Halal sözün
işığında...
Mayın 26-da Şuşa Dövlət Musiqili Dram
Teatrında keçirilən bədii yaradıcılıq gecəsi
mənim yaddaşıma sadəcə bir ədəbi tədbir
kimi deyil, həm də dərin mənəvi təəssüratların
oyandığı mədəni hadisə kimi həkk olundu.
Görüş ziyalı xanım, filologiya elmləri doktoru,
professor, tanınmış şair Mahirə
Nağıqızının yaradıcılığına həsr
olunmuşdu. Bu zəngin təəssüratları oxucularla
bölüşmək qərarına gəldim.
Görüşün ilk anlarından etibarən sanki gənclik
illərimə səyahət etdim. Gözümün
önündə Azərbaycan ədəbiyyatının - Nigar
Rəfibəyli, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə,
Ələviyyə Babayeva kimi tanınmış nurlu qadın
simaları canlandı... Hələ tələbəlik
dövrlərimdə bu tanınmış xanım ədiblərlə
keçirilən yaradıcılıq görüşləri
mənim üçün yalnız poeziya ilə
tanışlıq deyildi, həm də qadın
ziyalılığının, ruhani dərinliyin, sözə
olan sevginin məktəbi idi. Onların hər biri öz zəmanəsinin
bədii söz bələdçisi, sevilən ədibləri
idi və elmi aydınlığı, ədəbi zənginliyi,
insanı heyrətləndirən sadəlikləri ilə biz gənclərin
ruhunda böyük izlər qoymuşdular. Mahirə xanımla
keçirilən ədəbi-bədii görüş məhz
həmin ruhu, o mənəvi səviyyəni mənə yenidən
xatırladıb yaşatdı. Onun simasında bir zamankı
görkəmli şair-yazıçı
qadınlarımızın sözə sadiqliyinin, poeziyaya
bağlılığının yeni zamanda davam edən
unudulmaz şəklini gördüm.
Mahirə xanım bütün tədbir boyu
qonaqları sözün, düşüncənin geniş
dünyasına dəvət etdi. Onun şeirlərinin hər
biri dərin mənalarla, ruhun çağırışı
ilə dolu idi. Poeziya onun üçün yalnız ifadə
vasitəsi deyil, yaşamaq tərzidir. Mən əvvəllər
də Mahirə Nağıqızının Vətən
mövzusunda yazdığı şeirləri oxumuşam, bu
şeirlərdə duyulan vətəndaş yanğısı
sadəcə bədii təsvirlərlə kifayətlənmirdi
- burada qəlbin içindən gələn səmimi bir haray
var. Vətən onun şeirlərində coğrafi sərhədlərlə
deyil, mənəvi ölçülərlə dərk edilən
bir anlayış kimi təqdim olunur. O şeirlərdə
oxucusunu düşündürən, oyadan bir şair qəlbi
dil açıb danışır:
Cənnətdə olsam da, çəkdiyim sitəm,
Balaca kol olub bağrında bitəm.
Dərdimi kimlərə dedim, ay Vətən,
Sənintək halıma yana, görmədim.
Hələ o zaman Mahirə
Nağıqızının vətənpərvərlik ruhunun
nə qədər dərin, nə qədər saf və səmimi
olduğunu bilirdim:
Haraya getsəm də, Vətən, ay Vətən,
Könlümdə ruhunun var, havası var.
Ayrılıqdı bilməm, xiffətdi- bilməm,
Sənsiz hər tərəfdə qar havası var.
Bu misralarda sanki xalqımızın ruhu dilə gəlir.
Sevgi haqqında yazdığı şeirlərdə
isə qadın zərifliyini, duyğu incəliyini, həyatın
sarsıntıları içində qorunub saxlanılan gözəlliyi
dolğun və bədii şəkildə ifadə edir. Bu
şeirlərdə süni pafosdan uzaq, səmimi və bədii
cəhətdən sanballı duyğular canlanır.
