Külündən
doğulanlar
Sabah görüş var. Qarabağın
sayılıb-seçilən kəndlərindən olan iki
Seyidəhmədlinin Yuxarısının
görüşü. Bu gün hər kəs bu
görüşə hazırlaşır, bütün söhbətlər
bu haqdadı. Axı bu, elə-belə görüş deyil!
Bu, ömürlərin, talelərin görüşüdü,
bir kəndin görüşüdü. 32 ildən sonra baş
tutan görüşdü. Kəndimizdən çıxanda, məndən
yaşda böyüklər sayca daha çox idi. Sabah yaşda
məndən kiçiklər daha çox olacaq. Kaş, bu
ömür yerdəyişməsi olmalı olduğu kimi
olaydı. Olmadı... Biz nələr çəkdik, nələr
itirmədik ki. Qoy inciməsin köçkün olmayanlar: bunu
başa düşmək üçün qaçqın
olmalısan. Axı bizlər tək ev-eşiyimizi itirmədik.
Əziz insanlarımızı, eyni zamanda hər birimiz
ayrılıqda öz həyatımızı itirdik. Biz
kökü kəsilən ağac kimi olduq. Təzədən
kök atdıq. Min bir zülmlə. Bundan daha böyük ifadə
olsa, onu yazardım. Ömür yolları ayrıldı,
qohumlar uzaq düşdü, qonşuluqlar itdi, sevgilər
bitdi... Min bir zülm tək maddi, tək fiziki olmadı ki...
Bunun mənəvi, psixoloji tərəfi dağdan
ağırdı. Bunun zaman tərəfi yeridolmayacaq,
geridönməyəcəkdi! Kəndimiz işğal olunandan
sonra institutda oxuyurdum. Semestr bitirdi, yay gəlirdi. 9 ay ərzində
dolub-daşan yataqxana boşalırdı, hər kəs öz
rayonuna, kəndinə - öz evinə gedirdi. Qardaşımla
mənsə yayda da yataqxananı tərk etmirdik. Çünki
gedəcək kəndimiz, evimiz yox idi!
"Sevgilim yox, dərdin çəkim Kəndim də
yox, şəklin çəkim" - yazmışdım o
vaxt. O boşalmış yataqxanada tək qalmaq həyatın
bizə vurduğu zərbənin bir iynə deşiyindən
görünə biləcək qədəri idi! Bu,
ev-eşiyini itirmiş insanın çəkdiklərinin sadəcə
bir ilməsidi. O çətinliklər, o ağırlıqlar
şəbəkəsində nələr yoxdu... Hərənin
payına düşənlər bir cür ağırdı.
Bir tikə çörəyə möhtac olanlar, hər zəhmətə
rəva görülənlər, tənəyə-qınağa
məruz qalanlar, çətinliklər qarşısında
sınanlar, qırılanlar... Sınmayıb, ürəyi
partlayanlar... Uzaq diyarlardan meyiti gələnlər, meyiti belə
vətənə geri "dönməyənlər"... Həyatın
çətin məqamlarından qohumsuz-qonşusuz, təkbaşına
keçən onminlər. İllərlə əldə etdiklərini
bircə gündə itirib, yetim körpə kimi həyata
sıfırdan və təkcə başlayan yüzminlər...
Başlaya bilməyənlər az olmadı. Dözə bilməyənlər
də. Nənə-babalarımız, ata-analarımız,
müəllimlərimiz - yolgöstərənlərimiz, məsləhət
ünvanlarımız getdi. Böyük qardaşlarımız
döyüşlərdə can verdi. Talelər qırıldı,
ömürlər bitdi. Sağ qalanlar yarımçıq
olmadı, bəlkə də beşdəbir, ondabir oldu!
...Sonradan o yataqxana otağı bütün ailəmizi
məskunlaşdıracaq, illərlə kiçik bir otaqda 6 nəfər
yaşayacaqdı. Bəlkə hansısa qaçqın ailəsi
bir otaqda 5 nəfər yaşadı, bəlkə hansısa 7 nəfər.
Amma hamı bu 30 ili eyni cür yaşadı! Hətta həyatın
dolaylarında şansla üzləşib müəyyən
imkana çatanlar da mənən "kiçik yataqxana
otağında", qaçqın düşərgələrindəki
palçıqlı çadırlarda "keçirdi" bu
illəri... Yataqxananın ümumi eyvanının bir hissəsinə
torpaq töküb, gül-çiçək əkən
qaçqın qadını xatırlayıram. Vətən
müharibəsindən az keçmiş, pilləkəndə
bir oğlanın yaşlı kişiyə çinar
yarpağı uzadıb, "sənin kəndindəndi"
dediyini, kişinin bircə yarpağı sanki böyük
çinar ağacını qucaqlayırmış kimi,
bağrına basdığını unudarammı heç?..
