Azərbaycan mədəniyyətini, Azərbaycan mənəviyyatını
dünyaya da göstərdiyi 80 il boyunca Nizami muzeyinin ən
başlıca vəzifəsi elə bu imiş - çıraq
olmaq, nuruyla Azərbaycan zəkasının, Azərbaycan
ilhamının ülviyyətini yaxında və uzaqdakı hər
kəsə göstərmək.
Yəqin ki, 1945-ci ilin may günlərində Azərbaycan
insanının da, Avropadakı adamların da, elə əslində
bütün dünya əhalisinin də üz-gözündə
təbəssüm hər zaman olduğundan daha çoxmuş.
İkinci Dünya müharibəsi bitmişdi və
insanlığın tarixində büsbütün yeni bir səhifə
açılırdı. Dövrün ağrılar,
acılar, dağıntılar, sarsıntılar səhifəsi
qapanırdı, qarşıda ümidli, arzulu, qurub-yaratmaq həvəsli
gələcək dururdu.
Məhz 1945-ci ilin belə xoş may günlərindən
birində Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı
Muzeyi bayrama bayram qataraq ilk tamaşaçılarını qəbul
edirdi.
İndi Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin qərar tutduğu tarixi binada
1918-1919-cu illərdə Azərbaycan Cümhuriyyətinin
hökuməti yerləşirdi. Daha əvvəllərdə
"Metropol" mehmanxanası olmuş bu bina Azərbaycan
Cümhuriyyəti Nazirlər Kabinetinin ixtiyarına
verilmişdi. Onlar burada həm yaşayır, həm işləyirdilər.
Üçüncü qatdakı iri bir otaqda isə baş
nazir Fətəli xan Xoylu əyləşirdi. Fətəli
xandan bugünə və bütün sabahlara çatası dəyərli
sözlər yadigar qalıb. Həmin ibrətli sözləri
1919-cu ilin son may günlərində Azərbaycan Xalq
Cümhuriyyətinin bir yaşı qeyd edilən məsud
çağda söyləyib. Deyib ki, biz Cümhuriyyət
qurduq, xalqımıza istiqlal verdik, əlbəttə, arzumuzdur
ki, bu müstəqillik əbədiyyən davam etsin, ancaq
qarşısına hansısa maneələr çıxarsa,
bu istiqlal büdrəyərsə, itirilərsə belə,
xoşbəxtik ki, bizim gələcək nəsillərə
çatan vacib mirasımız var. Biz istiqlalın irsini
yaratmışıq. İrs varsa, deməli, yol da mütləq
gələcəkdə davam etdiriləcək.
Hər bir millətin irsə ehtiyacı var. İrs
keçmişdir, bünövrədir, üzərində qərar
tutduğun dayaqlardır. İrs millətin
yaddaşıdır və millət hafizəsi nə qədər
qüvvətlidirsə, həmin yurd və xalq bu gün də,
sabah da inamını, gücünü saxlaya biləcək,
tarix yolları ilə daha güvənli və əmin qalaraq irəliləyəcək.
80 yaşına çatmış Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi də bu xalqın
yaddaşıdır. Burada toplanan irs 3000 illik bir yolu əhatə
edir. Arxada qalan 80 il boyunca muzeyin dəhlizlərindən minlər
və yüzminlərlə deyil, milyonlarla insan keçib - Azərbaycanın
dörd bucağından və dünyanın ən müxtəlif
ölkələrindən. Özümüzünkülər -
azərbaycanlılar da, dünyanın dörd bucağından
bura gələnlər də otaq-otaq gəzərək onlara
divarlardan gülümsəyən surətlərə
baxdıqca əslində bu milləti görüblər.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyi həm də bir güzgüdür. Geridə
buraxdığımız 80 il boyunca böyük alimlərin,
fırça ustalarının, heykəltəraşların,
nəqqaşların, xalçaçıların... əməkləri
ilə yaranmış Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyi xalqın dünənindən
bugününə işıq salan, bugünündən
sabahına yol açan mayakdır.
Bu güzgüdə millətimiz də, o güzgüyə
baxan əcnəbilər də Azərbaycanı çox uca, və
qadir görür.
