Naxçıvandan dünyaya... Və əks-səda
Təvazökarlıqdan bir qədər uzaq olsa da, deməliyəm
ki, populyar "525-ci qəzet"in 2, 9, 16, 23, 28 dekabr
2024-cü il və 13 yanvar 2025-ci il tarixli saylarında dərc
olunan "Naxçıvandan dünyaya" adlı silsilə
yazılarım həm ölkəmizdə, həm də onun
hüdudlarından kənarda maraqla qarşılandı.
Araşdırma xarakterli bu məqalələrdə Cəlil Məmmədquluzadə
ilə birlikdə Qoridə, Zaqafqaziya müəllimlər
seminariyasında təhsil almış Mirzə Əli Əkbər
Məmmədxanov-Naxçıvani (1865-1919), onun oğlu -
dünya bəhai hərəkatının tanınmış
nümayəndəsi, 40 ildən çox Hayfadakı bəhai
mərkəzinin - Ümumdünya Ədalət Evinin 9
üzvü sırasında layiqli yer tutmuş Əli
Naxçıvani (1920-2019) və sonuncunun qızı,
müasir ingilisdilli ədəbiyyatın orijinal simalarından
biri, professor, yazıçı-pedaqoq Bəhiyyə Naxçıvaninin
(1947) geniş miqyaslı fəaliyyətlərindən,
kökləri ilə qədim Azərbaycan torpağına
bağlı olan maraqlı ömür tarixçələrindən
bəhs olunurdu.
İşin maraqlı tərəfi
isə hazırda Fransada, Strasburq şəhərində
yaşayan Bəhiyyə xanımın bu yazılarla operativ tanışlığı
sayıla bilər. Təbii ki, internet və süni intellekt əsrində
burada qeyri-adi heç nə yoxdur. Lakin məsələnin mənəvi
tərəfi çox önəmlidir. Bəzi iddialı ədəbiyyat
və sənət metrlərindən fərqli olaraq Bəhiyyə
xanım babası, atası və özü, eləcə də
tarixi vətənlə bağlılıqları haqda
yazılanları böyük şükranlıq hissi ilə qəbul
etdi. Eyni zamanda nəsil şəcərəsində tutduğu
yer və ədəbi xidmətləri ilə bağlı bəzi
epitet və müqayisələrlə razılaşmaqda
çətinlik çəkdiyini dedi. Fikrimcə, bu, ilk
növbədə yazıçı xanımın alicənablığından,
yüksək mədəniyyəti və təvazökarlığından
irəli gəlir.
İş elə gətirdi ki, Naxçıvanilər
ailəsi haqdakı silsilə yazıları diqqətlə
oxuyan, hər dəfə də fikir və mülahizələrini
bölüşən görkəmli tarixçi alimimiz,
professor Solmaz Rüstəmova-Tohidi bu ilin mart ayında
Strasburqda olarkən Bəhiyyə xanımla şəxsən
görüşmüşdü. Yazıçını
öz evində ziyarət etmişdi. Elə oradan da mənə
telefon açmışdı. Yalnız əsərlərindən
və barəsində İnternet məkanındakı
çoxsaylı rəylərdən tanıdığım Bəhiyyə
Naxçıvani ilə ilk dəfə canlı ünsiyyət
qurmuşduq. Qəzetdəki yazılar əsasında kitab
üzərində işlədiyimi eşidəndə xeyli
sevinmişdi. Bakıda birinci və sonuncu dəfə 1995-ci ildə
atası ilə birlikdə olduğunu, əgər kitab
çap edilərsə, mütləq onun təqdimat mərasiminə
gələcəyini bildirmişdi. Səsindəki sevinc
çalarlarından bir Azərbaycan sevdalısı olduğunu
hiss etmişdim.
Feysbuk hesabında görüşlə bağlı
geniş "hesabat" paylaşan Solmaz xanımın
yazdıqları da müşahidəmin həqiqətə
uyğunluğunu göstərirdi: "Bəhiyyə xanıma
bir sual vermək üçün üzr istəyirəm. Heyrətlənir.
Çünki bayaqdan çox sərbəst söhbət
edirik. Maraqla "Buyurun" - deyir. Onun özünü
hansı kimlikdə hiss etdiyini soruşuram. "Oh, nə
gözəl sual!" - deyə bir daha emosional cavab verir. Sonra
birdən ciddiləşir və fikrə gedir. Araya bir sükut
çökür. Artıq dostumla mən də tam diqqət kəsilmişik.
