Lənətlənmişlərin
özünün və nəsillərinin aqibəti - Telman
Orucov yazır
Lənətlənmişlərin özünün və
nəsillərinin aqibəti
(Əvvəli ötən şənbə
sayımızda)
Lənətlənmiş Rokfeller ailəsi
Rokfeller ailəsinin bünövrəsini 1839-cu ildə
anadan olmuş, ABŞ-ın ilk milyarderi Con Rokfeller qoymuşdu.
Onun atası Uilyam Rokfeller əsl dələduz idi, saxta dərmanlar
düzəldib, onları satmaqla məşğul olurdu. Hətta
yenicə istehsal edilməyə başlanan nefti də şüşələrə
doldurub, müalicəvi təsiri olan dərman kimi adamlara
satırdı.
Conun 14 yaşı olanda, atası ailəsini qoyub,
Kanadaya qaçmışdı. O, 19 yaşı olanda neftdən
kerosin istehsal edib, onu satmağa başladı. O, əvvəlcə
mühasib işləyirdi. Bundan əlavə, hinduşka
yetişdirib satırdı. Bir yerdə qərar tutana qədər
100 firmanı dolaşmışdı. Təhsildən
yayınıb, kurslarda oxumuşdu və onu axırda bir firmada idarə rəisi
təyin etdilər.
Amerikada neft, başlıca olaraq kerosin istehsal edilməyə
başlandı. Lampalar kerosin yandırmağa keçdiyindən,
bu məhsula tələbat böyük idi. Con Rokfeller də
taleyini "Standart Oyl" şirkəti ilə bağladı.
O, daim varlanmağa çalışırdı. Ona görə
də neftdən kerosindən başqa, digər maddələr
də istehsal etməyə girişdi. Öz
partnyorlarının 24 zavodunu satın aldı və beləliklə,
kiçik şirkəti 24 dəfə böyüdü. 1880-ci
ildə onun şirkəti artıq Birləşmiş
Ştatların ümumi neftinin 90 faizini istehsal edirdi. Endryu
Karnegi polad istehsalında inhisara malik olduğu kimi, Con Rokfeller
də neft istehsalında inhisar yaratmışdı. Bu ona
ölkədə ilk milyarder olmağa imkan vermişdi. Sonralar
prezident Teodor Ruzvelt onun inhisarına son qoymağa cəhd etsə
də, hüquqi proseduraların mürəkkəbliyi onun buna
nail olmasına imkan vermədi. Lakin bir jurnalist qadın,
atasını müflis etdiyinə görə, prezidentin
gücü çatmayan Con Rokfellerdən qisas almaq
üçün onu ifşa etdi. Buna qədər, 1890-cı
ildən Cona qarşı onsuz da hücumlar
başlanmışdı. Neftin qiyməti də bu vaxt 30 sentdən
8 sentə düşdü. Onu yalnız Henri Fondun avtomobil sənayesi xilas etdi, avtomobillərdəki daxili yanacaq
mühərriki yalnız benzinlə işləyirdi.
Con 57 yaşında pensiyaya çıxdı. Qadın
jurnalist onu ifşa edəndə göstərdi ki, XIX əsrin
sonunda o, dövlətin içində dövlət qurmağa
müvəffəq olmuşdur.
Prezident Teodor Ruzvelt də Con Rokfelleri əzməyə
cəhd etsə də, bunu bacarmadı. Qadın jurnalistin
sonralar baş verən ifşası ona daha böyük təsir
göstərdi. 1915-ci ildə Rokfellerin şirkəti
parçalandı. Lakin o, səhmlərini qoruyub saxlaya bildi. O,
filantrop fəaliyyəti ilə məşğul olmağa başladı,
qoca yaşlı kasıblara pul paylayırdı və onu buna
görə geniş təbliğ edirdilər. O, 97 il
yaşadı. Con təkcə varlı deyildi, həm də
hökmdar idi. Onun düşüncəsinə görə, kim
varlıdırsa, o, dünyanı idarə edir.
