Polad
Bülbüloğlu Şuşada konsert verib
Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə
mayın 25-də Şuşada “Xarıbülbül” VIII Beynəlxalq
Musiqi Festivalı çərçivəsində Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestrinin müşayiəti ilə görkəmli Azərbaycan
müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın
Xalq artisti, Milli Məclisin deputatı Polad
Bülbüloğlunun konserti keçirilib.
Yurd.Media xəbər verir ki, orkestrə Murtuza
Bülbül dirijorluq edib.
İlk olaraq səhnədə Azərbaycan Dövlət
Rəqs Ansamblının ifasında dahi bəstəkar
Üzeyir Hacıbəylinin “Cəngi” rəqsi nümayiş
olunub. Sonra Polad Bülbüloğlunun ifasında müxtəlif
əsərlər səslənib.
Polad Bülbüloğlu jurnalistlərə
açıqlamasında deyib ki, bu gün festivalda dahi
Bülbülün, sevilən sənətkarlarımızın,
bəstəkarlarımızın ifaları səsləndirilib.
“Bu 30 il ərzində hər zaman deyirdim ki,
böyük sənətkarlarımız – xüsusən də
Şuşadan çıxan sənətkarlarımız narahat
idilər. Bildiyiniz kimi, işğal dövründə iki dəfə
Şuşada olmuşam və bu mənim üçün
çox çətin idi. Şəxsən atamın yurdunu,
evini bu vəziyyətdə görmək çox ağır
olub. Şükürlər olsun ki, artıq bütün bu
çətinliklər geridə qaldı. Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı
böyük bir Qələbə qazandı. Allah şəhidlərimizə
rəhmət eləsin, qazilərimizə
cansağlığı və uzun ömür versin”, - deyə
P.Bülbüloğlu qeyd edib.
Daha sonra Xalq artisti Mənsum İbrahomovun ifasında
muğam və xalq mahnılarımız təqdim olunub.
Şuşanın rəmzi olan gülün
adını daşıyan “Xarıbülbül” Musiqi
Festivalı 1989-cu ildən keçirilir. Qarabağ
münaqişəsi dövründə əsas konsertlər
Ağdamda, Bərdə və Ağcabədidə təşkil
edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən
sonra festival yenidən Şuşaya qayıdıb.
Bu il festivalın birinci günündə müxtəlif
ölkələrdən gələn ifaçıların
iştirakı ilə açılış konserti olub, sonra
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tələbələrinin ifasında Üzeyir
Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanan
Üzeyir bəy belə deyərdi: “Babalı Sərvərin
boynuna” adlı teatr tamaşası nümayiş olunub.
525-ci qəzet .- 2025.- 27 may(¹91).- S.9.