Dəyərli tarixi ənənələr
və müasir inkişaf strategiyası
95 YAŞLI UNEC-in QAZANDIĞI UĞURLARDA BU İKİ
VACİB AMİLİN MÜSTƏSNA ROLU VAR
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu
il fəaliyyətinin 95 illiyini qeyd edir. Tarixi ənənələrə
və müasir inkişaf strategiyasına əsaslanan UNEC
ötən illər ərzində ölkənin iqtisadi, sosial
və elmi həyatında mühüm rol oynayıb, yüzlərlə
peşəkar kadrın yetişməsinə əvəzsiz
töhfə verib, ölkədə iqtisadi inkişafın əsas
beyin mərkəzlərindən birinə çevrilib.
Universitetin inkişafında və elm-təhsil prosesinin
müasir tələblərə uyğun təşkili
işində, müasir-informasiya resurs təminatında Kitabxana-İnformasiya
Mərkəzinin (KİM) də xüsusi yeri var.
UNEC-in Kitabxana-İnformasiya Mərkəzinin direktoru,
tarix üzrə fəlsəfə doktoru Adilə
Abdullayevanın sözlərinə görə, Azərbaycan
Dövlət İqtisad Universitetinin əsası qoyulduğu
dövrdən etibarən onun kitabxanası da olub, zaman-zaman
universitetin fəaliyyətində baş verən dəyişikliklər
kitabxananın işinə də təsirsiz ötüşməyib,
kitabxana fəaliyyətində müəyyən fasilələrə
səbəb olub. Bununla belə, 1966-cı ildə
Əsaslı kitabxana adı ilə davamlı xidmət göstərməyə
başlayıb. Sonrakı dövrlərdə kitabxana daha da
inkişaf edib, 2019-cu il aprelin 15-də UNEC
Kitabxana-İnformasiya Mərkəzinin yaradılması ilə
fəaliyyətinin yeni mərhələsinə qədəm
qoyub. Hazırda Mərkəzin strukturuna 6 kitabxana daxildir.
UNEC KİM ümumilikdə 87 min 961 nüsxə Azərbaycan,
ingilis, rus və türk dillərində dərslik, dərs vəsaiti,
monoqrafiya, dissertasiya, avtoreferat, elmi jurnal və digər
kitabxana-informasiya resursları ilə oxuculara ənənəvi
və elektron xidmət təqdim edir. Mərkəzin fondunda
görkəmli iqtisadçı alimlərin, UNEC professor-müəllim
heyətinin nəşrləri ilə yanaşı,
dünyanın aparıcı nəşriyyatlarına məxsus
iqtisadiyyatın müxtəlif sahələrinə dair kitablar
da yer alır: "Bu gün iqtisad elmi üzrə fundamental əsərlərin
Azərbaycan dilinə tərcüməsi istiqamətində
UNEC-in rektoru, professor Ədalət Muradovun rəhbərliyi
altında professor-müəllim heyəti mühüm işlər
görür, tələbələrə və professor-müəllim
heyətinə dünyanın bilik və təcrübə xəzinəsindən
birbaşa faydalanmaq imkanı yaradır. Bu tərcümə nəşrlərindən
"Pulun əks-milliləşdirilməsi: dəqiqləşdirilmiş
arqument. Paralel valyutalar nəzəriyyəsi və təcrübəsinin
təhlili" (Hayek F.A.), "Geoiqtisadiyyat" (İ.P.
Çyornaya), "Geoiqtisadiyyat. Dünya iqtisadi məkanının
mənimsənilməsi" (E.Q.Koçetov), "Beynəlxalq
iqtisadiyyat", "Dördüncü Sənaye
İnqilabı" (Klaus Şvab), "İqtisadi
inkişaf" (Maykl Todaro və Stefen Smit), "Bazarın
hüdudları" (Paul De Qrauv), habelə "Milli
iqtisadiyyat", "İnstitusional iqtisadiyyat. Yeni institusional
iqtisadi nəzəriyyə", "İdeologiya və siyasət",
"Vergilər və iqtisadiyyatın vergi tənzimlənməsi"
və başqa kitabları sadalamaq olar".
