RƏSUL RZA
DƏNİZİ
Şəhər küçəsiz olmaz. Şəhər
varsa, hökmən orada küçələr də var. Ancaq
küçələr yalnız şəhərlərdə,
kəndlərdə, qəsəbələrdə olmur.
Böyük ədəbiyyatın özünün də
küçələri, xiyabanları, meydanları var. Şəhərlərdəki
küçələrin sayını bilmək mümkündür.
Bəs ədəbiyyatdakı küçələrin sayı
nə qədərdir? Əslində bu da müəyyən
şərtiliklə məlumdur - bir millətin nə qədər
böyük şairi varsa, onların hərəsi ədəbiyyatın
içərisində, insanların mənəviyyatındakı
bir ayrı küçədir.
Qismət elə gətirib ki, artıq yarım əsrdən
çoxdur mən əgər Bakıdayamsa, hökmən eyni
küçələrdən keçirəm. Bu yarım əsrdən
artıq müddətdə həmin küçələrin
adları dəyişib, ancaq o ünvanlar ki arxadakı onillərdə
bağlı olmuşam, yenə oralara gündəlik gedib-gəlirəm,
onların hamısı da Qoşa qala qapısı,
İçəri şəhərin divarları və indiki Fəvvarələr
meydanı aralığındakı hissədədir. Əslində
bura elə Bakının göbəyidir. Gözəl
paytaxtımız divarlar arasından çıxıb
böyüməyə başlayanda ilk addımlarını bu
səmtə atmışdı, indi Bayır şəhər
onu doğmuş İçəri şəhərdən
qat-qat böyükdür, təbii ki, bugünkü
Bakının xəritədəki dəqiq mərkəzini
arasan, gedib çox uzaqlara çıxacaqsan, amma
yazısız bir bəxt hökmüylə bu hissələr dəyişməz
mərkəz olaraq qalır, qıraqdan gəlib Bakının
bu hissəsinə qədəm basmayan da elə Bakını
görməyən kimi sayılır.
Yuxarıdan aşağı İstiqlaliyyət
küçəsi enir, Sabir bağına çatanda Azərbaycan
prospekti ilə qovuşur, o biri yandansa Azərbaycan prospektini kəsib
keçən Əhməd Cavad küçəsidir. Əziz
adları mənəviyyatımızdan keçən bu
küçələrin davamı olaraq Fəvvarələr
meydanından sonra gələn küçə də elə ədəbiyyatımızdan
keçən yollardan daha biridir. Bu küçə də həm
şəhərdəki küçədir, həm də ədəbiyyatımızdakı
küçə. Nigar Rəfibəyli küçəsi.
İstiqlaliyyət, Azərbaycan, Əhməd Cavad
küçələri bir-birinə hansı təbiiliklə
qovuşursa, Nigar Rəfibəyli küçəsi də bir qədər
irəliləyərək həm şəhərimizin, həm ədəbiyyatımızınkı
olan digər küçəyə eyni təbiiliklə birləşir
- Rəsul Rza küçəsinə.
Bu şəhər hamımızındır. Gözəl
Bakımız həyatımızın bir
parçasıdır.
Və indi xeyli uzaqlarda qalmış 1930-cu illərin
başlanğıcında ürəyi arzularla, ümidlərlə,
bu şəhəri fəth etmək istəyi ilə daşan gənc
Rəsul Rza bura pənah gətirmişdi. Hələ
bütün həyat qarşıdaydı. Ancaq elə yolunun
başlanğıcından o, həyata mübarizə kimi
baxırdı. Yolunun əvvəlində belə idi, elə
axıracan da həmin düşüncədə, eyni əqidədə
qaldı.
Bir zamanlar Rəsul Rzanın hər gün keçdiyi
küçədən indi başqa insanlar, başqa yaş nəsillərinin
bakılıları, ayrı azərbaycanlıları
keçir. Ancaq Rəsul Rza yenə həmin küçədədir.
Bu küçə onun küçəsidir - Rəsul Rza
küçəsi!
