Bir səmtin ensiklopediyası
BİR AZ ATATÜRK, BİR AZ PARGALI, ƏN ÇOX DA
SƏNƏT
Təsəvvürünüzdə bir yer
canlandırın - din, dil, irq fərqi olmayan, məscidlərin,
sinaqoqların, kilsələrin kürək-kürəyə
ucaldığı, bir tərəfdə dindarların ibadət
etdiyi, bir tərəfdə fahişələrin
özünü satdığı yer. Neçə əsrlik
tarixi göz bəbəyi kimi qoruyub saxlayan həmin məkandır
bu yer - mühacirlərin sığınacağı,
axmaqların oylağı, zəiflərin hamballıq etdiyi, zənginlərin
at oynatdığı, zamanın sürətlə
axdığı, amma tarixin yerində qaldığı
Karaköydür.
Bir vaxtlar Karaköy deyəndə hamının
ağlına iqtisadiyyat, pul, xəzinə gəlirdi.
Çünki şəhərin əsas limanı idi və bu
liman yüz illər boyu ticarətin mərkəzi
sayılırdı. Sadəcə ərazidə
yaşayanların deyil, limandan gəlib keçən hər
millətdən izləri də daşıyır. Hətta
buralar 1500-cü illərdə İspaniya inkvizisiyasından
qaçan yəhudilərə ev sahibliyi etmişdi. XIX əsrin
sonlarından etibarən Osmanlının xəzinə mərkəzi
idi. Bir dönəm də Bolşevik inqilabının didərgin
saldığı belaruslara qucaq açmışdı. Təlaş
içində yaşayan bu günün insanları
binalardakı əsrarəngizliyin, detalların,
ihtişamın fərqində olub-olmadıqlarını demək
çətindir, amma Karaköy baxan deyil, görən gözlər
üçün ensiklopediyadır. Qalata
körpüsünün yanından yuxarıya, Bezmialəm Məscidinə
doğru uzanır. Adını bir vaxtlar burada
yaşamış Karaim yəhudilərindən alıb.
Başqa rəvayətdə isə, Bizans dönəmində ərazidə
yaşayan Karay türklərinə görə Karayköy
olduğu və günümüzə qədər dəyişərək
Karaköy olaraq gəlib çıxdığı deyilir.
Ətrafda asta addımlarla yeriyən kimsə görsəniz,
bilin ki, turistdir. Yerlilər daha çox yerimək və
qaçmaq arasında vargəl etdikləri üçün ətrafı
seyr edərək gəzmirlər. Daha çox məkanlarda
oturmağa üstünlük verirlər. Şəhərin
dörd tərəfinə yayılan ərəblərin
çox üstünlük vermədikləri yerdir bura.
Çünki lüks deyil, həddən artıq sadə, dərin
tarixi, keçmişi olan yerdir. Ərəblər isə dərinliyə
deyil, görüntüyə daha çox meyillidirlər. Amma
ruslar... buranı özlərinə məskən seçiblər
desəm, yəqin ki, yanılmaram. Çünki tarixini,
rusların həyatındakı rolunu bilirlər. Yuxarıda da
qeyd etdiyim kimi, vaxtilə Karaköy rusların axın etdiyi yer
olub. Hər tərəfdə onlardan bir iz görmək
mümkündür. Ancaq burada ən çox görəcəyimiz
şey kilsədir. Binaların tavan qatında, hər küncdə,
hər döngədə kilsə var. Hətta kilsələri
ilə məşhur olan İstiqlal caddəsində yeddisi
mövcud olduğu halda, burada nə az, nə çox, düz
20-ə yaxın kilsə var.
