Milli mədəniyyətin
folklor kodu
AKADEMİK MUXTAR KAZIMOĞLUNUN ELMİ YARADICILIQ
KONSEPTİNDƏ
Dünya mədəniyyətində
qarşılıqlı təsirlərin artdığı, yad
təsirlərin milli ənənələrə nüfuz etdiyi
bir dövrdə folklor irsinin tədqiqi və toplanıb sistemləşdirilməsi
xüsusilə aktualdır. Azərbaycan
folklorşünaslıq elmi dünənin klassik irsinə əsaslanmaqla
bu gün dünya elminin trendləri ilə vəhdətdə
inkişaf edir. O qədər də qədim tarixi olmayan, buna
baxmayaraq, zəngin elmi ənənələr üzərində qərarlaşan
Azərbaycan folklorşünaslıq elmi özündə
neçə-neçə görkəmli alimin adını cəmləşdirir.
Bu adlar içərisində ömrünün 70-ci zirvə məqamına
gəlib çatmış, tanınmış
folklorşünas alim, akademik Muxtar Kazımoğlu (İmanov)
imzasının xüsusi yeri və mövqeyi vardır.
Akademik Muxtar Kazımoğlu elmi
yaradıcılığına ümumi nəzər
saldıqda aydın olur ki, onun tədqiqat istiqamətləri Azərbaycan
humanitar fikrində fərqli mərhələləri birləşdirən
sistemli bir təkamül yolu keçib. Alimin 1980-ci illərin
ortalarından bəri keçdiyi elmi inkişaf yolunu şərti
olaraq dinamik inkişafda olan bir neçə səviyyədə
xarakterizə etmək olar: birincisi, elmi təsnifat
baxımından o, ədəbiyyatşünaslıqdan
folklorşünaslığa doğru istiqamətlənib.
İkincisi, janr müstəvisində onun maraq dairəsi roman,
povest, hekayə kimi yazılı nəsr janrlarından
nağıl, dastan, lətifə kimi epik folklor janrlarına
doğru genişlənib. Üçüncüsü, nəzəri
problematika baxımından o, ədəbiyyatda psixologizm məsələlərindən
folklor estetikası üçün mühüm kateqorial
anlayış olan "gülüş" fenomeninə
yön alıb. Bu çoxşaxəli keçidlər zahirən
fərqli mövzular təsiri bağışlasa da, əslində
vahid bir məqsədə - söz sənətinin (həm
yazılı, həm şifahi) məzmunundakı dərin
qatların, arxaik məzmunların üzə
çıxarılmasına xidmət
edib.
Muxtar Kazımoğlu nəzəri-metodoloji
görüşlərində şifahi və yazılı ədəbiyyatın
paralel təhlili mühüm yer tutur. Hələ 1990-cı illərin
əvvəlində müasir Azərbaycan nəsrində
psixologizm problemini araşdırarkən belə, o, nəsrin nəzəri-estetik
məsələlərini folklor düşüncəsi
kontekstində araşdırıb, bədii təfəkkürün
milli-mifoloji potensialını tədqiqatın kontekstual
platformasına istiqamətləndirib. Tədqiqatçı
vurğulayıb ki, XX əsr Azərbaycan nəsrinin obrazlar
sistemi bir çox hallarda epos təfəkkürünün izlərini
daşıyır. Sonrakı illərdə akademik Muxtar
Kazımoğlu həm ədəbiyyatşünas, həm də
folklorşünas kimi qələmə aldığı əsərlərində
də bu metodoloji prinsip - yəni şifahi və yazılı
söz sənətinin vəhdətdə öyrənilməsi
- ardıcıl şəkildə qorunub saxlanılır. Onun təqdimində
milli mədəniyyət bütöv sistem xarakteri
daşıyan bir fenomen kimi yazılı və şifahi ənənələrin
vəhdətindən ibarətdir. Akademik Muxtar Kazımoğlu
zahirən fərqli mövzular üzərində işləsə
də, elmi yaradıcılığının bütün mərhələlərində,
əslində, otuz il əvvəl başladığı elmi
missiyanı (ədəbiyyatımızın müasir nəzəri
problemlərini folklorla əlaqədə tədqiq etməklə
Azərbaycan filoloji fikrində nəzəri-metodoloji
körpü yaratmaq!) davam etdirir. Onun folklorşünaslıq
elminə gətirdiyi yeniliklər də məhz bu yanaşmadan
- yəni folkloru sırf arxaik bir sahə kimi deyil, ədəbiyyatımızın
canlı yaddaşı və bədii təfəkkürümüzün
özünəməxsus modeli kimi dəyərləndirməsindən
qaynaqlanır.
