Əhməd İsmayılov: “Rəqəmsal
çağırışlara uyğunlaşmaq yalnız
texnoloji deyil, etik, hüquqi və sosial yanaşmalar da tələb
edir”
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamı ilə bu il milli mətbuatımızın
150 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq. Yubiley tədbirlərinin
keçirilməsinə məsul qurumlardan olan Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyinin
İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan
jurnalistikası üçün əlamətdar tarix ərəfəsində
ölkədə media islahatlarının gedişi və qarşıda
duran vəzifələr barədə APA-nın
suallarını cavablandırıb. 525.az müsahibəni təqdim
edir:
150 illik yubileyində milli mətbuatın şərəfli
tarixi ilə yanaşı, onun gələcəyi və
inkişaf perspektivlərini də diqqət mərkəzində
saxlayacağıq
- Əhməd müəllim, 1875-ci ildən milli
yaddaşımızda yer etmiş Azərbaycan mətbuatının
tarixi missiyasına və keçdiyi yola nəzər salarkən
hansı əsas məqamlara toxunulmasını vacib bilirsiniz?
- İlk növbədə xüsusi qeyd etmək
lazımdır ki, Azərbaycan milli mətbuatı bir əsr
yarımlıq dövr ərzində zəngin, şərəfli
inkişaf yolu keçib və biz bu tarixi irsimizlə qürur
duyuruq. 1875-ci ildə maarifçi və publisist Həsən bəy
Zərdabi tərəfindən nəşr olunmağa başlayan
“Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti
dövründə mütərəqqi fikirli ziyalıları
öz ətrafında birləşdirib, elm, maarif, mədəniyyət,
incəsənət və kənd təsərrüfatının
inkişafı ilə bağlı məqalələr dərc
edib, xalqın mədəni tərəqqisi uğrunda
mübarizə aparıb.
Azərbaycan milli mətbuatının kəskin senzura
şəraitində meydana çıxdığını nəzərə
alsaq, vurğulamaq lazımdır ki, mediamız
özünün təməl funksiyalarını yalnız
ölkəmiz müstəqillik əldə etdikdən sonra
yerinə yetirməyə başlayıb və mövcud tarixi
şəraitdə müstəqil media təsisatlarının əsası
qoyulub. Bu baxımdan xalqın təkidli tələbi ilə
yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər
Əliyev tərəfindən Azərbaycanda senzuranın ləğv
edilməsi plüralizmin genişlənməsinə,
jurnalistikanın inkişafına yeni nəfəs verib, əlverişli
şərait yaradıb. Ulu Öndərin müdrik
addımı nəticəsində Azərbaycan milli mətbuatı
tarixin müxtəlif formasiyalarında
qarşılaşdığı senzuralardan azad olub. Onu da
xatırlatmaq yerinə düşər ki, Azərbaycanda milli mətbuatın
yubileylərinin rəsmi səviyyədə qeyd edilməsi kimi
xoş bir ənənənin əsası da Ümummilli Lider
Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin
keçirilməsi haqqında 2000-ci ilin mart ayında
imzaladığı fərmanla qoyulub.
Ümummilli Lider Heydər Əliyevin siyasətini və
ənənələrini uğurla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyət
həyatında medianın rolunu yüksək qiymətləndirərək
demokratik, müstəqil medianın inkişafına əlverişli
şərait yaradılmasını dövlət siyasətinin
prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə
44 günlük Vətən müharibəsində qazanılan
qalibiyyət medianın da inkişafına impuls verib, bu sahədə
növbəti mərhələnin başlanmasını şərtləndirib.
Cənab Prezidentin “Azərbaycan Respublikasında media sahəsində
islahatların dərinləşdirilməsi haqqında” Fərmanı
ilə medianın inkişafında yeni bir mərhələnin
bünövrəsi qoyulub. Medianın İnkişafı
Agentliyinin yaradılmasına da məhz bu istiqamətdə həyata
keçirilən quruculuq prosesinin tərkib hissəsi kimi yanaşmaq
lazımdır.
