Laçında
dolaşan laçın xəyalım...
Tarixin ilmələri dolaşıq düşdü...
Dolaşıq düşən tarix erməniliyin
yolgöstərəninə dönmüşdü. Müharibə
başladı. Ərazilərimiz işğal olundu. Ermənistan
yeni ərazilər işğal etmək niyyəti ilə
hücumlar edirdi, təxribatlar törədirdi...
İllər keçdi...
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ
müharibəsi başladı.
Ordumuzun döyüş əzmi şimşəyə
döndü - çaxdı, yağışa döndü -
yağdı, sellərə döndü - axdı. Döyüşənlərimiz
düşməni döyüşə-döyüşə təntidib
əzdi, işğal zəncirini
doğradı, kəsdi, düşmənin
özünün də, havadarlarının da niyyətini ciliklədi - tarixi Zəfər
qazanıldı...
Laçın işğaldan 2020-ci ilin dekabrın 1-də
azad edildi. 2023-cü il aprelin 23-də Azərbaycanın Ermənistanla
sərhədində sərhəd buraxılış məntəqəsi
yaradıldı. Dövlət başçımız dedi ki,
"...23 aprel bizim ərazi bütövlüyümüzün
tam bərpası günüdür".
Laçına qayıdış 2023-cü il mayın
28-də başladı. Qayıdanlara elə gəlirdi ki,
Laçın balacalaşıb. Bu duyum, bu düşüncə
həsrətin hökmüymüş. Az sonra gözləri həsrətdən
sıyrılıb, Laçına könüllərinin
gözüylə baxıblar; ruhları yenidən qurulan
Laçının ruhuna sarılıb...
Laçında yaradılan Memorial parkda
"İşğal" və "Zəfər" muzeyləri yaradılıb. Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərancamı ilə
avqustun 26-sı Laçın şəhəri günü elan
edilib.
Mayın 4-də Güləbird kəndinin təməli
qoyuldu, kənddə də 581 ailə məskunlaşacaq...
lll
Ruhun zamanı olmur...
Ruh min il əvvəlin olmuşlarını da
yaşadır, beş-altı il əvvəlin
olmuşlarını da, bu gün sökülən dan yerinə
ruhu rəvanların duasını da. Səyyar xəyalım səngərlər
dolaşırdı, səngərlərdə
döyüşçülərlə diz-dizə,
üz-üzə, söz-sözə kəlmələşirdi.
xəyalım işğalda qalan əraziləri səngər-səngər
dolaşırdı...
Yol uğurdu, yol mənzildi, yol niyyətdi. Yola
çıxırsan - uğurdasan, yola çıxırsan - mənzil
kəsirsən, yola çıxırsan - səni niyyətinin
işığı çəkir...
Uğurdayıq. Mənzil kəsə-kəsə niyyətimizin
işığına tələsirik. Ruhumuzla
yağının son nəfəsinə atılmış
güllələrin səsini eşidirik. Yol gödəldikcə
səs aydınlaşır, səs aydınlaşdıqca
işıq artır. Artan
işıqda neçə illər əvvəl bu torpaqda
çaxmış şimşəkləri, daşmış
selləri, sellər udmuş dərələri,
...görürük. O işıqda tarixin dolaşığa
düşmüş çağlarını da
xatırlayırıq, dolaçığın necə
açıldığını da.
Bunlar Xeyirə xeyir-dua veriləndə də
xatırlanacaq, Şərə lənət oxunanda da...
İki on səkkiz may günü
18 may günü 1 günün tarixi deyil,
duyğularımın, düşüncələrimin, təəssüfümün,
hiddətimin, qəhərimin,.. 33 ilin o üzündə qalan 1
gününün tarixidi. Ruhumuzda yellər əsdirən
birinci 18 may gününü minlər kimi mən də
ağrı-acılarla yaşamışam, əli göydən
üzülənlərin ağrılarını görə-görə
yaşamışam, ruhu üyüşənlərin qəhərini
qəhərim bilib yaşamışam. Mən də
özümü tifaqı dağılanlardan biri
sanmışam...
2020-ci ilin dekabrına kimi Laçın gündüzlər
xəyallarımızdaydı, gecələr
yuxularımızda...
Laçını ustadım şair Əli Səngərlidən
eşitdiyim "laçın" kəlməsinin
işığında tarix dərsliklərində, tarix dərslərində
tanımışdım, sonra - tarixdən. Laçını
Sultan bəylə tanımışdım, sonra ruhumu ruhunun od
daşıyıcısı bildiyim laçınlılarla -
düşüncələrimdə sultanlıq eləyənlərlə...