Muxtar Kazımoğlu Azərbaycan humanitar elmi fikrində
yeri həm də onun elmi təşkilatçılıq və
pedaqoji fəaliyyəti ilə şərtlənir. O, uzun illər
AMEA Folklor İnstitutuna rəhbərlik etməklə folklor tədqiqatlarının
sistemli şəkildə aparılmasına töhfə verib.
Akademik Muxtar Kazımoğlu elmi redaktoru olduğu
çoxcildlik nəşrlər, tərtib etdiyi antologiyalar Azərbaycan
folklorunun geniş coğrafiyada tədqiqinə imkan yaradıb.
Alim, həmçinin, folklor və ədəbiyyatın
populyarlaşması, elmi biliklərin kütləviləşməsi
istiqamətində də KİV-də müntəzəm olaraq
çıxışlar edib. Bütün bunlar göstərir
ki, Muxtar Kazımoğlu təkcə konkret elmi problemlərin həllinə
töhfə verməklə qalmayıb, ümumilikdə Azərbaycan
folklorşünaslıq elminin beynəlxalq miqyasda
tanınmasına və yeni metodoloji düşüncələrlə
zənginləşməsinə əhəmiyyətli təsir
göstərib.
Muxtar Kazımoğlu Azərbaycan filoloji
düşüncəsinə ümumən milli ictimai təfəkkürün
demokratikləşdiyi, etnik-milli genezisə və milli-mənəvi
dəyərlərə qayıdışın elmdə, sənətdə
və həyatda ümummilli hərəkata çevrildiyi 80-ci
illərin əvvəllərində gəlmişdi. Hesab edirik
ki, bu amil onun elmi-filoloji maraq dairəsinin formalaşmasında,
yaradıcı şəxsiyyət kimi milli mədəniyyətə
münasibətdə elmi baxış bucaqlarının müəyyənləşməsində
həlledici rol oynayıb. O, ötən əsrin 80-ci illərinin
ortalarında filoloji elmi yaradıcılığa həmin
dövr üçün (elə indinin özündə də!)
kifayət qədər elmi aktuallıq kəsb edən mürəkkəb
bir nəzəri problemin (ədəbiyyatda psixologizm) kifayət
qədər maraqlı bədii faktura üzərində
(60-70-ci illər Azərbaycan nəsri)
araşdırılması ilə başlamışdı.
1991-ci ildə nəşr olunan "Müasir Azərbaycan nəsrində
psixologizm" kitabında müəllif
İsa Hüseynov, İsmayıl Şıxlı, Sabir Əhmədov,
Anar, Əkrəm Əylisli, Elçin, Mövlud
Süleymanlı kimi nasirlərin bədii yaradıcılığını
psixologizm aspektindən tədqiqat predmetinə çevirir. Bu tədqiqat
alimin filoloji təfəkkürünün analitik-nəzəri
səpkiyə, milli folklor potensiyasına (artıq normativləşmiş
qənaətə görə 60-70-ci illər Azərbaycan nəsri
öz genetik qaynağı etibarilə epos təfəkkürünə
söykənir) elmi marağının ifadəsi olmaqla onun
yaradıcı təfəkkürünün tipoloji
oriyentasiyasını da əsaslı olaraq müəyyənləşdirmiş
olur. Muxtar Kazımoğlunun elmi yaradıcılıq təkamülünün
80-ci illərin ortalarından bu günədək qət etdiyi
yolu ən ümumi şəkildə aşağıdakı
kimi cizgiləmək olar: elmi təsnifat baxımından ədəbiyyatşünaslıqdan
folklora; janr təsnifatı baxımından romandan (povestdən,
hekayədən...) eposa (nağıla, lətifəyə...); nəzəri
problematika baxımından psixologizmdən onun konkret təzahür
formalarından biri olan və mühüm elmi-kateqorial
anlayış kimi götürülən gülüş
anlayışına.