Media sahəsində yeni informasiya-kommunikasiya
texnologiyalarının və innovasiyaların tətbiqinin
stimullaşdırılması, vətəndaş və cəmiyyət
üçün ictimai maraq doğuran layihələrin həyata
keçirilməsinin təşkili, həmçinin dövlət
orqanları və qurumlarının, yerli özünüidarəetmə
orqanlarının, hüquqi və fiziki şəxslərin
müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin
həyata keçirilməsi Agentliyin əsas prioritetlərindəndir.
Bu baxımdan, jurnalistlərin və kommunikasiya üzrə məsul
şəxslərin peşəkar
hazırlığının artırılması, müasir tələblərə
uyğun bilik və bacarıqlara yiyələnməsi, eləcə
də cəmiyyətin informasiya texnologiyaları dövründə
mediaya münasibətdə daha sorğulayıcı
yanaşmasının formalaşdırması məqsədilə
davamlı təşəbbüslər həyata keçirilir,
beynəlxalq və yerli müstəvidəki tematik tədbirlər
həm təcrübə mübadiləsinə, həm də
milli media mühitinin qlobal standartlara uyğunlaşmasına
şərait yaradır.
Bu il milli mətbuatımızın yubiley
ildönümü ərəfəsində dövlət
başçısı jurnalistlərin böyük sevincinə
səbəb olacaq növbəti təşəbbüslə
çıxış edib. Azərbaycan milli mətbuatının
150 illiyi münasibətilə yubiley medalının təsis
edilməsi təşəbbüsü mətbuatımızın
keçdiyi şərəfli tarixi yola, mətbu dəyərlərimizə
böyük ehtiramın göstəricisi olmaqla yanaşı,
müasir Azərbaycan jurnalistikasına, media sferasında
çalışan insanların əməyinə verilən
böyük qiymət, yüksək dövlət
qayğısının bariz nümunəsidir.
Fikrimizi ümumiləşdirərək deyə bilərik
ki, tarixin bütün dövrlərində Azərbaycan
mediasının klassik missiyası dəyişməmiş,
media maarifçiliyi və ali humanist dəyərləri təbliğ
edərək müstəqil dövlətçiliyimizin
möhkəmləndirilməsi prosesində yaxından
iştirak etmişdir. Hazırki çağımızda dəyişən
medianın missiyası yox, ictimai əhəmiyyətli xəbərlərin,
maraqlı kontentin insanlara çatdırılması prosesində
baş verən texnoloji tərəqqi, müasir
transformasiyalardır. Bu baxımdan, 150 illik yubileyində milli mətbuatın
şərəfli tarixi ilə yanaşı, onun gələcəyi
və inkişaf perspektivlərini də diqqət mərkəzində
saxlayacağıq.
Azərbaycan mediası istər məzmun, istərsə
də texnoloji baxımdan işini daim təkmilləşdirməlidir
- Beynəlxalq informasiya məkanında Azərbaycan
mediasının nüfuzunu necə qiymətləndirirsiniz?
Media islahatlarının nəticələrindən söz
açsaq, hansı məqamlara toxunmaq istərdiniz?
- Azərbaycan yalnız öz media ekosistemi
üçün deyil, qlobal informasiya məkanı
üçün trend təşkil edən mövzuların, gələcək
strategiyaların müzakirə edildiyi məkana çevrilib.