Banklar küçəsi, Mongerinin şah əsəri
Kilsələrdən bəhs edəcəm, ancaq əvvəlcə
Karaköydən Qalataya tərəf uzanan məşhur Banklar
küçəsinə gedək. Bura XIX əsrdə əsası
qoyulan abidələri ilə sanki o dönəmə
açılan qapıdır. Sənət əsəri
sayılan binalardan biri Karaköy Palasdır. İtalyan memar
Culio Mongeri tərəfindən Bizans, Səlcuk və
Osmanlı tərzlərinin sintezi şəklində 1920-ci ildə
inşa edilən möhtəşəm abidədir. Bina
günümüzdə “Xalq Bank”ın şöbələrindən
biri kimi fəaliyyət göstərir. Sanay-i Nəfisə məktəbinin
müəllimlərindən olan Mongerinin şah əsəri
sayılan və az qalsın hər kəsin önündə
şəkil çəkdirdiyi, İstiqlal caddəsinin baş
tacı sayılan St Antuan Kilsəsinin memarı olduğunu
xüsusilə vurğulamaq istərdim. Ona görə də,
elə bir əsərin sahibinin belə bir bina inşa etməyi
insanı təəccübləndirmir. Qarşısındakı
Voyvoda küçəsinin əsas meydanla birləşdiyi yerdə
görünən Nordstern Xanı olan iş mərkəzinin
memarının kim olduğu bilinməsə də, memarlıq
üslubuna görə, Culio Mongerinin əsəri olduğu
deyilir. 1889-cu ildə inşa edilən bina, iddialı
tağları, naxışlı pəncərələri ilə
qotikdən renessansa keçid dönəminin memarlıq
xüsusiyyətlərini iks etdirir. Hazırda sığorta
şirkətlərindən birinə ev sahibliyi edir. Şirkət
binanı xalqdan tamamilə qoparmamaq üçün birinci mərtəbəni
sənət mərkəzinə çevirib.
Karaköy bərələrinə gedən yolun
üstündə isə neoklassik üslubun istifadə edildiyi
möhtəşəm bina var. I Dünya müharibəsindən
öncə Avstriya Bankı olaraq fəaliyyət göstərən
binanın inşa tarixi 1912-ci ildir. Binanın Haliçə
baxan yönündə ən uc nöqtəsində, yəni
başında iki heykəl var. Kişi olan heykəl sənayeni,
qadın olan heykəl ticarəti təmsil edir.
Bəziləri bu heykəlləri Tövratla əlaqələndirir.
Kişi heykəlinin yəhudilərin müqəddəs bildiyi
Hiram Usta, qadının isə anası Dul qadın olduğunu
deyirlər. Hər iki iddianı birləşdirən tək
ortaq nöqtə var; o dönəmdə bu cür heykəlləri
binanın üzərinə qoyulmasına necə icazə
verilib?!
Yeraltı məscid
Karaköyün gizli xəzinələrindən biri də
Yeraltı Məsciddir. Əslində buranın hekayəsi VII əsrə
gedib çıxır. O vaxt burada qala varmış. Haliçə
icazəsiz gələnləri tutub buradakı zindana
atırmışlar. Həmin ərəfələrdə
Ərəb mühasirəsi başlayır. Vehbi Bin Hüseyrə
və Süfyan Üyeynə burda şəhid olurlar. Əziz
hesab edilən hər iki şəxs qalanın zirzəmisində
gizli şəkildə dəfn edilirlər. Zirzəminin
qapısının kilidləri əridirlər. Əsrlər
sonra zirzəmidəki bu qəbirlər tapır və türbə
edirlər. Baş vəzir Kösə Mustafa Paşa dönəmində
onun əmri ilə həmin türbələr məscidə
çevrilir. Açığı, burada yatan iki şəxsdən
və öldükləri tarixdən başqa məscid
haqqında qalaq-qalaq yazılacaq xüsusi memarlığı
yoxdur.
Müsəvi izi
Qalata tunelinin girişindən solda Pərçəmli
küçəsində Zülfaris Sinaqoqu var, hazırda muzey
kimi fəaliyyət göstərir. Abidə bir vaxtlar ərazidə
yaşayan müsəvilər tərəfindən tikilib.
