Azərbaycan: Əli
Naxçıvaninin 1995-ci ildə doğulduğu ölkəyə
səfərinin qısa tarixçəsi
Körpə yaşda bu torpağı tərk edəndən
demək olar ki, yetmiş beş il sonra, 1995-ci il sentyabrın
20-də atam Azərbaycan Hava Yollarının Təl-Əvivdən
Bakıya uçan təyyarəsinin sərnişinləri
arasında idi. Yanacaq doldurmaq üçün Larnaka (Kipr) hava
limanında dayandıq. Atam artıq onu Bakıya - birbaşa
tarixi səfərə aparan təyyarədə təkrar yerini
tutanda mənə dedi ki, mənzil başına çatanda diz
çöküb Azərbaycan torpağını öpmək
istəyir.
Bizi qarşılamaq
üçün gecə yarısı saat 1-də Bakı
aeroportuna toplaşan bəhailər artıq neçə
saatdan bəri idi ki, küləyin və yağışın
döyəclədiyi uçuş-enmə zolağında
dayanıb yolumuzu gözləyirdilər. Aralarında bir
neçə bəhai qurumunun - Azərbaycan Bəhailərinin
Milli Ruhani Məclisinin təmsilçiləri, Avropa və
Asiya üzrə məsləhətçilər, Köməkçi
İdarə Heyətinin üzvləri vardı. Onlar bizi
xoş təbəssümlə salamladılar. Heç nə
demədən qollarını açıb hər birimizi
ayrı-ayrılıqda sinələrinə sıxdılar.
Qucaq dolusu qızıl güllər təqdim edib VİP
zalına apardılar. Burada pasportlarımızı
dönüşümüzə bir saat qalanda geri almaq şərti
ilə təhvil verdik. Səfərimiz düz bir həftə
çəkdi.
Biz otelə çatanda artıq səhərə
yaxın saat 3 idi. Gəldiyimiz yer şəhərdə yenicə
fəaliyyətə başlayan "Hyatt Regency" oteli
deyildi. Amma ölçülərinin böyüklüyündən
və köhnələn təmtərağından bir vaxtlar
Sovet Bakısının turizm cazibəsinin göstərgəsi
olduğu açıq-aşkar sezilirdi. Hündür tavanda gizlədilmiş
15 vatlıq lampaların solğun işığında oturub
masa arxasındakı yuxulu gənc qadının kim
olduğumuzu dəqiqləşdirməsini, bizi əvvəldən
ayrılsa da, artıq başqaları tərəfindən
tutulmuş otaqlarda necə yerbəyer etməyə
çalışdığını gözlədik. Həqiqətən, münasib
başlanğıc idi...
Ertəsi gün səhər yeməyi
üçün fərqli seçimlər təklif olundu: qəhvəaltını
ya yuxarıda, 16-cı mərtəbədə, ya da
aşağıda, 2-ci mərtəbədə edə bilərdik.
Təqvimdə 1995-ci il olsa da, köhnə sovet sistemi hələ
necə deyərlər, əllinin əlliyə prinsipi ilə
davam etməkdə idi. Ona görə otellərdə səhər
yeməklərinin təşkili də fərdi təşəbbüskarlıq
nümayişi üçün bir fürsətə
çevrilmişdi. 16-cı mərtəbəni seçəndən
və şahzadələrə layiq
süfrəyə dəvət ediləndən sonra bunun nə
demək olduğunu əyani şəkildə başa
düşdük. Bir neçə masa üzərinə
düzülmüş müxtəlif yemək çeşidləri
ilə onlarla adamı doyurmaq mümkün idi: masalarda
üç növ pendir, müxtəlif xama və yoğurtlar;
azı iki növ təzə çörək, hətta
kiçik bir hissəsi də insanı ani xolesterol riski ilə
üzləşdirə biləcək cemlər, ballar, şərbətlər
vardı. Üstəlik, yumurta da təklif olunurdu, amma bundan
imtina etdik. Atam Bakıda qarşımızda açılan ilk
süfrədən böyük zövq aldı. Amma gətirilən
hesab ilk səhər yeməyinin həm də sonuncu olması
ilə bağlı qərar verməyimizə
zəmin yaratdı. Ertəsi
gündən gedənə qədər biz 2-ci mərtəbədə
daha sadə səhər yeməyi - çörək və
pendir təklif edən mütəvazi menyu ilə kifayətlənməli
olduq.