Onun oğlu Devid ölkədə ilk dəfə 70 mərtəbəli
bina tikdi. Rokfellerlərin bankı Hitleri də maliyyələşdirirdi.
Con həm də BMT-nin Nyu-Yorkdakı binasının tikintisini
maliyyələşdirdi və oğlu Devid də milyarder oldu.
Conun böyük nəvəsi Nelson Rokfeller (1903-1979-cu
illər) bizneslə yanaşı, siyasətlə də məşğul
oldu, hələ prezident Franklin Ruzveltin dövründə
mühüm vəzifə tutmuşdu. 1959-1972-ci illərdə
isə Nyu-York ştatının qubernatoru, 1974-1977-ci illərdə
respublikaçılar partiyasından ABŞ-ın
vitse-prezidenti olmuşdu. Onun oğlu Maykl etnoqraf və antropoloq
kimi 1961-ci ildə Yeni Qvineya adasına səfər etmiş və
yoxa çıxmışdı. Onu yerli hannibalların yeməsi
barədə şayiələr danışılırdı.
Nelson özü 1979-cu ildə keçmiş
işçisi olan cavan qızla intim xarakterli görüşdə,
ürək tutmasından ölmüşdü.
Onun kiçik qardaşı Devid 1986-cı ildə
öz təyyarəsi ilə Bakıda keçirilən
SSRİ-ABŞ əlaqələrinə həsr olunmuş elmi
konfransda iştirak etməyə gəlmişdi. O,
Qorbaçovla yaxın əlaqə saxlayırdı,
SSRİ-nin ilk və son prezidenti pensiyada olanda, Mixail
Qorbaçova öz fondunu yaratması üçün 70 milyon
dollar pul vermişdi. Devidin üzərində altı dəfə
ürək köçürülməsi əməliyyatı
keçirilmişdi, CAR-ın Keyptaun şəhərindən
olan məşhur cərrah Kristian Barnardın ürək
köçürmə sahəsindəki kəşfi Devidə
çox kömək etmiş, o, 100 il ömür
sürmüşdü.
Rokfellerlər fırıldaq yolu ilə böyük
var-dövlətə yiyələndiklərinə görə
lənətlənmişdilər. Nelson Rokfeller cavan oğlunu
itirmiş, özü də böyük maddi imkanına
baxmayaraq, 72 yaşında vəfat etmişdi. Onun babası Cona
və kiçik qardaşı Devidə lənət elə də
təsir etməmişdi, onlar müvafiq olaraq 97 və 100 il
yaşamışdılar.
Rokfellerlərin şöhrəti XX əsrlə
yekunlaşdı, XXI əsrdə onların nəslinin taleyinə
dair xəbərlərə mətbuatda elə bir diqqət
göstərmir.
Kennedilər ailəsi
XX əsrin 20-ci illərində və sonrakı onilliklərdə
Birləşmiş Ştatlarda katolik dininə sitayiş edənlərin
siyasi nüfuz sahibi olması, hətta parlament
üzvlüyünə seçilməsi qeyri-mümkün bir
hadisə sayılırdı. Siyasi aləmdə katoliklər
az qala afroamerikanlar kimi nəinki iştirak edə bilirdilər,
bunu heç xəyallarına da gətirmirdilər.
Cozef Kennedi irland mənşəli katolik idi və 30
yaşında artıq milyonerə çevrilmişdi. O,
kinostudiyaya başçılıq edir, film istehsalı ilə
məşğul olurdu. Spirtli içkilərdən istifadənin
ABŞ-da qadağan olunduğu dövrdə ölkəyə
qaçaqmalçılıqla Kanadadan onları gətiririrdi.
Bu fəaliyyətləri hesabına böyük var-dövlət
qazanmışdı. Onun arzusu Amerikada ilk katolik prezident olmaq
idi.
Prezident Franklin Delano Ruzveltin dövründə dövlət
işinə keçdi, Qiymətli Kağızlar
komissiyasının sədri təyin edildi. 1940-ci ildə isə
pezident onu İngiltərədə ABŞ-ın səfiri təyin
etdi. Ruzvelt, səfir maaşının az olduğuna görə,
bu vəzifəyə varlı adamları göndərirdi ki, səfirliyin
fəaliyyəti ilə əlaqədar olan xərclərin xeyli
hissəsini onlar öz üzərlərinə
götürsünlər. Cozef Kennedi də, əsasən bu
xüsusiyyəti nəzərə alınaraq, səfir təyin
edilmişdi.
