Nəvə Rəşid Behbudovla
söhbət
"Deyilənə görə mənim də
yaxşı səsim var"
Müsahibimiz dünya
şöhrətli müğənni Rəşid Behbudovun nəvəsi
Rəşid Behbudovdur
- Rəşid Behbudov kimi bir şəxsiyyətin həm
adını daşıyırsınız, həm
soyadını. Çox güman bu, şərəfli
olduğu qədər də məsuliyyətlidir.
- Əvvəlcə qeyd edim ki, sizin məndən
müsahibə almaq üçün müraciətinizə
çox təəccübləndim, həm də
açığını bildirim ki, çox xoş oldu. Təəccübləndim
ona görə ki, mən adətən öz həyatımı,
özümü nümayiş etdirməkdən çəkinirəm.
Amma bu dəfə valideyinlərim təkid etdilər.
Sualınıza gəldikdə isə haqlısınız, Rəşid
Behbudov ad-soyadını daşımaq çox çətindir.
Yükü çox ağırdır. Eyni zamanda da çox
şərəflidir. Mən əlbəttə ki, bununla fəxr
edirəm. Amma bu fəxarət hissimi kiməsə bildirmirəm.
Məsuliyyəti böyükdür. Babam bütov bir xalqın
sevimlisidir. Sənəti ilə dünyanı heyran qoyub və
bu gün də qoymaqdadır. Öz xalqını, millətini,
vətənini ən yüksək səviyyədə tərənnüm
edib. Ölkəmizin simvollarından birinə çevrilib. Ona
görə də, mən bunun məsuliyyətini hər
addımımda hiss edirəm.
- Bildiyim qədərilə musiqi təhsiliniz var. Buna
baxmayaraq, başqa sahədə
çalışırsınız. Gələcəkdə
musiqi üzrə davam etməyi
düşünürsünüz?
- Mən əvvəl 160 nömrəli məktəbdə
oxumuşam. Anam belə istəyirdi. Birinci sinifi bitirəndən
sonra nənəmin təkidi ilə Bülbül adına orta
ixtisas musiqi məktəbinə keçdim. Fortepiano ixtisası
üzrə təhsil aldım. Məktəbi bitirəndən
sonra Vokal ixtisası üzrə Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasına qəbul oldum.
Tanınmış sənətkarımız Fidan
Qasımovanın kursunu bitirmişəm. Nənəmin arzusunu
yerinə yetirdim. Uşaq yaşlarından kinoya, kompüterə,
video oyunlara, müxtəlif konsollara böyük marağım
var idi. Valideynlərim hər təzə texnika çıxanda
mənə alırdılar. Bunun nəticəsində məndə
İT sahəsinə ciddi həvəs yarandı. Əvvəl
hamı düşünürdü ki, bu, keçici həvəs
olacaq. Amma belə olmadı. Mən bu sahə ilə ciddi məşğul
olmağa başladım. Onlayn kurslar keçdim. Sertifikatlar
qazandım. "Apple" şirkəti hər il müsabiqələr
keçirirdi. Mən həmin müsabiqələrin 8 səviyyəsini
keçmişəm. Hər səviyyəyə uyğun
şirkət mənə rəsmi sertifikat və kubok göndərirdi.
Sonra Azərbaycanda "Apple" şirkətinin nümayəndəliyi
açıldı və mən orada menecer kimi
çalışmağa başladım. Əvvəlcə,
işçilərə treninqlər keçirdim.
Açığını deyim ki, səhnədən çox
çəkinirəm. Babamdan, anamdan sonra səhnəyə
çıxmaq mənim üçün çox çətindir
və böyük məsuliyyətdir. Əslində, mənim
musiqi istedadımı həmişə yüksək qiymətləndiriblər.
Amma babam və anam elə səviyyə yaradıblar ki, mən
o səviyyəni əlçatmaz hesab edirəm. Həm də
düşünürəm ki, səhnəyə çıxan
kimi ilk növbədə məni babamla müqayisə edəcəklər.
Bundan çəkinirəm. Anam çox cəsarətlidir. O bu
çətinlikləri qət edərək sənətdə
öz sözünü deməyi bacarıb. Mən ciddi sənəti
nəzərdə tuturam. Anam çox səviyyəli peşəkar
bir insandır. Mən hələ ki, bu cəsarəti
özümdə hiss etmirəm. Bu riskə hazır deyiləm.
