Bizim itirdiklərimiz
- Onların tapdıqları...
Esse
Qərb fəlsəfəsinin və ədəbiyyatının
İkinci Dünya müharibəsindən sonra
tapdığı "fərdin psixoloji analizi" teoremlərini
Şərq İkiçayarası mədəniyyətin təşəkkülündə
kəşf etmişdi. Düşünülənlərin və
yazılanların əvvəlcə fərdi, daha sonra kütləvi
mahiyyət daşıdığını məğriblilər
dünya yaranandan bilirdi desək, şişirtmiş
olmarıq. Qədim yunan fəlsəfə məktəblərinin
təməlində cəmiyyətin tərbiyəsi
dayanırdısa, Uzaq Şərqin rahib monastırlarında,
ya da Orta Şərqin dini mədrəsələrində,
hücrə məclislərində şəxsin batini tərbiyəsi
əsas götürülürdü.
Yeni tarixdə, təəssüf olsun ki, siyasi və
iqtisadi münaqişələrin səbəb olduğu
müharibələr Şərqin təkcə şəhərlərini,
tarixini viran qoymadı, həm də fəlsəfi məktəblərini
də dağıntılar altında itirdi. Günümüzdə
şərqlilər öz qədim məktəblərinin
axtarışındadırsa, səbəbi o viran qalmış
kitabxanaların arasından öz mahiyyətlərini
tapmaqdır. Qərbin Şərqdən öyrəndiklərini
indi bizim onlardan öyrənməyimiz tarixin ironiyasıdır.
Məsələn, parapsixologiya dedikləri elm qədim
şumerlərin metafizik, mifik hekayələrinin yozumları
kimi şəkilləndirilir. Ya da İlk və Tək Səbəb
anlayışı Musadan Məhəmmədə qədər
uzun yol qət etmiş inanc sisteminin alqoritmasıdır.
Bu gün Karl Armstronq "Ərəblər Quranı
köçürərkən vacib nüanslara vahidlik donunun
geyindirilməsində farsların köməyi ilə Ərəbistan
yarımadasındakı "falasofların" (yunan
filosofları) təsiri böyük olub" yazanda
çoxumuzun ağlının qarışmasına səbəb
də budur. Biz Yaxın və Orta Şərqin dini tezislərini,
ədəbi düşüncələrini tarixin müəyyən
dövründə itirdik və beləcə hər şeyin,
bütün düşüncə sisteminin "ipi"ni
avropalılara ötürdük. Bunları yazarkən, Orhan
Pamukun Nobel almasından sonra avropalı ədəbiyyatşünasların
onun haqqında dedikləri "Orhan Pamuk bizə roman
yazmağı yenidən öyrətdi" ifadələri
yadıma düşür. Roman, əlbəttə, Qərb ədəbiyyatının
hadisəsidir. Ancaq macərapərəstlik şərqlilərə
xas düşüncə tərzidir. Roman sənəti də,
bir növ, düşüncə tərzi ilə
düşüncə texnikasının ahəngindən yaranan
ortaq mədəniyyətdir. "Yenidən öyrətdi",
yəni "təkrar etdirdi" deyəndə də onlar məhz
bunu nəzərdə tuturdu.
Hazırda Amerikada və Avropada ən çox
satılan poetik nümunə Ruminin "Məsnəvi"sidir.
