Sülhdən
yayınan Ermənistanın Rusiya ilə Qərb arasında
reveransları
Ermənistan rəsmiləri Azərbaycanla sülh
sazişinin imzalanmasına hazır olduqları ilə
bağlı ardıcıl bəyanatlar verirlər. Bu ölkənin
Baş naziri Nikol Paşinyan bir neçə dəfə analoji
bəyanatı səsləndirib. O bəyan edib ki, Azərbaycanla
razılaşdırılmış sülh sazişini
imzalamağa hazırdır. Ermənistanın xarici işlər
naziri Ararat Mirzoyan dünən Aİ səfirlərinin İrəvanda
keçirilən regional iclasındakı
çıxışında eyni mətnlə
danışıb: "Ermənistan Azərbaycanla sülh
müqaviləsini imzalamağa hazırdır. Sülhün mənim
ölkəm üçün alternativi yoxdur. Biz, Azərbaycanla
hərtərəfli və
institusionallaşdırılmış sülhü əzmlə
davam etdiririk. Ermənistan sülh müqaviləsini
imzalamağa hazırdır".
Yada salaq ki, bu ilin mart ayında Azərbaycan və Ermənistan
sülh sazişi mətnindəki bütün 17 müddəanı
razılaşdırdıqlarını bəyan etdilər. Bu, əslində
çox yaxşı xəbər idi. Çünki İkinci
Qarabağ müharibəsindən sonra sülh
danışıqlarına başlamaq, indiki mərhələyə
kimi gəlib çatmaq heç də asan deyil. Sülhün təşəbbüskarı,
saziş mətninin müəllifi məhz Azərbaycandır.
Bu, bir daha onu göstərir ki, Azərbaycan Ermənistandan fərqli
olaraq sözdə sülh demir, konkret addımlarla, gərgin səylərlə
regonda sülhün bərqərar olmasına töhfə
verir.
Sülh sazişi layihəsinin
razılaşdırılması əksər beynəlxalq təşkilatlar,
aparıcı dövlətlər tərəfindən də
alqışlandı. Amma təbii ki, saziş layihəsi mətninin
tam razılaşdırılması, eyni zamanda İrəvan rəsmilərinin
"sazişi imzalamağa hazır olmaları" ilə
bağlı bəyanatları Ermənistanı digər öhdəliklərindən,
Bakının irəli sürdüyü iki tələbin yerinə
yetirilməsindən azad etmir. Bunlar Konstitusiyada Azərbaycana
qarşı ərazi iddialarının aradan
qaldırılması və ATƏT-in Minsk qrupunun ləğvi
ilə bağlıdır. Danışıqlar nəticəsində
tərəflər arasında əldə edilmiş çox
mühüm razılaşmanı - sülh sazişi layihəsini
rəsmiləşdirmək üçün İrəvan nə
etməli olduğunu yaxşı bilir. Rəsmi Bakı dəfələrlə
bu barədə mövqeyini açıqlayıb və öz
prinsipial, qətiyyətli, eyni zamanda, haqlı mövqeyindən
geri addım atmaq niyyətində deyil.
Azərbaycan Prezidenti İlham Əliyev bir neçə
gün əvvəl Macarıstanda Baş nazir Viktor Orbanla mətbuata
bəyanatlarla çıxış edən zaman yenidən bu
mövzuya diqqət çəkib: "Ermənistan-Azərbaycan
sülh prosesi ilə bağlı onu deyə bilərəm ki,
sülh danışıqlarının İkinci Qarabağ
müharibəsindən sonra təşəbbüskarı da
biz olmuşuq. Sülh müqaviləsinin mətninin müəllifi
də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan
tərəfindən qəbul edilib, təbii ki, müəyyən
düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif
etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən
qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin
bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan
konstitusiyasında bu günə qədər Azərbaycana
qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir.
İkincisi isə Qarabağ münaqişəsini həll etmək
üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv
edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir,
de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan
tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək
istəmir. Ancaq son illərin hadisələri və proseslərin
gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə
razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə
qeyri-adi heç bir məsələ yoxdur".
Vurğulanan hər iki məsələ Azərbaycan
üçün vacib əhəmiyyət kəsb edir.
Çünki birincisi, Ermənistan Konstitusiyasında Azərbaycanın
ərazi bütövlüyünü şübhə
altına alan müddəalar qalır. Söhbət
"Qarabağın Ermənistana birləşdirilməsi"ndən
gedir. Bu halda sülh sazişinin imzalanması
qeyri-mümkündür. İllərlə münaqişə
vəziyyətində olan iki ölkənin dayanıqlı
sülhə ehtiyacları var. Digər tərəfdən, Ermənistana
etimad sıfır səviyyədədir, sabah onlar tərəfindən
yenidən Azərbaycana qarşı ərazi iddialarının
baş qaldırmayacağına heç kim zəmanət verə
bilməz.