Mahirə Nağıqızının poetik
dünyasında xüsusi yer tutan mövzulardan biri də şəhidlərimizin
xatirəsinə yazdığı şeirlərdir. Bu şeirlərdə
o, şəhidliyi bir zirvə, mənəvi yüksəliş,
Vətən uğrunda ölümsüzlük fəlsəfəsi
kimi təqdim edir. Xüsusilə də Xudayar Yusifzadə
haqqında yazdığı şeir hamımızın qəlbinin
ən incə tellərinə toxunur. Mahirə xanımın səsi
ilə səslənən bu misralarda təkcə şəhidin
obrazı deyil, ana fəryadı, torpaq sevgisi, xalqın
yaddaşı birləşir. Bu şeirlərdə
Xudayarın və onun simasında müqəddəs şəhidlərimizin
qəhrəmanlığı, gəncliyi, təbəssümü,
səsi və öz xalqına olan sevgisi əbədiləşir.
Belə anlarda anlayırsan ki, bu poeziya yalnız sənət
üçün deyil - xalqın ağrısını
daşımaq və tarixi unutdurmamaq üçündür.
Mahirə Nağıqızının şəhidlərə
həsr etdiyi şeirlər həm ədəbiyyat, həm də
milli-mənəvi yaddaş üçün əvəzolunmaz
bir dəyərə çevrilir.
Mahirə Nağıqızının ana mövzusuna həsr
etdiyi şeirlərində poetik güc, təkcə sözlərin
ahəngində deyil, analıq məfhumunun xalq
yaddaşındakı müqəddəsliyini bədii dillə
əbədiləşdirmək bacarığındadır. Bu
şeirlər də məni xüsusilə kövrəldir, mərhum
anamı yadıma salır... Mahirə
Nağıqızının anası Türkiyədə cərrahi
əməliyyatda olarkən yazdığı "Tələsmə,
həkim" şeiri bütün mətn boyu təkrarlanan
daxili bir yalvarış kimi həm də hamımızın
müqəddəs varlığı olan analara toxunmamaq istəyinin
səsini daşıyır. Mahirə xanım həkimi tələsməməyə
çağırmaqla, əslində zamana, dünyaya, hətta
ölümlə bağlı olan dəyişməz bir həqiqətə
qarşı çıxır:
O yüyürüb, o qaçıb,
Körpəsi ağlamasın.
Asta-asta yeriyib,
Balası oyanmasın.
O ayaqlar quş kimi
Çöldən dən gətiribdi.
Ürəyinin odunu
Bizlərə yetiribdi.
Bir az əl saxla, həkim!
Mən elə bilirəm ki,
Analar belə olur.
Bir az çiyni qısılmış,
Bir az beli bükülmüş,
Saçına qar tökülmüş.
Ağrıyan ayaqları,
Qırışan barmaqları,
Onun əzəmətini
Dəyanət, qeyrətini,
Daha da çox artırır.
Dəymə mənim anama,
Bir an əl saxla, həkim!
Onun misralarındakı "Dəymə mənim
anama" çağırışı, əslində,
bütün oxucuların çağırışına
çevrilir: dəyərlərimizə, analarımıza,
torpağımıza, kökümüzə ehtiramla
yanaşaq! Bu ehtiramı poeziyada bu qədər yüksək və
zərif formada ifadə edə bilmək isə şair Mahirə
Nağıqızının bədii məharəti ilə
mümkün olub.
Mahirə Nağıqızının poetik
dünyası ilə elmi dünyası arasında heç bir
ziddiyyət yoxdur - əksinə, bu iki sahə bir-birini
tamamlayır, bir-birinə dayaq olur. O, sözlə
düşünür, elmlə danışır, poeziya ilə
öz yaradıcı ruhunu ifadə edir. Bütün
çıxışlarında, təqdim etdiyi fikirlərdə,
auditoriya ilə dialoqunda insani istilik, doğmalıq hiss olunur.
Mahirə xanım öz auditoriyasına yuxarıdan baxmır,
sözünü təkəbbürlə deyil, halallıqla, sədaqətlə
söyləyir. Alim kimi intellekti, şair kimi ruhu, insan kimi səmimiyyəti
bu ədəbi görüşün ruhunu formalaşdıran əsas
cəhətləridi.