Söhbət dünya jurnalistlərinin müzakirə və
birgə hərəkət platforması kimi
formalaşmış Şuşa Qlobal Media Forumlarından
gedir. İlk dəfə 2023-cü ildə “4-cü Sənaye
İnqilabı dövründə Yeni Media” devizi altında
keçirilmiş forumda ənənəvi medianın rolu və
bundan sonrakı fəaliyyət istiqamətləri üzrə
dərin müzakirələr aparılıb. Ötən ildə
baş tutmuş ikinci forum isə yalnız media deyil,
ictimai-siyasi və informasiya təhlükəsizliyi
baxımından aktuallıq kəsb edən mövzuya – “Yalan Məlumatların
İfşası: Dezinformasiyaya qarşı mübarizə”yə
həsr olunmuşdu. Forumda müxtəlif ölkələrdən
olan rəsmilər, media və vətəndaş cəmiyyəti,
dövlət və biznes nümayəndələri, beynəlxalq
təşkilatların təmsilçiləri, media ekspertləri
çağdaş dünyada dezinformasiya barədə əhatəli
təsəvvürün formalaşdırılması, onun səbəb
olduğu genişmiqyaslı neqativ nəticələrin təhlili,
həmçinin dezinformasiyaya qarşı daha davamlı cəmiyyət
qurmaq üçün siyasət və təşəbbüslər,
media savadlılığı, süni intellektin reallığa
təsiri və digər məsələlər ətrafında
geniş fikir mübadiləsi aparmışdılar.
Forumlarda Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin şəxsən iştirak etməsi, media
nümayəndələrinin çoxsaylı suallarını
cavablandırması dövlətimizin haqq səsinin dünyaya
çatdırılması baxımından əlamətdar
hadisə olmaqla yanaşı, eyni zamanda, başlıca vəzifəsi
cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin
etmək olan mediaya diqqət və qayğının müstəsna
təzahürüdür. Yeri gəlmişkən, dövlət
başçısı birinci forumda çıxışı
zamanı bildirdi ki, bu gün bütün iftiralara,
böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü,
Azərbaycan xalqının, dövlətinin haqlı səsi
eşidilir və bunun əsas aləti bizim media
resurslarımızdır.
Əminliklə deyə bilərik ki, Azərbaycan
mediasının beynəlxalq aləmdə nüfuzu daha da
möhkəmlənir, media resurslarımızda dərc olunan
materiallar ümumi informasiya axınının
formalaşmasında yer tutmaqla yanaşı, beynəlxalq
ictimaiyyətin diqqət mərkəzinə düşür,
müxtəlif müstəvilərdə müzakirə
predmetinə çevrilir, ictimai fikrin formalaşmasına təsir
göstərir. Düşünürük ki, mediamız
öz peşəkar fəaliyyətini bundan sonra da layiqincə
və ən yüksək səviyyədə həyata
keçirməyə davam edəcəkdir.
Xüsusi qeyd etməliyik ki, Medianın
İnkişafı Agentliyi yerli media subyektlərinin xarici həmkarları
ilə əməkdaşlıq etməsi,
qarşılıqlı əlaqələrin
formalaşdırılması və həmin subyektlərin təcrübəsinin
öyrənilməsinin stimullaşdırılması istiqamətində
də çoxsaylı tədbirlər həyata keçirir. Bu
kontekstdə birgə media platformalarının
yaradılması yolu ilə qarşılıqlı maraq
doğuran məsələlərdə media həmrəyliyinin
formalaşdırılması və sağlam media şəbəkəsinin
qurulması təmin edilməkdədir. Qeyd olunan uğurlu təcrübələr
əsas götürülməklə bu növ birgə media
platformalarının yaradılması istiqamətində
işlər davam etdiriləcəkdir.
Qarşılıqlı təcrübə mübadiləsinin
genişləndirilməsi, müxtəlif dövlətlərin
media ekosistemlərinin öyrənilməsi, müvafiq sahədə
yeni trendlərin mənimsənilməsi, ümumiyyətlə
media və kommunikasiya sferasında birgə əməkdaşlığın
qurulması və gücləndirilməsi məqsədilə
ikitərəfli forumlar keçirilir və gələcəyə
yönəlmiş tərəfdaşlıqlar qurulur. Əvvəlki
təcrübələrimizə dayanaraq bir sıra dövlətlərlə
birgə forumların təşkili, bu prosesin sistematik şəkildə
davam etdirilməsi, nəticədə media əməkdaşlığının
daha da genişləndirilməsi nəzərdə tutulur.