İkinci məsələ, Qarabağ münaqişəsi
artıq həll olunub, indi vaxtilə münaqişənin
nizamlanması üçün yaradılmış Minsk
qrupunun de-yure mövcudluğu heç nəyi ehtiva etmir. Yəni
qurumun ləğvi İrəvan üçün də məqbuldur.
Amma görünən odur ki, Ermənistan hakimiyyəti yekun
sülh istiqamətində addım atmaq istəmir. Əvəzində
ziddiyyətli bəyanatlar verməklə, bu şərtləri
yerinə yetirməkdən yayınır. Gah yeni
Konstitusiyanın hazırlanacağı, gah Azərbaycanın
da Konstitusiyasında guya Ermənistana qarşı "ərazi
iddiaları"nın olması ilə bağlı sərsəm
bəyanatlar səsləndirirlər. Elə bu günlərdə
Avropa Siyasi Birliyinin Albaniyanın paytaxtı Tirana şəhərində
keçirilən sammitində İTV-yə müsahibəsində
"Hələlik yeni Konstitusiya layihəmiz yoxdur. Azərbaycanın
qaldırdığı məsələləri bilirik.
Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına
əsasən, qüvvədə olan konstitusiyamızda
qonşularımıza qarşı heç bir ərazi
iddiaları yoxdur. Bu, artıq hüquqi cəhətdən qeyd
olunmuş faktdır".
Bu, əlbəttə ki, Paşinyanın ağ yalanıdır.
Yaxud ATƏT-in Minsk qrupu ilə bağlı o deyib ki,
İrəvan Minsk qrupunun buraxılmasını məqbul hesab
edir: "Bizim təklif etdiyimiz həll yolu belədir: sülh
sazişi imzalamaq və eyni zamanda ATƏT-in Minsk qrupunun
buraxılması üçün ATƏT-ə müraciət
etmək. Yəni eyni yerdə, eyni zamanda - bu çox vacibdir.
Bu, regionumuzda qarşılıqlı etimadın və
sabitliyin çox mühüm jesti olacaq".
Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan
arasında sülh sazişinin
razılaşdırılmış mətnində Almatı bəyannaməsi
əsasında bir-birinin ərazi bütövlüyünü
və suverenliyini tanıyır: "Sülh sazişi Ermənistan
Respublikasının parlamentində ratifikasiya edildikdə qeyd
olunacaq ki, Ermənistan Respublikasının Azərbaycana və
ümumiyyətlə, qonşularına qarşı heç
bir ərazi iddiası yoxdur. Sülh sazişini imzalamaq və
onu ratifikasiya etməklə bağlı qərar verməyə
hazırıq".
Bununla da Ermənistanın Baş naziri Minsk qrupunun ləğvi
məsələsində növbəti dəfə beynəlxalq
ictimaiyyəti çaşdırmağa
çalışır.
Azərbaycanın Xarici İşlər Nazirliyinin
Paşinyana cavabında da bu məqama diqqət çəkilib.
XİN bəyan edib ki, Ermənistan tərəfi
üçün beynəlxalq müqavilələrdə ərazi
bütövlüyünə dəstək ifadə edilməsinin
heç bir əhəmiyyətə malik olmadığı
danılmaz bir faktdır. Bunu sübut etmək
üçün, Ermənistanın Almatı bəyannaməsinə
qoşulması prosesini və bu razılaşmanı necə
kobud şəkildə pozduğunu xatırlatmaq yerinə
düşər: "Ermənistan tərəfinin daim istinad
etdiyi Almatı bəyannaməsinə qoşulan zaman verdikləri
qeyd-şərtləri, Qarabağı Azərbaycanın tərkib
hissəsi kimi tanımağa qarşı çıxan
qüvvədə olan qanunvericilik aktlarının
mövcudluğu hər kəsə məlumdur. Baş nazir Ermənistanın
tərəf çıxdığı və ratifikasiya
edilmiş beynəlxalq müqavilələrin yerli qanunlar
üzərində üstünlüyə malik olduğu barədə
konstitusiya müddəasına istinad etməklə öz
iddialarını arqumentlərlə sübut etməyə
çalışması da tamamilə əsassızdır.
Bunun əksini sübut etmək üçün Ermənistan
konstitusiyasının 5-ci maddəsinə (hüquq
normalarının iyerarxiyası) nəzər yetirmək kifayətdir.
