Kommunal ödənişlərlə
bağlı yenilik
DƏYİŞİKLİKLƏR NƏLƏRİ
DƏYİŞƏCƏK?
Xəbər verdiyimiz kimi, bir müddət öncə
kommunal xidmətlərlə bağlı vahid informasiya
sisteminin yaradılması və aidiyyəti sistemlərin
inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə
Komissiyası tərəfindən təsdiq edilib. Kommunal
qurumlar üzrə vahid abunəçi kodu mexanizmi
yaradılması və Kommunal Xidmətlər Vahid
İnformasiya Sisteminin formalaşdırılması ilə
bağlı konseptual sənəd
hazırlanıb.
Yol Xəritəsi kommunal xidmətlər sektorunun daha
effektiv idarə olunması, xidmətlərə əlçatanlığın
yaxşılaşdırılması və ölkəmizin
beynəlxalq reytinqlərdə mövqeyinin daha da yüksəldilməsi
üzrə təşkilati və inzibati tədbirləri əhatə
edir. Onun icrası çərçivəsində kommunal
qurumların inteqrasiyası, vahid abunəçi kodu mexanizminin
tətbiqi, məlumat bazalarının təkmilləşdirilməsi
və elektron xidmətlərin "mygov" rəqəmsal
hökumət platformasına inteqrasiyası nəzərdə
tutulur. Bununla yanaşı, sistem abonentlərə kommunal xidmətlərlə
bağlı məlumatları vahid platformadan əldə etməyə
və ödənişləri daha rahat həyata keçirməyə
imkan verəcək.
Qeyd edək ki, kommunal xidmətlərlə
bağlı vahid informasiya sistemi vətəndaşların
elektrik, qaz, su, internet və digər kommunal xidmətlərlə
əlaqəli məlumatları bir yerdə izləməsinə,
ödəniş etməsinə və problemləri həll etməsinə
imkan verən rəqəmsal platformadır. Bu cür sistem vasitəsilə
istifadəçilər şəxsi hesablarına daxil olub,
borcları və ödəniş tarixçəsini görə
bilərlər. Həmçinin borclar, kəsintilər və
digər vacib məlumatlar barədə SMS və ya e-poçt
vasitəsilə bildirişlər ala bilərlər. Müəyyən
vaxt aralığında avtomatik ödənişlərin həyata
keçirilməsi mümkündür. İstifadəçilər
xidmətlərlə bağlı problemlərini sistem üzərindən
bildirə bilərlər.
VAHİD KOMMUNAL İNFORMASİYA SİSTEMLƏRİ
BİR ÇOX ÖLKƏDƏ TƏTBİQ EDİLİR
Hazırda vahid kommunal informasiya sistemləri bir
çox ölkədə tətbiq edilir. Əsasən,
inkişaf etmiş ölkələr və rəqəmsal
hökumət təşəbbüsləri olan dövlətlər
bu cür sistemləri qurublar. Məsələn,
dünyanın ən inkişaf etmiş rəqəmsal
hökumət sisteminə sahib Estoniyada bu xidmətlər
e-Estonia platformasına inteqrasiya olunub. Vətəndaşlar bir
pəncərə sistemi vasitəsilə bütün kommunal
xidmətlərə çıxış əldə edə
bilirlər.
Sinqapurda da bütün dövlət və özəl
xidmətlər üçün vahid giriş sistemi
mövcuddur. Kommunal xidmətlər birləşdirilib və vətəndaşlar
bütün ödənişləri bir platformada görə
bilirlər.
Çində vətəndaşlar "Alipay və
WeChat Pay" vasitəsilə elektrik, qaz və su ödənişlərini
bir yerdən idarə edə bilirlər. Türkiyədə
"e-Devlet Kapısı" kommunal xidmətlər də
daxil olmaqla dövlət xidmətlərinin vahid
portalıdır. Elektrik, qaz və su şirkətləri bu
sistemə inteqrasiya edilib.
Azərbaycanda isə ASAN Kommunal və ASAN ödəniş
müəyyən xidmətləri birləşdirsə də,
hələ tam şəkildə ekosistem yaratmayıb.