Lakin İngiltərədə yeni Baş nazir
seçilən Uinston Çörçillin Kennedidən, onun
antisemitizminə və faşistlərə rəğbət bəslədiyinə
görə xoşu gəlmirdi. Ona görə də az müddətdən
sonra Cozef Kennedi bu diplomatik vəzifəsini tərk etməli
oldu.
Ata Kennedi öz arzusu puç olduğundan,
böyük oğlu Kiçik Cozef Kennedinin gələcəkdə
prezident olacağına çox ümid edirdi. Lakin 1944-cü
ildə hərbi təyyarəçi olan Kiçik Cozef
Atlantik okeanı üzərində qəzaya uğrayıb, həlak
oldu.
Cozef Kennedi öz xəyali arzusundan əl çəkmədi,
bu dəfə ümidini ikinci oğlu Cona bağladı. Con,
atası səfir olarkən, İngiltərənin Hitler
Almaniyası ilə müharibəyə pis
hazırlaşması barədə tənqidi elmi iş
yazmışdı. Lakin onun səhhəti də yaxşı
deyildi, II Dünya müharibəsi vaxtı 1941-1943-cü illərdə
donanma zabiti olmuş, hərbi dənizçi xidməti
göstərdikdə, gəmi yaponların hücumu nəticəsində
iki hissəyə bölünmüş, Con bir hissədə dənizçi
kolleqalarını xilas edə bilmişdi. Conun onurğa
sütunu bu vaxt travma almışdı və bu, onu çox
incidirdi. Uşaqlıqda da çox vaxt xəstə olurdu.
Kiçik qardaşı Robert zarafatla demişdi ki, ağcaqanad
da Conu sancmaqdan qorxur, onun xəstə qanı ağcaqanadı
da məhv edə bilər.
Lakin Con atasının arzusuna əməl edərək,
siyasətə atıldı, əvvəlcə konqresmen, sonra
isə 1947-1961-ci illərdə ABŞ Konqressində əvvəlcə
konqresmen, sonra isə senator olmuşdu. 1955-ci ildə o, belinin
ağrısına görə uzun müddət xəstəxanada
yatdı və xəstə vaxtı "Profilies in Coarige"
- "Mərdliyin profilləri" adlı dərin məzmunlu
kitab yazdı. Onun bu əsəri Plittser mükafatına layiq
görüldü.
1960-cı il seçkilərində o, Demokrat
partiyasından prezidentliyə namizəd göstərildi, rəqibi
respublikaçı vitse-prezident Riçard Nikson idi. Nikson
böyük təcrübəyə malik, güclü siyasətçi
idi. Vitse-prezident kimi SSRİ-də qonaq olarkən
çıxışları ilə sovet adamlarının
gözünü açmaq sahəsində geniş fəaliyyət
göstərmişdi. SSRİ rəhbəri N.S.Xruşşov
onun bu təhlükəli fəaliyyətinə mane ola bilmirdi.
Kennedi onunla mübarizədə ilk dəfə olaraq
televiziyadan geniş istifadə etməklə,
seçkiqabağı marafonda onu üstələyirdi.
Lakin seçkilərdə çox az səs
üstünlüyü ilə Con Fitscerald Kennedi Niksona qalib gəldi
və 20 yanvar 1961-ci ildən prezidentliyə başladı. O,
özünə qədər olan prezidentlər arasında ən
cavanı olmaqla, 43 yaşında bu yüksək
kürsünü tutmuşdu. Atanın arzusu həyata
keçmişdi. O, həm öz ölkəsində, həm də
Avropada böyük populyarlıq qazanmışdı. O, ilk
katolik idi ki, prezident seçilmişdi. O, jurnalist, fransız mənşəli
Jaklin Buveyə evlənmişdi və onların iki
uşağı olmuşdu. Onların Kerolayn adlı
qızı və Con adlı oğlu var idi.