Mənim gecələrim hər gecə oyaq,
Mənim gecələrim gözləri açıq.
Mənim gecələrim özündən
dümağ,
Gündüzə qarışıq, Günə
bulaşıq.
Bir tut ağacıyam - tərəcəm masa,
Silkinib tökürəm bütün xarımı.
Şeir yazmayanda -
mən heç olmasa
Üstünü örtürəm balalarımın...
Zamanında şeirimizin Ağa
Laçınlısı belə yazmışdı. Ağadan
sonra Laçın laçınlılara Ağa olmuşdu,
sevgisini, havasını, təbiətini kəndlərinin gecələrinə
bürüncək eləyirdi, Ağanın gecələri necəydisə,
Laçının da gecələri eləydi...
Sonra müharibə başladı, sonra pərəni
pozuldu Laçının, günü-güzəranı
güllələrlə yozuldu. Xəyallarımızın səməndi
dəyişdi, Laçın adlı dünyanın dərdqananlara
ünvanlandığı könül, ruh təcnisinin
möhürbəndi dəyişdi: Laçınam, arxa haray!..
Qanadlanan, qanad çalan harayın qanadları yorulubmuş. O
ilin o aylarında məlum, naməlum ünvanlara uğura
çıxanlar kaftan geyinmişdi, Laçının
harayını ürəyiylə eşidənlər qəm
köynəyindəydi...
Birinci 18 may günü...
Mayın 18-nə iki gün qalırdı...
Döyüşçülərimiz düşmənin
Turşsudan, Qala dərəsi tərəfdən hücumunun
qarşısını aldı. Mayın 17-də
Laçın şəhərində nə hərbçi
vardı, nə mülki, nə döyüş vardı, nə
döyüşən. Ərazini Ermənistanın bu istiqamətdə
döyüşən ordu hissələrindən qorumaq
üçün Qala dərəsi istiqamətində 30-40
döyüşçü qalmışdı;
döyüşən hissələrimiz Qubadlıya tərəf
çəkilmişdi. Niyə? Nəyə? O vaxt verilməli
sualları indi verməyin nə səmərəsi?..
Mayın 18-də Laçın şəhərində
də, Gorus-Laçın-Şuşa yolunun
yaxınlığındakı kəndlərdə də
döyüş olmadı. Erməni
döyüşçüləri şəhərə də,
bu kəndlərə də döyüşsüz yiyələndilər.
Ermənilərin arzuladığı ərazi
körpüsü - dəhliz açıldı...
Noyabrın 6-də Şuşa işğaldan azad
edildi. Noyabrın 10-da üçtərəfli Bəyanat
imzalandı. Bu tarixi sənəd Azərbaycanın qalibiyyət
sənədi idi, Ermənistanın məğlubiyyət sənədi.
İkinci 18 may günüdü. 2025-ci ilin 18 may
günü...
Duyğularımın, düşüncələrimin,
təəssüfümün, hiddətimin, qəhərimin,.. 1
günü 28 il 6 ay 12 gün çəkdi. Laçından
uşaqlığından çıxanların uşaqları
indi əsgərdi. Eləsi var hələ atasının gedə
bilmədiyi ərazidə Laçının müdafiəsindədi.
Laçındayam. Gözəlliklərdən, Məmməd
İlqar demişkən, nə bir könül doyur, nə
göz əl çəkir. Dünyanın qara daşı
göyərib - Azərbaycan Ordusunun qüdrəti göyərdib,
döyüşənlərimizin qəhrəmanlıqları
göyərdib, əsgərləşən ruh göyərdib...
Günayın 24 yaşı var. Atası
Laçının Güləbird kəndindəndi.
Döyüşə-döyüşə əsgər
olmuşdu, Laçın işğal olunanda əsgər idi.
Döyüşürdü. Hərbi xidməti
döyüşlərdə keçmişdi. Göz
yaşları neçə döyüşçü dostunun
son nəfəsinə düşmüşdü. O da göz
yaşları ürəyinə axa-axa çıxıb
Laçından. Laçının həsrətinə
görə illər ürəyinə yük olsa da,
Laçınlı dünyası Laçınsız
olmayıb, xəyallarında.
O illərdə ocağından perik düşənlərin
bayatıları dəyişmişdi -
başqalaşmışdı, qəhərləşmişdi.
