Rəşid Behbudov
Türkiyədə
Azərbaycanın Xalq artisti, görkəmli sənətkar
Rəşid Behbudov 1961-ci ildə Türkiyədə unudulmaz
konsert proqramı ilə çıxış edib. Bu konsert
Türkiyədə yaşayan azərbaycanlı mühacirlər
üçün böyük sevinc və həyəcan
yaradıb, ömürlərinin ən duyğulu
anlarını yaşayıblar. Azərbaycanlı mühacirlərdən
Nurəddin Xəzər "Mücahid" jurnalında
(sayı 35-36, yanvar-fevral 1961) bu konsert haqqında məqalə
qələmə alıb, öz hisslərini, düşüncələrini
ifadə edib. Məqalədə həmçinin Rəşid
Behbudovun səhnədən çəkilmiş bir neçə
fotoşəkli də verilib.
Rəşid Behbudovun bu tarixi konsertinin əhəmiyyətini
nəzərə alaraq "Mücahid" dərgisində
çıxan yazını dilimizə uyğunlaşdıraraq
təqdim edirik.
Uzun müddətdir gözlənilən Azərbaycan
musiqi sənətçiləri nəhayət Türkiyəyə
gəldilər. Xatırlanacağı kimi, vokal sənətçisi
Rəşid Behbudovun həyat yoldaşı və üç
dostu ilə birlikdə Türkiyəyə gələrək
Ankara, İstanbul və İzmir şəhərlərində
konsertlər verəcəyi əvvəlcədən elan
edilmişdi. Lakin məlum olmayan bir səbəbdən bu səfər
təxirə salındı və təşkilatçı
"Türkiyə Səs və Tel Birliyi" 11 və 13 noyabr
1960-cı il tarixlərində Ankarada keçirilməsi
planlaşdırılan konsertlərin satılmış biletlərini
geri almaq məcburiyyətində qaldı.
Bu səbəbdən, budəfəki konsertləri təşkil
edən "Türkiyə Ev İqtisadiyyatı Dərnəyi"nin
satışa çıxardığı biletlər
böyük maraqla qarşılandı və insanlar bir-biri ilə
yarışaraq biletləri alırdılar. Lakin işin
ciddiliyinə o qədər də inanılmırdı,
çünki son anda konsertin yenə təxirə
salınacağı ehtimalı vardı.
Allahdan, qorxulduğu kimi olmadı. Azərbaycan sənətçiləri
5 mart 1961-ci ildə Ankaraya gəldilər; 7 martda Rəngli
Kinoteatrda və 9 martda Böyük Kinoteatrda iki konsert verdikdən
sonra İstanbul şəhərinə yola düşdülər.
Orada da 13 və 15 mart tarixlərində Atlas Kinoteatrında iki
konsert verdilər.
Türkiyə turunda iştirak edən sənətçilər
dörd nəfərdən ibarət idi. (Əvvəlcə
düşünüldüyü kimi olmayıb və Rəşid
Behbudovun həyat yoldaşı qafiləyə
qatılmamışdı). Qafilənin rəhbəri Rəşid
Behbudov idi.
Rəşid yaxın tariximizin məşhur xanəndəsi
qarabağlı Məcid Behbudzadənin oğlu olub, hazırda
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının solistidir. Aydın, şirin, axıcı və
tükənməz hisslər yaradan çox nadir tenor səsinə
malikdir. Üzeyir bəy Hacıbəylinin "Arşın mal
alan" operasındakı "Əsgər" və Fikrət
Əmirovun "Sevil" operasındakı "Balaş"
rolları onun adını sənət tarixinə unudulmaz
şəkildə yazdırmışdır. Azərbaycan Film
Studiyası tərəfindən çəkilmiş bir
neçə filmdə də baş rolları ifa etmişdir.
"Arşın mal alan" və "Sevimli mahnı - Bəxtiyar"
filmləri bu sıradadır. Amerikadan başqa, dünyanın
hər yerinə qastrol səfərləri etmişdir. 1949-cu il
Budapeşt Festivalında mükafat qazanmışdır.
Bütün fəaliyyətlərində qeyri-adi bir uğur və
haqlı olaraq dünya miqyasında şöhrət
qazanmışdır. Çox gənc yaşında bir sənətçi
üçün ən yüksək ad olan "Azərbaycanın
Xalq Artisti" fəxri adına layiq
görülmüşdür. 1959-cu ildə Moskvada keçirilən
"Azərbaycan Ongünlüyü" tədbirindən
sonra isə ona "SSRİ Xalq Artisti" adı verilmişdir
(9 iyun 1959).
