Uşaqlığın səssiz
dalğaları
Uşaqlıq həyatımızın ən saf, ən
təmiz dövrüdür. O illər insanın xarakterini, həyata
baxışını, gələcəkdəki
davranışlarını formalaşdıran bünövrə
kimidir. Böyüdükcə cəmiyyətin bizə
biçdiyi rollar və məsuliyyətlərlə yüklənirik.
Ancaq insan nə qədər böyüyürsə
böyüsün, kədər və iztirablar
qarşısında bəzən çarəsiz və tənha
qalır. Elə bu vaxtlarımızda içimizdə
yaşayan uşaq məsumiyyəti öz
varlığını hiss etdirir. İnsan hansı yaşda
olursa olsun, ən unudulmaz xatirəsi məhz
uşaqlığı ilə bağlı olur.
Dostoyevski də “Karamazov qardaşları” əsərində
“Bir insanın ilk uşaqlıq illərindən etibarən ata
evində sahib olduğu xatirələrindən dəyərli
heç nəyi yoxdur” deyir.
İqlim dəyişir, zaman dəyişir, həyatın
dili dəyişir, amma uşaq olma halı dəyişməz
olaraq qalır. Düzdür, bizim 90-cı illərə
düşən uşaqlığımızla müasir
dövrün uşaqları arasında təbiətlə təmasdan,
qadağaların çox olduğu şəhər mühitinə,
oynadıqları oyunlardan danışdıqları dilə qədər
çox şey dəyişib, fərqindəyəm. Bizim
uşaqlığımızda dünya ilə aramızdakı
yeganə körpü televizor, radio, kitablar idisə, indinin
uşaqları dünyaya müxtəlif ünsiyyət vasitələri
ilə yol aça bilir. Hər şeyə rəğmən,
bizim uşaqlıq dövrümüz sanki daha uzun idi.
İndikilər daha tez uzaqlaşır uşaqlıqdan. Yeni
uşaqlıq virtual dünyanın səyahətçisidir,
biz isə dünyadan böyük xəyalları olan
uşaqlar idik. Bizim uşaqlığımızda zaman
yavaş axırdı. Gecələr uzun olsa da, qorxulu deyildi.
“Ulduzların arxasında mələklər olduğuna, hər
yağışdan sonra göydə bir sirr gizləndiyinə”
inanırdıq...
Bütün bu fərqliliyə baxmayaraq, yenə də
uşaq hər zaman, hər yerdə uşaqdır. Mənim
uşaqlığım köçkünlükdə və
çətinliklərlə dolu illərdə keçsə də,
məhz bu xatirələr mənim həyat yolumda bir mayak oldu,
istiqamət verdi, düşündürdü, gücləndirdi.
Uşaqlıq xatirələri, şübhəsiz ki,
şəxsiyyətimizdə və xarakterimizdə dərin izlər
qoyur. Bəzi xatirələr bizə həyat yolunda bələdçilik
edir. Hamımızın uşaqlığında
acılı-şirinli bir çox xatirəsi var. Kim bilir, həyata
dair aldığımız hansı qərarlarımızı
uşaqlıqda yaşadığımız bir hadisənin
süzgəcindən keçən əxlaqi qaydalar üzərində
inşa etmişik. “Keçmişi olmayanın gələcəyi
olmaz” kimi məşhur bir deyim var. Bizi ağrıdan hər
xatirəmizin də mütləq gözəl bir tərəfi
vardır. Bu mənada hadisələrə necə
baxdığımız yox, haradan baxdığımız daha
əhəmiyyətlidir. İnsan keçmişi ilə həddindən
çox üzləşməməlidir, bəlkə. Amma hərdən
keçmişini bir xatirə kimi açıb baxmağı
da bacarmalıdır.
Məşhur türk psixoloqu Doğan Cüceleoğlu
“İçimizdəki uşaq” adlı kitabında
“Hamımızın içində bir uşaq var.
İçimizdəki uşaq hər zaman sağlam mühitdə
inkişaf etməz. Ailə, məktəb, mədəni
mühit bir çox hallarda uşağın sağlam
inkişafına mane olur. Fərd fiziki olaraq böyüyür,
lakin içimizdəki uşaq psixologiya baxımından xəstə
və cılız qalır. İçimizdəki uşaq
sağlam olmasa, biz böyüklərin sağlam və doyumlu
bir həyat yaşaya bilməsi mümkünsüzdür” -
yazır.
Mən də uşaqlıq xatirələrimi heç
unutmadan, içimdəki uşaqlığı itirmədən
yaşamağa çalışıram. Uşaqlıq xatirələrim
mənim həyat eşqimi və enerjimi gücləndirir. Onlar
mənim mənəvi cehizimdir. Yaddaşımın, ürəyimin
ən dərin qatlarında saxlayıb göz bəbəyim
kimi qoruyur, hərdən də “çıxarıb tozunu
alıb vitrinə düzürəm”.
