UNEC-də dinamik və
strateji əhəmiyyətli bölmə: Xarici dillər
departamenti
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
Xarici dillər departamentinin fəaliyyəti UNEC-in 95 illik
tarixində əldə etdiyi uğurların məntiqi
davamı olmaqla yanaşı, universitetin gələcəyə
doğru strateji inkişafının əsas dayaqlarından
birinə çevrilib. UNEC-in yubileyi təkcə
keçmişin deyil, həm də gələcəyin təməlini
qoyan mühüm mərhələdir və Xarici dillər
departamenti bu gələcəyin quruculuğunda fəal
iştirak edir.
UNEC-in Xarici dillər departamentinin direktoru, dosent Aysel Xəlilovanın
sözlərinə görə, Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsi, iqtisadiyyatının
inkişafı və regionda dayanıqlı tərəqqisinin
təmin olunması məqsədilə təhsil sistemində
müasir yanaşmaların tətbiqi mühüm əhəmiyyət
kəsb edir. Bu kontekstdə xarici dil biliklərinin inkişaf
etdirilməsi, tələbələrin beynəlxalq səviyyədə
rəqabət qabiliyyətinin artırılması və elmi-tədqiqat
fəaliyyətlərinin dünya standartlarına
uyğunlaşdırılması prioritet istiqamətlərdən
biridir. Bu istiqamətdə Azərbaycan Dövlət İqtisad
Universiteti (UNEC) uzun illər ərzində strateji inkişaf
planları hazırlayıb və xarici dillərin tədrisinə
xüsusi diqqət ayırıb. Xüsusilə, 2002-ci il iyunun
13-də Ulu öndər Heydər Əliyevin UNEC-də səsləndirdiyi
“İqtisadiyyatı irəli aparmaq üçün müasir,
xarici dilləri bilən gənclər lazımdır” fikri
universitetimizin xarici dil siyasətinin əsas dayağı kimi
formalaşıb. Bu bəyanat UNEC-in xarici dillərin tədrisi
strategiyasının və inkişaf planlarının əsas
istiqamətlərini müəyyən edib, həmin gündən
bəri fakültənin bütün fəaliyyət sahələrində
öz əksini tapıb.
Aysel Xəlilova deyib ki, hazırda UNEC Xarici dillər
departamenti universitetin ən dinamik və strateji əhəmiyyətli
bölmələrindən biri kimi fəaliyyət göstərir.
Departamentdə 160-dan çox əməkdaş
çalışır ki, onların 130-u professor-müəllim
heyətinə daxildir. Bu müəllimlərin böyük əksəriyyəti
Britaniya Şurası (British Council) tərəfindən
tanınan Aptis C sertifikatı və ya IELTS imtahanında
yüksək nəticələr (IELTS 8, IELTS 8.5) əldə
edib. Bu, UNEC-də tədrisin beynəlxalq standartlara cavab
verdiyini, müəllim heyətinin peşəkarlıq səviyyəsinin
yüksək olduğunu və müasir tədris metodlarının
tətbiq edildiyini göstərir. Müəllimlərin
davamlı peşəkar inkişafı üçün
müntəzəm olaraq təlimlər, seminarlar və beynəlxalq
təcrübə mübadiləsi proqramları təşkil
olunur: “UNEC Xarici dillər departamenti yalnız ənənəvi
auditoriya tədrisi ilə kifayətlənmir. Tələbələrin
xarici dil bacarıqlarını təkmilləşdirmək məqsədilə
müxtəlif tədbirlər, o cümlədən UNEC-in
bütün tədris binalarında hər dil səviyyəsi
üzrə “Ev oxusu” müzakirələri, fakültədaxili
və fakültələrarası dil olimpiadaları, beynəlxalq
seminarlar və təlimlər və həftəlik
danışıq klubları keçirilir. Bu tədbirlər tələbələrin
dil bacarıqlarını praktikada tətbiq etməsi,
ünsiyyət və analitik düşünmə qabiliyyətlərinin
inkişafı üçün geniş imkanlar yaradır.
Bundan başqa, tələbələrin beynəlxalq səviyyədə
tanınan dil sertifikatları almaq üçün universitetdə
hazırlıq proqramları aktiv şəkildə
aparılır. Qeyd etmək lazımdır ki, Azərbaycan
Dövlət İqtisad Universitetində xarici dillərin tədrisinin
keyfiyyətinin artırılması zəruriliyini nəzərə
alaraq, 2023-cü sentyabrın 6-dan Xarici dillər kafedrası ləğv
edilərək onun bazasında müstəqil struktur bölmə
kimi Xarici dillər departamenti yaradılıb. Departamentin tərkibində
Xarici dillərin tədrisi mərkəzi, Xarici dil üzrə
təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi,
UNEC Dil mərkəzi və UNEC Tərcümə mərkəzi
fəaliyyət göstərir”.