Bu güzgüdə özünü görmək
ehtiyacı xalqımızla qaldıqca və xalqın qəlbində
o güzgüdə özünə baxmaq, keçmişini
görmək, keçmişini görüb o keçmişlə
iftixar etmək duyğusu var olduqca bu millətin sabahlar içərisindəki
yolu da bir o qədər uzun, rahat və qətiyyətli olacaq.
Hərdən qaradinməz, dilindən söz qoparmaq
çətin olan adamları daşa oxşadır,
"daş kimi susur" deyirlər. Bu bənzətmədə
həqiqət izi varsa da, həmin qənaətlə sonacan razılaşmaq da çətindir.
Elə daşlar var ki, onlar ən dilli-dilavər insandan da daha
yaxşı danışa bilir. Danışırlar və
tarixin çox sirlərini açırlar. Nizami muzeyində elə
daşlar da qorunur ki, hansısa bir neçə min, hansısa
1000 il, hansısa 500 il torpaq altında uyuyub. Onları 1930-cu
illərin sonlarında gün işığına
çıxararaq qurulmaqda olan bu muzeyə gətiriblər və
həmin daşların heç biri o vaxtdan bəri bir ləhzə
susmur.
Danışırlar və bizə Azərbaycan tarixinin
dünənindən rəvayətlər söyləyirlər.
Ancaq muzeydəki üstü yazılı əski daş, qaya
parçaları, küp, kasa, kuzə
qırıqlarının
yanında yaşı yüz ildən də az olan, amma
"cavanlığına" rəğmən şanlı
tarixlərə şahid olan, qarşısında arxadakı
onillərdə bir qafilə tarixi simaların dayanaraq uzun dəqiqələr
boyunca düşündüyü, sükuta daldığı
bir daş da var.
Və həmin daşın bu gün Nizami muzeyində
olması həm də tarixin cazibəsidir.
XX yüzilin başlanğıcında, Cümhuriyyətimizin
2 ilə yaxın müddətdə yeni Azərbaycan
quruculuğu naminə fədakar
çalışdığı günlərdə
İstiqlaliyyət küçəsinin aşağı
başında - indiki Nizami muzeyi olan yerdə Nazirlər Kabineti
idi, azacıq yuxarıda, indi Əlyazmalar İnstitutunun yerləşdiyi
məkanda isə Məclis-i Məbusan - ilk milli parlamentimiz.
1918-ci ilin dekabrında
işə başlayan Məclis-i Məbusana Əlimərdan bəy
Topçubaşov ilk sədr seçildi. Ancaq o, parlament sədri
seçilsə və faktik olaraq ilk dövlət
başçımız sayılsa da, həmin kürsüdə
bircə gün belə oturmayıb, vəzifəni rəsmən
müavin olan Həsən bəy Ağayev daşıyıb.
Əlimərdan bəy Topçubaşov sədrliyi müddətində
Parisdə idi və məqsəd Azərbaycanın müstəqilliyini
beynəlxalq səviyyədə tanıtmaq səmtində
çalışmaqdı. Ancaq tale elə gətirdi ki,
Əlimərdan bəyin rəhbərliyi ilə Paris Sülh
Konfransına getmiş nümayəndə heyəti bir daha vətənə
qayıda bilmədi. 1920-ci ilin 28 aprelində bolşeviklər
gəldi, Azərbaycanı XI ordu işğal etdi və
müstəqillik itirildi. Ancaq Əlimərdan bəy
Topçubaşov da, onun mübarizə yoldaşları da
mühacirətin bütün sıxıntılarına
dözərək son nəfəslərinə qədər Azərbaycan
istiqlalının yenidən qayıtması yolunda qürbətdə
mübarizələrini davam etdirdilər. Əlimərdan bəy
ildən-ilə maddi vəziyyəti çətinləşdikcə
Fransa paytaxtındakı ünvanını bir-bir dəyişib
və 1934-cü ildə həyatdan köçəndə o,
Parisin ətəyindəki Sen-Klu şəhərciyində
kirayənişindi. Elə orada xəstəxanada canını
tapşıranda Əlimərdan bəy Sen-Klu qəbiristanlığında
torpağa tapşırıldı. Onun digər mübarizə
yoldaşı, Üzeyir Hacıbəylinin qardaşı Ceyhun
bəy də son ünvanını Sen-Klu qəbiristanlığında
tapıb.