Mənim uşaqlığımın yaddaşımda
buraxdığı izlər uşaqlığı müharibə
dövrünə təsadüf edən bütün uşaqlar
kimi bir az tozlu, bir az kövrəkdir.
Köçkünlüklə birlikdə
uşaqlığım da yarımçıq həyatların,
dağılmış evlərin bir hissəsinə
çevrilib. Tez-tez dəyişən ünvanlar mənim
üçün yeni bir həyat demək idi. Bir gün bir kənddə,
sabahı bir qəsəbədə açardım
gözümü. Hər dəfə başqa yer, başqa ev,
başqa bir pəncərə... Divarları rəngsiz,
döşəmələri köhnə olsa da, hər evin
içində bir ümid axtarırdıq. Hər yer dəyişikliyi,
hər yeni ev bir məktəb idi. Yeni küçələr,
yeni qonşular, yarımçıq da olsa yeni xatirələr
yardırdı... Ən son dayanacağımız Bakı oldu.
Bu böyük şəhərin səs-küyü,
izdihamı, hündür binaları içində öz balaca
dünyamı yaratmağa çalışırdım.
Uşaqlıq xatirələrim mənə insanın zamanla hər
şeyə uyğunlaşma qabiliyyətli olduğunu, sabitliyin
olmadığı anlarda belə ümidlə
yaşamağı öyrətdi mənə. Hər dəfə
yeni bir yerə köçəndə əvvəl qorxurdum,
amma sonra öyrənirdim ki, insan yanında sevdikləri
olduğu müddətdə hər yerə alışa bilir.
Oyuncaqsız böyüdüm mən... Danışan
kuklalarım, düymələrinə basdıqca işıq
saçan oyuncaqlarım olmadı. Amma xəyallarım
vardı. Sınmayan, batareyaya ehtiyac duymayan, hər gün yenidən
doğulan bir xəyal. Ona görə də
oyuncağımın olmaması mən bir o qədər də
kədərləndirmirdi. Çünki xəyalım
güclü idi. Hər qırıq əşya bir oyuncağa
çevrilirdi. Əlimə keçən hər boş qutu
evim, yorğanlar qalam, bir köhnə stul qapı olardı. O
anlarda mənim üçün dünya dayanırdı. Səssizcə,
tək-tənha, amma qəribə bir xoşbəxtliklə
öz evimi qururdum. Qurduğum balaca dünya mənə bəs
edirdi. Sadəcə məndən və xəyallarımdan ibarət
bu dünyada nə müharibə vardı, nə də
köçlər. Bu, bəlkə də mənim ən
güclü silahım idi.
Pəncərənin önündə oturub saatlarla
buludlara baxardım. Onlar bəzən at olurdu, bəzən gəmiyə
çevrilirdi. Oyuncaqsız böyüyən uşaq təkliklə
dostlaşmağı, səssizliklə
danışmağı, göz yaşlarını gizlətməyi
və kiçik şeylərdən xoşbəxt
olmağı öyrənir.
Uşaq vaxtı ən çox evə qonaq gələndə
sevinərdim. Evimizə qonaq gələndə hər şey dəyişirdi.
Qapının zəngi çalınanda ürəyim yerindən
çıxacaq kimi döyünərdi. Ev səs-küyə,
gülüşə qərq olurdu. Elə bil, yolunda getməyən
həyatımızda hər şey o an qaydasına
düşürdü. Hətta oyuncaqsızlıq da, müvəqqəti
yerlər də silinirdi yaddaşımdan. O anlarda evin içi
mənə oyuncaq mağazası kimi gəlirdi.
İşıq, səs, hərəkət... Və mənim
içimdə səssiz böyüyən sevinclər.
Anamın təlaşla süfrə
hazırlamasını seyr etməyi sevərdim. Bəzən
bir işin qulpundan yapışmaq üçün canfəşanlıq
edərdim. O zamanlar anladım ki, insanın evi təkcə
divarlardan ibarət deyil. Evimiz dediyimiz məkan içindəki
həyatla, sevgi və paylaşmaqla ev olur.
Bəzən düşünürəm ki,
uşaqlıq yalnız oyunlardan ibarət deyilmiş. Hisslər,
duyğular, yaşadığımız çətinliklər
içində tapdığımız kiçik xoşbəxtliklər
də uşaqlığın bir parçasıymış. Mənim
uşaqlığım da məhz belə idi - az şeylərlə
böyük xəyallar qurduğum bir dövr.