Rəsul Rza həyatı boyu qazandıqlarının,
çatdığı uğurların hamısına burada
nail oldu. Bu şəhər onun şəhəri idi. Bu şəhərdə
onun ilk şeirləri işıq üzü gördü. Bu
şəhərdə onun ilk kitabları insanlarla
görüşə gəldi. Bu şəhərdə o, həyatını
dolduracaq oxucularını tapdı.
Və ən mühümü, bu şəhərdə
o, taleyinin insanını, sevgisini - Nigar Rəfibəylini
tapdı.
1930-cu illərdə, tariximizin kəc siyasət
qasırğaları tüğyan edən çağında
qovuşdular və ömürlərinin sonunacan qoşa
addımladılar. Həyatda da, ədəbiyyatda da yanaşı,
əl-ələ, ürək-ürəyə irəlilədilər,
zövqcə, ruhca, düşüncəcə həmişə
eyni yolun yolçuları oldular.
Və bu da taleyin ayrı bir avand yazısıdır
ki, bu gün onlar yenə bir yerdədirlər. Bir yanda Rəsul
Rza küçəsi, o biri tərəfdə Nigar Rəfibəyli
küçəsi. Rəsul Rza həmişə Nigarıyla
qovuşmağa can atdı. Nigar Rəsul Rzasız qalanda həmişə
ürəyi həsrətlə çırpındı və
bu xiffətli duyğular təsirli şeirlərə
çevrildi. Ömrü boyu bir-birinə şəfqətli nəzərlərlə
baxdılar. Həyat uzunu əlləri bir-birinə doğru
uzandı. Bu gün yenə gözəl Bakının doğma
qədər tanış və mehriban məkanında onlar hər
gün bir yerdədirlər, hər an birlikdədirlər.
Vaxtın dünənində duyğularıyla,
düşüncələriylə, döyünən ürəkləri
ilə birgə olan Rəsul Rzayla Nigar Rəfibəyli bu
gün küçəyə çevrilərək burada yenə
qovuşurlar, yenə birlikdədirlər.
Böyük Anar bir yandan “Sizsiz”i yazaraq atasıyla
anasına həmişə yaşayacaq abidə ucaldıbsa, bu
qovuşan küçələr də onun valideynlərinə
bir ayrı müstəsna xidmətidir. Anar olmasaydı, bu
qovuşan küçələr olmazdı. Biz hələ iki
böyük şairin qovuşmalı küçələrini
elə özümüz bu zəruriyyəti hiss edərək
qovuşduracaq qədər nəcib deyilik.
...Hər canlının yuvalara ehtiyacı var. Bir
quşcuğaz da özü üçün yuva qurur, bir
xırdaca qarışqa da, insan oğlu da. İnsan var
olduğu müddətcə sıra-sıra yuvalar yaratmaqdan
usanmır. Zaman olub ki, insanlar torpağı eşərək
yerin altında özünə yuva qurub, o qazmalar evə
dönüb. Bəzi kənd-kəsəyimizdə
ötmüş əsrlərin nişanəsi kimi görünən
belə evtikmənin ötən əsrin ortalarından xeyli
sonra da qaldığını bəlli nümunələrdən
bilirəm.
İnsan dağların ucalarına qalxıb,
qayaları ovub, mağaralar yaradaraq o yüksəklərdə
yaşayıb. Bu da insan oğlunun bir başqa yuvası idi. 10
il öncə Təbrizə getmişdim, bizi dağların
köksündəki Kəndovan adlı yerə apardılar.
Qayalar hamısı ovuq-ovuq idi - hərəsi bir ev. Bu kənddə
hamı dağda ovulmuş kaha kimi mənzillərdə
yaşayır.
Ancaq adam balası, təbii ki, torpağın
üstündə də yuvalar qurub. Bu yuvalar adi bir koma da olub,
sadə insanın yaşadığı balaca bir ev də, zənginlərin
rahatlıq tapdığı ehtişamlı imarətlər də.