Təbii ki, qarşıda duran hədəflərin
reallaşdırılması üçün medianın
yalnız müasir trendləri bilməsi kifayət etmir, yeni
yanaşmalara uyğunlaşmaq və gündəlik iş
prosesində onları tətbiq etmək lazımdır. Azərbaycan
mediası istər məzmun, istərsə də texnoloji
baxımdan işini daim təkmilləşdirməlidir. Bu məqsədlərə
çatmaq üçün Medianın İnkişafı
Agentliyi sistemli yanaşmaya malikdir və mediamızın
müasir şəraitdə uğurlu transformasiyasını
sürətləndirmək bizim üçün olduqca
vacibdir.
Media islahatlarına başlayarkən mühüm
prioritetlərimizdən biri dövlət-media münasibətlərində
əsas element kimi hüquqi mənzərənin dəqiqləşməsi
idi və “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu
ilə bu istiqamətdə ciddi addımlar atıldı. Qanun
bir tərəfdən bu günə qədər tənzimlənməmiş
münasibətləri tənzimləməyə
başladı, digər tərəfdən mövcud münasibətlər
sistemində yeni nizamasalma mexanizmlərini müəyyənləşdirdi.
Ölkəmizin media ictimaiyyəti tərəfindən dəstəklənən
bütün bu addımlar informasiya mühitinin
sağlamlaşdırılmasına təkan verdi və öz
növbəsində jurnalist peşəsinə ictimai
etimadın artmasını şərtləndirdi.
Cəmiyyəti obyektiv və qərəzsiz informasiya
ilə təmin etmək kimi şərəfli bir peşəni
icra edən jurnalistlərimiz də artıq güzəştli
ipoteka kreditindən faydalana bilirlər. 2022-ci ildən ölkəmizdə
kütləvi informasiya məhsulları, kitablar və dərsliklərin
ərsəyə gəlməsi üçün
kağızın idxalı və satışı əlavə
dəyər vergisindən azad edildi. Media subyektlərinin
iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində
növbəti prinsipial addım 2023-cü ilin yanvarın 1-dən
ölkə mətbuatına vergi tətillərinin tətbiq
edilməsi oldu. Belə ki, çap və onlayn media subyektlərinin
öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər,
reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi
yardımlar gəlir, mənfəət və sadələşdirilmiş
vergilərdən, həmçinin onlar tərəfindən
istehsal olunan media məhsullarının təqdim edilməsi əlavə
dəyər vergisindən müəyyən müddətə
azad olundu. Bizim keçirdiyimiz müxtəlif görüşlərdə
həm paytaxtda, həm də bölgələrdə fəaliyyət
göstərən jurnalistlər gəlir vergisinin tam həcmdə
ödənilməsinin onlar üçün ağır
olduğunu ifadə etməklə, bu istiqamətdə də
dövlətin dəstəyinə ehtiyac duyduqlarını
bildirirdilər. Bütün bunlar nəzərə alınaraq,
cari ilin yanvar ayından jurnalist fəaliyyəti ilə məşğul
olan fiziki şəxslərin bu fəaliyyətdən əldə
etdikləri gəlirlərin 75 faizinin gəlir vergisindən
azad edilməsi onlar üçün ciddi
stimullaşdırıcı addım oldu. Bütün bu təşəbbüslər
media mühitinə öz müsbət təsirini göstərməkdədir.
Ötən illərlə müqayisədə unikal
materialların həcmi əhəmiyyətli dərəcədə
artıb
- Azərbaycan mediasının gələcəyə
yönəlik strateji inkişafı barədə nə demək
olar? Getdikcə daha da geniş vüsət alan sosial şəbəkələrin
və digər texnoloji nailiyyətlərin təsiri
jurnalistikada özünü necə göstərəcək və
bu istiqamətdə dövlət hansı addımları
atmaqdadır?
