İş ki belə
düşdü...
"Niyazilik" silsiləsindən
Maestro yaradıcılıq tədbirlərinə, məsələn,
Bəstəkarlar İttifaqında, konservatoriyada keçirilən
yığıncaqlara dəvət alanda, ilk növbədə
tədbirin proqramı, məramı, reqlamenti ilə
maraqlanır, yalnız bundan sonra gedib-getməyəcəyi barədə
qəti qərar verirdi. Sadəcə gözə kül
üfürməyə, görk yaratmağa yönəli
yığıncaqlarla, tutuquşu kimi hamının eyni
sözü təkrarladığı tədbirlərlə
arası yox idi. Belə yerlərdə özünü
rahatsız hiss edir, darıxır, nəfəsi daralır,
çox vaxt qalxıb yavaşca məclisi tərk edirdi. Onunku
problem xarakterli müzakirələr, müxtəlif fikirlərin
toqquşduğu, sonda hansısa vacib bir məsələ ətrafında
ortaq məxrəcə gətirən yaradıcı bəhsləşmələr
idi. Belə tədbirlərə həvəslə gedir, ilk
sırada əyləşir, yeri gələndə replikalarla
söhbətə müdaxilə edir, lazım gəlsə,
söz alıb danışırdı.
Üç gün bundan əvvəl Bəstəkarlar
İttifaqından zəng vurub, onu elmi konfrans tipli tədbirə
dəvət edəndə də dərhal proqramla maraqlandı.
Elə həmin gün proqramı Filarmoniyaya - onun işlədiyi
yerə göndərdilər. Xalq musiqisinin peşəkar musiqi
ilə qarşılıqlı əlaqələrinə həsr
olunmuş tədbir idi. Maestro konfransın məhz belə həssas
mövzuya həsr olunmasına sevindi və qərara aldı
ki, mütləq iştirak etməlidir.
Musiqi foıkloru ilə dialoq, onu peşəkar musiqinin
ayrı-ayrı janrlarında yazılan əsərlərdə
inkişaf etdirmək problemi Azərbaycan bəstəkarlarının
bütöv bir nəslinin, lap elə bir bəstəkar kimi
onun özünün də sənət taleyində,
yaradıcılığında dönüş nöqtəsi
olsa da, bu məsələyə yanaşmalar birmənalı
deyildi. Bəzı ağzıgöyçəklər
orda-burda ağızlarını yastı qoyub bunu xalq musiqisindən
sui-istifadə, oğurluq kimi qələmə verir,
"xalis" musiqi yazmağın vacibliyindən dəm
vururdular. Əslində isə bu, Üzeyir bəyin vəsiyyətlərinə
arxa çevirmək, ümumiyyətlə, Üzeyir məktəbinin
bünövrəsini baltalamaq kimi bir şey idi. Əmisi kimi o
da yaxşı başa düşürdü ki, xalq musiqisini
yaşatmağın, onun, necə deyərlər, boynu
uzatmağın, dünya orbitinə çıxarmağın ən
kəsə yolu bu xəzinəni müasir musiqi növlərinə,
janrlarına sintez etməkdən keçir. Necə ki,
Üzeyir bəyin özü, Qara, Fikrət, Arif, Soltan və
digər bəstəkarlar yazdıqları əsərlərlə
bunu uğurla nümayiş etdirmişdilər. O, bir şeyin əleyhinə
idi - xalq musiqisi incilərini - qədim rəqsləri, təsnifləri,
muğam hissələrini olduğu kimi nota salıb öz
adına çıxmağın, öz əsəri kimi qələmə
verməyin. İllah da ki, o melodiyalar nisbətən
unudulmuş, yaddan çıxmış ola. Xalq musiqisindən
sui-istifadə etmək bu idi.
Təxminən 5 il əvvəl bəstəkarlardan biri
üstünə iri hərflərlə öz adı və
soyadı yazılmış partituranı gətirib, şəstlə
onun stolunun üstünə qoymuşdu ki, "Vətən
torpağı" adlı təzə rəqs suitası
yazmışam. Maestro partituranı vərəqləyib, son səhifəni
çevirəndən sonra həmin bəstəkarın düz
gözlərinin içinə demişdi: "Əzizim, bu,
hardan sənin əsərin oldu ki? Bu, qədim rəqs
havalarımızdan biridir. İstəyirsən, lap
adını da deyim".
