Qazax
yazıçıdan "Gözlədiyimiz xoşbəxtlik"
Qazax ədəbiyyatının tanınmış
siması, dövlət xadimi, diplomat Malik Otarbayevin
"Gözlədiyimiz xoşbəxtlik" kitabı
2024-cü ildə Türk Mədəniyyəti və İrsi
Fondunun dəstəyi çərçivəsində gənc
türkoloq Məleykə Mirzəli tərəfindən Azərbaycan
dilinə tərcümə edilib. Məsləhətçisi
şair-publisist Əkbər Qoşalı, redaktorları isə
şair İntiqam Yaşar və Fərid Hüseyn olan bu kitab
sayəsində yazarın təsirli qələmi və dərin,
fəlsəfi nəsri ilə tanış oluruq.
Əllidən çox esse və hekayənin dərc
olunduğu bu kitabda müəllifin məramı və məqsədi
aydın hiss olunmaqdadır. Türk xalqları, türk
xalqlarının tarixi, məişəti, ailə
bağları, adət-ənənələri və sair
mövzular, demək olar ki, hər hekayədə öz təsirini
göstərir. Kitabın ön sözünün müəllifi,
layihə rəhbəri Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovanın da qeyd
etdiyi kimi, müəllif bu hekayələrdə daim
"Xoşbəxtlik nədir?" və "Xoşbəxtlik
haradadır?" suallarına cavab axtarır.
Bu kitabda yazıçının "Təsəlli
ulduzu" hekayəsi ilə yola çıxırıq. Burada
işdən çıxarılan atanın parlaq ulduzla təsəlli
tapması, əsla ümidsizliyə düçar olmayan ailə,
hər vəziyyətdə şükür etməyi bacaran və
səbrinin qarşılığını alan insanların
xoşbəxtliyi əks olunur. "İt və pişik"
hekayəsində isə "Qurani-Kərim"dən bir hədis
əsasında uşaqlarda heyvanlara qarşı yaxşı
münasibətin aşılanması, "Mübahisədən
doğan məsləhət" essesində ağsaqqal məsləhəti,
tənqid edilən fikrə eyni zamanda hörmət edilməyin
vacibliyi və başqa məsələlər, "Heç
kimə demə" essesində səhrada bir gəncə su ilə
yardım edən bədəviyə qarşı onun
satqınlıq edib qaçmaq istəməsi və bədəvinin
bir sözü ilə gəncin dərs çıxarması, tərbiyə
alması kimi üst-üstə düşən hadisələr,
eləcə də digər ibrətamiz məsələlər
əks olunub. Bunların hər birində və o cümlədən,
"Həyat nədir?" hekayəsində həyatın nə
olduğunu, mənasının nədə gizləndiyini
axtaran müəllif bu qərara gəlir ki, həyat anlardan
ibarətdir. Bəzən xoşbəxt olduğumuz, bəzən
məyus olduğumuz anlardan... Həqiqətən də, həyat
gəlib keçdiyinin fərqinə belə
varmadığımız bir anda gizlidir, məhz o andadır.
Yazarın maraq doğuran hekayələrindən olan
"Dünya gözəli"ndə o, gələcəklə
bağlı üç qorxusundan danışır: layla oxuya
bilməyən gəlinlərin, nəvələrinə
nağıl danışa bilməyən nənələrin və
adət-ənənəyə hörmət etməyən nəslin
mövcud olmasından söz açır.
Göstərilən hekayə və esse nümunələrindən
də göründüyü kimi, müəllif hekayələrində
xoşbəxtliyin axtarışındadır. Bununla bərabər,
xoşbəxtliyin xoş münasibətdə, bəzi
keçmiş adət-ənənələrdə, isti,
mehriban ailədə, əsl dostluqda, səmimi söhbətdə
və sairdə olduğunu da aşılayır.
Müəllifin bir-birindən maraqlı esse və hekayələri
olduqca axıcı və həyəcanlı süjet xəttinə
malikdir. Biz yalnız bir neçəsini yuxarıda qısa
şərh etdik. Lakin bu məqamda istəyirik, Malik Otarbayevin
"Son odun" hekayəsi üzərində dayanaq. Bu hekayə
türk adət-ənənələrini bir neçə
yöndə əks etdirir. Burada Qazaxıstanda təhsil alan Həsənin
yoldaşlarının onun Ankaradakı evinə qonaq gəlməsi
əks olunur. Həsənin anası onları qazax adət-ənənələrindəki
kimi qarşılayır, qazan asır, samovar qaynadır.
Onların çox maraqlı söhbətləri olur. Müəllif
türk sözlərindən türk xalqlarından,
türkün dini inancından, dilindən və sairdən bəhs
edən mövzuları həmin söhbətlər içərisində
ustalıqla həll edir. Məsələn, qonaqlar Döndü
anadan adının mənasını soruşanda Döndü
ana belə izah edir: ona bu ad qoyulub ki, ondan sonra oğul olsun, yəni
qız geriyə dönsün, oğlan gəlsin.
Qazaxıstandan gələn qonaqlar da onlarda bu adətin
olduğunu və belə
adların qoyulduğunu deyirlər. Burada Malik Otarbayev türk
xalqları arasında olan adət-ənənə
bağlılığına işarə edir. Bundan başqa,
ana deyir, mən övladımın ona görə
Qazaxıstanda oxumağını istədim ki, o, Xoca Əhməd
Yəsəvinin ruhu ilə qidalanan torpaqları görsün,
orada bir türk xalqının dilini öyrənsin, dinə
inamını qüvvətləndirsin.
Müəllif eyni zamanda bir neçə motivlə də
türk adət-ənənələrinin gözəlliyinə
işarə edir. Məsələn, "incəbelli armudu stəkanda
pürrəngi çay" ifadəsi bir qış
günündə sevdiyimiz insanlarla edilən maraqlı söhbət
masalarında içilən samovar çayını
xatırladır.
İndi isə gələk, hekayənin adına... Niyə
"Son odun"? Döndü ana odunu gətirib sobaya qoyarkən
bu odunun atasının Çankırıdan gələrkən
gətirdiyi odunlardan olduğunu və bunun da son odun
olmasını qeyd edir. Burada fiziki olaraq ocağa atılan son
odun öz mənəvi
yükü ilə daha böyük məna ifadə edir. Maddi və
mənəvi baxımdan dəyərli hesab olunan
anlayışların evə gələn qonaqla
bölüşülməsi türk insanının daxili
dünyasının zənginliyini nümayiş etdirir.
Döndü ana bu sonuncu odunu yandırmaq üçün məhz
həmin günü seçib.
Büllur ƏLİZADƏ
AMEA Ədəbiyyat İnstitutunun baş mütəxəssisi
525-ci qəzet .- 2025.- 30 may(¹93).- S.9.