- Medianın fəaliyyətinin stimullaşdırılması,
insanların düzgün informasiya almaq hüququnun realizəsi,
bu yolla ictimaiyyət və media arasında
qarşılıqlı etimadın artırılması əsas
məqsədimiz olaraq qalmaqdadır. Medianın müasir
texnologiyaları mənimsəməkdə hədəfi ictimai
məzmunlu materialların cəmiyyətə daha operativ və
peşəkar formada çatdırılmasını təmin
etməkdir. Son zamanlar ölkə mediasında
apardığımız monitorinqlərin və ardıcıl
həyata keçirdiyimiz tədbirlərin nəticəsi
pozitiv dinamikanı görməyə imkan verir.
“Media haqqında” Azərbaycan Respublikası Qanunu onlayn
media subyektləri tərəfindən özünəməxsus
material istehsalını stimullaşdırıb, ötən
illərlə müqayisədə unikal materialların həcmi
əhəmiyyətli dərəcədə artıb. Belə
ki, tərəfimizdən veb-saytların son illərdəki fəaliyyəti
təhlil edilib, nümunələr əsasında gündəlik
informasiya məzmununun dəyərləndirilməsi həyata
keçirilib. Nəticədə məlum olub ki, unikal xəbərlərin
nisbəti üç dəfə artıb və hazırda
mediada onların həcmi təqribən 35 faizdir. Təhlillər
göstərir ki, islahatlar nəticəsində geniş oxucu
kütləsi olan və artıq hərtərəfli
formalaşmış onlayn media subyektləri ilə
yanaşı, hətta kiçik auditoriyalı veb-saytların
məzmununda belə ciddi dəyişikliklər müşahidə
olunur.
Eyni zamanda, vurğulamalıyıq ki, xəbər
lentini jurnalist əməyinin minimuma endiyi tərcümə xəbərləri
üzərində qurmaq peşəkarlıq prinsipləri ilə
uzlaşmır. Medianın İnkişafı Agentliyi tərəfindən
həyata keçirilən çap mediası və onlayn media
subyektlərinə dəstək layihələri üzrə
müsabiqənin qaydalarına dəyişiklik edilərək
maliyyələşəcək veb-saytların təqdim etdikləri
unikal məzmunun yalnız 25 faizinin tərcümə
materialı olması ilə bağlı tələb irəli
sürülüb. Düşünürük ki, bu addım
medianın özünəməxsus məzmun istehsalında
növbəti dönüş nöqtəsi olacaq.
Bununla yanaşı qeyd etməliyik ki, media subyektləri
onlayn resurslarının məzmun və texniki göstəricilərinə,
həm də oxunaqlılığının təmin
olunmasına ciddi diqqət yetirirlər. Mediada sağlam rəqabət
mühitinin olması və bunun təmin edilməsi inkişaf
üçün vacib şərtdir. Yerli onlayn media subyektləri
onlara təqdim olunan rəqəmsal alətlər vasitəsilə
auditoriyasını və rəqibləri arasındakı
mövqelərini müəyyənləşdirmək
imkanı qazanıblar.
Məlumdur ki, artıq insanların düşüncəsinə
nüfuz etmiş rəqəmsallaşma fenomeni, eyni zamanda, yeni
imkanlar və fürsətlər qazandırır. Belə ki, rəqəmsal
texnologiyalar mediaya geniş auditoriyalara daha sürətli və
səmərəli şəkildə çatmaq imkanı verir.
Texnologiyanın inkişafı ilə mediada həm ənənəvi
xəbər istehsalı prinsipləri, həm də
oxucuların məlumatları qəbul etmək üsulları
və mənbə seçimləri davamlı dəyişir.
Media sahəsində tendensiyaların tez-tez dəyişdiyi və
yeni alətlərin aktuallaşdığı rəqəmsal
qloballaşma prosesləri fonunda xəbər saytlarının
dinamik trendlərə uyğunlaşması, oxucuların
marağını cəlb etmək və oxucu kütləsini
saxlamaq üçün effektiv kontent və marketinq
strategiyaları formalaşdırması zərurəti də
yaranır.