2000-ci illərin əvvəllərindən etibarən
mən üzvü olduğum Avropa Şurası Parlament
Assambleyasındakı fəaliyyətlərimizlə
bağlı Parisə mütəmadi səfərlər etməyə
başladım. O səfərlər əsnasında köhnə
mühacirətin bir çox qiymətli insanları ilə
tanış oldum. Onlardan biri - Qədir Süleyman (1917-2014)
İkinci Dünya müharibəsində iştirakından,
nasistlərin həbs düşərgələrində əsirliyindən,
milli legionda xidmətindən sonra Avropada qalanlardan idi. Onunla ilk
təmaslarımız yarananda artıq doxsanı
haqlayırdı, amma ictimai həyatda, xüsusən milli məsələlərdə
yetərincə fəal idi. Günlərin birində Qədir
dayı mənə həyəcanlı xəbər verdi ki,
Parisdə ifrat millətçilər çox möhkəm hərəkətə
gəliblər, buralarda sayı durmadan artan ərəblərə
qarşı bir hərəkat başlayıblar, onların
ölkədən çıxarılması yolunda
çalışırlar. Bunu da əlavə etdi ki, işin tərsliyindən
Jan-Mari Le Penin (1928-2025) rəhbərlik etdiyi "Front
National" - "Milli Cəbhə" partiyasının qərargahı
da Sen-Klu qəbiristanlığının həndəvərində
və onlar da bu tərpənişlərin önündə gedənlərdir, Əlimərdan bəyin bu məzarlıqdakı
qəbrinin başdaşısında "Quran" ayələri
yazıldığından onlar bunu da bir ərəb qəbri zənn
edə, qarışıqlıqda dağıda, zədələyə
bilərlər. Həm də bu nigaranlıq sadəcə Qədir
Süleymanın ehtimalları deyildi, ona müəyyən
soraqlar da çatmışdı ki, məzarın təhqir
edilə biləcəyinə real təhlükələr var.
Ona görə də narahatlığını
bölüşərək nəsə addımlar
atmağın lazım olduğunu dedi.
Ora Parisdir, daşı daş üstünə
qoymağın yüz cür çətinliyi var və mən
də iki-üç il ərzində ardıcıl iş
apardım. Əlimərdan bəy Topçubaşovun varisləri
qalmamışdı, nəslin sağ olan tək nümayəndəsi
Əlimərdan bəyin böyük qızı Sara
xanımın Türkiyədə yaşayan övladı
Gülnar Kürdəmir (1923-2021) idi. Aradım,
ünvanını, telefonunu tapdım, danışdım, az
sonra səfər xərclərini də ödəyərək
onu Parisə gətirtdim, məzarın ziyarətinə
apardım, ardınca qəbiristanlığın dəftərxanasına
getdik, lazımi sənədləşmələr apardıq, nəslin
təmsilçisi kimi Gülnar xanım bir vərəqdə
bu məzarla bağlı müəyyən addımlar atmaq
haqqını mənə etibar etdiyini təsdiqlədi və
hüquqi əsasları da qazanandan sonra daha ciddi işə
başladım. Bakıda bizim unudulmaz heykəltəraşımız
Akif Əsgərova Topçubaşovun müxtəlif
fotolarını verdim. Köhnə sənədlərdən Azərbaycan
Xalq Cümhuriyyəti möhürünün əksini
tapdım. Çünki o möhürlərdən biri burada -
baş nazir Fətəli xan Xoyluda olmuşdusa, digəri
Əlimərdan bəy Topçubaşovda qalmışdı
ki, Parisdə müxtəlif məqamlara dövlət adından rəsmi məktublar
göndərəndə həmin möhürü bassın.