Adilə Abdullayeva bildirib ki, UNEC-in tələbələri
və professor-müəllim heyəti şəxsi kabinetlərindən
birbaşa elektron kitabxanaya giriş edərək resursları
onlayn oxuya bilirlər. Hazırda burada Azərbaycan, rus, türk
və ingilis dilində 1800-dən çox resurs toplanıb.
Kitabxanaya yeni daxil olan kitab, jurnal, konfrans materialları və
dissertasiyaların elektron versiyası müntəzəm olaraq
elektron kitabxanaya əlavə edilir. Oxuculara xidmət zamanı
bir sıra beynəlxalq məlumat bazalarının rəqəmsal
resurslarından istifadə olunur. Mərkəzin abunə
olduğu ödənişli bazalardan - EBSCO, "Emerald",
"Scopus", "Web of Science" (Incite, Research asistant),
PQDT, "ProQuest Ebook Central", açıq bazalardan -
İKSAD Beynəlxalq Nəşriyyat Evi, ECONBİZ, SAGE,
"Elsevier", Dünya rəqəmsal kitabxanası,
"Sciencedirect" və eləcə də
qarşılıqlı əməkdaşlıq çərçivəsində
ADA Universitetinin abunə olduğu bazalardan da istifadə
imkanı mövcuddur.
Tədris prosesinin informasiya təminatının
yaxşılaşdırılması istiqamətində
mühüm addımlardan biri UNEC-in rektoru, professor Ədalət
Muradovun təşəbbüsü ilə ölkə
universitetləri arasında ilk dəfə olaraq 24/7
kitabxanasının yaradılması olub. 2021-ci ildə
"İNFONEWS İnformasiya Agentliyi" MMC-nin təsis etdiyi
"İlin ən yaxşı universitet kitabxanası"
müsabiqəsi üzrə ölkənin qabaqcıl universitet
kitabxanaları arasında UNEC-in 24/7 kitabxanası "İlin ən
yaxşı universitet kitabxanası" media mükafatına
layiq görülüb. Adilə Abdullayevanın dediyinə
görə, Kitabxana-İnformasiya Mərkəzi universitetin və
kitabxananın nəşrlərini müxtəlif sərgi-yarmarkalarda
nümayiş etdirməklə ölkənin elmi-mədəni
həyatında və gənclərin mütaliə mədəniyyətinin
inkişafında da fəal iştirak edir. 2019-cu ildən etibarən
Mərkəz Mədəniyyət Nazirliyinin təşkil etdiyi
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında UNEC-i təmsil
edir. Sərgidə UNEC öz yerli və beynəlxalq nəşrləri,
eləcə də UNEC Dizayn Məktəbinin tələbələrinin
əl işləri ilə təmsil olunur və UNEC stendi ziyarətçilər
tərəfindən hər il böyük marağa səbəb
olur: "UNEC-in tarixində mühüm yeniliklə yadda
qalmış daha bir hadisə 2019-cu ildə "Universitetlərarası
I Kitabxana Forumu"nun təşkil edilməsi olub. Forum çərçivəsində
"Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7
modelindən yeni hədəflərə doğru"
mövzusunda respublika elmi-praktik konfransı keçirilib, UNEC
KİM-in 1 nömrəli kitabxanasının
açılışı olub, geniş kitab sərgisi və
endirimli kitab satışı-yarmarkası təşkil edilib,
UNEC KİM ilə ADA Universitetinin kitabxanası arasında
qarşılıqlı əməkdaşlığa dair
memorandum imzalanıb".
Oxuculara virtual kitabxana-informasiya xidməti həm UNEC-in
veb-saytı, həm də sosial şəbəkələr
vasitəsilə həyata keçirilir.