Bakıdakı ilk günümüz mərhumların
xatirəsinin anılmasından başlandı. Əli Əkbər
Naxçıvaninin ikinci oğlu olan atam öz atasının
ölümündən sonra doğulmuşdu. Uzun illər boyu
onun məzarını ziyarət edib qarşısında
övladlıq borcunu yerinə yetirmək arzusu ilə yaşamışdı. Bolşevik inqilabından sonra dul
anası iki kiçik yaşlı oğlu ilə ölkəni
tərk edib Fələstinə, ailəsinin yanına
qayıtmışdı. Atamla böyük qardaşı Cəlal
uşaqlıq və yeniyetməlik illərini Hayfada
keçirmişdilər. Bəhai Dininin Mühafizi
Şövqi Əfəndi dəfələrlə onlara
öyüd-nəsihət verərək demişdi ki, valideynlərinin
şərəfli adını uca tutsunlar, yolunu davam etdirsinlər,
ona layiq övlad olmağa çalışsınlar. Əli
Əkbər Naxçıvani Əbdülbəhanın
böyük sevgi və etibarını qazanmışdı.
Amerikaya, Avropaya səfərlərində onu müşayiət etmişdi. Bir
sıra bəhai mətnlərini rus dilinə çevirmiş,
qraf Tolstoyla məktublaşmışdı. Bakı bəhai
icmasının sütunlarından biri sayılırdı. Beləcə,
atam Bakıya ayaq basdığı ilk gün həm öz
adından, həm də on üç il əvvəl
dünyadan köçən böyük qardaşının
adından atalarının son mənzilini ziyarət etməyə
yollandı.
Əli Əkbər Naxçıvaninin məzarı
olan qəbiristanlıq Bakının yuxarı hissəsindəki
yamacda yerləşirdi. Daraq dişləri kimi sıra ilə,
həm də yəqin, məşhurluq dərəcələrinə
görə
düzülmüş boz məzar daşlarının
arasında qıvrılan yaş cığır bizi qəbir
olan yerə gətirdi. Dövrə vurub məzarın ətrafında
dayananda artıq bura təzə çiçək dəstələrinin
qoyulduğunu gördük. Atam da qucağındakı gülləri
həmin çiçək dəstələrinə əlavə
elədi. Üstəlik, özü ilə Hayfadan, Bəhaullanın
məqbərəsinin həyətindən gətirdiyi
qızılgül ləçəklərini də onların
arasına səpdi. Sonra Əli Əkbər
Naxçıvaninin vəfatı münasibəti ilə
Əbdülbəhanın göndərdiyi lövhü ərəb
dilində oxudu. Məndən isə eyni mətnin ingilis dilində
tərcüməsini səsləndirməyi xahiş elədi.
Külək getdikcə şiddətlənirdi. Atam əzizləyərək gətirdiyi
qiymətli qızılgül ləçəklərini
gül dəstələrinin altına düzdü ki, külək
uçurub aparmasın. Amma onları küləyin şiddətindən
qorumaq mümkün deyildi və belə olması bəlkə
də daha çox yerinə düşürdü.
Çünki bu qızılgül ləçəklərinin
rayihəsi boz, çılpaq daşların üzərindən
bütün Azərbaycana yayılmalı idi. Əli Əkbərin
adı məzar daşında kiril əlifbası ilə həkk
olunmuşdu. Bu, atamı təəccübləndirdi.
Ölüm tarixi də səhv göstərilmişdi.