Söhbətimizin əvvəlində İrandan, xaricdəki
iranlılardan və s. xeyli danışmışdıq.
Əgər indi "iranlı" desə, heç təəccüb
etmərik. Amma nə eşidirik? Bir qədər tərəddüdlə:
"Yəqin ki, Azəri..." - deyir... "Mən
doğulduğum İrandan 3 yaşında
çıxmışam. Ailə münasibətlərindən
irəli gələrək fars dilini saxlasam da, bu ölkə ilə
heç bir bağlılıq hiss etmirəm. Bəlkə də
müxtəlif ölkələrdə yaşadığım,
işlədiyim üçün, eləcə də
ardıcılı olduğum dinin məziyyətlərinə
görə özümü dünya vətəndaşı
saya bilərdim. Amma yox... Mən axı bilirəm ailəmin
kökləri hansı torpağa bağlıdır. Atam da məni
o torpağa, Azərbaycana, Naxçıvana, Ordubada aparıb
axı... Mən bu bağları hiss edirəm axı..."
Bu, Bəhiyyə xanımın öz etirafıdır.
Tehranda doğulan, uşaqlıq illəri Şərqi Afrikada -
Uqandada keçən, kollec təhsilini İngiltərədə,
universitet təhsilini ABŞ-da alan, hazırda Fransada
yaşayan, əsərlərini ingilis və fransız dillərində
yazan bu qeyri-adi qadın gözəgörünməz tellərlə
Azərbaycana - əcdadlarının vətəninə
bağlı olduğunu heç zaman unutmayıb. Məsafənin
uzaqlığı, aradan keçən illər, şəxsi
kontaktların azlığı da həmin hissləri
korşalda bilməyib.
Mayın əvvəllərində
"Naxçıvandan dünyaya. Bir bəhai ailəsinin
tarixçəsi" kitabının ilkin variantını
bitirib süni intellektin çevirdiyi ingilis tərcüməsini
Strasburqa, Bəhiyyə xanıma, orijinalını isə
Brüsselə, qardaşı oğlu Əmir Şam
Naxçıvaniyə göndərdim. Bir neçə il
Bakıda yaşamış Əmir bəy Azərbaycan dilini həm
yazı, həm də şifahi nitq səviyyəsində
mükəmməl bilir. Üstəlik də, həqiqi bir Azərbaycan
vətənpərvəridir. Onlar hər ikisi əlyazması
ilə tanış olub diqqətimi bir sıra həssas məqamların
dəqiq inikasının vacibliyinə cəlb etdilər.
Bəhiyyə xanım indiyə qədər heç
yerdə çap olunmamış "Azərbaycan. Əli
Naxçıvaninin 1995-ci ildə doğulduğu ölkəyə
səfərinin qısa tarixçəsi" adlı yol qeydlərini
mənə göndərdi. Dediyinə görə, bu qeydləri
çap üçün deyil, o zamana qədər hələ
əcdadlarının vətənində -Azərbaycanda
olmamış qardaşı Mehran bəyin xahişi ilə qələmə
almışdı. Başqa sözlə desək, xatirələr
müəyyən dərəcədə şəxsi-ailəvi
xarakter daşıyırdı. Yalnız bir neçə nəfərin
tanış olması üçün
yazılmışdı. Amma buna baxmayaraq, Bəhiyyə
xanım müəyyən tərəddüdlərdən sonra
otuz il əvvəl qələmə alınan yol qeydlərinin
Azərbaycan dilinə tərcüməsinə və
çapına razılıq verdi.
Maraqlıdır ki, tarixi vətənini körpə
yaşda tərk etmək məcburiyyətində qalan Əli
Naxçıvani hər iki övladı qarşısında
mühüm saydığı bir borcu yerinə yetirmişdi -
qızı Bəhiyyənin ardınca oğlu Mehranı da Azərbaycana
gətirmiş (2006-cı il), eyni ardıcıllıqla
Bakı, Naxçıvan və Ordubadla tanış etmişdi.
Bəhiyyə xanımın icazəsi ilə
Naxçıvanilərin ailə saqasının bəzi
epizodlarını ingilis dilindən tərcümədə
"525-ci qəzet"in oxucularına təqdim edirəm.
Vilayət QULİYEV
22 may 2025-ci il, Sarayevo
525-ci qəzet .- 2025. -24 may(¹90).- S.10.