Hər insan və hər canlı yuvaya daim ehtiyac duyur.
Vaxtilə Bakının tən mərkəzində həmin
indiki Rəsul Rza və Nigar Rəfibəyli küçələrinin
kəsişməsindəki bina da bir ayrı yuva idi -
kitabların yuvası!
Azərbaycan insanı, bakılılar o yuvaya - Kitab
pasajına tez-tez üz tutardılar. Elə mən özüm
gün olmazdı ki, ora baş vurmayım. İndi həmin
kitab dükanları sırasının yerində
xırda-xırda mağazalardır. Bəziləri
satdıqlarını çıxarıb küçəyə
də düzürlər, vaxtilə görünüşündən
kitablıq, ziyalılıq yağan bu məkan dönüb
qaraçı köçünə, indi dükanların
açıq vaxtında lap həftə bazarına
oxşayır.
Ancaq bir zamanlar bura - Kitab pasajı, Azərbaycan
insanının, bakılıların ehtiyac duyduğu, tələsdiyi,
sevdiyi məkan idi.
Və Azərbaycanın böyük şairi Rəsul
Rza da bu kitablar yuvasının, Kitab pasajının üst
qatında yaşayırdı.
Əlbəttə, bu böyük şəhərdə
ona ayrı bir ünvan da nəsib ola bilərdi. Amma Rəsul
Rza özü də məmnun idi. Onun
yaradıcılığını sevən, Rəsul Rza
sözünün sehrində olanlar da
düşünürdülər ki, burada bir rəmz var,
kitablar yaradan insanın evi, mənzili elə gərək
kitablar yuvasının üstündə olaymış!
Çox illər qabaq kitab aludəsi şəhər
sakinlərini cazibəsindən buraxmayan bu bina indi ayrı həyatla
yaşayır. Buranı tək kitab pasajı tərk etməyib,
elə binanın köhnə sakinləri də bir-bir həyatdan
köçdükcə ya evlər tamam başqa adamlara
satılıb, ya da övladlar mənzilləri ayrı
ünvanlarla dəyişiblər, uzun sözün
qısası, daha keçmişdəki birevli kimi qonşu
olmaqdan əsər-əlamət qalmayıb. Binaya
girib-çıxanların çoxu heç bir-birini
tanımır.
Artıq yarım əsrə az qalır ki, daha o
binanın üst qatlarındakı mənzillərə aparan
pillələrlə nə Rəsul Rza qalxır, nə Nigar Rəfibəyli.
Ancaq onlar ikisi də hər gün bu ünvandadırlar.
Hər dəfə buradan keçəndə istər-istəməz
başımı qaldırıram, gözlərim divardakı
barelyefdən baxan iki əziz surətə dikilir. Rəsul Rza
ilə Nigar Rəfibəyli orada yanaşıdırlar. O
lövhənin açılış günü də dönə-dönə
baxdığım kinoxronika kimi indi də xəyalımda
dolanmaqdadır.
Artıq onillərdir ki, onlar bu mənzildə yoxsalar
da, əslində hər gün buradadırlar və
ötüb-keçənlərə yalnız divardan baxan
bürünc surətləri ilə salam vermirlər. Onlar bu elə və bu dilə ürəklərinin
sonsuz məhəbbəti ilə elə irs yaradıblar ki, nə
qədər sözümüz, nə qədər Azərbaycan
var, Rəsul Rza da, Nigar Rəfibəyli də millətə
salam verməkdə, bu millət də o salamı məhəbbətlə
almaqda davam edəcək!..
...İlk dəfə mən Rəsul Rzanın mənzilinə
aparan pillələrlə qalxanda 1970-ci illərin ortaları
idi. Tələbə idim. Radioda, televiziyada verilişlər
hazırlamağa yenicə başlamışdım. Radiodan
aldığım tapşırıqla Rəsul Rzadan müsahibə
götürməyə gəlmişdim. İlk dəfə o
pillələrlə həmin vaxt qalxdım. Zaman keçdi, bu
mənzildə Rəsul Rzanın övladları
yaşadılar, onlarla görüşmək üçün
bu pillələrlə qalxırdım, bu mənzilə
yollanırdım. İndi Rəsul Rzanın dediyi “güllü
bir may günündə” - onun 115 yaşının
tamamında həmin pillələrlə yenə qalxıram,
yenə o mənzilə yollanıram.
