Heydər Əliyev
irsində mədəniyyətin yeri
Ulu öndər Heydər Əliyev Azərbaycan tarixində
misilsiz xidmətləri olan böyük dövlət xadimi, əsl
xalq lideridir. O, ölkəyə rəhbərlik etdiyi dövrlərdə
yalnız iqtisadi və siyasi inkişafa deyil, milli mədəniyyətin
tərəqqisinə də nail olmuş, müasir müstəqi
dövlətimizin qurucusu kimi bu sahəni daim diqqət mərkəzində
saxlamışdır. Mədəniyyəti milli ruh və tarixi
yaddaşla sıx bağlılıqda görən Ulu öndər
bu iki amilin xalqın mövcudluğu üçün çox
vacib olduğunu qeyd edirdi. Buna görə də həm klassik,
həm də müasir mədəniyyətin müxtəlif sahələrinin
inkişafına paralel şəkildə yanaşırdı.
Ümummilli lider Heydər Əliyevin mədəniyyət
siyasətinin əsas məğzi milli-mənəvi dəyərlərin
qorunması və inkişaf etdirilməsi idi. Onun rəhbərliyi
ilə mədəniyyət sahəsində irimiqyaslı
islahatlar aparılıb, incəsənət, teatr, musiqi, kino və
ədəbiyyat sahələrinə yeni nəfəs verilib. Mədəniyyət
müəssisələrinin fəaliyyətinə hərtərəfli
yardım və dəstək götərilməsi, sənət
adamlarının sosial müdafiəsinin gücləndirilməsi,
onlara mükafatların, fəxri adların verilməsi Ulu
öndərin dövlətçilik strategiyasının
ayrılmaz hissəsi idi.
Sovet dövründə, 1969-cu ildə Azərbaycan
SSR-in rəhbərliyinə gələn Heydər Əliyev
qısa zamanda respublikanın mədəni həyatında
dönüş yaratdı. Onun təşəbbüsü ilə
teatr binaları tikildi, mövcud mədəniyyət
ocaqları yenidən quruldu, muzeylər, kitabxanalar genişləndirildi.
Akademik Milli Dram Teatrı, Opera və Balet Teatrı, Rus Dram
Teatrı və digərləri bu dövrdə canlanma
dövrünü yaşadı.
O illərdə Sovet İttifaqında milli mədəniyyətin
inkişafı ilə məşğul olmaq bəzən təhlükəli
hesab olunsa da, Heydər Əliyev bu riskləri gözə alaraq
Azərbaycanın mədəni özünüdərkini
önə çəkdi. Onun atdığı addımlar sayəsində
milli ruh gücləndi, milli dəyərlər ideoloji
mübarizənin əsas dayaqlarından birinə çevrildi.
Məhz bu ideoloji zəmin sonrakı illərdə, 1990-cı
illərin əvvəllərində Azərbaycanın müstəqillik
mübarizəsinə ruh verdi.
Heydər Əliyevin yaratdığı siyasi və mənəvi
əsaslar 2020-ci ildə xalqımızın öz
torpaqlarını işğaldan azad etdiyi 44 günlük Vətən
müharibəsində də özünü göstərdi.
Azərbaycan xalqının birliyi, mənəvi gücü və
milli həmrəyliyi məhz həmin təməl üzərində
qurulmuşdu. Ulu öndərin böyük uzaqgörənliklə
qurduğu milli ideoloji sistem Azərbaycanın ərazi
bütövlüyünün, dövlət suverenliyinin tam bərpasında
mühüm rol oynadı.
1969-1982-ci illər Heydər Əliyevin birinci rəhbərlik
dövrü kimi, Azərbaycanın gələcək müstəqilliyinə
aparan yolun başlanğıcı oldu. O illərdə iqtisadi
canlanma ilə yanaşı, milli-mədəni dirçəliş
baş verdi. Milli ruhun və özünüdərkin güclənməsi
xalqın içində illərlə boğulan milli dövlətçilik
ideyasını yenidən oyatdı.