Bəstəkar qulaqlarının dibinə qədər
qızarıb karıxmış halda, səsi əsə-əsə
"Maestro, mən onun üzərində işləmişəm,
əyər-əskikliyini düzəldib, mövzunu inkişaf
etdirmişəm, zənginləşdirmişəm" - deyəndə
maestro partituranı onun üstünə atmaqdan
özünü zorla saxlayaraq, baltanı lap dibindən
vurmuşdu: "Əvvəla, xalqın yaratdığı əsərdə
əyər-əskiklik olmur. O ki qaldı sənin zəhmətinə,
yazıçılar demişkən, bir-iki
"dır"-"dür"ü
"mış"-"müş"lə əvəz etmək
yaradıcılıq deyil, plagiatlıqdır". Sonra
partituranı bəstəkarın qoltuğuna verib
qapını göstərmişdi. Kabinetin ortasında donub
qalmış bəstəkar maestronun yaralı yerini bildiyindən
getməzdən əvvəl onu incə bir üsulla sancmaq
şansına göz yummamışdı: "Elə buna
görədir yan-yörəmizdəkilər
başımıza fırlana-fırlana musiqimizə sahib
çıxırlar da". Maestronun "Onlar yadlardır, it
kimi əldən qapırlar. Sən isə ailənin öz xəzinəsindən
çırpışdırırsan. Səncə, kimin
günahı daha büyükdür?" - sözlərindən
sonra daha heç nə deməmiş, dabanı üstə
çevirilib otaqdan çıxmışdı.
Onun "yan-yörəmizdəkilər" dediyi
qonşularımızın xalq musiqimizə olan təcavüzü
doğrudan da maestronun yaralı, ağrılı yeri idi. Hələ
gənc yaşlarından əvvəlcədən planlı
şəkildə qurulmuş bu təcavüzün
ayrı-ayrı epizodlarına dəfələrlə
şahidlik etmiş, həmişə də səsini
qaldırmış, öz kəskin sözünü
demişdi. Əvvəllər bu təcavüz paxıllıq, qısqanclıq
hisslərindən qaynaqlanırdısa, sonralar göz görəsi,
mənimsəmə, oğurluq xarakteri almağa başladı.
1948-ci ildə Fikrət ilk simfonik muğamlarını yazandan
sonra başlayan antimuğam kampaniyası bəlkə də
muğamın simfonik musiqi dilində bütün dünyaya zəfər
yürüyüşündən yaranan
qısqanclığın, paxıllığın ifadəsiydi
və o vaxt həm müəllifin, həm də bir dirijor kimi özünün
başı buna görə xeyli ağrımışdı.
Amma paxıllıq, qısqanclıq göz görəsi
oğurluqdan daha "humanist" cinayət imiş. Tədricən
xalq mahnılarımız, rəqs melodiyalarımız, diringələrimiz erməni bəstəkarlarının
əsərlərinə proyeksiya olunmağa, Azərbaycan musiqi
folkloru erməni musiqi irsi kimi təbliğ edilməyə
başladı. Və maestro başa düşdü ki, bir
vaxtlar erməni musiqiçilərini tara, kamançaya,
balabana, tütəyə bu qədər yaxın buraxmaqda necə
böyük səhv ediblər.
Bundan sonra baş dirijoru olduğu Dövlət Simfonik
Orkestrinin erməni əsilli üzvlərinə də başqa
gözlə baxmağa başladı. Onların süni təbəssümləri,
gülüşləri arxasındaki zəhərli
ilan-çayırların kölgəsini yaxından
gördü. 1959-cu ildə Moskvada keçiriləcək Azərbaycan
İncəsənəti ongünlüyü ərəfəsində
maestro fikirləşdi ki, rəhbərlik etdiyi kollektivi bu zəhərdən
sığortalamaq üçün əməli işə
keçməyin məqamıdır. Yığıncaq
çağırıb açıq-aşkar elan elədi:
"Orkestrin erməni millətindən olan üzvləri
Moskvaya getməyəcəklər. Çünki bu, Azərbaycan
Respublikasının incəsənəti
ongünlüyüdür, Ermənistanın yox". Bundan
sonra nəinki Bakı erməniləri, hətta onların Ermənistandaki
havadarları, başbilənləri də bir müddət
tarı, kamançanı, balabanı rahat buraxıb
düşdülər maestronun üstünə.
Bakının yuxarı sovet və partiya orqanlarına, Moskvaya
"qatı millətçi", "xalqlar dostluğunun
amansız düşməni", "Hitlerdən də qatı
şovinist, despot" Niyazinin qanunsuz əməlləri barədə
yazılan məktubların ardı-arası kəsilmədi. Hətta
bu məsələni araşdırmaq üçün sonralar
Moskvadan xüsusi komissiya da gəldi. Maestro isə
ayağını bir addım da geri atmadı və elə
Moskvanın təşəbbüsü ilə onu Azərbaycandan
Kirov adına Leninqrad Opera və Balet teatrının yeni
baş dirijoru kimi "mədəni" şəkildə
Leninqrada "sürgün" etdilər.
