Pilot, Milli Qəhrəman
Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova: "Oğlumun naminə
yaşadığım həyat mənim üçün
söndü"
Həyat elə bil yolçuluqdur ki, heç birimiz son
dayanacağımızın yerini və vaxtını bilmirik.
Elə də olur ki, yollar yarımçıq qalır,
sözlər tamamlanmır. İnsanın içində
işıq kimi yanan arzular həmişə var. Kimi bu
işığın arxasınca düşüb istəyinə
yetişir, kimi üçünsə də yolun
yarısında işıq sönür, o işığı
özü ilə bərabər, əbədi qaranlığa
gömür.
Həyat elə bir yolçuluqdur ki, bəzən gedəcəyin
ünvanı sən özün yox, taleyin seçir.
Və həyat elə bir yolçuluqdur ki, orada hər
anın öz hökmü var...
O məşum faciədən 150 gün ötüb. Həyat
öz axarı ilə davam etsə də,
ağrı-acısı dinməyən, göz yaşları
tükənməyən ailələr hələ də ovunmaq
bilmir. Keçən ilin dekabr ayının sonunda Azərbaycana
məxsus "Embraer E190" sərnişin təyyarəsi
hava hücumuna məruz qalanda, son ana qədər mümkün
olan bütün imkanlardan istifadə etməklə, neçə-neçə
insan həyatını qorumağa müvəffəq olan
peşəkar kapitanla onun ekipaj üzvlərinin qəhrəmanlığı
dünyanı heyrətə gətirməyi bacardı. Ötən
həftə oxucularımızı Milli Qəhrəman, təyyarə
kapitanı İqor Kşnyakinin ailə üzvlərilə
görüşdürdük. Bu gün isə ekipajın həlak
olan ən gənc üzvü, təyyarə pilotu, Azərbaycanın
Milli Qəhrəmanı Aleksandr Kalyaninovun anası Yelena
Yuryevna Kalyaninova həmsöhbətimizdir.
- Yelena xanım, atanız
Bakıdandır...
- Bəli, Keşlə qəsəbəsində
doğulub, böyüyüb. Sonra atam işləmək
üçün Rusiyaya gəlib, anamla tanış olub və
ailə qurublar. Mən Tolyatti şəhərində
doğulmuşam və iki yaşım olanda atam ailəsini
götürüb Bakıya köçməli olub, çünki
yaşlı babam xəstə idi. Beləcə, 1972-ci ildə
biz təməlli olaraq Bakıya gəldik və o vaxtdan həyatım
bu şəhərlə bağlıdır. Məktəbi bitirəndən
sonra layihə institutunda işləməyə başladım.
Bir müddətdən sonra ailə həyatı qurdum, Saşa
dünyaya gəldi və onun tərbiyəsilə məşğul
olmağa başladım. Oğlum 5-6-cı siniflərdə
oxuyanda Peşəkar Fitnes Assosiasiyasında kurs keçib məşqçi
kimi çalışmağa başladım və 15 il işlədim.
- Saşa Kalyaninovların yeganə övladı oldu...
- Onun varlığı mənim bütün həyatım
demək idi. Həyatda etdiklərimin hamısı
Saşanın naminə olub. Onu ləyaqətli bir insan kimi
yetişdirməyə çalışmışıq və
deyərdim ki, buna nail ola bilmişdik. Bakı Avropa Liseyində
təhsil alarkən müəllimlərinin, sinif
yoldşlarının sevimlisi idi. Onun təhsil göstəriciləri
həmişə yüksək olub. İngilis və Azərbaycan
dillərini mükəmməl bilirdi. İkinci sinifdən bu
dillər üzrə Saşa individual olaraq hazırlıqlar
keçib. Sirr deyil ki, dövrümüzdə dil bilgiləri
çox önəmlidir və oğlumuzun gələcəyi
üçün biz hər şeyi nəzərə
alırdıq. Hətta liseyi bitirəndə ingilis dili müəlliməsi
ona demişdi ki, Dillər Universitetinə birmənalı olaraq
qəbul oluna bilərsən. Gəlib mənimlə məsləhət
edəndə, dedim ki, özünü, gələcəyini təmin
edə biləcək bir yol seç.
- Və Saşa atasının yolunu seçdi...
- Aviasiyanı kiçik yaşlarından sevirdi,
çünki gözünü açandan atasını pilot
olaraq görmüşdü. Liseyi bitirəndən sonra Milli
Aviasiya Universitetinin Uçuş Akademiyasını bitirib hərbi
xidmətə gedib. Saşa oxumağa çox həvəsli
idi. Hərbi xidmətdən qayıtdıqdan sonra Trenajor
Simulator Mərkəzində təlimlərə
başlayıb. Məlum pandemiya dövründə həm
Akademiya, həm trenajor mərkəzi qapalı olduğundan təlimlərə
davam etmək mümkün olmadı və vaxt itirməmək
üçün dostu Kamran Xəlilovla birlikdə Ukraynada Milli
Aviasiya Universitetində aviasiya nəqliyyatı üzrə
magistr təhsilini almağa gedib. Üç illik karantin rejimi
olmasaydı, o, artıq pilot ola bilərdi. Bu sahədə
atası onun üçün bir nümunə idi. Saşa pilot
kimi cəmi bir il idi ki, fəaliyyətə
başlamışdı. Peşəsindən o qədər
razı idi ki, əlindən gələni bu yolda əsirgəmədi,
çətin imtahanlar verdi və var gücü ilə
çalışdı. İlk uçuşu 2023-cü ilin
oktyabr ayında oldu və həmin gün Saşanın
sevincini onunla birlikdə mən də yaşadım.