Heyətin ikinci üzvü, Əhsən Dadaşov Azərbaycanın
tanınmış tarzənlərindən biridir. O, Bakı
Radiosunda çalışır. 1953-cü ildə Budapeştdə
keçirilən Dünya Festivalında birinci yer və
qızıl medal qazanmışdır. Peşəsində
böyük uğurlar əldə edən sənətçilərə
məxsus "Azərbaycanın Əməkdar Artisti"
adına layiq görülmüşdür.
Türkiyədəki konsertlərdə ifa etdiyi
bütün musiqilərdə Rəşid Behbudova
müşayiət edən və eyni zamanda pianoda solo ifalar təqdim
edən Çingiz Sadıqov Qarabağın Kəlbəcər
rayonunda doğulmuşdur. O, sənətsevər bir türk ailəsinə
mənsubdur. Hazırda Bakıda yaşayır, evlidir və iki
uşaq atasıdır. Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında çalışır.
Çingiz Sadıqovun sənətinin əsas xüsusiyyətləri
dərin və gözəl səsli piano ifası və virtuoz
texnikasıdır.
Heyətin ən gənc üzvü istedadlı
skripkaçı Azad Əliyevdir. Azad 1928-ci ildə Azərbaycanda
doğulmuşdur. 1951-ci ildə gənc bəstəkar Qara
Qarayev tərəfindən yaradılan "Azərbaycan Simli
Kvarteti"ndə birinci skripka ifaçısı kimi fəaliyyət
göstərmişdir. 1957-ci ildə keçirilən Dünya
Gənclər Festivalında qızıl medal
qazanmışdır (Azad Əliyev, Murat Tağızadə, Rəşid
Seyidzadə və Sabir Əlizadədən ibarət Simli
Kvartet həmin festivalda komanda halında gümüş medal
qazanmışdır). Azad Əliyev həmçinin "Azərbaycanın
Əməkdar Artisti" adına layiq
görülmüşdür. O, Türkiyədəki konsertlərdə
də ustad və hissiyyatlı skripka
ifaçılığı ilə seçilmişdir.
Konsertlərin proqramına daxil olan əsərlər:
Skripkaçı Azad Əliyev tərəfindən:
Qara Qarayevin "Yeddi gözəl" baletindən
"Vals", Cahangir Cahangirovdan "Rondo", Sarazatdan
"Çingənə" mahnısı.
Pianoçu Çingiz Sadıqov tərəfindən:
F.Şopenin "Vals"ı, Tofiq Quluzadədən Xalq
melodiyaları, A.Xaçaturyandan "Tokkatta".
Tarzən Əhsən Dadaşov tərəfindən:
Çahargah və Şur muğamları, Adil Gəraydan
"Tarantella".
Vokal ifaçı Rəşid Behbudov tərəfindən:
"Küçələrə su səpmişəm",
"Qalasan yana-yana", "Ağacda leylək", "Dedim
bir busə ver" və "Aman ovçu" adlı Azərbaycan
xalq mahnısı.
"İncəcikdən bir qar yağar",
"Gülizar", "Helvacı", "Solğun durma istəklən"
adlı Anadolu mahnıları; Tofiq Quluzadənin "Bəxtəvər
(Bəxtiyar) Oldum", "Bakı haqqında mahnı" və
"Sənə də qalmaz"; Rauf Hacıyevin
"Sevgilim"; Cahangir Cahangirovun "Uzun gecələr"
və "Füzuli kantatası"ndan qəzəl, Fikrət
Əmirovdan "Korun mahnısı", Üzeyir bəy
Hacıbəylinin "Arşın mal alan" operettasından
"Əsgərin ariyası".
Rəşid bəy proqramını öz bəstəsi
olan "Salam" mahnısı ilə
açmışdır. "Mən azəri oğlu Rəşid"
sözləri ilə başlayan mahnıda "Bakıdan
Ankaraya və İstanbula ürək dolusu salam gətirdiyini"
bildirirdi.
Rəşid səhnəyə çıxanda
tamaşaçıların ardıcıl alqışları
səbəbindən proqramına başlamaq üçün
çətinliklə fürsət tapmışdır. Lakin bu
dəfə mahnının davamı boyu alqışlardan xilas
ola bilməmişdir.
Konsertlərin bütün parçaları
dolub-daşan kinoteatr salonlarında
tamaşaçıların sonsuz alqışları,
"bravo, sağ ol, var ol" nidaları ilə
qarşılanmışdır. Tofiq Quluzadənin "Bakı
haqqında mahnı" adlı xalq mahnısında bu sözlər
səslənmişdir:
"Mən sənə qurban,
Şöhrətin adım,
Qolum qanadım"
"Azərbaycan, Azərbaycan"
Bu sözlər səsləndiyi anda salondakı həyəcan
zirvəyə çatmış, tamaşaçıların
alqışları sənətçinin səsi ilə birləşmiş
və Rəşid Behbudov mahnının bir hissəsini təkrar
oxumaq məcburiyyətində qalmışdır. Hər dəfə
"Azərbaycan" deyildikdə eyni reaksiya təkrarlanmışdır.