Bu gün o mənzildə artıq Rəsul Rzanın,
Nigar Rəfibəylinin övladları yaşamır. Bu gün
bu mənzilə artıq Rəsul Rza, Nigar Rəfibəyli
özləri qayıdıblar. İndi bu pillələrlə
qalxıram, bu qapını açıram ki, yenidən bu mənzilə
qayıtmış Rəsul Rzayla, Nigar Rəfibəyli ilə
görüşüm...
Bu pillələrlə kimlər qalxmayıb? Azərbaycanın
görkəmli ədibləri, Bakının qonaqları, Rəsul
Rzanın dostları, ona ruhən yaxın olan insanlar, məhrəmləri.
Bu tarixi pillələrlə qalxanlarla bağlı neçə
xatirə yazılaşıb, tarixləşib.
Vaxtilə Bülbül bu evin qonağı olub. Həmin
gün bura gələnlərə, o məclisə
toplaşanlara yalnız ruhən deyil, elə cismən də
cavan olduğunu göstərmək üçün qıvraq
hərəkətlə, pillələri 3-4 aşa-aşa
qalxıb yuxarı. Qalxıb və bu mənzili məlahətli
avazıyla doldurub, radiodan deyil, canlı oxuyan
Bülbülün avazı divarların o tayındakı
qonşuları da feyziyab edib.
Bu pillələrlə Nazim Hikmət qalxıb, bu
qapını Nazim Hikmət açıb, bu mənzildə
şeirlərini oxuyub.
Və bu tanış pillələrlə növbəti
dəfə qalxıram ki, Rəsul Rzayla Nigar Rəfibəyli ilə
görüşüm. Öz doğma mənzillərinə
yenidən qayıtmış o böyük iki insanla
görüşə gəlmişəm.
...Bu ev muzeyə dönəndən sonra ilk girdiyim Rəsul
Rzanın iş otağı oldu. Əslində əvvəllər
heç bu otaq yoxmuş. Sonralar - 1950-ci illərin
axırlarındamı, 60-cı illərin əvvəllərindəmi
(hər halda 1974-də mən bura ilk dəfə daxil olanda
artıq vardı) qonaq otağından bir hissəni ayıraraq
arakəsmə çəkiblər və Rəsul müəllim
özünə yuva içində yuva qurub, təkliyə
çəkilib yazı-pozusu ilə məşğul
olmaqçün bu adanı özü üçün
yaradıb.
Rəsul Rza ilə ilk görüşümün
baş tutduğu bu otaq mənimçün çox əzizdir. Onda tələbə idim, dərsdən
sonra Radiokomitetə gedib “reportyor” dediyimiz səsyazanı
götürmüşdüm, telefonla danışıb şərtləşdiyimiz
saatda gəlmişdim yeni il ərəfəsində Rəsul
müəllimdən müsahibə almağa. Əyləşmişdik
qarşı-qarşıya. Düşünürdüm ki,
İlahi, bu bapbalaca hücrədə hər gün
möcüzələr yaranır, Rəsul Rzanın sonra
insanları heyran qoyacaq, dodaq-dodaq gəzəcək, kitablarda əbədilik
qazanacaq şeirləri darısqallığı qətiyyən
xoşlamayan şairin bu kiçicik otağında doğulur.
Rəsul Rza ilə görüşlərimin səbəbi
həmişə radio olub. İlk dəfə evində
1974-cü ildə görüşmüşdük. Təzə
il ərəfəsində yeni ildən, yeni gündən
danışırdıq. Amma növbəti
görüşümüz bir neçə il sonra oldu.