Bəlkə nə vaxtsa özümdə güc tapıb bunu
edərəm.
- Səsiniz varmı?
- Bizim ailədə, daha doğrusu, nəsildə səs
genetik olaraq keçir. Ulu babam Məcid Behbudov çox qüdrətli
xanəndə olub. Babam səsi, sənəti ilə
dünyanı fəth edib. Anamın çox nadir messo soprano səsi
var. Bu, çox qiymətli səsdir və dünyanın məşhur
sənətkarları anamın səsini xüsusi qeyd ediblər.
Deyilənə görə, mənim də yaxşı səsim
var - dramatik tenor. Anam kimi mən də fortepiano və vokal
üzrə peşəkar təhsil almışam. Bu unikal səs
genetikdir və nəsildən-nəslə keçir. Anam
çox arzulayır ki, məni səhnədə
görsün. Anam vokal səsi üzrə böyük mütəxəssisdir.
Çox məlumatlı və hərtərəfli peşəkardır.
Məni əmin edir ki, sənətə gəlsəm,
böyük uğur qazanaram.
- Azərbaycan üçün
darıxırsınız?
- Əlbəttə darıxıram. Mən Azərbaycanda
doğulub böyümüşəm. Havası, suyu ruhumda,
qanımdadır. Tez-tez gəlmək çətindir. Amma
çalışıram heç olmasa, ildə bir dəfə
gəlim. Uşaqlıqdan arzulayırdım ki, müasir
texnologiyanın beşiyi sayılan Amerikada olum. Nənəm əvvəl
razı deyildi. Sonra mən onun xeyir-duasını aldım. Nənəm
dünyasını dəyişəndən sonra həyatın
nə qədər amansız olduğunu hiss etməyə
başladım. Amma çalışdığım
"Apple" şirkətində özümə təskinlik
tapıb başımı işlə qatırdım. Deməli,
o vaxt anamın sağlamlığında problem
yaranmışdı və İsraildə əməliyyat
olunmalı idi. İşdən məzuniyyət
götürüb anamla İsrailə getdik. Atamın iş
rejimi çox gərgin idi. Ona görə mən və
yoldaşım Julia anamla İsrailə yollandıq. Anamın
müalicəsi nəzərdə tutulan vaxtdan bir qədər
uzun çəkdi. Mən oradan işlədiyim şirkətə
müraciət etdim, vəziyyəti başa saldım və
öz hesabıma daha 10 gün məzuniyyətimin
vaxtının uzadılmasını xahiş etdim. Anamın
müalicəsi bitəndən sonra Bakıya qayıtdıq.
İşə çıxanda məlum oldu ki, məni işdən
azad ediblər. Açığı, bu, mənə çox
pis təsir etdi. Şübhəsiz ki, mən işimə bərpa
oluna bilərdim. Amma qəlbim elə
qırılmışdı ki, bir də ora qayıtmaq istəmədim.
Yoldaşımla hər ikimiz Amerikaya köçmək
üçün İstedadlar vizası sisteminə müraciət
etdik. Qısa zamanda sənədlərimiz təsdiqləndi və
bizi Amerikaya yaşamağa dəvət etdilər.
- Amerikada həyat necə gedir?
- Artıq dördüncü ildir ki, Amerikada
yaşayırıq. Əlbəttə ki, burada həyat
çox fərqlidir. Yoldaşım Julia Behbudova böyük
uğurlar qazanıb. Opera müğənnisidir. Artıq
Kaliforniya ştatında sayılıb-seçilən sənətkarlardandır.
Tez-tez tamaşalarda çıxış edir. Eyni zamanda Musiqi
Akademiyasında dərs deyir. Hazırda o, "West Bay Opera"
Teatrında Verdinin "Otello" tamaşasında Dezdemona
partiyasını ifa edir.
Bakıda olanda Julia dəfələrlə müraciət
etsə də, bizim Opera və Balet Teatrından müsbət
cavab ala bilmədi nədənsə... Mən də burada
öz işlərimlə məşğulam. Proqram təminatı
üzrə müxtəlif sifarişləri yerinə yetirirəm.