Əsərin 2021-ci ildə yenidən çap edilməsi,
orada irəli sürülən fikir və qənaətlərin
bu gün də öz aktuallığını qoruduğunu
göstərir.
Daha sonralar akademik Muxtar Kazımoğlu zahirən fərqli
elmi problemlərlə məşğul olmuş kimi
görünsə də, əslində otuz il bundan əvvəl
başladığı işi davam etdirir. Hələ nəsrdə
psixologizm problemi üzərində araşdırmalar apararkən
müəllifin nəsrin ən müasir nəzəri problemlərini
folklorla vəhdətdə araşdırdığının,
şifahi və yazılı ədəbiyyatı eyni bir təhlil
kontekstində birləşdirdiyinin şahidi oluruq. Sonralar da
yazılı və şifahi ədəbiyyat paralelliyi onun
yaradıcılığının xarakterik xüsusiyyətinə
çevrilir.
Müəllifin "Gülüşün arxaik
kökləri" (2005) və "Xalq
gülüşünün poetikası" (2006) kitabları həm
problematikası, həm də problemə elmi-metodoloji
yanaşması baxımından müasir Azərbaycan
folklorşünaslığında yeni bir istiqamətin əsasını
qoyan əsərlərdir. Yazılı ədəbiyyatla
bağlı kifayət qədər geniş təhlil
olunmuş gülüş anlayışı bu əsərlərdə
ilk dəfə olaraq sistemli şəkildə folklor üzrə
araşdırılır, gülüşün magik mahiyyəti,
ayrı-ayrı folklor obrazlarının gülüş
aspektindən genezisi kimi problemlərə işıq
salınır. Aydın görünür ki,
gülüşün arxaik köklərinə elmi maraq nəsrdə
psixologizm axtarışlarının təbii davamıdır.
Gülüş Muxtar müəllimin təqdimatında
gerçəkliyə münasibətin hər hansı bir
fiziki-bioloji faktoru kimi deyil, xüsusi semantikaya malik
elmi-kateqorial paradiqma kimi təhlil olunur. Kitabların elmi dəyəri
ondadır ki, aparılan tədqiqatın nəzəri
ümumiləşdirilməsi olaraq humanitar düşüncəyə
Azərbaycan xalq gülüş mədəniyyəti ilə
bağlı yeni elmi konsepsiya təqdim olunur.
2011-ci ildə müəllifin indiyədək milli
filoloji və folklorşünaslıq düşüncəmizdə
heç bir aspekti ilə elmi tədqiqatın predmetinə
çevrilməyən digər bir nəzəri problemə həsr
olunmuş "Folklorda obrazın ikiləşməsi"
kitabı nəşr olunur. Əsərdə müxtəlif
folklor janrlarında, xüsusən nağıl, dastan, lətifə
və sair kimi epik janrlarda "ciddi" və komik yöndəki
ikiləşmənin folklordakı mahiyyəti, mifoloji kökləri
və təzahür formaları elmi tədqiqatın predmetinə
çevirir. Bu araşdırmada
ilk dəfə olaraq bədii obrazın ikiləşməsinin
mifdən gələn və folklorun müxtəlif
janrlarında təzahür edən, yazılı ədəbiyyatda
daha mürəkkəb şəkildə ortaya çıxan səciyyəvi
modelləri müəyyənləşdirilib.
2012-ci ildə nəşr olunan "Epos. Nəsr.
Problemlər" kitabına müəllifin müxtəlif illərdə
həm ayrı-ayrılıqda epos və nəsr probleminə,
həm də epos və nəsrin qarşılıqlı əlaqələrinə
həsr olunmuş məqalələri daxil edilib. Eposda
obrazın ikiləşməsi, Mənfi əvəzedici,
Yalançı qəhrəman kimi məsələlər ənənəvi
ədəbiyyatşünaslıqda özünə yer tapa bilməyən,
müasir dünya, xüsusən də Avropa
folklorşünaslığının elmi-nəzəri
bazası əsasında qələmə alınan ciddi problemlərdəndir.