Məhz bu müddəaya əsasən Ermənistan konstitusiyası
ali hüquqi qüvvəyə malikdir və Baş nazirin
istinad etdiyi beynəlxalq müqavilənin üstün
olması müddəasının konstitusiyaya aidiyyəti
yoxdur. Ermənistan konstitusiyasının 21-ci maddəsində
istinad olunan Ermənistan gerbinin belə özündə indiki
Ermənistanın qonşularına ərazi iddialarını əks
etdirdiyi də yaxşı məlumdur. Bununla, Ermənistanın
hansı müqaviləyə qoşulmasından asılı
olmayaraq, Konstitusiyada Azərbaycan ərazi
bütövlüyünə qarşı olan müddəanın
saxlanılmasına hər vəchlə
çalışılmasının nəyə xidmət etdiyi
aydın olur".
Onu da vurğulayaq ki, Ermənistan hakimiyyəti
hazırda Rusiya ilə Qərb arasında vurnuxur. Bir neçə
gün əvvəl Rusiyanın xarici işlər naziri İrəvanda
səfərdə oldu. Eyni zamanda, Qərbdən Ermənistana əvvəlki
dəstək müşahidə olunmur. Ekspertlər Paşinyanın
Rusiyaya yönəlməsində həm bu amilin, həm də
revanşistlərin aktivləşməsinin rolunu qeyd edirlər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
eksperti Mətin Məmmədli "525"ə
açıqlamasında Ermənistan rəsmilərinin son
açıqlamaları, eyni zamanda, İrəvanın Rusiyaya
yönəlməsinin əsas səbəblərini
açıqlayıb.
Onun sözlərinə görə, Paşinyanın
tam şəkildə sülh prosesindən geri çəkiləcəyini
düşünmür: "Amma hesab edirəm ki, o, hələ
bir müddət də öz ziddiyyətli mövqeyini davam
etdirəcək. Paşinyanın ziddiyyətli mövqeyini davam
etdirməsinin əsas səbəblərindən biri Ermənistan
daxilində revanşist qüvvələrin fəaliyyətdir.
Yəni Ermənistanın Baş naziri ehtiyat edir ki, hər
hansı ciddi kompromisə getsə, ciddi addım atsa, hakimiyyətini
itirə bilər. Ona görə də daxili siyasi təlatümlərdən
ehtiyat edərək, vurğuladığım ziddiyyətli
mövqeni nümayiş etdirir. Amma son zamanlar revanşistlər
kifayət qədər fəallaşıblar, o cümlədən
də sabiq prezidentlər Robert Köçəryan və Serj
Sarkisyan. Düşünürəm ki, revanşistlərin fəallaşması
bütövlükdə sülh prosesinə neqativ təsir
göstərir. Eyni zamanda, Ermənistan hakimiyyətinin
addımlarına mənfi təsir edir".
Ekspert Paşinyanın tam olaraq Rusiyaya yönəldiyini
güman etmir: "Hər halda düşünürəm ki,
o, Rusiya ilə Qərb arasında reveranslar edir. Xüsusilə
son zamanlar Rusiyaya doğru reveranslarını
görürük. Bunun əsas səbəbi qlobal nizamda, daha dəqiq
desək, Birləşmiş Ştatların siyasətində,
mövqeyində baş verən dəyişikliklərdir.
Əvvəllər Bayden administrasiyası birmənalı olaraq
Ermənistana dəstək verirdisə, Ermənistan mərkəzli
siyasət həyata keçirirdisə, regional siyasətində
İrəvana böyük önəm verirdisə, Tramp
administrasiyası sələfindən hələ ki, fərqli
mövqe tutub, fərqli siyasət yürüdür.
Görünür ki, Paşinyan və ətrafı
düşünür ki, Birləşmiş Ştatların Ermənistana
dəstəyi zəifləyib və bu səbədən də
Rusiya ilə də ehtiyatlı davranmağa
çalışırlar. Bütövlükdə isə hesab
edirəm ki, Paşinyan Qərblə bağlı strateji siyasət
həyata keçirir - Rusiyadan uzaqlaşmaq, Qərbə
yaxınlaşmaq. Bu strategiyanı dəyişməyiblər,
amma qeyd etdiyim ki, ABŞ-də baş verən dəyişiklikdən
sonra Rusiyaya doğru müəyyən qədər revereanslar
müşahidə olunur ki, bu da Tramp administrasiyasının
mümkün siyasəti, perspektiv, həm də cari həyata
keçirdiyi regional siyasəti ilə bağlıdır".
Pərvanə
525-ci qəzet .- 2025. -24 may(№90).- S.5.