Onların getməsi ilə qapılarını qapadıb.
Buraya gələn ziyarətçiləri muzeyin
qarşısında “yanan od” heykəli qarşılayır.
Ölkələrini qorumaq uğrunda ölən türkəsilli
müsəvi əsgərlərin xatirəsini əbədiləşdirmək
üçün ucaldılan bu heykəlin müəllifi Nadia
Ardittidir. Muzeyin əsas binası neoklassik tərzdədir. Adama
elə gəlir ki, binanı inşa edən sanki bütün
istedadını, bacarığını, qabiliyyətini bu
bina üçün istifadə edib və bitirib. Elə
restavrasiya da əslinə uyğun tərzdə
aparılıb. Muzeydə müsəvilərdən, onların
cehiz, evlilik, sünnət kimi adətlərindən ibarət
bölmələr mövcuddur.
Kilsə necə Ərəb məscidi oldu?
Muzeydən çıxıb yola davam edərkən, Tərsanə
küçəsinə çıxırsan. Küçə
ilə bir az irəlilədikdən sonra qarşına əzəməti,
görkəmi ilə görənləri valeh edən Ərəb
məscidi çıxır. Ətrafına qarışqa kimi
səpələnmiş dükanlar, mağazaların
arasından bütün keyfiyyəti, qədimiliyi ilə
insanı yolundan edir. Qeyd edim ki, abidəyə baxan kimi ərəblərlə
və məscidlə əlaqəsi olmadığını dərhal
anlayırsan və yanılmırsan. Çünki bura
İstanbulda məscidə çevrilən ilk kilsədir.
1323-37-ci illərdə Paul kilsəsinin olduğu yerdə
dominikanlı keşişlər tərəfindən inşa
edilib. Cənəvizlilərin burada ibadət etdikləri ehtimal
olunur. Çünki kilsədə aparılan qazıntı
işləri zamanı cənəvizlilərə aid qəbir
daşları tapılıb və həmin daşlar hazırda
Arxeologiya Muzeyində sərgilənir. XVI əsrdə
İspaniya inkvizisiyasından qaçmağı bacaran və
İstanbula gələn ərəblər tərəfindən
istifadə edilməyə başlanır və ona görə
də adı Ərəb Məscidi olaraq qalır.
Rüstəm Paşanın Sinana tikdirdiyi xan
Karaköy həm də xanları ilə məşhurdur.
Onlardan ikisi Osmanlının erkən dönəmlərindən
qalmadır. Bu xanlar Mehrimah Sultanın əri Rüstəm
Paşa tərəfindən Memar Sinana inşa etdirilib. Bənzərsiz
gözəlikdəki bu abidələrin adı Rüstəm
paş Xanı və Qurşunlu xandır. Sinan buranı
dağılmış Cənəviz kilsəsinin üstündə
ucaldıb. Bir az irəlidə isə doqquz qübbəli
görüntüsü ilə ətrafdakı bütün
binalara meydan oxuyan Fateh Xanı var. Bura Sultan Fateh Mehmetin
İstanbulu aldıqdan sonra inşa etdirdiyi ilk binadır.
Atatürkün dostu, Ergenekon məsələləri...
Karaköydəki kilsələrdən tək-tək
yazsam, yəqin ki, kitab olar. Ona görə də, diqqətimi
çəkən bir neçə abidədən bəhs edəcəm. Onlardan biri qapısında
Atatürkün şəklini gördüyüm kilsədir. Həyətə
daxil olanda üzümü hansı tərəfə
çevirsəm, Atatürklə göz-gözə gəldim,
ona aid sözlər oxudum. Ardınca saat 15:00-ı gözləyib,
çərşənbə ayininə qatıldım.