Müəllif buradakı elmi yanaşmaları ilə
yazılı ədəbiyyat və folklor münasibətlərinə
yeni baxış ortaya qoyur, ədəbi düşüncənin
yazılı və şifahi laylarına etnik bədii
özünüifadənin müxtəlif kodları kimi
yanaşılmasının orijinal nəzəri təhlil
standartlarını təqdim edir.
2013-cü ildə nəşr olunan "Portretlər"
kitabında "Yazıçılar" və "Ədəbiyyatşünaslar"
bölmələri üzrə Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələri Molla Pənah Vaqif,
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə kimi ədiblər,
Məmməd Cəfər, İsa Həbibbəyli, Qəzənfər
Paşayev, Nizami Cəfərov, Kamran Əliyev kimi ədəbiyyatşünaslar
"portretləşdirilir". Bu kitabda ideya-estetik məfkurəsi
baxımından bir-birindən fərqli ədəbi və elmi
simalardan bəhs edilsə də, onların hamısı vahid
Azərbaycan mədəniyyəti kontekstində birləşdirilir.
Kitabda seçilən portretlərin
yaradıcılıqları, fəaliyyət sahələrinin
çoxprofilliliyi müasir Azərbaycan ictimai
düşüncəsini narahat edən məqamlara gətirib
çıxarır və müəllif ayrı-ayrı ədiblərin
simasında ictimai-mədəni düşüncəni narahat
edən problemlərə öz baxışlarını və
münasibətini ortaya qoyur.
2014-cü ildə müəllifin "Folklor həm
keçmiş, həm də bu gündür" kitabı
işıq üzü görür. Burada biz Muxtar müəllimi
bir alim olmaqla yanaşı, eyni zamanda bir publisist kimi də kəşf
edirik.
Muxtar müəllim həmin kitabın sonunda yer alan
müsahibəsində qeyd edir ki, folklorda qəribə bir sadəlik
var və bu, müdrikin sadəliyidir. Belə bir müdrik sadəliyi
onun öz elmi yaradıcılığına da şamil etmək
mümkündür. Onun elmi yaradıcılığı indi
filologiyada və folklorşünaslıqda geniş
yayılmış, bir çox hallarda yaradıcı elmi təfəkkürün
səmimi inkişaf dialektikasından deyil, elmi görünmək,
orijinal təsir bağışlamaq mərəzindən
qaynaqlanan terminoloji əllaməçilikdən, sintaksisin
süni mürəkkəbləşdirilməsindən tamamilə
uzaqdır. Onun əsərlərində elmi düşüncə
təbii sadəliyindəcə təqdim edilir. Və bu səmimi
sadəlik ən mürəkkəb elmi mətləbləri
izah etməklə özünüifadə mədəniyyətinin
təvazöyə əsaslanan yüksək nümunəsi kimi
faktlaşır.
2015-ci ildə müəllifin "Sənət
qayğıları" adlı növbəti kitabı
işıq üzü görür. Bu kitab, adından da
göründüyü kimi, sənət məsələləri
ilə bağlı müəllifin düşüncələrini
əks etdirir. Kitaba müxtəlif illərdə qələmə
alınan, şifahi və yazılı ədəbiyyatın
düşündürücü problemlərinə həsr
edilən məqalələr və iki müsahibə daxil
edilib. Toplunun birinci bölməsi "Şifahi söz sənəti"
adlanır və burada xalq oyunları, meydan tamaşaları,
aşıq yaradıcılığı kimi folklor örnəklərinə
dair tədqiqat yazıları yer alır. Xüsusilə
"Oyunlar və ayinlər (Qarabağ nümunələri əsasında)"
məqaləsi Qarabağ folklor mühitində xalq
oyunlarının təsnifatı və funksiyasını
işıqlandırır. İkinci bölmədə
yazılı ədəbiyyatın aktual problemlərinə dair
müəllifin məqalələri toplanıb. Toplunun sonunda
verilən müsahibələrdə isə Muxtar
Kazımoğlu öz elmi fəaliyyəti, ideyaları barədə
sualları cavablandırır, folklor və ədəbiyyat barədə
mülahizələrini ümumiləşdirir. "Sənət
qayğıları" elmi-kütləvi üslubda yazılsa
da, hər bir məqalə dərindən
düşünülmüş elmi tezislərlə zəngindir.
