"Yarı şeir,
yarı torpaq..."
Esse
Sözün insan taleyində möhürləyici
sehrli gücü var. Düz iyirmi iki il əvvəl məni
buna "Ədəbiyyat qəzeti"ndə ustad şair Fikrət
Sadıqın şeirlərim haqqında qələmə
aldığı "Şeir hələ ölməyib"
yazısı inandırmışdı. Birinin qəlbindən
təmənnasız şəkildə qopan mənəvi dəstək,
ruhi dəyərləndirmə digərinin könlünə
işıq ola bilir. Bu işığa çox gənc
yaşımdan inan(dırıl)mağım sonrakı illərdə
bəzən həyatın qaranlıq dalanlarında
göz-gözü görməyəndə təsəllim,
ümidim oldu. Belə işıqlı təsəlli və
ümidlərin müəllifi olan könül borcu hiss
etdiyimiz adamların sözü də sadəcə söz
olaraq qalmır, taleyimizə yazılan ömürlük dua
olur. Dua etmək isə ən çox Fikrət Sadıqa
yaraşırdı, iddiasızlığı, ruhani təmizliyi,
təmənnasızlığı və müdrikliyi ilə ən
çox onun haqqı idi - həm zahiri, həm də batini
anlamda.
...İllər keçir, əyyam dəyişir, o
dualar ömürdə müstəcəb olanda ürəyindən
gələnləri yazmaq arzusu ilə gün qovalayıb ay
ötürürsən. Amma araya zaman düşür,
ölüm qarışır bütün planlarımıza...
Zamanında yazmaq istədiklərimiz bəzən istəmədiyimiz
halda "sonraya qalır"... Fikrət Sadıqın
"Sarıtorpaq" şeiri haqqında yazmağı lap
çoxdan düşünürdüm. Ustad şairin 95-ci
yaşının yubiley baharına qismətmiş...
Fikrət Sadıqın qədim Şamaxının
tarixi və məşhur məhəlləsi haqqında
yazdığı "Sarıtorpaq" şeiri bütövlükdə
torpağın insanlaş(dırıl)ması, müqəddəsləş(diril)məsi
və estetik dəyər kimi təqdimatıdır. Bu şeir
sadəcə bir məkanın və ya coğrafi vahidin poetik tərənnümü
deyil - torpağın insana çevrilməsidir, mənəviyyatla,
ruhla dolu prosesin bədii təcəssümüdür. Şair
burada torpağı sadəcə təbiətin bir elementi kimi
deyil, hiss edən, dözən, sevən, qoruyan, doğan və
yaşadan bir varlıq kimi oxucuya tanıdır. Burada torpaq
artıq sadəcə maddi substansiya deyil, tarixin, ruhun, xatirələrin
və mədəniyyətin
daşıyıcısıdır. "Sarıtorpaq"ı
oxuduqca sanki bədii dillə ilahiləşdirilən poetik bir
mərasimdə iştirak edirsən, gözüyumulu təkcə
şeiri yox, elə torpağı da dinləyirsən...
Yeri gəlmişkən, heç baharın ilk sübh
şəfəqləri altında yamyaşıl çəmənə
sərilib, baxışlarınızı masmavi, parça
buludlu səmaya zilləyib və eyni zamanda can qulağı ilə
torpağı dinlədinizmi?.. Səs-səsə verib
ötüşən quşların müşayiətində
- o bitməyən nəğmələrin arasında,
ağacların gövdəsindən, güllərin ləçəklərindən,
kökündən ucalan səssiz melodiyanı duydunuzmu, otların
xışıltılı hənirtisinə heç qulaq
verdinizmi? Torpağın sinəsində minlərlə
görünməz addımı ilə şütüyüb
gedən kiçicik "yer sakinlərinin" - həşəratların
zərrəcik "tappıltıları"nı, həyat
ritmini - o mikrosəslərin içindəki böyük ilahi
mənanı eşitmək üçün nəfəsinizi
içinizə çəkib heyrətlə susdunuzmu?.. Dərinliklərdə,
qarış-qarış torpağın bağrında cücərəcəyi
zamanı səbirlə gözləyən bitki
toxumlarının ümid dolu, titrək səsini
eşitdinizmi?.. "Sarıtorpaq" şeirini oxuyanda
bütün bu səslər eşidilir. Bu şeir təkcə
söz deyil - torpaqla insanın qırılmaz tellərlə
bağlandığı mənəvi körpüdür.
Torpağı eşidənləri, onu anlayanları,
torpağın varlığını hiss edənləri torpaq
da "eşidir". Təsadüfi deyil ki, şair də
şeirə məhz "eşit" nidası ilə
başlayır:
Eşit məni, məşhur məhlə
Sarıtorpaq!
Cövhərin haqq - yarı şeir, yarı torpaq.