Bu vəziyyəti görən sənətçi, ikinci
konsertindən sonra S.Rüstəm tərəfindən
yazılmış bu mahnının adını dəyişərək
"Azərbaycan, Azərbaycan" kimi təqdim etmişdir.
Fikrət Əmirovun sözlərini Hüseyn Cavidin
"Şeyx Sənan" dramından götürdüyü
"Korun mahnısı" və Cahangir Cahangirovun
Füzulinin bir qəzəlinə bəstələdiyi musiqi
tamaşaçıları duyğulandırmışdır.
Ankara və İstanbul tamaşaçıları bu misilsiz və
bənzərsiz musiqi ziyafətlərindən doya bilmədiklərini
yekdilliklə ifadə etmişlər. Təəssüf ki, bu
uğurlu konsertlər çox qısa müddət davam
etmiş, Rəşid və dostları vətənlərindən
uzaq düşmüş Türkiyədəki azərbaycanlıların
ürəklərində dərin izlər buraxaraq
ayrılmışlar.
Rəşid, Azad, Əhsən və Çingiz bəylər
yüksək sənətkarlıqları ilə yanaşı,
nəzakətli davranışları, gülərüzlü,
yaraşıqlı və mehriban xarakterləri ilə Ankara və
İstanbul tamaşaçılarının qəlbini fəth
etmişlər.
Sənətçilər də bu səfərdən
çox məmnun qalmış və vətənlərinə
döndükdən sonra radioda çıxış edərək
Türkiyədəki isti qarşılanmaya görə təşəkkürlərini
bildirmişlər. Rəşid Behbudov demişdir:
"İndiyə qədər olduğum yerlərin heç
birində bu qədər isti qarşılanmamışam".
Konsertləri izləyən mütəxəssislər
Azərbaycan musiqi mədəniyyətinin yüksək səviyyəsinə
heyran qalmışlar. Unutmamaq lazımdır ki, Azərbaycanın
Bülbüllü, Qəmər xanımlı Opera və
Baleti, Musiqili Komediya Teatrı, Mahnı və Rəqs
Ansamblı, Maestro Niyazinin rəhbərliyi ilə 100 nəfərlik
Simfonik Orkestri, tar, kamança və nağara ilə tam bir saz
ansamblı hələ Türkiyə
tamaşaçıları qarşısına
çıxmamışdır.
Qeyd etmək lazımdır ki, bu uğurlar xalq motivlərinin
harmonizasiya edilməsi, rəng və ahənglə milli musiqi
yaradılması, bir sözlə indiki inkişaf səviyyəsinə
çatması, XIX əsrdən bəri aparılan ciddi
işlərin, xalqın davamlı marağının nəticəsidir.
Xüsusilə Qarabağ bölgəsi xalqının dərin
musiqi bilikləri və yüksək sənət qabiliyyəti
bu nailiyyətlərdə böyük rol oynamışdır.
Bir şair dostum demişdir: "Türk ləhcələri
arasında ən lirik şeirləri yazmaq üçün ən
əlverişli ləhcə Azərbaycan ləhcəsidir".
Rəşid və dostlarının konsertlərini dinlədikdən
sonra Azərbaycan musiqisi haqqında da eyni şeyi deməmək
mümkünsüzdür.
"Əzizim gözlərinə,
Sürmə çək gözlərinə,
Özüm özümə qurban,
Gözlərim gözlərinə"
kimi mahnılardakı səmimiyyət, sadəlik və
yüksək lirizm hansı əsərdə vardır?
Qoşadır eyvanımız
Ay qız, qoşadır eyvanımız
Sən ordan çıx, mən burdan
Kor olsun düşmənimiz.
Bu misalları istədiyimiz qədər çoxaltmaq
mümkündür. Lakin mövzunu uzatmadan, bir sözlə deyə
bilərik ki, Ankara və İstanbul sakinləri ömürlərinin
sonuna qədər damaqlarından silinməyəcək, bir daha
əldə olunmaz yüksək səviyyəli musiqi ziyafətində
iştirak etdilər. Hər kəsin arzusu, növbəti dəfə
bu sənətçiləri azadlığa qovuşmuş vətənlərində
dinləməkdir.
Materialı Dilqəm ƏHMƏD çapa
hazırlayıb.
525-ci qəzet .- 2025.- 28 may(№92).- S.12.