Bu kitab Muxtar Kazımoğlu həm folklorşünas, həm də
ədəbiyyatşünas kimi geniş erudisiyasını
nümayiş etdirir və onun ikili - ədəbiyyat və
folklor prizmasından Azərbaycan sənətinə elmi
baxışını təqdim edir.
Akademik Muxtar Kazımoğlunun mühüm tədqiqat
istiqamətlərindən biri də folklorun ideoloji-mənəvi
kontekstlərinin öyrənilməsidir. Bu baxımdan onun ideya
rəhbərliyi ilə həyata
keçirilən "Folklor və dövlətçilik"
(2016) elmi-tədqiqat proqramı xüsusi qeyd olunmalıdır.
Əsər folklor və dövlətçilik
düşüncəsi arasındakı
qarşılıqlı əlaqələrə həsr olunub,
burada xalq ədəbiyyatında dövlətçilik
ideyalarının, ənənələrinin inikası
geniş şəkildə araşdırılıb.
Akademik Muxtar Kazımoğlunun
folklorşünaslığımızda əhəmiyyətli
iz qoymuş tədqiqatlarından biri də "Xalq oyunları
və meydan tamaşaları" (2017) istiqamətindəki
elmi-tədqiqat proqramı çərçivəsində olan
tədqiqatlarıdır. Bu elmi-tədqiqat proqramı xalq
oyunlarının və açıq meydan
tamaşalarının genezisi, təsnifatı və poetik
xüsusiyyətlərinə həsr olunmuş ilk fundamental
işlərdəndir. Layihə üzrə tədqiqatında
müəllif oyunları məzmun və funksiyasına görə
bir neçə əsas qrupa ayırır, məsələn:
yalnız uşaqlara xas oyunlar (söz oyunları, rəqsli-mahnılı
oyunlar...), tale-qumar-fal oyunları, bacarıq və güc
oyunları, zəka oyunları, qarışıq tipli oyunlar və
sair. Bu təsnifat çərçivəsində hər bir
qrupa aid konkret oyunların adları və qaydaları izah
edilir. "Xalq oyunları və meydan tamaşaları"
üzrə araşdırmalar nəticə etibarilə Azərbaycan
xalq oyunlarını həm tarixi perspektivdə (mənbəşünaslıq
baxımından), həm də nəzəri kontekstdə
(funksional semantika baxımından) incələyən dəyərli
tədqiqatdır. Bu kitab ölkəmizdə folklorun az tədqiq
olunmuş bir sahəsini - oyun folklorunu elmi əsaslarla öyrənən
ilk fundamental tədqiqat proqramı kimi yüksək qiymətləndirilməlidir.
Muxtar Kazımoğlunun son illərdəki elmi
yaradıcılığının məhsullarından biri də
"Söz haqqında söz" (2020) kitabıdır. Bu əsər
məzmun etibarilə müəllifin müxtəlif mədəni-fəlsəfi
mövzularda qələmə aldığı esselər, tənqidi
məqalələr və çıxışlardan ibarətdir.
"Söz haqqında söz" adından da
anlaşıldığı kimi, sözün - dilin, ədəbiyyatın,
folklorun mahiyyəti barədə düşüncələri
ehtiva edir. Kitabın birinci bölməsində milli
düşüncənin keçdiyi tarixi yollar,
folklorşünaslığın inkişaf mərhələləri
barədə yazılar toplanıb. Məsələn, Muxtar
Kazımoğlu burada XIX əsrin sonu, XX əsrin əvvəllərində
milli mədəniyyət mücadiləsi kontekstində
folklorşünaslığın roluna nəzər salır.
Mirzə Fətəli Axundzadədən başlayıb sovet
dövrünədək olan folklor tədqiqatlarının
ictimai-mədəni əhəmiyyətini dəyərləndirir.