Bunları xatırlayan maestro acı-acı
gülümsəyərək proqramı qatlayıb cibinə
qoymaq istəyəndə qəfildən nəzərləri məruzəçilərin
siyahısında yad bir familiyanın üstündə
ilişib qaldı. Erməni musiqişünası idi, erməni
muğamlarının metro-ritmik xüsusiyyətləri barədə
məruzə edəcəkdi.
Ustadı elə bir ildırım vurdu, içindən
soyuq bir gizilti keçdi və başa düşdü ki, ən
böyük "zıppıltı" hələ
qabaqdadır.
lll
...Məruzələr, çıxışlar
bir-birini əvəz etdikcə konservatoriyanın
aspirantları, gənc musiqişünaslar tərəfindən
maraqlı fikirlər səslənsə də, səbri getdikcə
daralan maestronun içində hadisələrin sonrakı
gedişi sarıdan qəribə bir nigarançılıq
vardı. Ürəyinə danmışdı ki, bu gün bu
geniş salonda əvvəlcədən
proqnozlaşdırılmayan nə isə bir hadisə olacaq,
emosiyalar vulkan kimi püskürəcək. Gah əlindəki
proqramı Allah bilir neçənci dəfə vərəqləyir,
gah pəncərədən çölə baxır, gah da nəzərlərini
kürsüyə yönəldib, diqqətini məruzəçilərin
sözləri, fikirləri üzərində cəmləşdirməyə
çalışırdı. Əyləşdiyi yerdən
çıxış edənlərin üzü, gözləri
yaxşı görünürdü və bu, maestronun ürəyindən
idi - erməni musiqişünas çıxış edəndə
düz onun gözlərinin içinə baxmaq istəyirdi.
Nəhayət, gözlədiyi məqam yetişdi və
orta yaşlı erməni xanım kürsünün
arxasına keçib, təbəssümlə salona nəzər
saldı, baxışları lap qabaq sırada əyləşmiş
maestronun qartal baxışları ilə toqquşanda xanım
musiqişinas nəyə görəsə diksinən kimi oldu,
bir az karıxdı. Amma tez də özünü düzəldib,
təbii ki, rus dilində düdüləməyə
başladı.
- Hörmətli konfrans iştirakçıları!
Zaqafqaziyanın qədim xalqlarından biri kimi erməni
xalqının da qədim muğam sənəti var... - və
sonra Üzeyr bəyin "Azərbaycan xalq musiqisinin əsasları"
adlı fundamental əsərində özəlliklərini, lad
sistemlərini bütün parametrlərdə geniş təhlil
etdiyi Azərbaycan muğamlarının adlarını eybəcər
şəkildə erməniləşdirərək, onları
erməni xalq musiqisinin nümunələri kimi guya şərh
etməyə başladı.
Zaldan qəfil əsən zəif küləyin
ağac budaqlarını yelləyərək
çıxardığı səsi yada salan bir hənir
dalğası keçdi. Amma bu hənirti maestronun içində
baş qaldırmış fırtınanın, gözlərində
çaxan şimşəyin yanında heç nə idi.
Musiqişünas isə öz işində idi. Erməni
tarçalanı Soqomon Seyranovun, kamançaçı Nefton
Qriqoryanın erməni muğamlarının inkişafı, təkmilləşdirilməsi
sahəsindəki xidmətlərindən
danışırdı.
"Lənət sənə kor şeytan", - maestro
öz-özünə dedi. - "Bu danışır, biz də
qulaq asırıq. Bura bunun üçünmü
yığışmışıq? Bu dərəcədə
də miskinlik olar?"
Və anladı ki, elə bu dəqiqə
danışmasa, müdaxilə etməsə, bu zaldan evə
hörmətlə onun adına yaraşdırılmış
"maestro" kimi yox, bu hörməti, imici kürsüdəki
natiqin ayaqları altında dəfn edən yazıq bir adam kimi
dönəcək.
- Bircə dəqiqə, xanım. Xahiş edirəm,
ara verin...
Məruzəçi dayanıb, səs gələn tərəfə
nəzər saldı. Yenə də nəzərləri
toqquşdu. Amma bu dəfə xanım alışıb yanan o
gözlərin təzyiqinə heç üçcə saniyə
də tab gətirmədi. Nəzərlərini dərhal
yayındırıb, qarşısındakı kağızlara
baxmağa başladı.