1963-cü il noyabrın 23-də Con Kennedi arvadı və
vitse-prezident Lindon Consonla birlikdə yeni seçkiqabağı
kampaniya ilə əlaqədar olaraq Texas ştatının
Dallas şəhərinə gəldi. Kabriolet maşında
arvadının yanında əyləşən Kennediyə
kitab bazası yaxınlığında atılan güllə
atəşi ilə o, ağır yaralandı və az sonora
öldü. Təyyarədə Vaşinqtona qayıdan Lindon
Conson prezident kimi and içdi.
Kennedi hərbi qəbiristanlıq olan Arlinqtonda dəfn
edildi, dünya mətbuatını onun kiçik oğlunun
tabuta hərbi qaydada salam verməsi fotoşəkli bəzədi.
1968-ci ildə Conun qardaşı Robert Frensis Kennedi
özünü Demokrat partiyasından prezidentliyə namizəd
olmaq üçün mübarizə apardı, Prezident Conson
seçkilərdə iştirak etməkdən imtina
etmişdi. Robert Kennedi təcrübəli siyasətçi
idi, 1961-1964-cü illərdə ABŞ-ın ədliyyə
naziri işləmiş, 1965-ci ildə Nyu-York ştatından
senator seçilmişdi.
Los-Ancelesdə praymeriz seçkisində qalib gələn
Robert "Ambassador" otelində güllə atəşi ilə
qətlə yetirildi. Beləliklə, ata Kennedinin onunla
bağlı ümidi də baş tutmadı.
Sağ qalan Edvard Kennedi artıq bu arzu ilə yaşaya
bilməzdi. Çünki maşını aşıb
çaya düşdükdə, orada qoyub
qaçdığı katibəsi ölmüşdü.
Jaklin də əri Cona sədaqətli arvad
olmadığını göstərdi. Robert qətlə
yetiriləndən sonra, 1968-ci ildə, yunan maqnatı, gəmi
donanmasının sahibi Aristotel Onassisə ərə getdi.
Qadın əri prezident olanda da yunan milyonerinin qonağı
olmuşdu.
Lakin nikah uzun sürmədi. Onassisin oğlu təyyarə
qəzasında həlak oldu. Jaklin də ərindən
boşandı. Aristotel Onassis ağır xəstəliyə
düçar oldu və deyirdilər ki, Jaklin onun ailəsinə
özlərinə məxsus olan lənət payını gətirmişdir.
Onassis uzun müddət məşhur opera müğənnisi
Mariya Kallas ilə eşq macərası
yaşamışdı. Jaklinə evləndikdən sonra onu tərk
etmişdi.
Cozef Kennedi 1970-ci ildə öləndə, üç
oğlunun həyatdan getməsinin şahidi olmuşdu.
Qızı isə psixiki xəstə olduğundan dəlixanada
yatırdı.
Cozef Kennedi oğlu Conun şəxsində prezidentlik
barədəki bəslədiyi arzusuna çatdı, lakin ailəsi
böyük faciələrlə üzləşdi. Sonra onun nəvələri
də həyatdan getdi. Təkcə Robert Kennedinin oğlu Robert
siyasi fəaliyyət göstərir və prezident Trampın administrasiyasında
işləyir.
Napoleon da güman edirdi ki, Mariya Luizadan olan oğlu
sülaləni davam etdirəcəkdir. Özündən bir qədər
sonra oğlu da Vyanada, Şenonburq sarayında şübhəli
bir şəraitdə həlak oldu. Arzu məqsədə
çatmaqda müəyyən rol oynasa da, heç də həmişə
uğur gətirmir. Xəyal hansısa bir anda
qırılmalı, məhv olmalı olur.
Cozef Kennedi prezident oğluna görə arzusuna
çatsa da, az sonra onu itirmişdi. İkinci oğlu da
atasının ümidini həyata keçirmək
üçün prezident kürsüsünə gedən yolda
qətlə yetirilmişdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 31 may(¹94).- S.22.