"Babək üsyanı"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Nurlan Əbilovdur. Onunla
Xalq rəssamı Səttar Bəhlulzadənin "Babək
üsyanı" əsərindən
danışmışıq.
Səttar Bəhlulzadə 1909-cu ildə Bakının
Əmircan qəsəbəsində anadan olub. O, 1933-cü ildə
Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub və
1939-1940-cı illərdə diplom işi kimi "Babək
üsyanı" və "Bəzz qalasının müdafiəsi"
adlı əsərləri yaradıb. Lakin bu zaman İkinci
Dünya müharibəsi səbəbi ilə onun diplom
müdafiəsi etməyə imkanı olmayıb. Sonradan rəssama
dəfələrlə diplom müdafiəsi üçün
təkliflər edilsə də, bunu rədd edib və
cavabında deyib ki, "Məgər diplomsuz rəssam
olmur?" Sonrakı yaradıcılıq mərhələsində
Səttar Bəhlulzadə Azərbaycan təbiətini romantikcəsinə
təsvir edib. Bu əsərlər sırasına
"Torpağın arzusu", "Xəzər gözəli",
"Qızbənövşəyə gedən yol", "Kəpəzin
göz yaşları" kimi nümunələr daxildir.
- Səttar Bəhlulzadə
yaradıcılığında tarixi janr. İstərdim
söhbətimizə buradan başlayaq.
- Tarixin bütün dövrlərində müharibə
və döyüşlər təkcə insan həyatına
deyil, incəsənətin müxtəlif sahələrində
də dərin iz qoyub. Antik dövrdən etibarən bu
mövzu heykəllər, relyeflər, təsviri sənətdə
isə mozaika və cızma texnikaları ilə əks olunub.
Təsviri sənətdə döyüş səhnələri,
qəhrəmanlıq və qələbələr batal
janrında təsvir edilir. Azərbaycan təsviri sənətində
də batal janrı qədim dövrdən mühüm yer
tutub. Qobustan qayalarında ibtidai insanın
cızdığı ov və döyüş səhnələri
buna örnəkdir. Orta əsr miniatürlərində və
XVIII əsr Şəki xanlarının saray rəsmlərində
döyüş səhnələri mövcuddur. Tahir Salahovun
"416-cı diviziya döyüşdə", N.Vidadinin
"Böyük Vətənim", Əbdülxalıqın
Babəkə həsr etdiyi "Xalq qəhrəmanı", Səttar
Bəhlulzadənin "Babək", Cahangir Rüstəmovun
"Müharibə illəri" kimi əsərləri bu
janrın nümunələrindəndir. Məhz Səttar Bəhlulzadə
də 1939-1940-cı illərdə diplom işi kimi "Babək
üsyanı" və "Bəzz qalasının müdafiəsi"
adlı əsərləri yaratmışdı. Bu tablo müəllimləri
tərəfindən yüksək qiymətləndirilmiş və
ona tarixi mövzularda çalışmağı tövsiyə
etmişdilər. Moskvadakı təhsil illərində tələbə
yoldaşları və institutin professorları onun gələcəkdə
böyük tarixi əsərlər müəllifi
olacağına inanırmış. Ancaq rəssam qeyd edir ki, mən
onların ümidlərini doğrultmadım və təhsil
sonrası Qubaya ilk yaradıcılıq səfərim sanki
gözlərimi açdı. Burada Azərbaycan təbiətinin
ecazkarlığını gördüm və ona vuruldum. Dərk
etdim ki, hələ doğma yurdu yaxşı tanıya bilməmişəm.
Odur ki, yaradıcılığımı onun vəsfinə həsr
etməyə qərar verdim..." Buna baxmayaraq, Səttar Bəhlulzadənin
bu qısa müddət ərzində yaratdığı tarixi
janrdakı əsərlər diqqətə layiqdir.
- Əsərin rəng həlli necədir?
- Bu tabloda simalar dəqiq ifadə edilməyib.
İnsanları bir-birindən ayıran kontrast rənglər və
işıq-kölgədir. Tablo statikdir və müəyyən
bir anı təsvir edir. Rəng çalarlarında əsasən
soyuq tonlardan istifadə edilsə də, bəzi yerlərdə
isti rənglər işlənib ki, bu da kompozisiyada kontrast
yaradır. Babəkin sağındakı obraz buna misaldır.
O, qırmızı rəngli paltarı ilə diqqəti cəlb
edir. Əsərdə tünd boz rənglərdən istifadə
olunub. Qəhvəyi, boz, torpaq rəngləri və solğun
mavi tonlar əsas yer tutur. Rənglər bir-birinə ahəngsiz
şəkildə keçid edir ki, bu da xaotik vəziyyət
yaradır. Rənglərin bir keçidi, uğurlu şəkildə
yerinə yetirilib. Fikrimcə, tünd rənglərin əsərdə
üstünlük təşkil etməsinin əsas səbəbi
Babək üsyanın məğlubiyyətidir.
- Kompozisiya haqqında nə deyə bilərsiniz?
- Əsər məşhur Azərbaycan sərkərdəsi
Babək Xürrəminin rəhbərlik etdiyi üsyanı təsvir
edir. Rəsm döyüş səhnəsini və xalqın
azadlıq uğrunda mübarizəsini ifadə edir. Mərkəzdə
qılınc tutaraq üsyançılara yol göstərən
Babək təsvir olunub. Ətrafında isə
döyüşçülər və xalq var. Obrazların
simaları seçilmir və dəqiq deyil. Bununla da, rəssam
ayrı-ayrı obrazların psixoloji vəziyyətlərini
deyil, mövcud gərginliyi bizə çatdırmağa
çalışır. Babəki izləyən əsgərləri
isə ona tərəf baxır. Həmçinin demək
lazımdır ki, tablonun mərkəzi hissəsini tutan insan təsvirlərini
arxa planda tamamlayan müxtəlif təbiət motivlərinin
ustalıqla işlənilməsi haradasa S.Bəhlulzadənin gələcəkdə
mənzərəçi rəssam kimi
formalaşacağını göstərir. Ümumiyyətlə, Səttar Bəhlulzadə
yaradıcılığının ilk illərində tarixi
janrda işləsə də, sonrakı illərdə mənzərə
janrında əsərlər yaradıb. Tarixi janrda yaratdığı
"Qubalı Fətəlixanın portreti", "Babək
üsyanı", "Bəzz qalasının müdafiəsi"
kimi əsərləri bu qəbildəndir. Sonrakı illərdə
o, əsasən Azərbaycan təbiətinin təsviri ilə
məşğul olub. Təsvirlərdəki, fırça zərblərində
Səttarın dəsti xətti hiss olunur.
- Tablo harada saxlanılır?
- Hazırda Azərbaycan Milli İncəsənət
Muzeyində sərgilənən bu əsər kətan üzərində
yağlı boya texnikası ilə çəkilib.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Səttar Bəhlulzadənin bu tablosu Azərbaycan
xalqının mübarizə ruhunu, Babəkin qəhrəmanlığını
və tarixdəki yerini əks etdirən önəmli tarixi-fəlsəfi
əsərlərdəndir. Rəssamın fırça
texnikası, ifadəli üslubu və rəng seçimləri
anın dinamikasını və dramatizmini daha da
vurğulayır. Rəssam burada Azərbaycan xalqının
mübariz ruhunu, əzmkarlığını, azadlığa
olan sevgisini təsvir edib. Babək və Xürrəmilər məğlub
olsa da, Azərbaycan xalqının mübariz ruhu heç vaxt
buxovlara vurulmayıb.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 28 may(№92).- S.9.