- Yəqin ki, Rəşidə xanım sizin
üçün çox darıxır.
- Rəşidə xanımla münasibətlərimiz
çox dərindir. Biz bir-birimizə çox
bağlıyıq. Anam hələ də öyrəşə
bilmir ki, mən Amerikada yaşayıram. Təsəvvür edin
ki, biz bura köçəndən sonra anamın həyat rejimi
dəyişib. Buranın vaxtı ilə yaşayır. Biz
yatanda o yatır, biz oyananda oyanır. Bütün günü
də telefonla əlaqədəyik. Bəzən mənə
çətin olsa da, onu başa düşməyə
çalışıram. Çox darıxır. Mən də
darıxıram, amma o, anadır. Mən doğulandan biz hər
zaman bir yerdə olmuşuq. Uşaq olanda valideynlərim tez-tez
xarici səfərlərə gedərdi. Nənəmlə biz
onları səbirsizliklə gözləyərdik. Bilirdik ki,
10-15 günə qayıdacaqlar. İndi fərqlidir. Anam
ayrılığımıza dözə bilmir. Ona görə
çalışıram ki, daim əlaqədə olaq.
- Rəşid Behbudovun ən çox sevdiyiniz
mahnısı hansıdır?
- Babamın oxuduğu bütün mahnılar mənə
əzizdir, doğmadır. Bir yaşım olanda babam
dünyasını dəyişib. Amma onun səsi, sənəti
mənim ruhumda, qanımdadır. Tofiq Quliyevin "Canım
Bakı, qanım Bakı" və Elza İbrahimovanın
"Ey Vətən" mahnılarını burda daha tez-tez
dinləyirəm. Bir də anamın ifa etdiyi çox gözəl
mahnı var, Ramiz Mirişli və Məmməd Arazın
"Azərbaycan dünyam mənim". Yəqin çox
darıxdığıma görədir.
- İnsanlar Rəşid Behbudovun nəvəsi
olduğunuzu eşidəndə necə reaksiya verir?
- Mən bunu nümayiş etdirməyə
çalışmıram. Amma təsadüfən biləndə
hamıda qəribə bir doğmalıq yaranır.
İnsanların üzü gülür, ürəkləri
açılır. Babamı yada salıb haqqında ürəkdolusu
xoş sözlər deyirlər. Bu, mənim üçün
çox qiymətlidir.
- Çox güman, Rəşid Behbudov haqda evdə
çox danışılıb və siz sənətkarın
həyatından kifayət qədər məlumatlısınız.
Babanızla bağlı eşitdiyiniz hansı hadisə
sizi daha çox təəccübləndirib?
- Deməli, bir gün dostları babamı dilə tutub
ova dəvət ediblər. Buna xeyli hazırlaşıblar.
Babam ov tüfəngi, ov üçün lazım olan hər
şeyi əldə edib. Hansısa rayona gediblər. Ovdan əli
dolu qayıdıblar. Babam sevinə-sevinə
ovladığı quşu balkonda yerləşdirir. Nənəmi
çağırıb ki, gəl bax, gör necə gözəl
quş ovlamışam. Nənəm balkonda uzadılmış
qeyri-adi gözəlliyə malik, uzunboğaz, ağappaq
quşu görəndə halı pisləşir.
Hönkür-hönkür başlayır ağlamağa ki, sən
belə gözəlliyə necə qıydın? Babam
özünü itirir, pərt olur, çox pis hala
düşür. Məlum olur ki, babam qu quşu
ovlayıbmış. Özü də bunu bilməyibmiş.
Tez zəng edir ki, gəlin aparın quşu. Sonra uzun müddət
nəzir-niyaz paylayır ki, günahı
bağışlansın. Bununla da babamın ov sərgüzəştləri
sona çatır. Ümumiyyətlə, babam çox həyatsevər,
insansevər adam olub. Onun haqqında saatlarla danışmaq
olar. Nədənsə, bu ov hadisəsi mənim hafizəmə
daha möhkəm həkk olunub.
Aytac SAHƏD
525-ci qəzet .- 2025. -24 may(№90).- S.12.