Çünki Fatimə xanım ona atasının
ölümündən sonra doğulduğunu demişdi. Yəni
Əli Əkbər Naxçıvaninin 1920 deyil, 1919-cu ildə
dünyasını dəyişdiyini söyləmişdi. Amma
bu yanlışlıqlar atamı qollarını açaraq məzar
daşının üstünə sərilməkdən
saxlamadı. Qəbri qucaqlayıb küləyin
vıyıltısı altında gözəl səsi ilə
Əbdülbəhanın Mirzə Əli Əkbərə
müraciətlə yazdığı ehtiram dolu sözləri
ucadan oxudu.
Qəbiristanlıq ziyarətindən sonra Bakı bəhai
icmasının ən yaşlı üzvü, zamanında Azərbaycan
Milli Ruhani Məclisinin üzvü olmuş Səlahəddinin
oğlu Ağa İzzətəddinlə
görüşdük. Xəstəxanadan yenicə
çıxmış mötəbər qoca hələ
çox zəif idi. O, görüşdüyü hər kəsə, eləcə də
Azərbaycan Milli Ruhani Məclisinə keçirilən ilk
seçkilərində iştirak etmək üçün
Ruhiyyə xanımla birlikdə Bakıya gələn anama
(Şövqü Əfəndinin dul xanımı Amatül-Bəha
Ruhiyyə xanım müəllifin anası Violette
Naxçıvani ilə birlikdə 1992-ci ildə Bakıda
olmuşdu. Bu, 70 illik ayrılıqdan sonra Naxçıvani ailəsinin
tarixi vətənlə ilk təması idi - V.Q.) da yalnız
Əli Naxçıvanini görmək ümidi ilə
yaşadığını demişdi. İndi də eyni
sözləri gözündən yaş axa-axa deyirdi. Atamın
ailəsi ilə bağlı xatirələri bir qədər
dumanlı olsa da, çox qiymətli idi. Üzləşdiyi
çətinliklərə baxmayaraq, imanı olduqca
güclü idi. Əli Əkbər Naxçıvaninin bəzi
şəxsi kağızlarını, qeyd dəftərlərini,
məktublarını inanılmaz bir məsuliyyət və gələcəyə
inam hissi ilə bolşeviklərdən gizlədərək
qoruyub saxlaya bilmişdi. Fatimə xanım ölkəni tərk
edərkən ərinin yalnız ən mühüm
kağızlarını özü ilə
aparmışdı. Tolstoyun məktublarını, eləcə
də Əbdülbəha ilə tarixi səfər zamanı
yazdığı qeydlərin ikinci dəftərini Bakıda
qoyub getməyə məcbur olmuşdu. Stalin terrorunun dəhşətli
çağlarında qorxu hissini üstələyə bilməyən
İzzətəddin onların hamısını
yandırmalı olmuşdu. İndi axıtdığı
göz yaşı seylabı ilə sanki o alovu həmişəlik
söndürməyə çalışırdı.
Bakıda keçirdiyimiz ilk iki gün bu tipli şəxsi
ziyarətlərə həsr olundu. Bakının illərlə
təzyiqlərə məruz qalmış köhnə bəhai
ailələrinin yaşlı üzvlərinə baş
çəkib hörmət və ehtiramımızı
bildirdik. Fürsətdən istifadə edib keçmiş haqda
çoxlu suallar verdik. Babın ilk məqbərəsinin
tikintisindəki fədakar zəhmətlərinə görə
adları binanın iki qapısına verilmiş iki
qardaşdan biri olan Ağa Əşrəfin həyatdakı
yaşlı qohumlarını da ziyarət etdik.