Aysel Xəlilovanın dediyinə görə, xarici dillərin
tədrisi mərkəzi müasir pedaqoji yanaşmalar əsasında
ingilis, fransız, alman və rus dillərinin tədrisini təmin
edir. Tədris proqramları beynəlxalq standartlara və UNEC-in
tədris planlarına uyğun tərtib edilib, interaktiv metod və
texnologiyaların tətbiqi ilə zənginləşdirilib.
Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi
mərkəzi tələbələrin dil biliklərinin
obyektiv və şəffaf qiymətləndirilməsini həyata
keçirir. Qiymətləndirmə meyarları beynəlxalq
standartlara uyğun qurulub və tələbələrin dil səviyyəsinin
dəqiq müəyyənləşdirilməsinə yönəlib.
UNEC Dil mərkəzi beynəlxalq dil imtahanlarına
hazırlıq kursları təşkil edir və “British Council”
ilə IELTS imtahanı üzrə rəsmi əməkdaşlıq
əlaqələrinə malikdir. Bu, tələbələrin
dünya səviyyəli sertifikatlar əldə etməsini təmin
edir. Tərcümə Mərkəzi isə universitetin elmi-tədqiqat
və tədris materiallarının keyfiyyətli və
vaxtında tərcüməsini həyata keçirir və
çoxdillilik siyasətinin inkişafına töhfə verir:
“Xarici dilin tədrisində ən mühüm addımlardan
biri budur ki, 2024-2025-ci tədris ilindən başlayaraq, UNEC-in
ikinci kurs tələbələri üçün beynəlxalq
dil sertifikatlarının minimum B1 səviyyəsində əldə
edilməsi məcburi tələblər siyahısına daxil
edilib. Bu qərar tələbələrin xarici dillər
üzrə bilik və bacarıqlarının beynəlxalq
standartlara cavab verməsini təmin etmək məqsədi
daşıyır. Bu səviyyənin təmin olunması
üçün fakültədə müvafiq hazırlıq
proqramları genişləndirilib, müəllim heyətinin
peşəkarlığı artırılıb və qiymətləndirmə
meyarları beynəlxalq standartlara
uyğunlaşdırılıb. B1 səviyyəsi tələbələrə
gündəlik və akademik həyatlarında xarici dili praktik
olaraq istifadə etməyə imkan verir ki, bu da onların
karyera perspektivlərinin inkişafına müsbət təsir
göstərir. Beynəlxalq səviyyədə
tanınmış dil sertifikatlarının UNEC tələbələri
tərəfindən əldə olunması universitetin beynəlxalq
standartlara uyğun tədris keyfiyyətini və tələbələrin
qlobal əmək bazarına uğurla inteqrasiyasını təmin
edir. Məsələn, Aptis, ÖSD, TCF, TORFL kimi sertifikatlar
UNEC-in xarici dil siyasətinin mühüm elementləridir. Bu
sertifikatlar tələbələrin bilik və
bacarıqlarını beynəlxalq səviyyədə təsdiqləyir
və onların əmək bazarında rəqabət
üstünlüyü qazanmasına imkan yaradır. UNEC-in beynəlmiləlləşmə
strategiyasının əsas istiqamətlərindən biri tələbələrin
beynəlxalq səviyyədə tanınan dil sertifikatları
ilə təmin olunması və onların qlobal əmək
bazarında rəqabət qabiliyyətinin artırılmasıdır.
Bu məqsədlə UNEC Dil mərkəzi dünyanın
aparıcı təhsil təşkilatlarından biri olan
“British Council” ilə rəsmi əməkdaşlıq qurub. Bu əməkdaşlıq
UNEC tələbələrinə IELTS (International English
Language Testing System) imtahanının rəsmi şəkildə
universitet daxilində təşkili imkanını yaradır.
“British Council” tərəfindən akkreditə olunmuş Dil Mərkəzi
IELTS imtahanlarının keçirilməsi üçün zəruri
olan bütün infrastruktur və texniki tələblərə
cavab verir. Bu isə tələbələrə tanış və
rahat mühitdə imtahan vermək imkanı yaradaraq onların
performansına müsbət təsir göstərir. Əməkdaşlıq
çərçivəsində UNEC-də müntəzəm
olaraq IELTS hazırlıq kursları təşkil olunur. Həmçinin
UNEC müəllimləri “British Council” tərəfindən təlim
və sertifikatlaşdırma proqramlarına cəlb olunur ki, bu
da onların peşəkar inkişafına və tədris
keyfiyyətinin yüksəldilməsinə xidmət edir”.