Sonrakı bölmələrdə çağdaş ədəbi
proses, dil mədəniyyəti, folklorun müasir təhsil və
tərbiyədə rolu kimi məsələlər haqqında
məqalələr yer alır. "Söz haqqında
söz" həm üslub, həm də problematika
baxımından akademik tərzdə yazılmış, lakin
geniş oxucu kütləsi üçün də
anlaşılacaq dil-üslub xüsusiyyətinə malik bir
kitabdır. Buradakı yazılardan aydın olur ki, Muxtar
Kazımoğlu milli-mənəvi dəyərlər
mövzusunda həm tarixə nəzər salmağı, həm
də bu günü dəyərləndirməyi bacaran universal
fikir sahibidir. Kitabda dilimiz, klassik irsimiz, folklor və
müasirlik haqqında elə məqamlar vurğulanır ki,
bunlar Azərbaycan humanitar fikrinin ümumi inkişaf xəttinə
dair orijinal elmi nəticələr təqdim edir.
Muxtar Kazımoğlu elmi axtarışlarını
daim yeni istiqamətlərdə genişləndirib və son illərdə
hətta riyaziyyat və məntiq elmləri ilə folklorun kəsişməsində
maraqlı tədqiqat aparıb. Bu işin nəticəsi olan
"Epos qəhrəmanlarında qeyri-səlislik"
monoqrafiyası 2023-cü ildə çapdan çıxıb.
Kitabın adından göründüyü kimi, burada qeyri-səlis
məntiq nəzəriyyəsi folklor materialına tətbiq
olunub. Konkret olaraq, "Kitabi-Dədə Qorqud" və
"Koroğlu" eposları qeyri-səlis məntiq
baxımından araşdırmaya cəlb olunur, həmçinin
qeyri-səlis məna çoxluqları kontekstində epik
şeir ilə eposun, roman ilə eposun müəyyən səsləşmələrinə
də diqqət yetirilir. Monoqrafiya müasir elmi yanaşmaların
folklorşünaslıqda sınaqdan keçirilməsi
baxımından unikal bir örnəkdir. Müəllif riyazi məntiq
nəzəriyyəsinin (qeyri-səlis məntiqin) ədəbiyyat
və folklor analizi üçün necə yararlı ola biləcəyini
konkret nümunələr üzərində göstərir.
Kitabda qeyd olunur ki, 2022-ci ildə akademik Kamal Abdulla və Rafiq
Əliyevin Dədə Qorqud dastanına qeyri-səlis məntiq
prizmasından yanaşan məqalələri nəşr edilib
və ciddi müzakirələrə səbəb olub.
Muxtar Kazımoğlunun monoqrafiyası həmin
diskussiyaların elmi müstəvidə davamı kimi də dəyərləndirilə
bilər. Əsərin "Ön söz"ündə müəllif
bu yeni yanaşmanın aktuallığını əsaslandırır
və bildirir ki, dastan mətnlərindəki bəzi qəhrəman
obrazlarının davranışı klassik məntiq çərçivəsində
tam izah olunmadığı halda, qeyri-səlis məntiq modeli
onların "tutarsız" və ya "təxminən"
davranışlarını anlamağa imkan yaradır. Məsələn,
Dədə Qorqud boylarında bəzi igidlərin həm
çox cəsur, həm də müəyyən situasiyalarda tərəddüdlü
davranması qeyri-səlis qəhrəman modelinə uyğun təhlil
edilir. Bu cür yanaşma Azərbaycan
folklorşünaslığında bir ilkdir və elmi yeniliyi
ondan ibarətdir ki, folklor mətnlərinin analizi
üçün interdisiplinar (riyazi-humanitar) metodologiya təklif
olunur.
Bu kitabda tam analitikadan və ya analitik tamlıqdan ona
görə ürəklə, inamla bəhs etmək
mümkündür ki, müəllifin simasında filologiya
klassik, kibernetika normativ tipologiyadan yeni elmi sintez naminə imtina
edir, iki fərqli elmi
dünyagörüş kateqorial anlayışlar səviyyəsində
bir-birini zənginləşdirə bilir.
