Azərbaycan xalçalarının Haaqa sərgisi
Azərbaycanın
Niderland Krallığındakı səfirliyi və "Azərxalça"
ASC-nin birgə təşkilatçılığı ilə
Haaqa meriyasının “Atrium City Hall” zalında “Azərxalça”
ASC-nin yeni “Azərbaycan xalçalarının möhtəşəmliyi:
Sənət vasitəsilə öyrənmək” mövzusunda
xalça sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin
açılış mərasimində Haaqa meriyasının
rəhbərliyi, Niderlandın müxtəlif dövlət
qurumlarının, ölkədə akkreditə olunmuş
diplomatik korpusun və beynəlxalq təşkilatların, mədəniyyət,
incəsənət, elmi-akademik dairələrin nümayəndələri,
Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Ölkəmizin Niderlanddakı səfiri Məmməd Əhmədzadə
sərginin Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü
və dəstəyi ilə Azərbaycanın
xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin
15 illiyinə həsr olunmuş müxtəlif ölkələrdə
silsilə tədbirlər çərçivəsində
keçirildiyini bildirib.
Diplomat Azərbaycanın qədim və zəngin mədəni
irsinin bariz nümunələrindən olan
xalçaçılıq sənətinin tarixi və ölkəmizdə
bu sənətin inkişafına dövlət tərəfindən
göstərilən qayğı barədə məlumat verib.
Səfir qeyd edib ki, sərginin məqsədi sənət
vasitəsilə Azərbaycan mədəniyyətini və həqiqətlərini
yerli sakinlərə çatdırmaqdır. Bir ay davam edəcək
sərgi Azərbaycan və Niderland xalqlarının
yaxınlaşmasına töhfə verəcək. O, Haaqa
şəhər bələdiyyəsinə sərginin
nümayişinə yaradılmış şəraitə
görə təşəkkür edib.
Haaqa merinin müavini Nur İkar bələdiyyə binasında
Azərbaycanın xalçaçılıq sənətinin
nümunələrindən ibarət sərginin
açılmasından məmnunluğunu söyləyib, sərginin
Azərbaycanın zəngin və qədim mədəni irsini
nümayiş etdirdiyini bildirib.
"Azərxalça" ASC İdarə Heyətinin
sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov
iki ölkə arasındakı mədəni mübadilədə
bugünkü tədbirin vacibliyini qeyd edib. İdarə Heyətinin
sədri yüzillik “Azərxalça” ASC-nin tarixindən
söz açaraq, tarixi boyunca qurumun ən böyük məqsədi
Azərbaycan xalçaçılıq sənətinin
inkişafı, təbliğatı və təşviqatı
olduğunu qeyd edib.
Sərgi çərçivəsində təşkil
olunmuş mühazirə və ustad dərsində Azərbaycan
xalçalarının simvolizmi və tarixi təqdim olunub,
iştirakçılar ənənəvi düyün
texnikası ilə tanış olublar və xalça
naxışlarının toxunması prosesini praktiki şəkildə
sınaqdan keçiriblər. Bu təcrübəni əldə
etmiş iştirakçılara xatirə olaraq sertifikatlar təqdim
edilib.
Sərginin keçirildiyi Haaqa bələdiyyə
binasındakı “Atrium City Hall” gün ərzində təxminən
4 min ziyarətçi qəbul edir ki, bu da bir ay ərzində
Azərbaycan xalçalarının geniş auditoriyaya təqdim
edilməsinə imkan yaradır.
525-ci qəzet .- 2025. -24 may(¹90).- S.13.