Heydər Əliyev yolu bizləri geniş üfüqlərə
doğru aparır. Müstəqillik dövründə,
xüsusilə də, Ulu öndərin 1993-cü ildə Azərbaycanda
ikinci dəfə siyasi hakimiyyətə
qayıdışından sonra mədəniyyət sahəsində
yeni mərhələ başlandı. Onun imzaladığı
fərman və sərəncamlar, həyata keçirdiyi
ardıcıl siyasət nəticəsində mədəniyyətin
bütün sahələrində dirçəliş
müşahidə olundu. Tarixi-mədəni abidələr bərpa
edildi, mədəniyyət mərkəzləri tikildi, sənət
adamlarına xüsusi diqqət və qayğı göstərildi.
Heydər Əliyev kino sənətini xalqın
yaddaşını formalaşdıran əsas vasitələrdən
biri kimi görürdü. "Nəsimi", "Nizami",
"Babək", "Dədə Qorqud", "Qaçaq Nəbi",
"İstintaq" kimi filmlər onun təşəbbüsü
ilə çəkildi və milli kimliyin təbliğində
mühüm rol oynadı. Xüsusilə, "İstintaq"
filminə SSRİ Dövlət mükafatının verilməsi
Heydər Əliyevin mədəniyyət sahəsindəki
nüfuzunun təzahürü idi.
Ulu öndərin sənətə münasibəti təkcə
paytaxtla məhdudlaşmırdı. O, bölgələrdə
keçirilən mədəniyyət tədbirlərində,
yubileylərdə, sənətkarların həyat və
yaradıcılığına verilən dəyər vasitəsilə
bu sahəyə nə qədər önəm verdiyini sübut
edirdi.
Heydər Əliyevin milli musiqiyə, poeziyaya və sənətə
sevgisi, sözün əsl mənasında, ilhamverici idi. O,
Müslüm Maqomayevin "Azərbaycan"
mahnısını dinləyəndə demişdi: "Bu
mahnı məni həyəcanlandırır. Çünki bu
mahnıda deyilir ki, Azərbaycan həqiqətən mənim həyatımın
mənasıdır". Bu sözlər onun Vətənə,
xalqına və mədəniyyətinə olan sonsuz sevgisinin
nümunəsidir.
Məhəmməd Füzulinin 500, İmadəddin Nəsiminin
600, "Kitabi-Dədə Qorqud"un 1300 illiyi kimi möhtəşəm
yubileylərin beynəlxalq səviyyədə keçirilməsi,
klassik və çağdaş sənətkarların irsinin təbliği,
onların adlarının əbədiləşdirilməsi -
bütün bunlar Heydər Əliyev mədəniyyət
strategiyasının parlaq göstəriciləridir.
Bu gün də həmin ənənə uğurla davam
etdirilir. Mədəniyyətin beynəlxalq miqyasda
tanıdılması, tarixi abidələrin qorunması, UNESCO
çərçivəsində həyata keçirilən təşəbbüslər,
eləcə də dünyanın tanınmış sənətçilərinin
ölkəmizə dəvəti - bütün bunlar Heydər
Əliyevin müəyyən etdiyi mədəni diplomatiya
kursunun davamıdır.
Ən əlamətdar məqamlardan biri də budur: bu
irs bu gün də yaşadılır. Ulu öndərin
adını daşıyan Heydər Əliyev Fondu tərəfindən
həyata keçirilən çoxsaylı layihələr, mədəniyyətimizin
dünya miqyasında təbliği, yaradıcı mühitə
göstərilən dəstək bu siyasətin canlı
sübutudur.
Heydər Əliyevin tarixi xidmətləri təkcə
öz dövrü üçün deyil, gələcək nəsillər
üçün də əsl örnəkdir. O, Azərbaycan mədəniyyətini
qaranlıqdan işığa çıxardı, mənəvi
torpaqlarımıza nur saçdı. Bu işıqlı yol -
Heydər Əliyev yolu - bizi daha böyük üfüqlərə,
daha mədəni, daha mənəvi bir gələcəyə
aparır.
Mahir SƏLİMOV
ADPU-nun Ağcabədi filialının direktor
müavini, fəlsəfə üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet .- 2025.- 30 may(№93).- S.11.