Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı
guşəsi” açılıb
XXVII Tbilisi Beynəlxalq Kitab Festivalı çərçivəsində,
mayın 30-da Gürcüstan Milli Kitabxanasında daimi “Azərbaycan
ədəbiyyatı guşəsi”nin
açılışı olub.
Guşə qarşılıqlı razılaşmaya əsasən
Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlığın
inkişafı məqsədilə açılıb.
Tədbirdə Azərbaycanın
Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları,
Gürcüstan Milli Kitabxanasının rəhbəri Konstantin
Qamsaxursiya, Azərbaycan Milli Kitabxanasının direktoru,
professor Kərim Tahirov, Azərbaycan mədəniyyət
nazirinin müşaviri Orxan Fikrətoğlu, ictimaiyyətinin
tanınmış nümayəndələri, ziyalılar,
yazıçılar, eləcə də
soydaşlarımız iştirak ediblər.
Gürcüstan Milli Kitabxanasının rəhbəri
Konstantin Qamsaxurduya çıxışında deyib ki, Azərbaycan-Gürcüstan
mədəni əlaqələri dərin köklərə
malikdir. Bu gün Gürcüstan Milli Kitabxanasında Azərbaycan
Ədəbiyyatı Guşəsinin açılması iki
ölkə arasında dostluğun və mənəvi
bağların gücləndirilməsinə xidmət edəcək.
Səfir Faiq Quliyev çıxışında bildirib
ki, Azərbaycan ilə Gürcüstan arasındakı mədəni
əlaqələrin, elm sahəsində araşdırma aparan
insanlar üçün geniş imkanlar yaradır. Onun sözlərinə
görə, “Azərbaycan ədəbiyyatı guşəsi”
daim yeniləcək və yeni kitablarla zənginləşdiriləcək.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim
Tahirov çıxışında qeyd edib ki, Azərbaycan
Milli Kitabxanasında “Gürcüstan ədəbiyyatı
guşəsi” 2019-cu ildən fəaliyyət göstərir. Bu
kimi təşəbbüslər xalqlarımız arasında mədəni
əlaqələrin daha da möhkəmlənməsinə
öz töhfəsini verir. “Azərbaycan
ədəbiyyatı guşəsi”ndə ölkəmizə
dair 200-dən artıq nəşr nümunəsi təqdim
olunur və guşə davamlı olaraq yeni ədəbiyyatlarla
zənginləşdiriləcək. Son iki il ərzində
xaricdə yaradılan 6-cı daimi “Azərbaycan ədəbiyyatı
guşəsi”dir və bu istiqamətdə işlər davam
etdiriləcək” deyə K.Tahirov əlavə edib.
Tədbirdə Mədəniyyət nazirin
müşaviri Orxan Fikrətoğlu, Gürcüstan dövləti
mükafatı laureatı, şair-tərcüməçi
İmir Məmmədli və başqaları
çıxış edərək Azərbaycan-Gürcüstan
mədəni əlaqələrindən söhbət
açıblar.
525-ci qəzet .- 2025.- 31 may(¹94).- S.11.