BÜTÜN XİDMƏTLƏR ÜZRƏ MƏLUMATLAR
MƏRKƏZLƏŞDİRİLMİŞ SİSTEMDƏ
TOPLANACAQ
Azərbaycan İnformasiya və Kommunikasiya
Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin
sədri Elvin Abbasovun sözlərinə görə, bundan
sonra bütün xidmətlər üzrə məlumatlar mərkəzləşdirilmiş
sistemdə toplanacaq: "Kommunal operatorların sistemləri
inteqrasiya olunacaq. Real vaxt rejimində məlumat mübadiləsi
təmin ediləcək, abonentlərə dəqiq və
operativ xidmət göstəriləcək. Xidmətlərin 50
faizi və bildirişlər "myGov" üzərindən
təqdim ediləcək. Elektron hökumət xidmətləri
daha əlçatan olacaq. Ödənişlər və məlumat
əldə etmə prosesi sadələşdiriləcək. Vətəndaşlar
üçün rahat interfeys və sürətli əməliyyatlar
təmin olunacaq".
E.Abbasovun fikrincə, bu sistemin yaradılması bir
çox problemi aradan qaldıracaq: "Beləliklə, vətəndaşlar
bir fin kod üzərindən istədikləri an bütün məlumatlarını
görəcəklər. Vətəndaş sərfiyyatından
əmin olacaq. Hesablamalarını aparacaq, büdcəsini təyin
edəcək". Ekspertin dediyinə görə, yeni sistem
ünvan problemlərini kökündən çözəcək:
"Hazırda bəzi yeni qəsəbələrdə
ünvan problemləri var. Hər bir kommunal ödəniş
üzrə fərqli ünvan göstərilir. Yəni su qəbzində
fərqli, qaz qəbzində fərqli ünvan olur. Sistemin tətbiqindən
sonra bu kimi problemlər aradan qalxacaq".
Onun sözlərinə əsasən, növbəti
addım sayğaclarla bağlıdır. Sistemin tətbiqindən
sonra quraşdırılacaq yeni nəsil "ağıllı
sayğaclar" birbaşa mərkəzdən idarə olunacaq:
"Artıq sahə müfəttişlərinə ehtiyac aradan
qalxır. Sayğaclarla qurumlar mərkəzdən əlaqə
yarada biləcəklər. Bu sistemin hədəflərindən
biri kommunal xidmətlərin ödənişi zamanı insan
faktorunu aradan qaldırmaqdır. Çünki harada insan faktoru
olursa, orada müəyyən neqativ hallar ola bilir. Artıq bir
çox qurumlar ağıllı sayğacları test edir, pilot
layihələr həyata keçirirlər".
VƏTƏNDAŞLAR ÜÇÜN
GÖSTƏRİLƏN XİDMƏTLƏRİN
TƏKMİLLƏŞMƏSİ ÜSTÜNLÜYÜ
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki,
yeni sistem vətəndaşlar üçün göstərilən
xidmətlərin təkmilləşməsi baxımından
üstünlük yaradacaq: "Bu sistemin tətbiqi ilə
ödənişdə sadəlik və rahatlıq, vaxta qənaət,
şəffaflıq, borca nəzarət mümkün olacaq.
Onlar bir kodu ödəniş sisteminə daxil etməklə,
işığa, qaza, suya nə qədər borcu olduğunu
asanlıqla görə biləcək. Bundan başqa, problem
yarananda vahid kod vasitəsilə bütün xidmətlər
üzrə şikayət və sorğuları mərkəzləşdirilmiş
qaydada göndərmək mümkün olacaq".
Ekspertin sözlərinə görə, bu mexanizmin tətbiqində
mümkün ola biləcək bir neçə əsas çətinliklər
ola bilər: "Texniki və İT infrastruktur çətinlikləri
yarana bilər. Belə ki, məlumat bazalarının
inteqrasiyası, məlumat təhlükəsizliyi və şəxsi
məlumatların qorunması, texniki avadanlıqların və
proqram təminatının yenilənməsi ilə
bağlı müəyyən problemlər yara bilər. Bundan
başqa, normativ-hüquqi və qanunvericilik məsələləri,
idarəetmə və koordinasiya problemləri ortaya
çıxa bilər. Amma bütün hallarda bu sistem vətəndaşların
rahatlığı üçün yaxşıdır".