Aysel Xəlilova bildirib ki, “British Council” əməkdaşlarının
universitetə mütəmadi səfərləri və təşkil
olunan seminarlar tələbələr və müəllimlər
üçün beynəlxalq təcrübənin birbaşa
paylaşılması baxımından böyük əhəmiyyət
daşıyır. UNEC tələbələri
üçün bu əməkdaşlıq IELTS
imtahanını yalnız bir tələb yox, həm də
karyera üçün açar vasitə kimi təqdim edir: “Nəticə
etibarilə, UNEC Dil mərkəzinin “British Council” ilə olan
bu rəsmi əməkdaşlığı universitetin beynəlmiləlləşmə
siyasətinin uğurlu göstəricisi olmaqla yanaşı, tələbələrin
beynəlxalq səviyyəli dil kompetensiyalarına yiyələnməsində
mühüm rol oynayır. Bu təşəbbüs UNEC-in Azərbaycanın
ali təhsil məkanında qabaqcıl və innovativ təhsil
müəssisəsi kimi mövqeyini daha da möhkəmləndirir.
UNEC Xarici dillər departamentinin beynəlxalq əməkdaşlıq
tədbirlərindən biri də ingilis dili müəllimləri
üçün təşkil olunan beynəlxalq forumlardır.
2025-ci ilin may ayında üçüncü dəfə
keçirilən bu forumda Böyük Britaniya səfiri,
“British Council”, həmçinin digər beynəlxalq təşkilatlar
iştirak edərək, tədris keyfiyyətinin
artırılması və beynəlxalq təcrübələrin
paylaşılması istiqamətində vacib töhfələr
verirlər. Forumlar vasitəsilə müəllimlər yeni
pedaqoji yanaşmalar, innovativ texnologiyalar və tədris
metodları ilə tanış olur, bu biliklər tədris
prosesinə tətbiq edilir. Bundan əlavə, UNEC Xarici dillər
departamenti rəqəmsal transformasiyanın tələblərinə
uyğun olaraq, süni intellekt texnologiyalarının tədris
prosesinə inteqrasiyasını sürətləndirir. Bu məqsədlə
onlayn dil öyrənmə platformaları, rəqəmsal qiymətləndirmə
sistemləri və interaktiv tədris alətləri tətbiq
edilir. Belə innovativ yanaşmalar tələbələrin dil
öyrənmə prosesini daha maraqlı, səmərəli və
fərdiləşdirilmiş formaya salır. Eyni zamanda, bu
texnologiyalar müəllimlərə tələbələrin
fərdi inkişafını daha dəqiq izləmək və
lazımi dəstəyi vaxtında göstərmək
imkanı verir. Xarici dillər departamentinin inkişaf
strategiyasının əsas məqsədlərindən biri tələbələrin
dil biliklərinin təkmilləşdirilməsi ilə
yanaşı, onların analitik, kommunikativ və tənqidi
düşüncə qabiliyyətlərinin
formalaşdırılmasıdır. Bu məqsədə
çatmaq üçün fakültədə müxtəlif
interaktiv dərs metodları, layihə əsaslı tədris və
tələbə mərkəzli yanaşmalar tətbiq edilir.
Belə yanaşmalar tələbələrin dil öyrənmə
prosesində fəal iştirakını təmin edir,
onların müstəqil öyrənmə
bacarıqlarını inkişaf etdirir və dilin müxtəlif
sahələrdə praktik istifadəsinə şərait
yaradır. Nəticə etibarilə, Xarici dillər departamenti
müasir çağırışlara cavab verən, beynəlxalq
standartlara uyğun, innovativ və strateji yanaşmalar əsasında
fəaliyyət göstərən qabaqcıl təhsil
qurumudur. Departamentin uğurları universitetin ümumi beynəlmiləlləşmə
strategiyasının və ölkəmizin təhsil sisteminin
inkişafına mühüm töhfə verir. Gələcəkdə
Xarici dillər departamenti öz fəaliyyətini daha da
genişləndirərək, yeni texnologiyaların tətbiqini,
beynəlxalq əməkdaşlığın
inkişafını və tədris prosesinin səmərəliliyinin
artırılmasını təmin edəcək. Bu isə UNEC
tələbələrinin dünya səviyyəli mütəxəssislərə
çevrilməsində əsas amil olacaq”.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 31 may(¹94).- S.23.