Burada Sarıtorpaq məhəlləsinə insani
"qiyafə" geyindirilir, o, dinləməyi bacarır,
yaddaşı var. Bu çağırış poetik müraciət
formasında edilsə də, metafizik bir təmas kimi toxunur
ürəyimizə... Şair deyir: Sənin cövhərin - yəni
varlığının özü, mahiyyəti - həm
şeirdir, həm də torpaqdır. Bu, estetik olanla real
olanın, gözlə görünməyənlə (söz)
gözlə görülənin (torpaq) qovuşduğu məkandır.
"Məşhur məhlə" ifadəsi burada sadəcə
gəlişigözəl işlənməyib, məkanın
ictimai və tarixi kimliyinə, həm də onun kollektiv
yaddaşdakı tarixi-ictimai yerinə işıq tutulub.
Sarıtorpaq həm tarixlə yoğrulmuş torpaq, həm
də onun üstündə doğulan sözlərlə,
şeirlərlə ucalan unudulmaz mənəvi simvoldur. Burada
torpaqdan çıxan poeziya ilə yanaşı, öz mahiyyətində
poeziya daşıyan torpaq obrazı var...
Tarix şahid, nə bəlalar çəkib
başın,
Yadına sal, zarı-zarı, zarı, torpaq!
Şeirin bu misralarında "zarı-zarı"
ağlanacaq tarixi müsibətlərimiz
xatırladılır. Burada müraciət tək torpağa
deyil, həm də bizim yaddaşımıza ünvanlanan
ağrılı xitabdır. İnsan bəzən unutqan olur,
amma torpağın yaddaşı çəkdiyi əzabları
yaxşı xatırlayır...
...Xatırlayır və xatırladır ki, bu yerlər,
bu məhəllə 1918-ci ildə ermənilərin
xalqımıza qarşı törətdiyi qanlı mart
qırğınlarına, dəhşətli terrora canlı
şahidlik edib... Şeirin müəllifi də, torpaq da -
terrorçu daşnak Stepan Lalayevin əmri ilə Sarıtorpaq
məscidinə, eləcə də bölgənin digər məscidlərinə
toplanıb diri-diri yandırılan yüzlərlə doğma
övladının fəryadını daşı-
çınqılı iztirabdan göynəyə -göynəyə,
zarıya-zarıya xatırlayır... Bu misralarda təkrarlanan
"zarı" təkcə ağlamağın ritmi deyil, həm
də xatırlanan milli hüznlərə oxunan
ağıdır... İnsan bəlkə unudar, amma torpaq
unudarmı bağrındakı bunca
ağ(r)ı-acını?!
Çox yadların yürüşünə sinə
gərdin,
Qala - torpaq, səngər - torpaq, barı - torpaq!
Bu misrada isə müəllif tarixi bir az da geriyə -
bəlkə də əsrlər əvvələ çəkir,
burada Sarıtorpaq məhəlli anlamdan çıxıb
ümumilikdə qalalı, səngərli qədim Vətən
obrazı, müqavimət, səbat, savaş və qəhrəmanlığın
rəmzi olur.
Adamların şirin dilli olub - burda
Əsrlərcə bal yetirib arı - torpaq!
Torpaq bu misrada "təyinat"ını daha da
genişləndirir, bərəkətin, şirinliyin mənbəyinə
çevrilir. Arı və bal metaforası, torpağın həm
insanlarla harmoniyasını, həm də onlara bəxş
etdiyi fiziki, ruhi dadı göstərir. Bu, həm də əməyin,
zəhmətin və saf niyyətin bəhrəsidir.
Böyük, dahi şairlərin fəxrin - sənin,
Ulu - torpaq, uca - torpaq, Tanrı - torpaq!
Bu misralarda Sarıtorpaq artıq təkcə coğrafi
yox, ədəbi və mədəni kimlik
daşıyıcısı kimi anılır. Yəni torpaq
artıq yaradıcılığın mənbəyi,
ilhamın beşiyi, poeziyanın anası statusunu alır.
Buradaca müəllifin özü ilə yanaşı, bu
torpağın yetirməsi olann xeyli dahi şairləri, mütəfəkkirləri
də ehtiramla xatırlamaq yerinə düşür. Tarixin
yaddaşında yazılanlara və ehtimallara əsasən, qədim
Sarıtorpaq məhəlləsi İmadəddin Nəsimi
başda olmaqla, Seyid Əzim Şirvani, Mirzə Ələkbər
Sabir, Məhəmməd Hadi, Abbas Səhhət kimi unudulmaz,
ustad ədiblərin doğulub boya-başa
çatdığı torpaqdır. Onlar bu torpaqda dünyaya
göz açıblar, amma eyni zamanda bu torpaq da onlarla
ucalıb. Bu, qarşılıqlı metafizik
bağlılıqdır - insan torpağın
övladıdır, torpaq isə onun ruhunun beşiyidir. Bu misra
həm də kollektiv yaddaşın və poeziyanın məkanla
bağlanmasını göstərir. Yəni bir yerin dəyəri
həm də oradan ucalan sözlə, ruhla, dahiliklə
ölçülür.
