Əsrə bərabər iki gün
BİŞKEKƏ MÖHTƏŞƏM
İŞGÜZAR SƏFƏR
Elə günlər var ki, o günləri
yaşadıqdan sonra istər-istəməz
düşünürsən: zaman çox böyük qüvvədir,
az vaxta böyük işlər görmək
mümkündür. Elə günlər də var ki,
üç-üç, beş-beş sovrulub gedir, nə
ömürdə izi qalır, nə də yaddaşlarda. Amma
Bişkekdə işgüzar səfər zamanı
keçirdiyimiz iki gün ərzində o qədər tədbirlərdə
iştirak etdik, elə gözəl
gələcək işlərin təməlləri
qoyuldu, Türk dünyasına lazımlı elə gərəkli
məsələlərin çözümü istiqamətlərində
müzakirələr aparıldı ki, indi o günlərə
qanrılıb baxanda iki günün içində neçə
on günlüklərin, ayların var olduğunu görməkdəyik.
Türk Mədəniyyəti Fondunun prezidenti, professor
Aktotı Raimkulova, təşkilatın Qırğız
Respublikası üzrə nümayəndələri Mirbek
Karıbayev, Nazgül Omurzakova və mən (təşkilatın
nəşr və yayım məsələləri üzrə
əməkdaşı) Bişkekə işgüzar səfərə
getmişdik. Səfərin bütün gedişatını təfsilatı
ilə yazsam, oxucuları çox yormuş olaram deyə, sadəcə
iki möhtəşəm günün vacib məqamlarına
toxunmaqla yetinməyi üstün tuturam.
Alıkul günü...
Mayın 12-də səhər saat 10-da görkəmli
qırğız şairi Alıkul Osmonovun adını
daşıyan ev-muzeyində yerləşən büstü
önündə təntənəli gülqoyma mərasimi
keçirilirdi. Mərasimdə Aktotı Raimkulova, təşkilatın
digər əməkdaşları, Qırğız
Respublikası Dövlət katibi Suyunbek Kasmambetov,
Qırğız Respublikasının Mədəniyyət,
İnformasiya və Gənclər Siyasəti Nazirliyinin və
Bişkek şəhər meri aparatının yüksək vəzifəli
nümayəndələri, həmçinin digər qonaqlar
iştirak edirdilər. Yada salaq ki, Bişkek şəhərində
yerləşən bu ev-muzeyi 2024-cü ildə Türk Mədəniyyəti
və İrsi Fondunun maliyyə dəstəyi, Bişkek şəhər
meri və Qırğız Respublikasının Mədəniyyət,
İnformasiya və Gənclər Siyasəti Nazirliyi ilə
birgə əməkdaşlıq çərçivəsində
tam bərpa olunub və muzeyləşdirilmə mərhələsindən
keçib.
Ziyarət zamanı Alıkul Osmonovun həyat və
yaradıcılığını əks etdirən, unikal əlyazmalar,
şairin şəxsi əşyaları və nadir arxiv
materiallarını özündə cəmləyən yenilənmiş
ekspozisiya ilə tanış olduq. Həqiqətən də,
muzey infrastrukturunun müasir standartlara uyğun multimediya və
ekspoziyalı yaradılması klassik qırğız poeziya
irsinin gənc nəslə və xarici ziyarətçilərə
daha təsirli şəkildə təqdim edilməsinə hərtərəfli
imkan verir. Xatırladaq ki, bu Fondun ilk genişmiqyaslı
restavrasiya layihəsidir.
Mədəniyyət ocaqlarına dəstək
Türk Mədəniyyəti və İrsi Fondu
dünyanın bir sıra ölkələrində mədəniyyət
ocaqları yaratmaqda davam edir. Həmçinin bir sıra
dünya universitetlərində türk irsinin zənginləşməsinə
töhfələr verir. Alıkul Osmanovun ev-muzeyinin ziyarətindən
sonra Fond tərəfindən
Qırğız Milli Universitetinin nəzdindəki Türk
İrsi Mərkəzinə müasir multimedia
avadanlıqlarının verilməsi mərasimində
iştirak etdik. Ümumi dəyəri 2 milyon qırğız
somu olan avadanlıqlar Mərkəzə hədiyyə edilərkən
Fondun prezidenti, A.Raimkulova görülən işlər
xüsusunda öz düşüncələrini
bölüşdü: "Fond türk xalqları arasında mənəvi
birliyin möhkəmləndirilməsinə xidmət edən
qurumları ardıcıl şəkildə dəstəkləyir.