Bu gün informasiya mühitindəki proseslər media
subyektlərinin kibertəhlükəsizliyinin gücləndirilməsini
zəruri edir
- Rəqəmsal texnologiyaların sürətlə həyatımıza
daxil olması, eyni zamanda, müəyyən problemlər də
yaradır, xüsusən də ölkənin informasiya təhlükəsizliyi
üçün yeni təhdid formaları meydana
çıxır. Bu istiqamətdə hansı addımlar
atılır?
- Təbii ki, rəqəmsallaşma yeni imkan və
fürsətlər verdiyi kimi öz növbəsində,
ölkələrin media ekosistemləri üçün yeni təhdidlər
də yaratmaqdadır. Belə ki, informasiyanın həddindən
artıq bolluğu içində dezinformasiya və saxta xəbərlər
ciddi təhlükəyə çevrilib. İstifadəçilər
informasiya mənbələrinə və ciddi mediaya olan
etimadı tədricən itirə bilərlər. Bu baxımdan
rəqəmsal çağırışlara uyğunlaşmaq
yalnız texnoloji deyil, habelə etik, hüquqi və sosial
yanaşmalar tələb edir. Burada media mütəxəssisləri,
dövlət qurumları, vətəndaş cəmiyyətləri
və texnoloji platformalar arasında əməkdaşlıq həlledici
əhəmiyyət daşıyır.
Vurğulamaq istərdik ki, jurnalist peşəkarlığının
artırılması, texnoloji inkişafdan irəli gələn
yeni bilik və bacarıqların aşılanması istiqamətində
Medianın İnkişafı Agentliyinin fəaliyyəti də
davamlı xarakter daşıyır. Nümunə olaraq
Agentliyin 3 oktyabr 2023-cü il tarixində beynəlxalq ekspertlərin
cəlb edilməsi ilə həyata keçirdiyi “Rəqəmsal
xəbərlərin oxunaqlılığının
artırılması üçün müasir strategiyalar”
layihəsini göstərə bilərik. Belə ki, tədbirdə
ümumilikdə 50 xəbər saytının 100-ə
yaxın əməkdaşı, həmçinin bir sıra ali
təhsil müəssisələri və qurumlardan olan qonaqlar
iştirak etmişlər. Layihə çərçivəsində
təşkil edilmiş təlim müddətində
tanınmış mütəxəssislər rəqəmsal
mediada xəbərin hazırlanma mərhələləri, diqqət
cəlb edən başlıqların
formalaşdırılması, xəbərin cəlbedici təqdim
olunmasından sonra göstəricilərin ölçülməsi,
multimedia və interaktiv elementlərdən istifadə, rəqəmsal
mənbələrdən əldə edilən datanın
analizi, dataya əsaslanan məzmun strategiyalarının tətbiqi,
sosial mediada güclü brendin yaradılması, veb-sayt
dizaynının və istifadəçi təcrübəsinin
optimallaşdırılması, fərdiləşdirmə və
individuallaşdırmanın həyata keçirilməsi barədə
maraqlı məlumatlar vermiş, diskussiyalar aparıblar.