Naxçıvan səfərinə yola düşməzdən
əvvəl valideyninin doğulduğu yeri dəqiq öyrənmək
üçün atamın ailə üzvlərini tapmağa
çalışdıq. İcma üzvləri ilə bir araya
gəlmək həftə sonuna, ümumi konfrans zamanına
planlaşdırılmışdı. Lakin konfransdan və
Naxçıvana uçuşdan əvvəl bəzi təxirəsalınmaz
praktiki işləri görmək tələb edilirdi: biletlər
sifariş verilməli və alınmalı idi, viza (çox
güman söhbət həmin dövrdə əcnəbilərin
Naxçıvana səfərləri üçün tələb
olunan xüsusi icazədən gedir - V.Q.) əldə olunmalı idi. Bu
vizalardan ötrü fotoşəkil çəkdirmək üçün
ilk gün şəhər ətrafında maşınla
çox gəzib-dolaşmalı olduq.
Şəhər ətrafında dolaşarkən atama
valideynlərinin vaxtı ilə yaşadıqları köhnə
ev göstərildi. Ev karvansaranın qarşısında yerləşirdi.
Müqəddəs Torpağa ziyarətə yollanan bəhai zəvvarları
çox vaxt həmin karvansarada qalırdılar. Atam vaxt
tapıb valideynlərinin istifadə etdiyi el hamamına,
anasının tez-tez getdiyi opera teatrının binasına da
baxdı. Əli Əkbər Naxçıvani geniş imkanlara
və mədəni əlaqələrə malik insan
olmuşdu. Moskvada təhsil almışdı, gözəl incəsənət
duyumu vardı.
Dostlarla birlikdə cümə günü getdiyimiz
teatr tamaşası, eləcə də ertəsi günü
iştirakçısı olduğumuz konsert həqiqətən
də mədəniyyət və incəsənətin bu
ölkənin milli irsinin ayrılmaz bir hissəsi olduğunu
göstərirdi. Maraqlıdır ki, hər iki təsadüfdə
doqquz gənc aktyordan ibarət truppa və onların rəhbəri,
eləcə də kamera orkestrinin doqquz üzvü və
dirijor - hamısı bəhai idi. Konfransa gəldikdə isə
Bakıdakı Ədəbiyyat Muzeyində keçirildi.
Doğrudan da, şəhər ətrafında gəzdiyimiz
yarım gün ərzində ölkənin incəsənət
üzərində dərindən kökləndiyinə
şahid olduq. Generalların,
siyasi liderlərin qranitdə əks olunmuş sərt
simalarını görəcəyimizi güman elədiyimiz
park və meydanlarda şairlərin, yazıçıların
abidələri ucalırdı. Söhbət etdiyimiz bir nəfər
milli mədəniyyətlə bağlı fikirlərini
qısaca olaraq belə yekunlaşdırdı: "Mən
musiqini sevməyən Allaha inana bilmərəm!"
Şəhərin geniş meydanlarından birindən
maşınla keçəndə bizə İran Milli Bankı
yerləşən binanın qarşısında,
hündür postament üzərində ucalan abidəni
göstərdilər. Bu, çarşabını
çıxarıb atan qadının heykəli idi. Öyrəndik
ki, heç kəs prototipin kim olduğunu bilmir, heykəl sadəcə
Azərbaycanın milli rəmzlərindən bir sayılır.
O zaman hələ atamın bibisi qızı, yəni Rübabə
bibinin böyük qızı İzzətin
(tanınmış kimyaçı alim, akademik İzzət
Orucova (1909-1983) nəzərdə tutulur - V.Q.) Azərbaycanın
ilk səssiz filminin əsas qəhrəmanını kinoda
canlandırmasından xəbərim yox idi. Film
çadrasını atmaqla mövcud ənənələrə
qarşı üsyan qaldıran Sevil adlı gənc
qadının həyat hekayəsi haqqında idi. 1920-ci illərin
sonlarında çəkilən film Azərbaycanda qadın
azadlığı uğrunda mübarizəni əks etdirirdi.
Heykəldə isə həmin hadisə daşa
köçürülərək əbədiləşdirmişdi.