Heykəltəraş Akif Əsgərovla bir neçə dəfə
Sen-Klu məzarlığını birgə ziyarət də
etdik. Nəticədə gözəl bir abidə alındı
və 2006-cı ilin son may günlərində həmin əsəri
Bakıdan Parisə gətirdim. Məzarın
üstünün yenidən götürülməsi, abidənin
yerinə qoyulması üçün bu vaxtı təsadüfən
seçməmişdim. O ərəfədə Azərbaycan
dövlətinin başçısı, Prezident İlham
Əliyev də Fransada, Parisdə rəsmi səfərdə
idi. Tarixlə dolu köhnə məzar daşını
götürüb bir kənara qoyduq, məzar yeddi qatlı idi
və orada dörd nəfər uyuyurdu: Əlimərdan bəy
Topçubaşov özü, həyat yoldaşı, Həsən
bəy Zərdabinin qızı Pəri xanım, Əlimərdan
bəyin oğlu, Sarbon Universitetinin professoru olmuş Ələkbər
bəy və Paris Sülh Konfransına gəlmiş nümayəndə
heyətindəkilərdən biri, Əlimərdan bəyin erkən
vəfat etmiş kiçik oğlu Rəşid bəy.
Prezident İlham Əliyev də həmin səfəri
çərçivəsində gəlib Əlimərdan bəyin
məzarını ziyarət etdi.
Abidəni ucaltdıq və o köhnə məzar
daşını da Azərbaycana gətirdik, Nizami muzeyində,
Həsən bəy Zərdabi zalında yerləşdirdik.
Bitmiş əsrdə Cümhuriyyətimizin qurucularından
olmuş Əlimərdan bəy Topçubaşov ilk milli
dövlətimizin xadimlərinin vaxtilə bağlı
olduğu, hər gün pillələri ilə qalxıb-endiyi
bu binaya - Nizami muzeyinə başlanan əsrdə, təzə
minillikdə yenidən qayıtdı.
1934-cü ildən 2006-cı ilədək - Əlimərdan
bəyin Parisin Sen-Klusunda uyuduğu 72 il ərzində kimlər
bu məzar daşını salama gəlməmiş, kimlər
ona baş əyməmişdi?!
İndi o böyük millət fədaisinin iki ziyarətgahı
var. Biri Parisdə, digəri Nizami muzeyində.
Hələ 1993-cü ildə bu məzar
daşının qarşısına unudulmaz Ulu Öndər
Heydər Əliyev əklil qoymuşdu, Prezident İlham
Əliyev bu daşı orada - Sen-Kluda 2026-cı ilin 30
mayında da görmüşdü, burada, Nizami muzeyində də
2009-cu il martın 14-də ziyarət etdi.
Artıq bu daşın bu muzeydəki ömrü 20 ilə
yaxınlaşır. Arxada qalan bu müddət ərzində
Azərbaycan mühacirətinin müxtəlif ölkələrdə
yaşayan neçə təmsilçisi həmin daşın
qarşısında dayanıb, xəyala dalıb. Onların
arasında elə ixtiyar insanlar da olub ki, vaxtilə Əlimərdan
bəy Topçubaşovun bu məzar daşını orada -
Parisdə, Sen-Klu məzarlığında ziyarət ediblər.
Hər dəfə kənardan fikir verirdim, onlar sanki
canlı insanla üzbəüzdülər, kirimişcə
dururdular, amma hiss edirdim ki, bu dəqiqələrdə ayrı
aləmdədirlər, bu daş bu anlarda onlarla həmsöhbətdir.
Daşla danışmağın nə demək
olduğunu içərisində tarix daşıyanlar bilər.
Nizami muzeyinin yerləşdiyi imarət özü də
tarix şahididir, bu göyçək binanın içərisi
də tarix şahidləri ilə doludur. O şahidlərdən
biri də iri otaq saatıdır. Bu saatı Nizami muzeyində onillərlə
izləyiblər və saat özü də çox
insanları görüb. Artıq Azərbaycanın tarixində
həmişəlik qalmaq haqqı qazanmış neçə
böyük şair, neçə böyük
yazıçı bu saata baxıb. Ancaq bu saatla ən çox
bir yerdə qalan yeddi insan olub. Bu saat 1945-ci ilin mayından -
Nizami muzeyi qapılarını tamaşaçı
üzünə açan vaxtdan direktorun otağında
imiş. Bu saat həmin kabinetdə kimlərlə illər boyu
baş-başa imiş? Muzeyin ilk direktoru Salam Salamzadə
olmuşdu. Ondan sonra bu muzeyə İsmayıl Axundov rəhbərlik
elədi. Hər ikisi Azərbaycanın rəssamlıq tarixində
unudulmaz izləri olan insanlar. Sonra neçə illər boyu bu
muzeyə Həmid Araslı, Əziz Mirəhmədov, Abbas
Zamanov rəhbərlik etdilər. Muzeyin direktorları
sırasında ən uzunömürlülərindən biri Bəkir
Nəbiyev oldu. Onun ardınca Arif Hacıyev gəldi. O yeddi
direktorun oturduğu kabinetdə onillər boyu saat hərəkətdə
idi.