Cari ilin may ayının əvvəlində xarici
ekspertin cəlb edilməsi ilə ADA Universitetində data
jurnalistikasının müasir trendlərinə dair 4
günlük təlimlərimizi jurnalistlər və media
ekspertləri yüksək qiymətləndirib. Ümumiyyətlə
unutmaq olmaz ki, sürətli rəqəmsal inkişaf şəraitində
dezinformasiya və “deep fake” texnologiyaları ilə mübarizə
ilə yanaşı, informasiya resurslarının kibertəhdidlərdən
müdafiəsi prioritet məsələyə çevrilib. Təcrübə
göstərir ki, informasiya məkanının təhlükəsizliyi
məzmun daşıyıcılarının etibarlı
müdafiəsindən ciddi şəkildə
asılıdır. Bu gün informasiya mühitindəki proseslər
media subyektlərinin kibertəhlükəsizliyinin gücləndirilməsini
zəruri edir. Yeni reallıqlar şəraitində
veb-saytların kibertəhdidlərə qarşı
dayanıqlılığının
araşdırılması və müdafiə
üsullarının təkmilləşdirilməsi ciddi
ictimai-siyasi çağırışa çevrilib. Bu ilin 14
may tarixində müvafiq qurumların birgə tərəfdaşlığı
ilə media subyektlərinin nümayəndələri
üçün yenidən kibertəhlükəsizlik
mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində
məqsəd media nümayəndələrini müasir kibertəhlükələr
barədə məlumatlandırmaq, onların bu təhdidlərə
qarşı daha dayanıqlı və hazırlıqlı
olmasına töhfə vermək idi.
- Bir neçə gün əvvəl Medianın
İnkişafı Agentliyi Audiovizual Şura ilə birgə
növbəti dəfə dövlət sifarişi əsasında
audiovizual məhsulların istehsalı üzrə müsabiqə
elan edib. Bu layihə audiovizual kontentin zənginləşməsinə
necə təsir göstərir?
- Bildiyiniz kimi, ilk dəfə ötən ilin aprel
ayında dövlət sifarişi əsasında audiovizual məhsulların
istehsalı və yayımı üzrə müsabiqə elan
edilib, nəticələrə uyğun olaraq həmin ilin
sentyabr ayında layihələrin icrasına başlanıb.
Layihə çərçivəsində cari dövrədək
8 ümumölkə yerüstü televiziya
yayımçısı tərəfindən dövlət və
cəmiyyət üçün prioritet olan mövzularda həftədə
bir dəfə olmaqla 12 televiziya proqramı və 6 sosial
videoçarx yayımlanmaqdadır.
Müsabiqə çərçivəsində
hazırlanmış müvafiq audiovizual məhsullar auditoriya tərəfindən
maraqla qarşılanıb, bununla yanaşı, müxtəlif
qurumlar və ictimaiyyət tərəfindən sosial
videoçarxlar yüksək qiymətləndirilib, onların
maarifləndirici mahiyyəti xüsusilə vurğulanıb.
Medianın İnkişafı Agentliyi və Audiovizual
Şuranın birgə tərəfdaşlığı ilə
icra olunan layihənin məqsədi yeni media mühitində
auditoriya yönümlü və hədəf kütlələrə
hesablanmış məzmun istehsalı və
yayımının təşviqi, müvafiq sahədə
yaradıcılığın və peşəkarlığın
dəstəklənməsi, yüksək keyfiyyətli istehsalla
bağlı əlverişli ekosistemin
formalaşdırılması, müxtəlif istiqamətlər
üzrə məlumatların ictimaiyyətə effektiv şəkildə
çatdırılmasıdır.
Məlumdur ki, dövlət sifarişi ilə maliyyələşdirilən
layihələr daha ciddi texniki və peşəkar meyarlara
cavab verir. Bu da həm istehsal keyfiyyətini, həm də məzmunun
dərinliyini və aktuallığını artırır. Nəticədə,
tamaşaçılara daha maraqlı və informativ məhsullar
təqdim olunur. Həmçinin, bu növ müsabiqələr
müxtəlif sosial, mədəni, tarixi və təhsil
yönümlü mövzuların işıqlandırılmasına
imkan yaradır, daha əvvəl kommersiya baxımından riskli
sayılan mövzulara müraciət təşviq olunur, beləliklə,
ümumi kontent xəritəsi zənginləşir.