O qeyd edib ki, müxtəlif illərdə UNEC-də Mərkəz
tərəfindən müxtəlif layihələr
reallaşdırılıb. Məsələn, 2020-ci ildə
"Qarabağ Azərbaycandır" virtual sərgisi
işıqlandırılıb, "Qarabağa kitabla gedək"
kampaniyasında iştirak, "Qarabağ kitabxanaları",
"Qarabağ tarixi sənədlərdə",
"Qarabağ mövzusu dünya kitabxanalarında"
biblioqrafik və sosial şəbəkə
araşdırmaları həyata keçirilib: "UNEC-də
oxu mədəniyyətinin formalaşdırılması, gənclər
arasında kitaba sevginin artırılması, mütaliənin
təbliği məqsədilə 2023-cü ildə Ulu öndər
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər
planı çərçivəsində "Oxu mədəniyyəti"
layihəsinə start verilib. Həmin il UNEC tələbələri,
inzibati heyət və müəllimlər arasında informasiya
və rəqəmsal mədəniyyətin, mütaliə vərdişlərinin,
kitabxana etikasının təkmilləşdirilməsi və
inkişafı istiqamətində hibrid formada və sosial media
üzərindən müxtəlif istiqamətlər üzrə
kitab təqdimatları, ustad dərslər, vebinarlar,
vörkşoplar, kitab müzakirələri, yay oxuları,
bibliometrik araşdırmalar, konfrans və sərgilər, kitab
yarmarkalarının təşkili, sürətli oxu müsabiqəsi
daxil olmaqla 101 tədbir (75 tədbir oflayn, 26 tədbir onlayn) həyata
keçirilib. Növbəti layihə "UNEC alimlərindən
kitab tövsiyələri" adlanır. Layihənin əsas məqsədi
universitetin alim və ziyalılarının tövsiyə
etdiyi müxtəlif istiqamət və dillər üzrə
kitabları tələbələrin diqqətinə
çatdırmaqla, onların mütaliə mədəniyyətinin
inkişafına təsir göstərmək olub. 2024-cü
ilin Prezident İlham Əliyev tərəfindən
"Yaşıl dünya naminə həmrəylik ili" elan
edilməsinə uyğun olaraq, UNEC-də qəbul edilmiş
"Yaşıl UNEC" ili çərçivəsində
Kitabxana-İnformasiya Mərkəzinin xüsusi sərgisi
nümayiş etdirilib və virtual sərgi yaradılıb.
Eyni zamanda, yaşıl iqtisadiyyat, ekologiya və ətraf
mühitin mühafizəsinə aid müxtəlif dillərdə
kitablar barədə məlumatlar videoçarx vasitəsilə
oxuculara təqdim edilib, müasir ekoloji təmiz, yaşıl
kitabxanalar haqqında məlumatlandırma - yaşılkitabxana
- sosial şəbəkə layihəsinin 12 sayı
işıq üzü görüb. UNEC-in "Yaşıl
kolleksiya" adlı posteri IFLA-da nümayiş olunub".
Kitabxana-İnformasiya Mərkəzi beynəlxalq əməkdaşlıq
çərçivəsində ötən illərdə
Türkiyənin universitet kitabxanaları ilə xüsusi əlaqələr
qurub, hər il Antalyada keçirilən ANKOSLink beynəlxalq
konfransında kitabxana əməkdaşları iştirak edib.
Eyni zamanda, 2022-ci ildə Mərkəzin təşkilatçılığı
ilə "Dördüncü Sənaye İnqilabı
dövründə akademik kitabxanaların fəaliyyət
istiqamətləri (Türkiyə təcrübəsi)"
mövzusunda vebinar keçirilib. Vebinarda qabaqcıl Türkiyə
universitetlərinin mütəxəssislərinin, kitabxana rəhbərlərinin
təqdimatında Dördüncü Sənaye
İnqilabının kitabxana işinə və
kitabxanaların fəaliyyətinə təsiri, texnoloji
innovasiyalar, robot və kibersistemlərin idarə etdiyi smart
kitabxanaların formalaşması və digər məsələlər
üzrə müzakirələr aparılıb.