Əminik ki, təqdim edilən bu avadanlıq Mərkəzin
elmi və təhsil yönümlü genişmiqyaslı layihələrinin
həyata keçirilməsində effektiv vasitə olacaq".
Həmçinin adı çəkilən Universitetinin rektoru
göstərilən səxavətli dəstəyə görə
dərin təşəkkürünü ifadə etdi.
Yubiley formu...
Sonra həmin universitetdə növbəti tədbirə
- görkəmli qırğız şairi "Alıkul
Osmonovun Poeziya Dünyası" adlı Beynəlxalq Forumda
qatıldıq. Forumda çıxış edən A.Raimkulova
2024-cü ildə Fond tərəfindən Bişkek şəhərində
Alıkul Osmonovun ev-muzeyinin bərpası və muzeyləşdirilməsi
layihəsinin uğurla icra olunduğunu xatırladaraq, həmçinin
görkəmli ədibin "Zamandan zamana" adlı
kitabının təşkilat tərəfindən Azərbaycan
və qırğız dillərində nəşr
olunduğunu vurğuladı.
Yeri gəlmişkən qeyd edək ki, Forum
Qırğızıstanın elmi, siyasi və mədəni
qurum nümayəndələrini bir araya gətirmişdi və
tədbirin fəxri qonağı Qırğız
Respublikasının Dövlət katibi Suyunbək Kasmambetov
idi.
Mədəniyyət naziri ilə görüş...
Həmin gün rəsmi görüşlərlə
son dərəcə zəngin oldu. Türk Mədəniyyəti
və İrsi Fondunun Prezidenti və əməkdaşlarının
Qırğız Respublikasının mədəniyyət,
informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev
ilə görüşü baş tutdu.
Fondun Prezidenti, həmçinin 2025-ci il
üçün Qırğızıstanla bağlı nəzərdə
tutulan layihələr barədə cənab nazirə məlumat
verdi. Xüsusilə, YUNESKO-nun Ümumdünya İrs
Siyahısına daxil edilmiş Qırmızı Çay qədim
şəhərinin mühafizəsi və muzeyləşdirilməsi
üzrə üçillik layihənin başlanacağı və
bu proyekt üçün yalnız 2025-ci il üzrə maliyyələşmənin
2 milyon som həcmində olacağını qeyd etdi. Cənab
nazir Fondun gördüyü işləri təqdirəlayiq
hesab etdiyini və təşkilatın fəaliyyətini
müsbət qiymətləndirdiyini dilə gətirdi.
Yeraltı səltənətlər - Arxeoloji abidələr...
Növbəti görüş də olduqca yaddaqalan
oldu. Belə ki,
Qırğızıstanın Çüy vilayətinin
İssık-Ata rayonunun Krasnaya Reçka kəndində
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
Aktotı Raimkulova, Qırğız Respublikasının mədəniyyət,
informasiya və gənclər siyasəti nazirinin müavini
Gülbara Abdıkalıqovaya rəsmi sertifikat təqdim etdi.
Sertifikat, Ümumdünya İrs siyahısına daxil olan kənd
ərazisindəki yaşayış yerinin muzey zonasında
aparılacaq genişləndirmə işlərinin birinci mərhələsinə
start verilməsi ilə əlaqədar idi. Tədbir zamanı
çıxış edənlər UNESCO-nun "İpək
Yolu: Çanqan-Tyanşan Dəhlizinin Marşrutlar Şəbəkəsi"
adlı transmilli seriyalı nominasiyasına daxil olan arxeoloji
abidələrin qorunması üçün birgə fəaliyyətin
zəruriliyini vurğuladılar. X-XII əsrlərə aid
Qaraxanlı dövrünə məxsus yaşayış
kompleksi, Mərkəzi Asiya orta əsr
memarlığının nadir nümunələrindən biri
olmaqla yanaşı, Krasnaya Reçka kəndinin tarixi-mədəni
mənzərəsinin ayrılmaz hissəsini təşkil edir.