Hazırlanan məhsullarda milli-mənəvi dəyərlər,
dövlətçilik ideyası, mədəni irs və Azərbaycan
dilinin təbliği ön planda olur və bu ictimai maarifləndirməyə,
milli kimliyin möhkəmləndirilməsinə töhfə
verir. Bütün bu nüanslar nəzərə
alındıqda, əminik ki, növbəti dəfə
icrasına başlanan layihə qarşıya qoyulmuş məqsədlərin
reallaşdırılması baxımından özünü
doğrultmağa davam edəcək və silsilə xarakter
daşıyacaq.
Dezinformasiya təhdidlərinin
neytrallaşdırılması təmin olunub
- Media islahatlarının davam etdiyi son illərdə
ölkəmizdə media və kommunikasiya fəaliyyətinin
müasir formada təşkilindən irəli gələn
nailiyyətlər artıq medianın işində
özünü göstərməkdədir. Bəs yaxın
perspektivdə bu yöndə hansı addımlar atılacaq?
- Ümumiyyətlə qeyd etməliyik ki, ölkəmizə
qarşı xaricdən informasiya təhdidlərinin artması,
habelə bir sıra sosial şəbəkə seqmentlərində
saxta hesablardan edilən “deepfake” texnologiyaları ilə
hazırlanmış və heç bir reallığı əks
etdirməyən yalan məzmunlu paylaşımlar vasitəsi ilə
ictimaiyyətin çaşdırılması, ölkəmizin
beynəlxalq imicini hədəfə alan çoxsaylı cəhdlərin
fonunda həm müvafiq dövlət orqanlarının, həm
də Azərbaycan mediasının üzərinə
böyük məsuliyyət düşür.
Son illərdə ölkəmizdə media və
kommunikasiya fəaliyyətinin müasir formada təşkili nəticəsində
ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin
həqiqi niyyətlərinin yerli mediada operativ formada ifşa
olunması, ictimaiyyətdə daxili və xarici neqativ
informasiya axınına qarşı dayanıqlı təbii
müqavimətin yaradılması, dezinformasiya təhdidlərinin
neytrallaşdırılması təmin olunub.
Heç şübhəsiz ki, cəmiyyətin
ictimai-siyasi sayıqlığının qorunması, dövlətçilik
prinsip və dəyərlərinin təbliği istiqamətində
dövlətin mesajlarının media ilə cəmiyyətə
düzgün çatdırılması ictimai rəyin
sağlam prinsiplər əsasında formalaşmasına ciddi təsir
etməkdədir. “Media haqqında” Azərbaycan Respublikası
Qanununun qəbulu və Media Reyestrinin yaradılması nəticəsində
bu kommunikativ əlaqədə etibarlılığın təmin
olunduğu müşahidə edilməkdədir.
Xüsusilə vurğulanmalıdır ki, Medianın
İnkişafı Agentliyinin təşkilatçılığı
və müxtəlif dövlət qurumlarının tərəfdaşlığı
ilə hər il may ayının əvvəlində
keçirilən “İctimai proseslər media müstəvisində”
mövzusunda Forum dövlət-media dialoqunun praktik
platforması rolunu oynayır və hər bir dövlət
qurumunun öz mesajlarını auditoriyaya effektiv formada
çatdırması üçün açıq müzakirə
formatı təqdim edir. Beləliklə, müxtəlif sahələrdə
dövlət siyasətini həyata keçirən strukturlarla
media arasında fikir və mesajların birbaşa
ötürüldüyü müzakirə mühiti
yaradılır, nəticədə kommunikasiya effektiv formada həyata
keçirilir, tərəflər arasında qarşılıqlı
etimad gücləndirilir.
Fürsətdən istifadə edərək, media sahəsində
islahatların uğurla həyata keçirilməsi, o cümlədən
jurnalist peşəkarlığının
artırılması, informasiya mühitinin
sağlamlaşdırılması, effektiv strateji
kommunikasiyanın qurulması istiqamətində Agentliyin fəaliyyətinə
dəstək göstərən bütün həmkarlarımıza
təşəkkürümüzü bildiririk.
525-ci qəzet .- 2025.- 28 may(¹92).- S.6;7.