Artıq Azərbaycan radiosunda. Onda da
görüşümüz yeni il ərəfəsində idi,
onda da yeni ildən, yeni gündən danışırdıq.
Və “yeni” sözü Rəsul Rzaya çox
yaraşır. Ömrünün başlanğıcından həyatının
sonunacan o, daim yeniliklərə doğru can atdı.
Elə vaxtilə radioda elədiyimiz iki-üç dəqiqəlik
söhbət də həmin ladda idi. O qısa söhbət də
şairin düşüncə tərzinin, yolunun, Rəsul Rza
özlüyünün bariz ifadəsi idi. Azərbaycan
radiosunda daimi aparıcısı olduğum “Axşam
görüşləri” verilişi Rəsul Rzanın sözlərinə
Tofiq Quliyevin yazdığı nəğmə ilə
başlayıb, o mahnı ilə də bitir. Və iş elə
gətirmişdi ki, 1978-ci ilin bitəcəyindəki iki saat
yarım davam edəsi yeni il verilişini hazırlamaq mənə
həvalə olunmuşdu. Bu verilişə belə bir
parça da daxil etməyi nəzərdə tuturdum ki,
ayrı-ayrı populyar radio verilişləri, onların da
sırasında “Axşam görüşləri” yeni il gecəsi
səslənəcək proqrama qonaq gəlir.
Hər biri bir neçə cümlə desin deyə
üç böyük sənətkarı - verilişin
başlığının müəlliflərini radiostudiyaya
dəvət etmişdim. Rəsul Rzanı - “Axşam
görüşləri” şeirinin müəllifini, o şeirə
musiqi bəstələmiş Tofiq Quliyevi, bir də o
mahnını sonsuz məlahətlə ifa etmiş Şövkət
xanım Ələkbərovanı. Hər birinin cavabı
maraqlı idi, hərəsi mahnının yaranış
tarixçəsindən, efir həyatından macəralı
bir epizod söyləyirdi.
Tofiq Quliyevin dəqiq miqdarını heç
özünün də bilmədiyi bolluca nəğmələri
arasında Rəsul Rzanın sözlərinə bəstələdikləri
də az deyildi, əsasən də hamısı məşhur
mahnılardı, ancaq arasında bu “Axşam görüşləri”
yeganəsi idi ki, yarandığı gündən yalnız
bazar günləri səslənmişdi - təkcə bu
verilişin əvvəlində və bitəcəyində.
Ancaq həmin il yeni il verilişi bazar gününə təsadüf
etmirdi, amma “Axşam görüşləri” həmin
verilişə öz mahnı başlığı ilə
qonaq gəldiyindən, təbii ki, ilk dəfə olaraq istirahət
günündə deyil, həftənin fərqli bir
günündə eşidiləcəkdi. Səhv etmirəmsə,
yeni il proqramı o il həftənin üçüncü, ya
dördüncü günü olmalı idi. Elə bunları
düşünərək Rəsul müəllimdən
soruşdum ki, sizin çoxlu nəğmələriniz cərgəsində
bu mahnının fərqli taleyi var, yarandığı vaxtdan
yalnız bazar günləri səslənib, amma bu axşam (“bu
axşam”ı ona görə deyirdim ki, guya müsahibə elə
dekabrın 31-də radiodakı yeni il proqramında canlı səslənir)
ənənə pozulur. Bazar günü deyil, ancaq “Axşam
görüşləri” mahnısı efirdədir. Ənənənin
bu cür pozulmasına münasibətiniz nədir? Rəsul
müəllim özünə xas tərəddüdsüz
deyiş tərzi ilə qayıtdı ki, ənənənin
pozulması çox yaxşı şeydir. Əgər bir
şərtlə ki, ənənənin belə pozulması
yeniliyə doğru ola, təzə nəsə gətirə,
işığı artıra.
İkicə dəqiqəyə sığan söhbətində
də Rəsul Rza həmin Rəsul Rza idi, bütün
ömrü və bütöv yaradıcılığı ərzində
dediyi və etdiyini dilə gətirirdi.