Lakin gördüyüm abidə mənim nəzərimdə həm
də babi qəhrəmanı Tahirə Qürrətüleynin
simvolu idi. O, 1848-ci ildə, Qərbdə universal seçki
hüququnun təsbiti üçün
çağırılan ilk toplantıdan iki həftə əvvəl
çarşabını çıxarıb
atmışdı.
Bakıda keçirdiyimiz ikinci səhər Tahirə
haqda əsər yazmış Əzizə Cəfərzadə
adlı xanımla görüşümüzlə yadda
qaldı. Təxminən 70 yaşlarında, ağarmış
gur saçları və parlaq, işıqlı gözləri
olan bu yaraşıqlı yaşlı qadın Azərbaycanda
böyük ədəbi nüfuza malik romançıdır.
Əzizə xanım tanınmış yazıçı və
universitetdə doğma ədəbiyyatı tədris edən
alim kimi müxtəlif sahələrdə ciddi uğurlar
qazanmışdı. O, həm də sərbəst
düşüncə sahibi idi. Sovetlərin təzyiqinə
müqavimət göstərib soyadını
ruslaşdırmaqdan imtina etmişdi. Özünü sünni,
yaxud şiə deyil, sadəcə müsəlman
sayırdı. Atam Bakıda bu
xanımla görüşməyi çox arzulayırdı.
Çünki səfərə yollanmamışdan az əvvəl
ona Amerikada yaşayan bir iranlı jurnalistin məqaləsini
göstərmişdilər. Məqalədə Əzizə
xanımın Tahirənin həyatından, insani keyfiyyətlərindən
bəhs edən sonuncu romanı təhlil olunmuşdu. "Zərrin
Tac" adlı əsər qəhrəman
qadının qorxubilməz xarakterini tərənnüm edən
bir himn idi. Əsərdə Qürrətüleynin türk
dilində qələmə aldığı şeirlərə
də istinad edilirdi. Atam Tahirənin türkcə şeirlərinin
olduğunu ilk dəfə eşidirdi. Odur ki,
yazıçı xanıma ehtiramını bildirmək, həm
də onu Hayfadakı bəhai kitabxanalarında Tahirə
haqqındakı digər qaynaqları
araşdırmağa dəvət etmək istəyirdi.
Eyni zamanda ümidvar idi ki, Əzizə xanım
özünün Bakı və Moskva kitabxanalarında
aşkara çıxardığı, amma bəhai alimləri
üçün indiyədək
əlçatmaz olan sənəd və materialları da həmkarları
ilə bölüşməkdən boyun qaçırmayacaq.
Əzizə xanım bizə öz bəhai
kitablarını, türk dilində olan duaları, rəflərdən
birində saxladığı "Gizli Kəlamlar"ı
(Əbdülbəhanın əsəri nəzərdə
tutulur - V.Q.) göstərdi. Atam ona Tahirə
haqqındakı araşdırmaları
ilə bəhai icmasına misilsiz xidmət göstərdiyini
dedi. Vidalaşanda dəvətini bir də təkrar etdi və
aristokratlara xas nəzakətlə əlini öpüb təşəkkürünü
bildirdi. Bu dərin səmimiyyət və həqiqi heyranlıq
qarşısında duruş gətirə bilməyən Əzizə xanım Hayfaya gəlmək
dəvətini minnətdarlıqla qəbul etdi.
Bakıda keçirilən iki günlük konfrans
zamanı atam Azərbaycanda bəhai dininin tarixi haqda
danışdı. Yerli bəhailərə məxsus qeyri-adi
irsdən bəhs edib bildirdi ki, dünyada yalnız bir neçə
icma belə şərəfli irsə sahib olmaq səadətinə
malikdir. Çünki Bakı icmasında Bəhaullanın
özü tərəfindən yazılmış lövhlər
saxlanır. Doğrudur, bu lövhlər ümumi şəkildə
"qafqazlılara" ünvanlanmışdı. Qafqaz həmin
dövrdə indiki Azərbaycan, Gürcüstan və Ermənistanın
yerləşdiyi böyük bir ərazini əhatə edirdi.