Uşaqlıqda şans nədir, bilmək çətin
olur. Biz onunla oyunlarda, təsadüfi hallarda, ya da kiminsə
üzümüzə gülümsəyib “bugün bəxtin gətirib”
deməsində tanış oluruq. Mən isə həyatda ilk
dəfə şansın dadını bir lotereya biletindən
aldım. 90-cı illər idi. Hər yerdə xaos, qeyri-müəyyənlik,
ağır kədər vardı. Küçələr
yorğun baxışlı insanlarla dolu idi. Qonşular
pıçıldaşaraq danışır, mağaza rəfləri
boş, çox az evdən işıq süzülərdi. Evlərdəki
səssizlik bəzən divarları belə əzirdi. Heç
nə başa düşməsəm də, anamın
baxışlarındakı yorğunluqdan, atamın səsində
gizlənən narahatlıqdan baş verən ağrını
hiss edirdim. Bu böyük kədərin içində mən
uşaq idim və balaca ürəyim baş verənlərin
fonunda sevinc axtarışında idi.
Bir gün məktəbə lotereya bileti gətirdilər.
Müəllim: “İstəyənlər ala bilər” - deyəndə
hamımızın gözü parladı. Bəlkə, bu dəfə
bəxtimiz gətirəcəkdi?! Kitabımın arasında
xeyli vaxtdan bəri qoruyub saxladığım, üstündə
Qız qalasının təsviri olan 250 manatlığı
(indinin 5 qəpiyi) çıxartdım. Əllərim titrəyə-titrəyə
biletsatana uzatdım. Mənim üçün o pul xəzinə
idi. Ən sevdiyim şirniyə, saqqıza belə xərcləməyə
qıymamışdım. Bileti aldım, keçib ən
axırıncı partada oturdum. Ürəyim əsəs-əsə
dırnağımla gümüşü xananı
qazımağa başladım. Mən o gün ilk dəfə
şansımla tanış olmuşdum. 250 manat verib 1000 manat
(indinin 1 manatı) qazanmışdım. Dərs bitən kimi
düşərgədəki ərzaq köşkünə
qaçdım. Rəflərə göz gəzdirdim. Rəngli
saqqızlar, şirnilər, o vaxt dəbdə olan “bakuş”lar
üzümə gülümsəyirdi. Hamısını almaq
istəyirdim. Əlimdəki pulun əvvəlki pulumdan çox
olduğunu bilirdim. Hətta o qədər çox idi ki, o pula
özümə aid bir şey almaq mənə günah kimi gəlirdi.
- Qızım, nə istəyirsən? - dükançı Bəhram əminin
səsinə çevrildim. Əlimdəki pula baxdım.
- 1 kilo qənd, 1 kilo un, bir qutu makaron verin! - deyib pulu Bəhram
əmiyə uzatdım. Özüm üçün heç nə
almamışdım, amma o alış-verişdə
böyüdüyümü hiss etdim.
İllər keçdi. Daha çox pul
qazandığım vaxtlar oldu. Bəzən bahalı şeylər
aldım özümə. Amma heç biri o 1000 manatın
dadını vermədi. Böyüdükcə həyatın
daha böyük lotereyalarında uduzduğum da oldu,
qazandığım da. Amma o ilk bilet, o kitabımın
arasında qoruduğum 250 manat, qazandığım 1000-lik hələ
də mənim üçün bütün zənginliklərin
başlanğıcıdır.
İndi geriyə baxanda anlayıram ki,
uşaqlığım bir tərəfdən acı, yoxluq,
qorxu ilə yazılıbsa, digər tərəfdən
ümidlə, kiçik möcüzələrlə dolu olub.
Uşaqlıq xatirələrim məni formalaşdırdı.
Mənə səbirli olmağı, azla kifayətlənməyi,
insanlara dəyər verməyi öyrətdi. Həyatda qarşılaşdığım
çətinliklər qarşısında geri çəkilmədimsə,
bu, o illərdəki həyat dərsləri sayəsindədir.
Yaşa dolduqca bəzən gündəlik həyatın
sürəti içində özümü itirirəm. Amma nə
zaman yorulsam, nə zaman yolumu azsam, içimdəki o balaca,
köçkün həyatı yaşamış, evcik-evcik
oynayan, qonaq gələndə sevinən uşaq mənə
doğru yolu göstərir. Nə qədər uzağa getsəm
də, o evlərin qoxusu, səssiz oyunların kölgəsi,
çay süfrələrinin istiliyi həmişə mənimlədir.
İçimdəki o balaca qız sanki
pıçıldayır:
“Sakit ol, hər şey keçəcək...”
Günel MUSA
525-ci qəzet .- 2025.- 31 may(¹94).- S.21.