Bu, Rəsul Rzanın başlıca həyat və
yaradıcılıq fəlsəfəsi idi.
O, yıpranmışlığın, köhnəlmişliyin
əleyhinə idi. Köhnəlməyən köhnəni
sevirdi, yaşamalı köhnəni qorumağı, gələcək
nəsillərə də ötürməyi vacib hesab edirdi,
saf ənənə olan köhnənin tərəfində idi.
Ancaq o köhnəlik ki artıq insanları bezdirir, heysizliyi,
qocalıb əldən düşmüşlüyü
aşkar sezilir, yerini yeniyə verməsini zaman özü istəyir,
o təhər qaxsımış köhnənin də qatı əleyhdarı
idi.
Sualımın cavabında davam etdi ki, bu gün bu ənənənin
də pozulması həmin yaxşı olan pozulmalardandır.
Eşidimli, bəyənimli mahnı indiyəcən yalnız
bazar günü eşidilibsə və bu gün çərçivədən
çıxaraq ayrı bir gün də səslənirsə nə
gözəl!
Rəsul Rzanın ədəbi yolunun
başlanğıcında yazdığı ən məşhur
şeirlərdən biri “Bolşevik yazı”ydı və əslində
həmin qoşqusu Rəsul Rzanın özü
üçün bilərəkdən, ya şüuraltı bir
gücün diktəsiylə yaratdığı proqram -
ülgü idi.
Gənc şairin vaxtında çox məşhur
olmuş, bu gün də təravətini və məna siqlətini
itirməmiş o şeiri ibrətli misralarla bitirdi. O cəhətdən
ibrətdi ki, Rəsul Rzaya da, Rəsul Rza kimi həyatı
mübarizə olan hər insana da çox yaraşır:
Mübarizə bu gün də var, yarın da.
Mən də onun ən ön sıralarında.
1930-cu illərin fırtınalı əyyamlarında ədəbiyyat
meydanına atılan Rəsul Rza həmişə mübarizələrin
ön cəbhəsində oldu və bəxtinə
düşmüş vaxt kəsiyi, ömründən keçən
onillərin heç biri qətiyyən sadə deyildi.
Tuthatutlu və təqibli 1930-cu illərin də,
müharibə qayğılı 1940-cı illərin də,
sanki epoxaların dəyişdiyi Stalinli və Stalinsiz 1950-ci
illərin də, siyasi yumşalma mehlərinin əsdiyi,
demokratikləşmə ümidlərinin
çırtladığı və çilikləndiyi
1960-cı illərin də, ən sərt sarsıntılar və
ən böyük təltiflərlə müşayiət
olunan 1970-ci illərin də hər birinin öz
qayğıları, öz acıları, öz maneələri,
öz çətinlikləri vardı. Əlbəttə, hər
dövrün sevincləri, fərəhləri, uğurları
da olmamış deyildi. Ancaq o sevinclərə, fərəhlərə,
uğurlara çatmaq üçün həmin onillərin hər
birində aşılmaz barıları adlamaq, saysız maneələri
dəf eləmək gərəkdi.
Və Rəsul Rza heç vaxt yalnız özü
üçün çalışmadı. O, böyük bir ədəbi
nəslin önündə gedən işıq idi. Müəllim,
səmtgöstərici idi. O, yol aça-aça gedirdi ki,
ardınca gələnlər daha geniş üfüqlərə
asudə qanadlana bilsinlər.
Gənclik illərinin bəhrəsi olan zərbülməsəl
səciyyəli misralar həyatı boyu Rəsul Rzanın
devizinə döndü, onun yol xəritəsinə
çevrildi.
Elə bil o misralardan saçan cazibə və enerji həmişə
Rəsul Rzayla idi və onu müdam yeni-yeni mübarizələrə
kökləyirdi, qatıldığı mübarizələrin
də hər birindən daim qalib çıxarırdı, əbədi
qalib çıxmasının sübutu da ondan qalan, hər
biri də diriliyini hifz edən yadigarlardır.