Mahirə xanım həm də ailə dəyərlərinin
daşıyıcısıdır. O, həm öz
övladlarının, həm də onu tanıyanların, tələbələrinin,
dostlarının, oxucularının mənəvi
anasıdır. Onun ana obrazı savadla, zəka ilə, əxlaqla,
mərifətlə yoğrulmuş bir varlıq kimi
formalaşıb. Belə bir ziyalı ana yalnız öz ailəsinə
yox, bütöv bir cəmiyyətə xeyirli övlad
yetişdirə bilər. Vətənə layiqli övladlar da
məhz bu cür anaların tərbiyəsindən keçir.
Tədbirin sonunda Mahirə
Nağıqızının səsləndirdiyi cümlə məni
dərindən təsirləndirdi.O dedi: "Tədbirə gəldiyiniz
üçün sizlərə çox minnətdaram, əziz
qonaqlar, dəyərli vaxtınızı sərf etdiyiniz üçün
haqqınızı halal edin". Bu sadə, lakin dərin məna
daşıyan cümlə Mahirə xanımın necə bir
ailədə böyüdüyünün, hansı mənəvi
təməllər üzərində
formalaşdığının canlı sübutudur,
halallıq istəyinin, vicdanla yaşamasının təzahürüdür.
Bu halallıq Mahirə xanımın təkcə şəxsiyyətində
deyil, onun ailəsində də bir ənənə kimi qorunur.
Bir vaxtlar Mahirə xanımın qardaşı Məhəmmədlə
birgə işləmişik. Onunla əməkdaşlığımız
boyunca Məhəmməddə də bu halallığı, bu
vicdanlı yanaşmanı daim hiss etmişəm. Bu insanlar elə
bir ailənin övladlarıdır ki, orada halal süfrə
arxasında oturub halal çörəklə
böyüyüblər. Onların ailəsində halallıq əsas
həyat prinsiplərindən olub. Bu ənənə bu gün
də Mahirə xanımın simasında davam edir.
Tədbirin gedişatında yadıma xeyli illər əvvəl
Şuşa Dövlət Musiqili Dram Teatrının
yaradıcı heyətinin oynadığı "Güllələnmiş
heykəllərin fəryadı" adlı pyesim
düşdü. O zamanlar Qarabağ torpağı mənfur
düşmənin tapdağı altında idi. O zaman səhnədə
şəhid heykəllərin fəryadı səslənirdi.
İndi isə səhnədə sülh danışır, zəfər
haqqında şeirlər səslənir, poeziya gülümsəyirdi.
Ürəyimdən keçdi ki, "Güllələnmiş
heykəllərin təbəssümü" adlı yeni bir
pyes yazsam, indi Şuşa Dövlət Musiqili Dram
Teatrının səhnəsinə çox yaraşar. Bu dəfə
heykəllərimiz milli qürurun, dirçəlişimizin, qayıdışımızın
təbəssümü ilə tamaşaçı
qarşısında canlanar, zəfərimizi salamlayar! Elə
Mahirə Nağıqızının məşhur "Salam
olsun" şeirindəki kimi:
Ey tarixi sətir-sətir yaradanlar,
Nə şanlısız, şanınıza salam olsun!
Qalacaqdır bu tarixdə var olanlar,
Silinməz ad-sanınıza salam olsun!
Ələm idi, qüssə idi hər
çağımız,
Otuz ildən sonra güldü növrağımız.
Dalğalandı Şuşada al bayrağımız,
Qurban olum,hamınıza salam olsun!
Görüşdən ayrılarkən qəlbimdə
dərin məmnunluq vardı. Bu, sözün, ədəbiyyatın,
insanlığın, halallığın görüşü
idi. Mahirə Nağıqızının timsalında biz həm
böyük alim, həm istedadlı şair, həm də fədakar
ana obrazının, eləcə də bir insanın necə
bütöv və nümunəvi şəkildə yaşaya
biləcəyinin canlı sübutunun bir daha şahidi olduq.
Hüseynbala MİRƏLƏMOV
yazıçı-publisist
525-ci qəzet .- 2025.- 30 may(№93).- S.13.