"Epos qəhrəmanlarında qeyri-səlislik"
monoqrafiyası artıq elmi ictimaiyyət tərəfindən
maraqla qarşılanıb, folklor mətnlərinin dərin
semantik strukturlarına nüfuz etmək baxımından
perspektivli bir cəhd kimi dəyərləndirilib.
Muxtar Kazımoğlunun ən yeni elmi əsərlərindən
biri də "Şifahi sənət və yazılı ədəbiyyat"
adlı (2025-ci ilin nəşri) monoqrafiyasıdır. Bu kitab
alimin uzun illər üzərində
düşündüyü şifahi ədəbiyyatın nəzəri
konseptlərinə həsr edilib. Əsərdə şifahi
xalq ədəbiyyatının yazılı ədəbiyyatdan
fərqləndirən cəhətləri, şifahi ənənənin
özünəməxsus bədii qanunauyğunluqları dərindən
təhlil olunur. Müəllif əsərin əvvəlində
mühüm bir problem irəli sürür: nə
üçün şifahi sənətdə müəllifin fərdi
üslubundan danışmaq yazılı ədəbiyyatda
olduğu kimi mümkün deyil? Bu suala cavab axtararkən alim
izah edir ki, şifahi sənət nümunələri ayrıca
istedadlı şəxslər tərəfindən yaradılsa
da, onlar xalq arasında məlum folklor qəlibləri əsasında
formalaşır və ifa prosesində cilalanaraq kollektiv
şüurun məhsuluna çevrilir. Beləliklə,
yazılı ədəbiyyatda fərdi üslub əsas meyar ikən,
şifahi sənətdə başlıca göstərici xalq
arasında məşhur qəliblərin, formulaların
ustalıqla tətbiqidir. Müəllif folklor nəzəriyyəsində
əsas anlayışlardan biri olan "formula"
konsepsiyasını geniş şərh edir, Albert Lordun epik
formul nəzəriyyəsinə toxunur və qeyd edir ki, formulun
istifadəsi yazılı və şifahi sənətin mahiyyətini
ayıran əsas cizgilərdəndir. Kitabda misallarla göstərilir
ki, məsələn, klassik yazılı epik poeziyada (Nizami
"Xəmsə"si və onun davamçılarının
poemalarında) rast gəlinən bəzi epik formullar (sabit təsvir
ifadələri) məhz folklor mənşəlidir. Əksinə,
şifahi dastanların ifası zamanı aşıqlar bəzən
formuldan kənara çıxaraq klassik ədəbiyyatdan gəlmə
sufi motivlər, dini-təriqət məzmunlu obrazlar əlavə
edir və bununla folklor mətninə yazılı mədəniyyət
elementləri daxil olur. Bu qarşılıqlı təsir və
konseptual məsələlər kitabda ətraflı şəkildə
təhlil edilib. "Şifahi sənət və yazılı ədəbiyyat"
monoqrafiyası Azərbaycan folklor nəzəriyyəsini zənginləşdirən,
xüsusən şifahi ənənənin konseptual əsaslarını
müəyyənləşdirməyə çalışan dərin
bir tədqiqat kimi dəyərləndirilə bilər. Bu əsər
həm də Muxtar Kazımoğlunun folklor və yazılı
ədəbiyyatın sintezini nəzəri baxımdan əsaslandırmaq
istiqamətində uzun illər apardığı işlərin
məntiqi yekunu sayılır.
Muxtar Kazımoğlunun son illər zəngin Azərbaycan
folklorunun məhz folklorşünaslıq elmi prinsipləri
baxımından toplanılması, sistemləşdirilməsi
və nəşri sahəsindəki xidmətləri üzərində
də xüsusi dayanmaq lazımdır. Folklorun spesifikası belədir
ki, formalaşmış elmi prinsiplər əsasında
uğurlu toplama olmadığı halda ən modern nəzəriyyəçilik
belə havadan asılı vəziyyətdə qalmış
olur. Və bu halda nəzəri
folklorşünaslığın əsas vəzifələrindən
biri kimi təqdim olunan universallaşmış bilik əsasında kollektiv yaddaşdan etnik dünya
modelinin rekonstruksiyası da elmi blefdən başqa bir şey
olmur. Şifahi ənənədə mövcud olan folklor mətnlərinin
kollektiv yaddaş daşıyıcısı olan infarmatorlardan
mümkün qədər zədəsiz və zamanında
toplanılması xüsusi intellektual-metodoloji, bəzi hallarda
hətta psixoloji hazırlıq tələb edən, eyni zamanda
fiziki zəhmət bahasına başa gələn bir işdir.