Sakinlərlə ata-ana qılıqlısan,
Çətin gündə qoca - torpaq, qarı - torpaq.
Burada isə Sarıtorpaq ailə üzvünə
çevrilir. Ata kimi qoruyandır, ana kimi şəfqətlidir.
Dar məqamda bir ahıl dədənin təmkinini, bir
xoşqılıq qarı nənənin canlı
duasını daşıyır. Bu, xalq ruhunun torpaqda təcəssümüdür.
Burada Fikrət Sadıq torpağı millətin
yaddaşının və ailə bağlarının
canlı daşıyıcısı kimi təqdim edir.
Sarıtorpaq - sadəcə bir məhlə deyil, xalqın
ruhudur, əcdadın izidir, dosdoğmalığın
ünvanıdır. Bu poetik mənzərədə torpaq
artıq quru zəmin deyil, o sevən, duyan, qoruyan, yaddan
çıxmayan bir varlıq kimi yaddaşımıza hopub və
insan bu torpağa təkcə ayağı ilə deyil, ruhu ilə
də qədəm basır... Və cismimiz uzaqlara gedəndə
də ruhumuzun bir tərəfinin yapışıb
qaldığı torpaq sonradan həsrətimizin əsas qibləsinə
çevrilir:
Gecələri cəhd edirəm, səni görüm,
Burdan baxsın üzüm sənə sarı - torpaq.
Gecənin sükutu tənhalığın və xatirələrin
dirildiyi zamandır. Gecə insanın ruhani olaraq özünə
döndüyü, gözüyumulu hafizəni didiklədiyi,
yaddaşı ələk-vələk elədiyi vaxtdır.
İnsanın ruhunun gözüylə gecələr görməyə
başlayır, xatirələri də, yuxuları da... Məhz
gecə vaxtı Sarıtorpaqla görüşməyə cəhd
bu torpağın artıq real coğrafiyadan çox, bir ruhi
istinad nöqtəsi kimi arzulandığını göstərir.
Bu iki misrada fiziki məsafə ilə mənəvi
yaxınlıq arasında qəribə bir gərginlik sezilir.
Şair uzaqdadır, amma görmək, duymaq, qovuşmaq
üçün gecələrə sığınır. Bu,
müasir insanın keçmişinə, kökünə
qayıtmaq istəyi kimi də yozula bilər. Sarıtorpaq
burada təkcə bir məhəllə yox, şairin içində
yaşatdığı ruhani vətən, uşaqlıq, tarix,
ailə, xalq və poeziya ilə yoğrulmuş universal varlıq
kimi boy göstərir. Bu misralar - tənhalığın
içində insanın doğulduğu torpağa sarı
yönələn duasıdır, qəlbin fiziki olandan
çox mənaya, mahiyyətəcan atmasıdır.
"Sarıtorpaq" Fikrət Sadıqın poetik xatirəsinin
içində yaşayan vətən həsrətinin
adıdır. Və addan söz düşmüşkən,
burada da maraqlı anlamlar gözümüzə dəyir:
"Sarıtorpaq" - ad etibarilə torpağın rəngini
daşısa da, buradakı sarılıq solğunluq kimi deyil,
həm günəşə yaxınlıq, həm
qızıl dəyərində qiymət, həm də əzəmətli
təbiilik kimi yozula bilər. Ya da bəlkə tarixin
saralmış qədimi səhifələrinin, yaxud həsrətdən
gözün kökünə hopan rəngin
çalarını da ifadə edir?..
Fikrət Sadıq "Sarıtorpaq" şeirində
bir məhəllənin timsalında Vətənin şərəfinə
söz heykəli ucaldıb. Bu heykəlin kölgəsində
yazanın da, oxuyanın da həm nostalji, həm sevgi, həm
keçmişdən doğan qürur, həm də minnətdarlıq
duyğuları bir-birinə qarışır. O duyğular
simfoniyası ilə bizim hamımızın içində -
yaddaşın dərin qatlarında, qəlbin ən həssas
tellərində - hərənin öz uşaqlıq həsrətinin
qibləgahına çevrilən, daşı, torpağı,
suyu, havası və adamları ilə birgə
doğmalığına sarı çəkildiyimiz simvolik bir
Sarıtorpaq yaşayır... Gündüzün qələbəliyində,
gecənin sükutunda görməyə
çalışdığımız, yaşayanda
şeirimiz, öləndə məzarımız olası o
unudulmaz "yarı şeir, yarı torpaq" əbədi
ünvan...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025.- 27 may(№91).- S.13.