Lövhlər isə "Qafqazlılara" adlansa da, əslində
bölgənin ilk və ən güclü icması olan
Bakı bəhailərinə xitab idi. Atam Bakıdakı
ayrı-ayrı şəxslərə lövhlər göndərən
Bəhaullanın ümumən bu ölkəyə, onun bəhai
icmasına davamlı xeyir-dualarından, şəfqətli
münasibətindən danışdı. İki Bakı
sakininin adının göstərdikləri təmənnasız
xidmət müqabilində Bab məqbərəsinin iki
qapısına verilməsini böyük şərəf kimi
vurğuladı. Söhbət zamanı Bakı bəhailərinin
necə nadir keyfiyyətlərə malik olduğuna diqqət
çəkərək maraqlı bir tarixçə
paylaşdı. Danışdı ki, 1963-cü ildə
Ümumdünya Ədalət Evinin birinci tərkibi
seçildiyi zaman dünya bəhailəri arasında ilk
töhfə nə qədər təəccüblü
görünsə də, məhz Bakıdan gəlmişdi. Bu,
sadə bir qızıl üzük idi. Onu hansı yollarlasa
Hayfadakı Bəhai Mərkəzinə göndərmişdilər
ki, satışa çıxarılsın və əldə
edilən vəsait Bəhai Fonduna
köçürülsün. Lakin Ümumdünya Ədalət
Evi qərara gəldi ki, bu kiçik hədiyyə əslində
çox böyük tarixi əhəmiyyətə malikdir.
Ümumi iş naminə gücü çatanı qurban vermənin
dəyərli bir rəmzidir. Ona görə də heç vaxt
satıla bilməz və Bakı bəhailərinin ruhani irsinin
dəyərli nümunəsi kimi gələcək nəsillərə
örnək olmaq üçün həmişəlik qorunub
saxlanmalıdır.
Bakı bəhailərinin soruşduqları sualları
üç kateqoriyaya bölmək mümkün idi: qismən
tarixi adlandırıla biləcək suallar, bəhai İdarəçilik
Qaydasının fəaliyyət prinsipi ilə bağlı
suallar, nəhayət, daha çox mənəvi, yaxud şəxsi
səciyyə daşıyan ümumi suallar. Atamın
cavabları həmişə Bəhai Yazılarına əsaslanırdı.
Bu yazılar isə auditoriyanıın bəxtindən Azərbaycan
dilinə tərcümə olunurdu. Müşahidə edirdim
ki, türk və fars dillərinə müəyyən
yaxınlığı səbəbindən atam Azərbaycan
dilini get-gedə daha asanlıqla anlamağa
başlayırdı. Həftənin sonuna doğru demək olar
ki, tərcüməçinin xidmətinə ehtiyacı
qalmamışdı. Buraxdığı səhvləri
yadında saxlayır və dərhal islah edirdi. Elə təəssürat
yaranırdı ki, dilin musiqisi uzun illər boyu onun beynində,
yaxud ürəyində mühafizə olunub.
Ədəbiyyat Muzeyinin iclas salonunun üçdə
ikisi dolmuşdu. Konfransımıza ərəb ölkələrindən
və Hindistandan gəlmiş qonaqlar qatılsa da, əksəriyyət
Bakı bəhailərindən ibarət idi. Səliqə ilə
geyinmiş, yaxşı baxımlı bir neçə nəfər
ahıl xanım özlərini "bəhaizadə"
adlandırmaqdan qürur duyurdu. Salonda bir neçə
ağsaqqal da gözə dəyirdi. Onların burada olması məndə
elə təəssürat yaradırdı ki, sanki sadəcə
deyilənlərə qulaq asmıram, həm də canlı
tarixin özünü yaşayıram.
(Ardı gələn şənbə sayımızda)
Bəhiyyə NAXÇIVANİ
525-ci qəzet .- 2025. -24 may(¹90).- S.10-11