- Yəqin ki, işi ilə bağlı ailəsilə
bölüşdükləri olub...
- İllərin pilotu olan həyat yoldaşımla ailədə
işlə bağlı söhbətlər heç zaman
olmayıb. Saşa da onun kimi. Onun arzuları vardı - işləmək,
şəxsi həyatını qurmaq, gələcəkdə
ailəsini təmin etmək, uşaqlarının yaxşı
təhsil ala bilməsi üçün şərait yaratmaq. Mən
ona inanırdım, o, buna qadir bir insan idi.
- Atasından sonra Saşa ailədə ikinci pilot oldu.
Kifayət qədər təcrübəniz olsa da, bir ana
uçuş günlərində oğlu üçün həyəcan
keçirib yəqin ki...
- Günümüzdə sərnişin aviasiyası ən
təhlükəsiz nəqliyyatdır, yol nəqliyyatından
belə, təhlükəsizdir. Heç kimin ağlına gələ
bilməzdi ki, sərnişin təyyarəsinə iki raket
buraxaraq terror törədilə bilər. Bayram ərəfəsində
müxtəlif yaşlı dinc adamların ölümünə
bais olmaq insanlıq adına yazılası əməl deyil.
Dünyanın inkişaf etdiyi belə bir zamanda beyinlərdə
terrorçuluğun hələ də yaşaması o deməkdir
ki, bəşəriyyət təhlükədən
sığortalanmayıb. Bayaq soruşdunuz ki, Saşa işi ilə
bağlı fikirlərini evdə
bölüşürdümü? Mən ekipaj üzvlərini
bu faciədən sonra tanıdım, eyni dərd, eyni
ağrı bizim tanışlığımıza səbəb
oldu. Bu, düşündüyünüzdən də
ağırdır. Bu baxımdan Saşa reyslərə gedəndə
həyəcanım olmurdu.
- Boş vaxtlarında xoşladığı məşğuliyyət...
- Onun gecə reysləri tez-tez olurdu. Səhər
qayıdandan sonra onlara bir gün yuxu almaq üçün vaxt
verilirdi. Onların iş qrafiki nisbətən sıx olurdu. Həmin
o istirahət günlərində dostları ilə vaxt
keçirməyi xoşlayardı. Saşa o kəslərdən
deyildi ki, ətrafında böyük kütlə ilə əylənsin.
Onun bir neçə yaxın, etibarlı dostu vardı, boş
vaxtlarında birlikdə olmağı sevərdi onlar və bu
dostların hamısı azərbaycanlılar idi. Saşa
Bakını çox sevirdi, bu şəhərlə o qədər
doğmalaşmışdı ki, harasa gedəndə tez
qayıtmaq istəyirdi, çünki Bakı üçün
darıxırdı. Onun dil problemi yox idi, insanlarla rahat
ünsiyyət qurmağı bacarırdı.
- Bakı həmişə beynəlmiləl şəhər
olub və burada müxtəlif millətlərin əhalisi rahat
şəkildə yaşayıb. Lakin 90-cı illərin əvvəllərindən
başlayan hadisələr çoxlarını bu şəhəri
tərk etməyə məcbur etdi...
- Bizim heç zaman belə bir fikrimiz olmadı. Həyat
yoldaşım könüllü olaraq Birinci Qarabağ
müharibəsində iştirak edib. Müharibə
dövründə sərnişin aviasiyasından hərbi
aviasiyaya keçdi, oğlumuz dünyaya gələndə də
o, Qarabağda idi. Atəşkəsdən sonra yenidən
öz işinə qayıtdı. Deməyim odur ki, vəziyyətdən
qorxub ölkəni tərk etməyi düşünməmişdik.
Mən əminəm ki, həyat yoldaşım sağ
olsaydı, 44 günlük Vətən müharibəsində
iştirak edənlərin cərgəsində olacaqdı.
- 2024-cü ilin 25 dekabrı. Bir ana oğlunu növbəti
uçuşa yola saldı...
- Həmin gün onu yola sala bilmədim, çünki bağda
idim. Axşam zəng vurub dedi ki, səhər tezdən
Qroznıya reysimiz var. Mən də həmişəki kimi ona
uğurlar arzuladım və gələndə xəbər etməsini
tapşırdım. Əslində bu
tapşırığı verməyə ehtiyac yox idi,
çünki Saşa özü buna bir qayda olaraq əməl
edirdi. Gec saatda gəlsə belə, mesaj göndərərdi,
bilirdi ki, səhər oyanan kimi oxuyacağam.
- O gün isə Saşadan xəbər gəlmədi...