UNEC-in Azərbaycanın aparıcı universitetləri
olan ADA Universiteti və Qərbi Kaspi Universitetinin
kitabxana-informasiya mərkəzləri ilə əməkdaşlığı
nəticəsində ölkəmizin kitabxana-informasiya
infrastrukturu barədə məlumatlar qlobal platformada yerləşdirilib.
Belə ki, dünyanın bir çox ölkəsindən 2,8
mln kitabxana haqqında məlumatların mövcud olduğu
IFLA-nın "Dünya kitabxanalarının xəritəsi" layihəsində Azərbaycan
kitabxanalarına dair statistik məlumatlar da təqdim edilib:
"UNEC-in ADA Universiteti ilə əməkdaşlığı
çərçivəsində bir sıra ölkə
kitabxanalarının iştirakı ilə COP29 çərçivəsində
IFLA - Beynəlxalq Kitabxana Assosiasiyaları və
İnstitutları Federasiyasının nümayəndəsi
"Claire McGuire"ə ilə birgə ali təhsil müəssisələri
kitabxanalarının iqlim dəyişikliyinə təsiri, bu
istiqamətdə tədqiqatların resurs təminatı barədə
müzakirələr aparılıb. UNEC-lə tərəfdaşlıq
çərçivəsində ADA Universitetinin təşkilatçılığı
ilə Cənubi Qafqazda ilk dəfə keçirilən və
iki ildən bir baş tutan IFLA-nın "Kitabxanalararası
abonement və sənəd təchizatı" konfransına
ADA universiteti ev sahibliyi edib. "Qlobaldan yerliyə: Resurs
paylaşımında müxtəliflik və
inklüzivlik" mövzusundakı tədbirdə 23 ölkə
və 39 qurumdan olan kitabxana mütəxəssisləri, beynəlxalq
ekspertlər süni intellekt və rəqəmsal innovasiyaların
hansı formada biliyə əlçatanlığı təmin
etdiyini, resurs mübadiləsini dəstəklədiyini və
inklüziv gələcəyə təsirlərini müzakirə
ediblər. Onu da qeyd edim ki, UNEC-in uğurlarından biri də
ölkədə ilk dəfə olaraq beynəlxalq RSCVD
platformasından istifadə etməsidir. Burada ADA universiteti ilə
elektron resurs mübadiləsi həyata keçirilib. Kitabxanalar
RSCVD platformasına qoşulmaqla elektron sənəd mübadiləsi
xidmətindən ödənişsiz yararlanmaqla qlobal kitabxana əməkdaşlığını
gücləndirir, dünyanın 30-a yaxın ölkəsindən
80-dən çox kitabxana resurslarına əlçatanlığı
təmin edir, informasiya mübadiləsini və tədqiqat
prosesini sürətləndirir. Yuxarıda sadalanan işlərin
həyata keçirilməsində təbii ki, kitabxana mütəxəssislərinin
rolu xüsusi qeyd edilməlidir. Mərkəzin əməkdaşları
hər il Azərbaycanda təhsilin və UNEC-in
inkişafındakı xidmətlərinə və səmərəli
fəaliyyətlərinə görə fəxri fərmanlarla
təltif edilir. Ümumiyyətlə, Kitabxana-İnformasiya Mərkəzi
haqda bütün məlumatlar, eləcə də həyata
keçirilən layihələr barədə kitabxananın
veb-səhifəsində müntəzəm olaraq xəbərlər
işıqlandırılır və maraqlananlar Mərkəzin
fəaliyyəti barədə daha ətraflı tanış
ola bilər".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 28 may(№92).- S.13.