Və Nizami muzeyinin dışarı divarında da bir
ayrı iri saat asılmışdı. Həmin saat da ayrı bir tarix idi. 1940-1950-ci
illərdə indiki kimi hər kəs cibində bir telefon
daşımırdı ki, hər saniyə vaxtdan hali ola bilsin,
hələ heç hər insanın qol saatı da yox idi.
Nizami muzeyinin çöl divarındakı o saat həm
insanların görüş yerinə çevrilmişdi, həm
insanların öz saatlarını dəqiqləşdirmək
etalonuna, həm də saatı olmayanların vaxtı öyrənmək
üçün bələdçisinə. Vaxt dəyişdi,
o çöl divardakı saat da ömrünü başa vurdu.
Ancaq direktor kabinetindəki ayaqüstü saat
1990-cı illərin başlanğıcınadək işləməkdəydi.
1980-ci illərin sonlarında artıq ömrün
ixtiyar çağlarını yaşayan qocaman rəssamımız
və bu saata ilk baxanlardan olmuş Salam Salamzadə muzeyə
qonaq gəlmişdi. Gəldi dayandı saatın
qabağında. Uzun müddət dayandı. Köhnə
simsarlar görüşmüşdülər, Salam müəllim
Saatla, Saat Salam müəllimlə həsbi-hal edirdi.
Və o saat səbəb oldu ki, muzeydə saatların
qovuşduğu ayrıca bir guşə yaradaq. Mirzə Cəlilə
bir zamanlar ömür yoldaşı Həmidə
xanımın hədiyyə etdiyi, "Molla Nəsrəddin"
jurnalının redaksiyasında divardan asılmış saat
da, Əbdürrəhim bəy Haqverdiyevin cib saatı da, Abdulla
Şaiqin, Səməd Vurğunun, Əlağa Vahidin, Mir Cəlal
Paşayevin, Nəbi Xəzrinin, Cavad Heyətin cib saatları
da, Bəxtiyar Vahabzadənin uşaqlıq illərinin
yadigarı, hər səhər onu məktəbə getməkçün
oyadan zəngli saat da o guşədə qovuşdu, bir vaxt
adası yarandı.
Və əslində Nizami muzeyindəki hər əşya
belədir. Canlana, dilə gələ, bələdçi ola,
yaxın və uzaq dünənlərə apara, dünənlərdən
bugünə gətirə, bugündən gələcəklərə
uçura bilir.
Arxada qalan 80 il boyunca bu
muzeyə rəhbərlik eləmiş və o saata
baxmış yeddi direktorun hamısı bacardığı qədər
töhfələrini verməyə çalışıb.
İstəyib ki, bu muzey daha zəngin olsun.
Çalışıblar ki, klassiklərimiz, tarixin
uzaqlarında yaşamış böyük şair və
yazıçılarımız öz yerində, yeni zaman
içərisində ömür sürmüş, artıq
canlı klassikə çevrilmiş ədiblərimizin də
irsi, şəxsiyyəti, yaşamalı izləri bu muzeyə
köçsün. Beləcə, bu muzey dönüb olub həm
də elm mərkəzi. İndi Azərbaycanın böyük
yazıçılarının, şairlərinin əksərinin
yalnız xatirə əşyaları deyil, əlyazmaları,
xatirə əşyaları da bu xəzinədə cəmlənib.
Həmin əlyazmaları, sənədləri qaldıraraq bu ədiblərimizin
hər biri haqqında sıra-sıra araşdırmalar aparmaq,
yazılar qələmə almaq mümkündür.
