Yuvadan dünyaya
NAZİM HÜSEYNLİNİN "HAMIDAN DA
VƏTƏN ÜSTÜN" ŞEİRLƏR KİTABI HAQQINDA
Tanınmış şair Nazim Hüseynli Oğuz
rayonunda yaşayır. Mənə yeni şeirlər
kitabını göndərib. Bir az meşə sərinliyi,
qar və dağ havası ilə dolu olan bu kitabı bir
neçə dəfə vərəqlədim. Adətimdi,
sonuncu səhifədən oxumağa başladım,
yavaş-yavaş gəldim ön səhifəyə. Niyə?
Adətən şairlər ən yaxşı şeirlərini
ön səhifələrə verir, bir az zəifləri isə
arxaya sürüşdürürlər. Bu dəfə, deyəsən,
yanılmışdım: kitabın əvvəli də, sonu da
maraqlıdı, səmimiyyətlə doludu.
Kitabın ön sözü Azərbaycan
Yazıçılar Birliyinin katibi İlqar Fəhminindi. Nazim
Hüseynlinin vətənə, yurda
bağlılığından, səmimi duyğularından
yazıb. Kitabda yaxşı nə varsa, heç biri
gözündən yayınmayıb.
Nazim Hüseynli "Hamıdan da vətən
üstün" kitabının ümumi mənasını
bir cümlə ifadə etmək lazım gələrsə,
onu belə ifadə etmək olardı: "Yuvaları
uçurmayın!" Məncə, bu iki sözdə
şairin mənəvi, psixoloji həqiqəti gizlənib.
Şair övladlarına müraciətlə deyir:
Gəlişini tez duyun,
Müjdə sayın, bəxt sayın,
Lap qocalın, qarıyın,
Bu yuvanı qoruyun!
Hər şey bur quş yuvasını qorumaqdan
başlayır. Əgər sən kiçik bir quş
yuvasını qoruya bilmirsənsə, demək, heç nəyi
qoruya bilməyəcəksən. Şairin ən böyük
arzularından biri təbiəti qorumaqdır, "təbiət
sevsən, qorusan, demək, sən bütün sevgilərin cəmini
sevirsən". Bir ağac budağı kəsilirsə, bir kəpənəyin
qanadları vaxtsız sınırsa, onda uşaqların,
bütünlükdə bəşəriyyətin həyatına
bir zərbə dəyir, bir ağac kölgəsi azalır,
bir kəpənəyin yolunu gözləməkdən
çiçəklərin gözlərinin kökü
saralır.
Meşəni sevən var, gəlib görən var,
Moruğun yığan var, çiçək dərən
var,
Ağac kölgəsinə ürək sərən
var,
Meşədə ağac yox, kölgələnməyə.
Və yaxud
Nə bir gözəlliyi, dadı qalıbdır,
Görəni kül edən odu qalıbdır,
Meşənin bir meşə adı qalıbdır,
Meşədə ağac yox kölgələnməyə.
Şairin obrazlı şəkildə ifadə etdiyi
meşə haqqında bu həyəcan təbili elə vətənə
olan böyük sevginin bariz nümunəsidir. Unudulmaz
şairimiz Bəxtiyar Vahabzadə yazırdı ki, "qorxuram
insanlıq ölə, insan qala". İndi böyük
şairimizin həyəcanının arxasınca Nazim
Hüseynli də "Meşənin bir meşə adı
qalıbdı" fikrini qoşur. Bu, həm mətnlərarası
əlaqə kimi də maraqlıdı, həm də təbiətdaş,
vətəndaş şair xarakterini səciyyəsi kimi gözəldi.
Mən istəyirəm bu cümləyə bir
"dünyadaş" sözünü də əlavə eləyim.
Şair yuvanı, kəpənəyi qorumaqdan başlayan (bunu
övladlarına tapşırır) öz fikirlərini
meşə üzərində cəmləşdirir
"meşədə ağac yox kölgələnməyə",
burda da fikir donmur, hərəkət edir, inkişafa yönəliklidir,
sonra vətən başlayır: "Vətən,
gözün aydın, Şuşa alındı" - deyir. Vətənin
qıraqda qalan yerlərindən söhbət aşan şair,
Cənubu Azərbaycandan, onun dil problemindən bəhs edən
misraları ilə yurdumuzun böyük xəritəsini
çəkir. Sonra şair vətəndən - dünyaya, onun
dərdlərinə keçir.
Pisləməsin onu yetən,
Deyilik heç yana gedən,
Üstü vətən, altı vətən,
Sev dünyanı, insan oğlu.
Demək, sən dünyanı sevə bilməsən,
vətəni də sevə bilməzsən. Çünki
dünyanın "altı da, üstü də vətəndir".
Dünya olmasa, vətən olmaz və yaxud əksinə.
Yuvadan, kəpənəkdən başlayan şair
düşüncəsi daim irəli gedir, təfəkkür hərəkətdədir,
daim yenilənir və gəlib belə bir ali məqama
çatır:
Bütün ölkələrin yolları birdi,
Calanır, birləşir yollara yollar.
Hər dilin öz yeri var yer üzündə,
Qohumdu, qardaşdı dillərə dillər.
Bəli, bütün ölkələr, bütün
dillər, bütün yollar birdi, qardaşdı, bəs bu
müharibələr nə üçün? Şairin
sualı haqlı sualdır. Bəlkə elə bu müharibələr
uçurdığumuz yuvalardan və qanadlarını
sındırdığımız kəpənəklərdən,
qırdığımız meşələrdən
başlamışdı? Bəlkə də...
Qəşəm NƏCƏFZADƏ
Şair, AYB Uşaq Ədəbiyyatı şöbəsinin
müdiri
525-ci qəzet .- 2025.- 30 may(№93).- S.14.