Tənbəl balanın
nağılı
Bir ayının iki balası var idi. Ana ayı,
balalarının birini qoçaq olduğuna görə
Qoçaqbala, o birini isə tənbəl olduğundan Tənbəlbala
çağırırdı. Qoçaqbala hər səhər
anası ilə meşədə gəzir, ağacların
koğuşunu imsiləyə-imsiləyə bal
axtarırdı. Tənbəlbala isə yuvadan bayıra
çıxmır, anasının gətirdiyi yemdən
yeyib-yatır, gündən-günə kökəlirdi...
Aylar ötüb keçdi. Tənbəlbala bayıra
çıxmadı ki çıxmadı. Bir gün ana ayı
baxıb gördü ki, Tənbəlbala o qədər kökəlib,
özü onun yarısı boyda ancaq olar...
Ana ayı Tənbəlbalanı dilə tutdu:
- Ay mənim potaş balam, bəs sən nə vaxt
bayıra çıxacaqsan? Heç bilirsənmi bayırda nələr
var? Qoçaqbala ağaca çıxıb armud yeyir. Dur, sən
də get armud ye. Bir azdan Qoçaqbala yoxuşdan enişə
mayallaq aşacaq. Dur, sən də get mayallaq aş...
Ana ayı xeyli dil tökdü. Axır ki, Tənbəlbalanı
yola gətirə bildi. Tənbəlbala uzandığı yerdən
bir təhər qalxıb yuvanın ağzına
yaxınlaşdı. Amma nə qədər güc verdisə də,
yuvadan bayıra çıxa bilmədi. Bədəni elə
yoğun idi ki, yuvanın ağzından keçmirdi. Tənbəlbala
ağlamağa başladı:
- Mən heç zaman çölə çıxa
bilməyəcəyəm?
Ana ayı Tənbəlbalanı bayıra
çıxarmaq üçün yuvanın ağzını
bir qədər genəltmək fikrinə düşdü.
Ancaq dünən pəncəsi yaralandığından indi bu
işin öhdəsindən gələ bilmədi.
Qoçaqbalanı çağırdı. Qoçaqbaladan da
bir kar aşmadı...
Ana ayı əlacsız qalıb başqa bir meşədə
yaşayan qardaşını köməyə
çağırmaq qərarına gəldi. Ancaq o meşəyə
qədər ən azı bir aylıq yol vardı. Buna
baxmayaraq, ana ayı yola düzəldi. Gecə-gündüz yol
gedib qardaşı yaşayan meşəyə çatdı.
Əhvalatı qardaşına danışdı. O
qardaşını da yanına salıb geri döndü.
Onlar gecə-gündüz yol gəlib axır ki, mənzil
başına yetişdilər.
Ana ayı yuvaya cumdu ki, görsün Tənbəlbala nə
eləyir... Onun yuvaya girməyi ilə nərildəməyi bir
oldu. Tənbəlbala yuvada yox idi. Ana ayının nəriltisi
meşəni başına aldı...
Çox keçmədi ki, Tənbəlbala
yaxınlıqdakı kolun arxasından çıxıb
qaça-qaça özünü anasına yetirdi. Ana ayı
Tənbəlbalanı çox çətinliklə tanıya
bildi.Tənbəlbala bu müddətdə möhkəmcə
arıqlamışdı. Ana ayı soruşdu:
- Mənim balam, bir de görüm, bəs sən yuvadan
necə çıxdın?
Tənbəlbala ağlamsına-ağlamsına dilləndi:
- Ay ana, sən gedəndən sonra hər gün ac
qaldım. Qoçaqbala mənə yem vermədi. Axırda
gördüyün bu kökə düşdüm. Dünən
az qalmışdı ki, acından huşumu itirəm. Birtəhər
gücümü toplayıb yuvanın ağzına
yaxınlaşdım. Düşündüm ki, bayıra
çıxa bilsəm, heç olmasa özümə azacıq
da olsa yem taparam. Mən yuvanın ağzından çox
asanlıqla bayıra çıxa bildim... Axşama kimi meşəni
dolanıb bir az özümə yem tapdım. Aclıqdan
canım qurtardı.
Ana ayı çox sevindi. O gündən sonra Tənbəlbala
tənbəllikdən əl çəkdi, anası da daha onu Tənbəlbala
çağırmadı.
Meşə və tufan
Tufan təbiətin qoynunda meydan sulayırdı.
Ağacları qol-budaq eləyir, çal-çəpəri
vurub aşırır, dam örtüklərini yerə sərirdi...
Səhərdən başlayan tufan dolana-dolana, axır
ki, gəlib meşəyə yetişdi.
Meşə soruşdu:
- Xeyir ola, ay tufan?..
- Eheyy!.. A meşə, gəlmişəm indi
gücümü sənə də göstərəm! Sənin
yarpaqlarını bir-bir havada oynadacağam! Onda məni
yaxşı tanıyarsan!
Meşə arın-arxayın bir halda dilləndi:
- Tufan, bəs dediyini eləyə bilməsən, onda
necə?..
- Dediyimi eləyə bilməsəm, bir də buralara hərlənməyəcəm.
Tufan bunu deyib daha da möhkəm əsib-coşmağa
başladı.
Meşənin ağac ordusu çiyin-çiyinə
verib tufanın qarşısını kəsdi. Tufan nə qədər
güc göstərsə də, bu səddi yarıb keçə
bilmədi. Axır yorulub əldən düşdü. Yön
çevirib gəldiyi yerlə də qayıtmalı oldu. Bir
daha meşənin səmtinə hərlənmədi...
Ayı və armud
Yeni il yaxınlaşmaqda idi. Boz ayı gecə gəzintisinə
çıxmışdı. Ac olduğu üçün elə
hara gəldi üz tuturdu. Bir də başını
qaldırıb gördü ki, gəlib şəhərin
düz ortasına çıxıb. Meydandakı nəhəng
şam ağacı onun diqqətini özünə cəlb
etdi. Bu nəhəng şam ağacının budaqlarından hər
cür bəzək-düzək asılmışdı.
Şam ağacındakı böyük bir
"armud" onu heyrətləndirdi. Öz-özünə
düşündü: "Ağac qışda da meyvə gətirərmiş...
Mən bunu birinci dəfə görürəm..."
Bu düşüncələr qoynunda o, yanını
basa-basa şam ağacına yaxınlaşdı. Ətrafa
göz gəzdirib kimsənin onu görmədiyinə əmin
olduqdan sonra budaqdakı "armud"u qoparıb üz tutdu
yuvasına.
Ayı yanını yerə söykəyib gətirdiyi
"armud"u ağzına soxdu. Nə qədər çeynəsə
də, yeyə bilmədi...
Elə ki yay gəldi, meşədəki armud
ağacları yenidən bar gətirdi. Ayı şam
ağacından qopardığı "armud"u bir kənara
atıb, armud ağacına dırmaşdı...
Ələsgər ƏLİOĞLU
525-ci qəzet .- 2025.- 30 may(¹93).- S.14.