Muzeyin direktorlarından biri - unudulmaz Abbas Zamanovun bu xəzinəni
zənginləşdirmək baxımından xidmətləri
müstəsnadır. Sovet dönəmində - sərhədlərin
qapalı çağlarında Abbas Zamanov tək canıyla
dünya azərbaycanlılarının koordinasiya mərkəzinə
çevrilmişdi. O, hər gün Amerika Birləşmiş
Ştatlarından tutmuş Avropanın müxtəlif ölkələrinə
qədər, Çindən başlamış Hindistana qədər
onlarca məktublar göndərir, cavablar alırdı. Abbas
Zamanovun vasitəçiliyi ilə mühacirət irsimizin nə
qədər nümunəsi bu muzeyə gəlib çatdı
və Abbas Zamanovun qoyduğu təməllərin əsasında
da Nizami muzeyi Azərbaycandan uzaqlardakı qəriblərimizçün
istinad nöqtəsinə çevrildi.
Artıq Abbas Zamanovun Nizami muzeyinin rəhbərliyindən
getməsindən illər keçəndən sonra da
dünyanın çox ölkələrindən Nizami muzeyinə
məktublar gəlirdi. Kitablar istəyirdilər, vətən
haqqında bilgilərini artırmağa
çalışırdılar.
Hələ sovet dövrü davam edirdi, nəinki alimlərin
çeşidli ölkələrə elmi ezamiyyətləri,
hətta sadə insanların turist kimi ölkə xaricinə
çıxışları da müşkül idi. Digər tərəfdən,
bizimkilərin xariclə, xaricdə yaşayanların bizimlə
əlaqələrinə əngəl yaradan mühüm bir
siyasi amil də vardı - siyasi repressiyalar dönəmi
çoxdan geridə qalmışdısa da, sovet
insanının, o sıradan azərbaycanlıların, illah da
ziyalılarımızın düşüncəsində, eyni
şəkildə vətəndən kənarda yaşayan
soydaşlarımızın, mühacirətdəkilərimizin
daxilində köhnədənqalma xof vardı. Ancaq Nizami muzeyi
və Abbas Zamanov nümunəsi sanki həmin dövrün
axarında o qart və oturuşmuş vahiməni
sındırırdı. Hətta qohum-əqrəbasına
xaricdən məktublar göndərməyə çəkinən
mühacirlər də Nizami muzeyinə, Abbas müəllimə
rahatlıqla yazırdılar. Çünki buradakı insanlar
da, vətəndən uzaq düşmüşlər də
sözü ən xətərsiz qovuşdurucu,
yolaçıcı kimi qavrayır, Abbas müəllimi və
Nizami muzeyini sipər kimi qəbul edirdilər.
Amma bu muzeyin yaddaşı 1990-cı illərin
başlanğıcındakı qatmaqarışıq dövrdə
tamah örtmüş qızan gözlərin tarixi binanı
özəlləşdirmək sevdasına düşməsini
də, muzeyin ən qiymətli incilərindən olan
"Çəhar fəsil" xalçasının artıq
satılaraq ölkədən çıxarılarkən
aşkarlanaraq geriyə qaytarılmasını və elə həmin
dövrdə zalların boşaldılaraq əcnəbi missionerlərin
dini təlimlər keçməsi üçün meydana
çevrildiyini də, binanın birinci qatının ucdantutma
dükan-bazara döndərilməsini də unutmayıb.
...Muzeylə yaşıd olan o köhnə saatın əqrəbləri
neçə illərdir ki, dayanıb. Ancaq vaxtın
saatının əqrəbləri hər saniyə irəliləməkdədir.
Nizami muzeyinin tarixin içərisindəki açıq
qapısının saatı 80 ili göstərir.
İnsanlarla ünsiyyətdə olduğu 80 il boyunca
bu əziz məkan həmişə Azərbaycanın ən məhrəm,
ən etibarlı ziyarətgahlarından olub və insanların
könül bağladığı ziyarətgahları
onların ürəyindən çıxarmağın
mümkünsüzlüyünü də vaxt çoxdan
sübuta yetirib.
Demək, bundan belə nə qədər illər
ötür-ötsün, Nizami muzeyi həmin əzizliyində,
həmin munisliyində qalacaq və zaman keçişiylə
daha da zənginləşdikcə müqəddəsliyi də,
sevimliliyi də artacaq.
Bu milləti də, bu yurdu da bir az da yaxından
tanımaq istəyən nəsil-nəsil insanlar da yenə bu
tanış qapını hər dəfə ilk
görüşə gəlir kimi açacaqlar.
18 may 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025. -24 may(¹90).- S.14-15.