- Özündən xəbər gözlədiyim halda,
qara xəbərini eşitdim. Saşanın dostları ilə
ailəvi yaxın münasibətlərimiz var. Rəfiqəm və
Saşanın dostu Kamranın anası zəng vurub onun
hansı reysdə olduğunu soruşdu. Biləndə ki,
Qroznıya uçub, bircə kəlmə dedi - təyyarə
yerə çırpılıb. İnanın sonra baş verənləri
hələ də dəqiqliyilə xatırlaya bilmirəm. Məlumatların
qeyri-dəqiqliyi haradasa bir ümid yarada bilirdisə, intizarda
qalmaq çox üzücü idi. Məlumat təsdiqlənəndən
sonra oğlumun naminə yaşadığım həyat mənim
üçün söndü. Faciə günündən iki həftə
əvvəl 32 yaşı tamam olmuşdu. Bütün
arzularını, həyata keçirmək istədiyi hər
şeyi özü ilə
apardı. Mənim üçün heç nə qoymadı
- nə bir təsəlli, nə bir yadigar...
- Zənnimcə, ondan qalan dostları bir təsəlli,
bir yadigardır (Söhbətimizdə Saşanın yaxın
dostu da iştirak edirdi).
- Bayaq düz vurğuladınız, Saşasız 150
gün yaşaya bilmişəmsə, bunda onun
dostlarının və ailələrinin payı çoxdur. Məni
özümə qapanmaqdan qoruyurlar. Bundan əlavə,
yanımda yaşlı və xəstə anam var. Bütün
bunları düşünərək, özümü
toplamağa çalışıram. Hər ana
üçün övladı digərlərindən fərqlidir.
Saşa xasiyyət etibarilə cəmiyyət adamı deyildi,
özünü, gördüyü işi qabartmağı
heç sevmirdi. Bilik qazanmaq onun ən ali istəyi olub. Hər
şeyin yerli-yerində olmasını sevirdi. O, çox ailəcanlı
biri olacaqdı, buna heç şübhəm yox idi. Öz
ayaqları üstə durmaq, kimsədən asılı olmamaq
üçün inadkar biri idi. Həyatda sevmədiyi cəhət
yalan olub. Nə özünün dilində yalan vardı, nə
də yalan eşitməyi qəbul edərdi. Həyata
özünün müəyyən baxışları
vardı, kortəbii iş görməzdi və düzgün
insan idi. Düzgün insanlar üçün həyat həmişə
rahat olmur və bunu həmişə ona deyərdim. Saşa gənc
yaşında peşəkar bir kapitanın yanında neçə-neçə
insan həyatını xilas edə bildi. Bu, nə qədər
qürurverici olsa da, onun yanında bir ana dərdi də var.
Bir dövlət olaraq Azərbaycan, onun Prezidenti bu faciəyə
xüsusi diqqət və şəhid olanlara qayğı
göstərdi, qəti şəkildə öz mövqeyini
bildirdi. Adı terror olan bu hadisəyə humanist don geyindirməyə
çalışanlardan ölkə başçısı sərt
şəkildə tələb etdi ki, hər şeyi öz
adı ilə adlandırmaq lazımdır. Həlak olan ekipaj
üzvləri həqiqətən böyük qəhrəmanlıq
göstərdilər və onlara verilən Milli Qəhrəman
adı dövlətin öz vətəndaşına
qarşı nə qədar həssas olduğunun sübutudur.
Söhbətimizin əvvəlində belə bir fikir bildirdim
ki, aviasiya ən təhlükəsiz nəqliyyat
növüdür. Bu fikrimdə yenə də qalıram və
arzu edərdim ki, qara niyyətlər heç zaman mavi səmaya əl uzatmasın, çünki ora
sülh göyərçinlərinin məkanıdır.
SÖZARDI: Müsahibə üçün ünvana gələndə
qapı açılan kimi Yelena Yuryevnanı qabaqlayıb
qarşıma dikilən iri bir it gördüm. İlk anda
qorxsam da, üzünə baxdıqda o qədər məsum
baxışlarla qarşılaşdım ki, bu, bir qədər
sakitlik gətirdi. Müsahibə boyu da nə səsi
çıxdı, nə də maneçilik törətdi. Hətta
onun üçün ayrılan yumşaq döşəkçədə
evin pişiyi belə, rahat şəkildə
uzanmışdı. Sağollaşanda onu bir daha diqqətlə
süzdüm - bu məsumluğun arxasında sahibi
üçün darıxan bir ürək var idi. Daha sonra ev
sahibəsi mənə onun tarixçəsini
danışdı: "Labrador cinsindən olan bu iti
sığınacaqdan götürmüşdük. Baxmayaraq
ki, heyvan almağa imkanımız vardı, biz belə qərar
verdik, çünki itlər də isti bir evdə sahibləri
tərəfindən sevildiklərini hiss edərək
yaşamaq istəyir".
Sonda anladım ki, Molli adlı itin
baxışlarındakı bu ifadə həm minnətdarlıqdır,
həm də həsrət...
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025. -24 may(№90).- S.9.