BÜTÜN BORCLAR BİR NÖQTƏDƏ TOPLANIR,
ÖDƏNİŞ İŞLƏRİ ASANLAŞIR
İqtisadçı ekspert Natiq Cəfərlinin
sözlərinə əsasən, Vahid İnformasiya Sisteminin
yaradılması mütərəqqi addımdır. Bu sistemlə
vətəndaşın bütün borcları bir nöqtədə
toplanır və ödəniş işləri
asanlaşır. Yeni sistem məntiqlə eyni mərkəzdən
effektiv idarəetmə mexanizmlərinin yaradılmasına cəhddir:
"Bu, pərakəndəliyin aradan qalxmasına səbəb
olacaq. Lakin effektli olması üçün qaydaların şəffaf
şəkildə elan olunmasına ehtiyac var. Hazırkı
mövcud qanunvericiliyə görə, kommunal xidmət göstərən
dövlət şirkətləri ödənişin vaxtı
keçdikdə xəbərdarlıq edirlər, ondan 10 gün
sonra isə kommunal xidmətləri məhdudlaşdırırlar".
VAHİD PLATFORMA
VAHİD YANAŞMA DEMƏKDİR
Millət vəkili Vüqar Bayramov qeyd edib ki, kommunal
xidmətlər üzrə vahid informasiya bazasının
yaradılması bu sahədə həyata keçirilən
siyasətin mərkəzləşdirilməsi və sistemləşdirilməsi
baxımından vacibdir: "Bu addım proqnozların
hazırlanması, bu istiqamətdə tədqiqatların və
digər fəaliyyətlərin həyata keçirilməsinin
daha effektli və daha sistemli şəkildə
reallaşmasına imkan verəcək. Eyni zamanda bu,
istehlakçılar üçün də vacib məqamlardan
biridir. Onlar artıq kommunal xidmətlər üzrə
müraciətləri vahid platformada ünvanlaya biləcəklər.
Bu da bir platformadan istifadə etməklə müraciət
imkanı və hər hansı çətinliklər olarsa,
bunun daha qısa zamanda həlli imkanları deməkdir. Nəticədə
bu, imkan verəcək ki, istehlakçılar kommunal xidmətlərin
əldə edilməsi ilə bağlı üzləşəcəkləri
potensial çətinlikləri daha qısa zamanda həll edə
bilsinlər. Bu addım istehlakçıların kommunal xidmətlərə
əlçatanlığının artırılması və
fasiləsiz kommunal xidmətlərin təmin edilməsi
baxımından da vacib hesab olunur".
Millət vəkilinin sözlərinə görə,
bu addım həm də imkan verəcək ki,
istehlakçılar kommunal xidmətlərlə bağlı
vahid Çağrı Mərkəzi vasitəsilə də
müraciət etsinlər və onları maraqlandıran məsələlərə
daha qısa zamanda aydınlıq gətirilsin: "Vahid
platforma vahid yanaşma deməkdir. Bu,
istehlakçıların fasiləsiz kommunal xidmətlərlə
təmin edilməsinə və eyni zamanda müraciətlərin
vahid sistem vasitəsilə baxılması, öyrənilməsi
və daha qısa zamanda həllinə imkan yaradacaq".
ÖDƏNİŞ ZAMANI KOMMUNAL XİDMƏTİ
SEÇMƏ İMKANI OLACAQ
İT mütəxəssisi Fərhad Mirəliyev deyir
ki, ödənişlər qurumların bank hesablarına ediləcək:
"Ödənişi vətəndaş hansı istiqamətdə
ödəyirsə, həmin xidmətin bank hesabına oturacaq.
Ödəniş zamanı kommunal xidməti seçmə
imkanınız olacaq. Məsələn, işığa
görə ödəniş edirsinizsə, bu, su pulunun
balansına yazıla bilməz. Hər kommunal xidmətin öz
hesabı olacaq. Bütün ödənişlər birgə
olsa, qurumların balansı bir-birinə qarışar. Xidmətlər
vahid portalda birləşdiriləcək və mərkəzləşdirilmiş
şəkildə vətəndaşa təqdim ediləcək".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025. -24 may(№90).- S.8.