Muxtar Kazımoğlu 1990-cı illərdən
başlayaraq respublikanın müxtəlif bölgələrinin
folklorunu əhatə edən antologiyaların tərtibində
iştirak edib. Məsələn, onun həmmüəllifi
olduğu "Azərbaycan folkloru antologiyası. XII cild. Zəngəzur
folkloru" kitabı (2005) Zəngəzur mahalından
toplanmış geniş materialları əhatə edir. Bu nəşr
bir çox unikal nağıl, rəvayət, mərasim
nümunələrini ilk dəfə elmi ictimaiyyətə təqdim
etməklə dəyər qazanır.
Muxtar Kazımoğlunun rəhbərliyi altında həyata
keçirilən ən böyük toplayıcılıq
işlərindən biri "Qarabağ: folklor da bir
tarixdir" çoxcildlik külliyyatıdır. Alim bu 10
cildlik layihənin elmi rəhbəri və ideya müəllifi
olub, Qarabağın ayrı-ayrı bölgələrindən
(Ağdam, Füzuli, Şuşa, Laçın, Kəlbəcər,
Cəbrayıl, Zəngilan, Qubadlı və s.) toplanmış
folklor örnəklərinin sistemli nəşrini təmin edib.
Bu toplular təkcə elmi baxımdan deyil, həm də milli
maraqlar baxımından mühüm əhəmiyyət
daşıyır. Alim Azərbaycanın digər bölgələrindən
folklor örnəklərinin toplanmasına da böyük
önəm verib. Onun tərtib etdiyi "Gədəbəy
folklor örnəkləri. I kitab" (2016) və "Şərur
folklor örnəkləri. I kitab" (2016) bu sahədə
görülən işlərin bariz nümunəsidir. Akademik
Muxtar Kazımoğlu 1995-ci ildə "Bu yurd bayquşa
qalmaz" adlı Qarabağ folkloru nümunələrinin
toplandığı kitabın tərtibçilərindən
biri olub. O, eləcə də folklor toplayıcılarına
metodiki göstərişlər verən, ekspedisiya
materiallarının işlənib hazırlanmasında
yardım edən bir mentor kimi fəaliyyət göstərib.
Muxtar Kazımoğlunun çoxşaxəli elmi fəaliyyəti
- istər nəzəri folklorşünaslıq və ədəbiyyatşünaslıq
sahəsindəki fundamental tədqiqatları, istərsə də
elmi təşkilatçılıq sahəsindəki xidmətləri
- Azərbaycan humanitar fikrinin inkişafında müstəsna
yer tutur. Onun 70 illik ömür yolu məhsuldar elmi
axtarışlarla zəngindir. Heç şübhəsiz,
Muxtar Kazımoğlunun əsərləri bugünümüz
üçün də aktualdır və gələcək nəsil
tədqiqatçılar üçün etibarlı istinad
nöqtəsi olaraq qalacaqdır.
İnanırıq ki, akademik Muxtar Kazımoğlu
bundan sonra da Azərbaycan folklorşünaslıq elminin,
ümumən humanitar elmi düşüncəmizin
inkişafına töhfələr verməyə, elmimizi yeni
ideyalarla zənginləşdirməyə davam edəcək. Onun zəngin təcrübəsi və
dərin biliyi yeni elmi araşdırmaların həyata
keçirilməsində, milli-mənəvi irsimizin tədqiqi
və təbliğində mühüm rol oynayacaq.
70 illik yubileyiniz mübarək, əziz Muxtar müəllim!
Sərxan XAVƏRİ
Filologiya elmləri doktoru
525-ci qəzet .- 2025.- 28 may(№92).- S.14-15.