Gəlinən qərarlara əsasən yeni inşa olunacaq
qoruyucu örtük bu nadir abidəni təbii təsirlərdən
mühafizə etməyə, həmçinin elmi
araşdırmaların və turist ziyarətlərinin daha əlverişli
şəraitdə aparılmasına imkan yaradacaq.
Davam edən müzakirələr
Növbəti gün (13 may) də rəsmi
görüşlərlə günə başladıq. Fondun
prezidenti Aktotı Raimkulovanın Qırğız
Respublikasının xarici işlər nazirinin müavini Meder
Abakirov ilə görüşü oldu. Konstruktiv dialoq zamanı
tərəflər Qırğız Respublikası ilə
Türk Mədəniyyəti və İrsi Fondu arasında
mövcud və perspektiv əməkdaşlıq
imkanlarını müzakirə etdilər. Müzakirələr
zamanı 2025-ci ildə keçirilməsi
planlaşdırılan prioritet layihələrin icra perspektivləri
təhlil edildi. Fondun prezidenti Qırğız Respublikası
ilə sistemli və strateji əsasda qurulmuş əməkdaşlığın
daha da möhkəmləndirilməsinə dair qəti iradəsini
ifadə edərək, yeni təşəbbüslərin həyata
keçirilməsi prosesində nazirliyin diplomatik dəstəyinin
davamlılığına ümidvar olduğunu bildirdi.
Davam edən Aytmatov ecazı...
Nəhayət, işgüzar səfər gözəl
bir tamaşanı izləməklə başa çatdı. Bu
səhnə əsərini izləyərək türk
dünyasının keçdiyi tarixi bir dönəmin bədii
həllinə heyran qaldıq. Belə ki T.Abdımomunov
adına Qırğız Milli Akademik Dram Teatrının səhnəsində
nümayiş etdirilən "Axırıncı məktub"
tamaşasına baxdıq. Bu səhnə əsəri 1930-cu
illərin faciəvi zaman kəsiyində baş vermiş real
hadisələr əsasında qələmə alınıb və
qırğız xalqının yaşadığı
repressiyalardan bəhs edir. Əsərin əsas qəhrəmanı
görkəmli yazıçı Çingiz Aytmatovun atası,
dövlət xadimi Törökul Aytmatovdur. Törökulun həyat
yoldaşı Nağıma Aytmatovanın taleyi vasitəsilə
tamaşada həmin dövr qadınlarının faciəsi,
dözümü və sarsılmaz iradəsi izləyicilərə
çatdırılır. Qeyd edək ki, tamaşada baş
rolu - Nağımanı bu il 75 illik yubileyi və 60 illik
yaradıcılıq fəaliyyəti qeyd olunan
Qırğız Respublikasının Xalq artisti, Toktobul
adına Dövlət Mükafatı laureatı Qulayım
Qanimetova canlandırırdı. Pyesin müəllifi isə Qırğız
Respublikasının Xalq yazıçısı Kairat İmanəliyevdir.
Tamaşadan sonra düşüncələrini
bölüşən A.Raimkulova səhnə əsərini
yüksək qiymətləndirərək yaradıcı heyəti
belə bir uğurlu səhnə əsəri ərsəyə
gətirdiklərindən dolayı təbrik etdi.
Nəhayət...
Nəhayət 12-13 mayda ardıcıl görüşlərlə
müşayiət olunan işgüzar
Qırğızıstan səfəri başa çatdı. Səfərdəki
işgüzar görüşlərdə müzakirə olunan
məsələlərin icrası, layihələndirilməsi
işlərinə artıq start verilib. Türk
dünyasının zəngin mədəniyyətinin və
irsinin öyrənilməsi, təbliği istiqamətində
atılan hər gərəkli addım Böyük Türk Ailəsini
bir-birinə daha sıx tellərlə bağlayır...
Fərid HÜSEYN
525-ci qəzet .- 2025.- 27 may(№91).- S.12.