Bu qəhər insafsızcasına ömürdən
ömür umurdu:
...ara həsrət,
Ara - dərd, ara - həsrət...
Qara darağın ilə
Dərdimi dara, həsrət!..
"Bu həsrət Vüqar balalarıyla birlikdə
Güləbirdə dönənə kimi ovuna bilməyəcək..."
- 18 may səhərinin sərin mehi düşüncələrimi
titrədir: Günay Güləbürddən söz
düşəndə kövrəlir, - atasının Güləbürdlü
xatirələrini xatırlayır. O xatirələr
atasının həsrəti olub zamanında. İllərlə
özü yaşayıb, sonra bu qara həsrəti Güləbürddən
uzaqlarda balalarıyla nəfəs-nəfəsə
yaşadıb. 2020-ci il dekabrın 1-nə kimi bir qəhər
hönkürüb. Bu qəhər Güləbürdün
göylərində dolaşan dolaşan sözün qəhəri
olub, kövrələ-kövrələ, kövrəldə-kövrəldə
bayatılaşıb:
...gülə bir də,
Dərdlilər gülə bir də.
Yollar insafa gələ,
Yetəydim Güləbirdə!..
Mayın 18-di...
Mayın 18-də 8 noyabr ovqatı var, 1 dekabr ovqatı
var, 20 sentyabr ovqatı var - Zəfər ovqatı var. Bu ovqat
Laçında laçınlılarla kəlmələşəndə
də yaşanılır: "70 ilin 31 ilini Laçından
uzaqlarda yaşadım. Yaşadımmı? - 31 il ruhum
sıxıntılar çəkdi. Laçınımıza
ruh cana qayıdan təki qayıtdım. Qaytarana min
şükür!", - kəlmələr Şiruyəyə
də (poliqrafçıdır), Rafiqə də (jurnalistdir),
Habilə də (ehtiyatda olan zabitdir) könül xoşluğu
verdi...
Sarıbabaya sarı baxırıq, Topxanaya sarı
baxırıq - bu mayın 18-dən o mayın 18-nə
baxırıq. Həmsöhbətimin baxışları Hocaz
qayası tərəfdə çırpınır,
uçunur - 33 il əvvəl burda sentyabr, oktyabr
döyüşləri olub. Birinci Qarabağ müharibəsinin
ən ağır döyüşlərindən biri, şəhidlik
döyüşlərindən biri. Sonralar Azərbaycanın
Milli Qəhrəmanı adı verilən Ayxan Güləliyev
də bu döyüşlərdə şəhid olub...
Həkərinin sahilindəyik. Elə gözəl
axır ki! Nə yolçu küsdürür, nə
könül qübarlandırır. Onun belə
axışıyla Borçalıda Xran (Ehram)
çayının axışında başaçılmaz
bir eyniyyət görürəm və deyirəm ki,
Çuxasını yellər atmış çağ
üçün,
Dağ dodağı daş çeynəyən dağ
üçün,
Dünənləri yada salan "ah"
üçün,
Ay Həkəri, Faxralıdan gələn var!
Ruhumuzda şimşək çaxdı, dinmədin,
Gözümüzdən sellər axdı, dinmədin,
Yolumuzca gürşad yağdı, dinmədin,
Ay Həkəri, Faxralıdan gələn var!
Əl yetirdim qayaya da, daşa da,
Daşlarında daşa dönən yaşa da,
Daş cığırlar - həsrətimin
yaşıdı,
Ay Həkəri, Faxralıdan gələn var!
Ayaq qoyub üzəngiyə, gəlmişik,
Soraq çatsın Yerə, Göyə, gəlmişik,
Bu gəlişlə bir səcdəyə gəlmişik,
Ay Həkəri, Faxralıdan gələn var!
Qılınc-dalğan sal daşları kəsirdi,
Axıb-axıb durulurdun, nə sirdi?!
Qərib qonaq sirlərinə əsirdi,
Ay Həkəri, Faxralıdan gələn var!
Tamarzıyıq, pıçıltını gur elə,
Bu görüşü duymayana görk elə,
Sahilində ruhumuza yer elə,
Ay Həkəri, Faxralıdan gələn var!
Hansı ilin 18 mayındasa yenə Laçına
güzar edəcəm. Yenə gözdolusu baxacam, yenə
könlüm atdanacaq, Yenə sevgilərlə deyəcəm
ki, laçın xəyalımın Laçınındayam!..
Laçın, 18 may, 2025
Rəşid FAXRALI
525-ci qəzet .- 2025.- 28 may(№92).- S.8.