Şərqdə ilk
demokratik dövlət
1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq
Cümhuriyyəti müsəlman Şərqində ilk
demokratik respublika olmaqla yanaşı, həm də
xalqımızın tarixində ən mühüm hadisə
idi. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan
xalqımız, nəhayət, öz müstəqil dövlətinə
sahib oldu.
Birinci Dünya müharibəsində böyük
dövlətlərin dünyanı bölüşdürmək
uğrunda mübarizəsinin həlledici mərhələyə
daxil olduğu və ölkənin başı üzərini
yeni işğal təhlükəsinin aldığı
çox mürəkkəb beynəlxalq şəraitdə
yaradılan Azərbaycan Xalq Cümhuriyyəti
qurucularının başlıca məqsədi Azərbaycanın
müstəqilliyinin dünya dövlətləri tərəfindən
tanınmasına nail olmaq, qonşu dövlətlərlə
münasibətləri qaydaya salmaq idi.
1918-ci il mayın 27-də Seymin müsəlman
fraksiyası çox çətin və mürəkkəb
geosiyasi vəziyyətdə fövqəladə iclas
çağıraraq geniş müzakirələrdən sonra
Müvəqqəti Milli Şura yaratmaq barədə qərar qəbul
etdi. Bir gün sonra, mayın 28-də Tiflisdə Azərbaycanın
Dövlət Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsi
elan olundu.
Qərbin demokratik dəyərləri ilə Şərq
mədəniyyətinin xüsusiyyətlərini özündə
birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti
xalqımızın milli və siyasi şüurunun, yüksək
mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad,
demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan
Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu
özünə qaytardı, onun öz müqəddəratını
təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
AXC-nin qısa dövr ərzindəki fəaliyyəti
zamanı Azərbaycanın ilk parlamenti, hökuməti
yaradılmış, dövlət atributları təsis
olunmuş, dövlət quruculuğu sahəsində
mühüm tədbirlər həyata keçirilmiş,
cümhuriyyətin beynəlxalq münasibətlər sistemində
tanınması, diplomatik müstəvidə milli maraqların
qorunması istiqamətində mühüm addımlar
atılmışdır. Yeni fəaliyyətə
başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin
möhkəmləndirilməsində, ölkədə siyasi,
iqtisadi və mədəni inkişafın təmin
olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində
əsaslı rol oynamışdır. Bununla yanaşı, milli
dövlətçilik ənənələri, Azərbaycan vətəndaşlığı
institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi
faktlar dövlətçilik ənənələrinin
formalaşmasında mühüm rol oynayıb.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və
insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan
Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına
eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi
ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan
vətəndaşlığı təsis olundu. Milli ordu
quruldu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı
işğalçılardan azad edildi. Qısa müddət ərzində
olduqca mütərəqqi sayılan müddəaları
özündə əks etdirən çoxsaylı qanunlar qəbul
olundu.
Ulu öndər Heydər Əliyevin “Müstəqilliyi
qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən
qat-qat çətin bir vəzifə idi” fikirləri tarixin
sınağından keçmiş hikmətli sözlərdir.
Təəssüf ki, Xalq Cümhuriyyətimiz yalnız 23 ay
yaşadı.
Azərbaycan xalqı hər zaman Xalq Cümhuriyyətinə,
milli istiqlaliyyətinə bağlı olduğunu sübut edib.
70 illik sovet dövründə xalqımızın milli
azadlıq düşüncələri ədəbiyyatda, incəsənətdə
öz əksini taparaq istiqlalçı nəsillərin
yetişməsinə səbəb oldu.
1991-ci il oktyabr ayının 18-də “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya
Aktında 1918-ci il 28 may tarixli “İstiqlal Bəyannamə”sinə
istinad olundu və Azərbaycan Respublikasının Azərbaycan
Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. Müstəqilliyinə
yenidən qovuşan Azərbaycan öz suverenliyini qoruyub
saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə
hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev
Azərbaycan dövlətçiliyinin qorunması
üçün qətiyyətli tədbirlər gördü,
ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar
etdi. Ümummilli lider xalqımıza qazandırdığı
milli siyasi müstəqilliyin daha da möhkəmləndirilməsi
üçün ilk növbədə Azərbaycanın iqtisadi
müstəqilliyinin təmin olunmasının zəruriliyini
bilirdi. Ulu öndər Heydər Əliyev neft sektoruna xarici sərmayələrin
cəlb edilməsi istiqamətində ciddi addımların
atılmasını təmin etdi, 1994-cü ilin sentyabr
ayının 20-də “Əsrin müqaviləsi”nin
imzalanmasına nail oldu.
Bu gün Azərbaycan özünün hər bir sahədə
dinamik inkişaf dövrünü yaşayır,
çünki ölkə Prezidenti cənab İlham Əliyev
Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam
etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi, Azərbaycan
Bayrağının bu gün, artıq işğaldan azad
olunmuş Şuşada dalğalanması Azərbaycan
Respublikasının Prezidenti, cənab İlham Əliyevin gələcək
nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
Hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Respublikasında demokratik, hüquqi,
dünyəvi dövlət, vətəndaş cəmiyyəti
quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla
həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf
etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi
üçün əsaslı tədbirlər
görülür. Təbii ki, qazanılmış bu nailiyyətlər,
öz növbəsində hər bir Azərbaycan vətəndaşında
qürur hissi doğurur.
Akif Rəfiyev
Binəqədi rayon Ağsaqqallar Şurasının sədri,
Ədliyyə general-mayoru
525-ci qəzet .- 2025.- 27 may(¹91).- S.7.