- Siz məgər bilmirsiniz ki, dediyiniz Sagomon Seyranov da,
Nefton Qriqoryan da muğamları burada, Bakıda Azərbaycan
tarçılarından, kamança ustalarından öyrəniblər
və çaldıqları da elə Azərbaycan
muğamlarıdır? Bu erməni muğamları dediyiniz
şey hardan çıxdı?
Xanım musiqişünas yalandan bir müddət
boğazını arıtladı - çox güman ki, nəsə
ağlabatan bir cavab vermək üçün vaxt qazanmaq istəyirdi.
Sonra eynəyini çıxarıb sildi və üzünü
sual verən Niyaziyə yox, salona tutaraq dedi:
- Erməni xalqının çalğı alətlər
arasında tar da, kamança da, hələ desəniz, balaban
da aparıcı yer tutur. Bu alətlər sonralar başqa xalqlar arasında da yayılıb.
- Əksini desək, daha
düzgün olar. Sizinkilərin çaldığı bizim,
Sadıqcanın təkmilləşdirdiyi Azərbaycan
tarıdır. Bu, birincisi. - Maestro ucadan, amma təmkinlə
danışırdı. - İkincisi, məgər sizin
çalğıçıların ifa etdikləri elə
bizim Qurban Pirimovun, Bəhrəm Mansurovun, Hacı Məmmədovun,
Əhsən Dadaşovun çaldıqları muğamlar deyil?
Bəli, bilirik ki, fars, hind, özbək, tacik, İraq muğamları
da var. Amma erməni muğamı yoxdur axı.
Məruzəçi qızarıb
pörtmüştü. Görünür, hadisələrin
belə məcraya yönələ biləcəyi
ağlına gəlməmişdi.
- Hind, özbək, fars, ərəb muğamları
varsa, niyə erməni muğamları olmasın ki? -
xanımın səsi elə bil dərin quyunun dibindən gəlirdi.
Salondan gülüş dalğası keçdi və
maestro da özünü saxlaya bilməyib gülə-gülə
dedi:
- Sözünüzdən belə çıxır ki,
dünyada yaxşı nə varsa, ondan mütləq sizdə də
olub, yaxud olmalıdır? - Sonra gülüşünə ara
verib qəti səslə əlavə elədi - Sizin məruzənizin
adı belə olmalı idi: "Erməni musiqiçilərinin
ifasında Azərbaycan muğamlarının xüsusiyyətləri".
Qadın özünü itirmişdi və dediklərinin ağlı
çaşan adamın hədərən-pədərən
danışığına bənzədiyinin fərqinə
varmırdı.
- Muğam bəşəri sənətdir. Heç kimin
onu özəlləşdirməyə ixtiyarı yoxdur.
Niyazi səbrini cilovlaya bilmədi.
- Özəlləşdirən biz deyilik, sizsiniz.
Çıxıb burada ağlınıza nə gəldi
danışırsınız. Bəli, muğam bəşəridir.
Amma hər xalq öz ruhuna, istedadına, ürəyinin səsinə
uyğun olaraq onun öz milli variantını yaradır.
İkincisi, muğam melodiyalarının yaranıb
formalaşmasında əruz vəzninin mühüm rolu olub.
Deyin görüm, erməni poeziyasında əruz vəznində
yazılmış bircə sətir varmı? Yoxdur. Elə isə
niyə demirsiniz ki, muğam sənəti sizə hansı
yolla, kimin vasitəsi ilə çatıb?
Xanım təbii ki, cavab vermədi, çünki
Bakiya bu sualın cavabını vermək üçün yox,
başqa missiya ilə gəlmişdi. Özünü
toparlayıb yenə də nə isə demək istədi. Amma
zalda ab-havanın bu cür kəskin dəyişməsindən
sonra danışmağın mənasız olduğunu
anlayıb qarşısındakı kağızları
yığışdırdı və öz dilində nə
isə mızıldaya-mızıldaya kürsünü tərk
etd
Zalın havası ağırlaşmışdı.
Kimsə qalxıb küçəyə baxan pəncərələrdən
birini taybatay açdı və elə o andaca maestronun
"Rast" simfonik
muğamının yaxınlıqdakı evlərin birindən
küçəyə yayılan möhtəşəm sədaları
sərin yaz mehi kimi zala doldu...
Maestronun ruhu sanki bədənindən ayrılıb
neçə il əvvəl böyük simfonik orkestrlə o
ifa yazılan studiyaya tərəf uçdu...
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2025.- 30 may(¹93).- S.12;13.