Duaların türkcə edilməsi də maraqlı gəldi. Sən
demə, bura, Atatürkün “O, milli mübarizədə bizə
bir ordu qədər qədər yardım etdi” dediyi dostu, din
xadimi III Papa Eftimin qurduğu Türk Ortodoks kilsəsi imiş.
Müstəqil Türk Ortodoks Patriarxlığı, Şərq
Ortodoks Kilsəsi tərəfindən tanınmayan Ortodoks kilsəsidir.
2002-ci ildə Eftim vəfat edir. Yerinə kimin keçməsi
ilə bağlı bir müddət mübahisələr olur.
Sonra necə olursa kilsənin adı “Ergenekon əməliyyatları”na
qarışır və işləri idarə edən Papa
Eftimin nəvəsi Sevgi Erenerol həbs edilir. Guya, Türk
Ortodoks Patriarxlığı Ergenekonun qərargahı imiş.
Qısacası, kilsənin başı bir az bəlalıdır.
İçərisində tarixi əşyalar, tabutlar, vaftiz
üçün gümüş qablar görülməyə
dəyər əsərlərdəndir. Təbii ki,
Atatürkün necə qalib gəldiyini, necə insanlarla yola
çıxaraq bacardığını görmək
üçün də bu kilsə ziyarət edilməlidir.
Çünki bəzən əhəmiyyətli olan yolun
çətinliyi deyil, yola kimlərlə
çıxdığındır. Bunu müəyyənləşdirdikdən
sonra varacağın nöqtəni təxmin etmək elə də
çətin deyil. Atatürk kimi...
Pargalıdan sonra...
Karaköyün unudulmuş ibadət yerləri
arasında rus kilsələri də çoxdur. Məsələn,
binanın tavan qatında Rus Ortodoks kilsəsi var. Həm kilsə
kimi fəaliyyət göstərir, həm də xüsusi sərgilərə
ev sahibliyi edir. Kilsə haqqında detallı məlumat verə
bilməyəcəm, çünki dördüncü mərtəbəyə
qədər çıxdım, ancaq kilsəni görmək
üçün o qədər ziyarətçi vardı ki,
altıncı mərtəbəyə, yəni kilsənin yerləşdiyi
yerə qədər çıxmağım üçün
saatlarca gözləməli olacağımı
düşünüb geri qayıtdım. Yan binada tavan
qatında başqa kilsə adı görüb yuxarı
çıxdım. Bolşevik İnqilabı ərəfələrində
İstanbula sığınan belarusların
açdığı Əziz Andreas Müqəddəs Skiti
monastırıdır bura. Doğrudur, olduqca balacadır, amma
içərisindəki mavi və göy rəngin hakim
olduğu memarlığı görmək üçün
lazım gəlsə, fəaliyyət göstərdiyi
beşinci mərtəbəyə beş dəfə də
çıxıb düşməyə dəyər. Bura daha
çox yaşlı nəslin gəlməyə davam etdiyi ibadətgahdır.
Gənc belarusların dua etdiyi ünvanı Panteleimon kilsəsidir.
Karaköy başqa aləmdir. Gəzib, görə
bildiyim qədərini yazdım. Bilirəm ki, burada
gördüklərim görmədiklərimin
yarısıdır. Olar də, var olduğu hər dönəmdə,
hər dildən, hər dindən, hər irqdən olan
insanların gəldikləri, iz qoyduqları,
çıxıb getdikləri yerdir bura. Yaxşı,
hamısını qoyaq bir kənara mənim üçün
qiymətli olan Parqalı İbrahim Paşanın kimsəsiz,
yalqız, əksəriyyətin bixəbər olduğu,
binaların arasında sıxışıb qalan məzarı
da burdadır. Karaköyü həmin məzarı axtara-axtara
kəşf etdim. Paşadan öncə bura sadəcə
ötüb keçdiyim yer idi. Bu haqda ətraflı yazacam.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 31 may(¹94).- S.20;21.