Laçında Zəfər
təntənəsi
Mayın 28-də Laçın şəhərində
keçirilən Müstəqillik Gününə həsr
olunmuş rəsmi tədbir təkcə Azərbaycanın
dövlətçilik tarixində yox, eyni zamanda minlərlə
insanın şəxsi taleyində də yeni bir səhifənin
başlanğıcı oldu. Bu günün yalnız təqvimdəki
əlamətdar bir tarix deyil, həm də milli dirçəlişin
və azadlıq fəlsəfəsinin konkret məkan və
zamanla birləşdiyi an kimi yadda qalması, tədbirin məhz
Laçında keçirilməsi xüsusi siyasi və mənəvi
anlam kəsb edirdi.
30 ildən artıq bir müddətdə doğma yurd
yerlərindən didərgin düşmüş, hər
bayramda gözü dağlarda, ruhu torpağında
qalmış on minlərlə azərbaycanlının öz
torpağına qayıdışı reallıq, möhkəmlənmiş
dövlət iradəsi, xalqın səbir və qürurla dolu
qələbəsidir. Bu tədbir Azərbaycan dövlətinin
öz xalqına verdiyi vədin yerinə yetirilməsi, ədalətin
tarixi torpaqlar üzərində bərpası, milli kimliyin tam
və bütöv şəkildə təsdiqi demək idi.
Prezident İlham Əliyevin tədbirdəki
çıxışında səsləndirdiyi "Bu gün
biz Laçında, Azərbaycanın azad olunmuş
torpağında Müstəqillik Gününü qeyd edirik.
Bu, tarixdir. Bu, Zəfərimizin bəhrəsidir. Bu gün biz
müstəqil, qalib, azad və güclü dövlətdə
yaşayırıq" sözləri bu bayramın təkcə
simvolik deyil, həm də real siyasi nəticələrin təzahürü
olduğunu ifadə edirdi.
Bu qürurlu gündə üç dövlətin
Laçının səmalarında ucalan bayrağı
diplomatik əməkdaşlığın nümunəsi
olmaqla bərabər, həm də birgə ədalət
anlayışının simvolu idi. Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan çıxışında Azərbaycan
xalqının mübarizəsini "ədalət uğrunda
sarsılmaz bir iradə nümunəsi" adlandıraraq
bildirdi: "Azərbaycanın mübarizəsi təkcə
öz haqqı üçün deyil, bölgədə
sülh, sabitlik və ədalətin bərpası
üçün aparılmış bir mübarizədir. Biz
bu gün burada olmaqla tarixə şahidlik edirik". Onun bu
sözləri qardaş xalqlar arasında tarixi həmrəyliyin
və ortaq gələcəyin təsdiqi idi.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd
Şahbaz Şərif isə öz növbəsində Azərbaycanın
haqq işinə verdikləri mənəvi və siyasi dəstəyi
vurğulayaraq dedi: "Azərbaycanın bu Zəfəri təkcə
sizin deyil, bizim də qələbəmizdir. Biz burada olmaqla
azadlığın təntənəsinə,
qardaşlığın gücünə şahidlik
edirik".
Dövlət başçılarının öz
çıxışlarında səsləndirdikləri fikirlər
də göstərdi ki, Laçında keçirilən bu tədbir
beynəlxalq siyasi kontekstdə mühüm simvolik əhəmiyyət
daşıyır. Azərbaycanın öz ərazi
bütövlüyünü bərpa etməsi və azad
olunmuş ərazilərdə suveren hakimiyyətini təmin
etməsi regionda yeni bir təhlükəsizlik
arxitekturasının əsasını qoyub və bu tədbir
həmin prosesin növbəti mərhələsini - mülki həyatın,
ictimai sabitliyin və tarixi yaddaşın yenidən bərpa
olunmasının zirvəsini təşkil edir. Bu gün
Laçına köçən hər bir vətəndaş
sadəcə bir evə qayıtmadı, həm də yeni,
şərəfli bir tarixin növbəti səhifələrini
yazdı. Bu qayıdışın arxasında duran illərlə
səssizcə çəkilən iztirab, qurulan ümid, vətən
üçün edilən dualar, müvəqqəti
düşərgələrdə böyüyən
uşaqların ürəyində yurd arzusu vardı. Bu tədbirdə
iştirak edən həmin insanlar üçün bayramın
adı "müstəqillik", mənası isə
"qayıdış" idi. O qayıdış ki,
çadırda doğulan körpə bu gün artıq azad və
yenidən qurulmuş Laçında dövlət tədbirində
iştirak edirdi. Bu tədbir Azərbaycan xalqının təkcə
torpağa deyil, kimliyinə, mənəviyyatına, öz
haqqına sahib çıxmasının təntənəsidir.
Mərasim boyu səslənən musiqilər, bayraqların
harmoniyası, rəsmi protokolun ardında gizlənən sevinc
dolu baxışlar, xalqla dövlətin eyni meydanda, eyni
duyğuda birləşməsi bu günü hisslərlə dərk
edilən anlara çevirdi. Burada bayram edən xalqın
sevincini yalnız musiqi və alqışlar deyil, gözlərdəki
nur, ruhdakı yüngüllük, torpaqda yenidən
doğulmuşluq hissi ifadə edirdi. Dövlətin
gücü, xalqın dözümü birləşərək
bu tədbiri müasir Azərbaycanın siyasi iradəsinin və
mənəvi ucalığının simvoluna çevirdi.
Laçın bu gün azad şəkildə nəfəsini
alırsa, bu, təkcə hərbi zəfərin yox, həm də
ədalətli siyasətin, xalq sevgisinin, mənəvi
kökün dərinliyinin təzahürüdür. 28 May
2025-ci il - Laçında yazılan bu səhifə təkcə
bir günün xronikası deyil, Azərbaycanın gələcəyinə
yazılmış vətənsevərliyin, dövlətçilik
iradəsinin və bəşəri dəyərlərin birgə
manifestidir.
Şəbnəm UĞURLU
Laçın şəhər 2 nömrəli tam orta məktəbin
direktor müavini, Qabaqcıl təhsil işçisi,
Laçın şəhər sakini
525-ci qəzet .- 2025.- 30 may(№93).- S.7.