Dünyanın bestsellerlərinin mövzularına baxanda da yenə
irfani izlər tapırıq. Məsələn, bir
zamanların ən dəbdə olan kitabı "Sekret"
("Sirr") və Paulo Koelyonun "Kimyagər"
romanı. "Məsnəvi"nin və sufiliyin hekayələri
ilə dolu iki əsər. Və ya günümüzdə xərçəng
xəstəliyi kimi yayılan şəxsi inkişaf və
biznes kitablarının mahiyyətində də şərq təriqətlərinin
motivativ söhbətləri dayanır. Misal üçün,
yaxın tarixin fenomeni olan Oşo bir vaxt Tibet rahiblərinin
monastırlarından "oğurladıqları" ilə
yeni fəlsəfə məktəbi qurub. Ölənə
yaxın bunu etiraf etmişdi. XXI əsrin dəbdə olan fəlsəfi
cərəyanı - ekzistensializm. Sufiliyin yolsuzluq
anlayışı ilə (sufilikdə arzuolunmayan hal kimi qiymətləndirilir)
birəbir eyni mahiyyəti daşıyır. "Bunların
hansı o birindən əvvəl yaranıb?"
sualını vermək, təbii ki, gülməli olar. Sufilik və
irfan məktəbləri, nəinki Qərbin fəlsəfi
düşüncə tərzindən, hətta Şərqin səmavi
dinlərindən də qocadır. Bu gün biz necə gün
batan tərəfə boylanıb nəsə öyrənmək
istəyirik, eynisini vaxtında onlar gün doğan tərəflərə
baxıb öyrəniblər. Biz tapdıqlarımızı
sandıqlara yığarkən, onlar tapdıqlarından,
öyrəndiklərindən məktəblər
yaradırdı. İki böyük cahan müharibəsi də
qərblilərə dərs oldu. Başa düşdülər
ki, kilsənin qanunları, Şərqin irfan dərsləri
onları müsibətlərdən qurtara bilməyəcək.
Ona görə də, səhərlər laboratoriyada atom
parçalamaqla, gecələr də fəlsəfə
danışmaqla keçirdilər. Əllərində olan
şüşəni güzgüyə çevirməyi
bacardılar. Şərq insanı isə müharibəyə
tez uduzur; özünə gəlməyi üçün əməlli-başlı
vaxt lazım olur.
Əslində, yuxarıdakı misallar Şərqlə
Qərb fəlsəfəsinin əsas fərqləridir. Bilinməli
olanı gül zənn edək. Şərqli o gülə
baxar, böyüdər, qoxlayar, açmasını,
solmasını, şehlənməsini gözləyər.
Çürüyüb torpağa qarışana kimi
gülün ətrindən, budağının tikanından dəm
vurar. Ləçəyini gah yağışda, gah qarda
çimizdirər. Bir gün dərib yarına versə onu,
zülm-zülm ağlayar - gah yarı üçün, gah
gül üçün. Qərbli isə həmin gülü
qoxlayıb qurtarandan sonra onu qırar, sapına,
yarpağına, ləçəyinə mikroskop altında
baxar. Böyüməsini, solmasını diqqətlə izləyər.
Nə vaxt qırsa, pencəyinin cibinə yaxşı
görünmək üçün taxar. Baxın, fərqimiz
budur. Qərblinin eksperimental istəkləri bitmir, şərqlinin
isə duyğuları.
Bugünkü gündəmimizi zəbt edən süni
intellektin ədəbiyyatı yox etməsi cəfəngiyyatları
da qərblilərin şərqli duyğularına "xor
baxması"dır, əslində. Ədəbiyyatın, fəlsəfənin
mərkəzində insan dayanır. Nə gəlirsə, onun
başına gəlir. Komediya, faciə, mizah insanın
yaradılışından ölümünə qədər
olan proseslərin cəmidir. İlk insan Yer üzünə
endiriləndə necə hekayələr başladısa, son
insan Yer üzündən səmaya buxarlananda da eləcə
bitəcək. Yol varsa, ədəbiyyat da, onun təməlindəki
bütün suallar da canlı qalacaq. Onu canlı qılansa,
duyğulardır. Maşınların erasında nə qədər
sönük və tənəzzüldə görünsələr
də, hələ də adamlar gülür və
ağlayır. Deməli, ədəbiyyat da yaşayır.
Rəvan
525-ci qəzet .- 2025. -24 may(№90).- S.13.