Siz hardan biləsiz, o qadın o gülləri niyə əkirdi?
Siz hardan biləsiz o kişi əslində nəyi
bağrına basırdı?..
Sabah görüş var. Hamı hazırlaşır,
hər kəs ən gözəl geyimində gələcək.
Səhv başa düşdünüz. Mən pal-paltarı nəzərdə
tutmadım ki... Sabah hər kəs 32 il öncəki görkəmində,
yaşında və ruhunda olacaq! Hamımız gedəcəyik.
Bizi bu hala salanları, 30 ildə
yaşadıqlarımızın baiskarlarını lənətləyə-lənətləyə.
Müharibədən qayıdandan sonra yazmışdım.
Görmüşdüm deyə yazmışdım: biz bir də
dağıdılmış evlərimizə qayıdanda, viran
qoyulmuş qəbiristanlıqlarımızda yatan əzizlərimizi
ziyarətə gedəndə lənətləyəcəyik
erməniləri. Və bu, sonuncu "bir" deyil,
sıradakı olacaq. Çünki bu qarğış dillərdə-ürəklərdə
əbədi səslənəcək. Amma bir gözümüz
nə qədər yaşlıdırsa, sabah o biri
gözümüz ondan da çox sevincli olacaq!
O adam xoşbəxtdir ki, hisslərini etibar etdiyi yer
var. Axır ki, bizim də "o yer"imiz var! O yer ki, bizə
o hissləri doğulanda verdi. O hissləri ki, qəlbimizdə
gizlətdik, oddan-sudan qoruduq. Və o yer ki, sabah əmanəti
ona qaytaracağıq! Həyatın hər üzünü
görmüş, "yaşlanmış" hisslərimizi...
32 il öncə gözü arxada, ayağını
sürüyə-sürüyə ölkənin hər yerinə
dağılmış el-oba, sabah uça-uça ölkənin
hər yerindən bir yerə - ana qoynuna, ata sığalına
yığışacaq. Sabah böyüklərin yanında
Seyidəhmədlidə doğulmayan, Seyidəhmədlidə məktəb
partası arxasında oturmayanlar da olacaq. Və nə
yaxşı ki, belə olacaq! Amma bəlkə də onlar
heç vaxt bizim qədər seyidəhmədlili olmayacaq...
Sabah kimlər görüşməyəcək, ilahi!.. Çəpər
qonşuları, sinif yoldaşları, müəllim,
dükançı, traktorçu, suçu, bərbər, həkim,
poçtalyon, toyçalan, oxumuş, savadsız, qələmbaz,
"Hitleri güllələyən" veteran, vəzifəli,
müxalifətçi, vurub-yıxan, fağır - hər kəs,
hamı - bütün kənd. Düz fikirləşirsiz.
İndiyə onlar qalarmı?.. Bəs ruhları ki orda olacaq!
Hamının ruhu kənddə olacaq. Dirinin də,
ölünün də. Bir kəndin ruhu sabah özündə
olacaq! Elə bunları qulağıma pıçıldayan da
o ruhdu, mən sadəcə, qələmə aldım.
Sabah kəndimizdə görüş var. Bir kənd
dolusu həyəcan, bir dünya boyu duyğular. Bir el-obanın
al-əlvan rəngi özünə qayıdır. Bir
ağ-qara dövr başa çatır! Yazsan bitər,
danışsan qurtarar ki?.. Yaxşısı budur, qoy sözlər
kənara çəkilsin. Qoy hisslər danışsın:
yeni sətirdən və ucadan!
Sonda bircə bunu da deyim: yayda yataqxanada tək qalan o tələbə
oğlan daha olmayacaq!
17.05.2025
P.S. Mayın 18-də o görüş baş tutdu.
Hamı gəlmişdi: həyatda olanlar da, olmayanlar da. Və
bunu orda olan minə yaxın kənd sakininin hər biri
gördü! Hamının ağzında isə bir dua vardı:
Allah şəhidlərimizə rəhmət eləsin! Allah
xalqımızı, dövlətimizi, Ali Baş
Komandanımızı qorusun!
Məğrur ƏLİ POLAD
525-ci qəzet .- 2025.- 27 may(№91).- S.10.