Hər misrası, hər şeiri, hər kitabı onun
özündən də çox yaşamaqdadır, söz yox,
bizdən də qat-qat uzun ömür sürəcək.
Və nə qədər ki dilimiz, millətimiz var, Rəsul
Rza Azərbaycan insanı ilə qalacaq və onun məşhur
misraları da düşüncələrdə bir ayrı
biçimdə əks-sədalanacaq:
Mübarizə bu gün də var, yarın da
Rəsul onun ən ön sıralarında!..
XXI əsr Rəsul Rzasız gəldi. Amma çox istəyirdi
ki, bu təzə əsri görsün. Yalnız
arzulamırdı. Bu əsrə çatmağa
özünü haqlı bilirdi. Deyirdi ki, heç olmazsa yeni əsrin
bircə gününü yaşayım, sonra dünyadan gedim.
Bu arzusu lentin yaddaşında əbədiləşən səsində
də galıb. Sadəcə arzulamır, taleyə iddiası
var: “Mən iyirmi birinci əsri necə görməyə bilərəm?!.”
Ömrü boyu dilində və qələmində olan, bəzən
kiminsə xoşuna gəlib, kiminsə döşünə
yatmayan, amma əksərən həqiqət olan çox fikirləri
kimi, Rəsul Rzanın yeni əsrə, Vaxtın təzə sərhədinə
çatmaq niyyətində də onun şəxsiyyəti və
yaradıcılığının iki ümdə həqiqəti
döyünür. Yeni əsri, təzə minili görməyə
Rəsul Rzanın, əlbəttə ki, haqqı vardı və
bu haqqının olmasını özü də yaxşı
bilirdi. Çünki təzə əsri, yeni zamanı, hər
halda dünənkindən bir az yaxşı, bir az irəli
getmiş olan, hər halda Azərbaycanın bir qədər də
yüksəlmiş olduğu (Azərbaycanın dövlət
müstəqilliyinin belə erkən gələcəyini təsəvvür
edərdimi?) yeni zamanı gətirənlərdən biri o
özü idi. Bu yeni zamanın gəlməsinə o,
ömrünün 50 ilinin təcrübəsini və
mübarizələrini həsr etmişdi. Rəsul Rza XX əsri
adlayıb XXI əsrə çatmalıydı. Ömrü
uzunu darısqallıqdan, qəliblərdən, çərçivələrdən
qaçmışdı, dürlü yasaqlar, çəpərlər,
maneələrlə mübarizə aparmışdı və
son ən böyük mübarizəsi də sakini olduğu əsrin
divarını yırtmaq, təzə minilliyin hasarını
aşmaq idi. Ona görə də yeni əsrin bircə
gününü də özünə bəs hesab edirdi.
Yalnız bircə gün. Köhnə minillikdə, nimdaş
yüzillikdə deyil, həmişə onu sıxmış əsrdə
yox, üfüqləri gep-geniş, ümidlər, arzularla dolu
yeni əsrdə yaşanacaq bircə gün.
Sovet zamanında, xaricə gediş-gəlişlərin
hələ qıt çağlarında Rəsul Rza Nəsiminin
qürbətdəki qəbrini ilk ziyarət edən azərbaycanlılardan
oldu. Görünür, təsadüfi deyilmiş. Bu da bir qismətmiş.
Nəsimi də şair nəvəsindən beş əsr
öncə darısqallıqdan gileylənirdi, cahana
sığmadığını bəyan edirdi.
Rəsul Rza XX əsrdə doğuldu, həyatı həmin
əsrdə də başa çatdı - ömür yolu
bütünlüklə bu əsrə sığdı. Amma o,
ömrünün hər gününü min bir teliylə
bağlı olduğu bu əsrin deyil, daha sonra gələn
zamanın balası idi. Əslində o, görməyəcəyi
XXI əsrin övladıymış, payına
düşmüş vaxt kəsiyində sadəcə kirayənişindi.
Rəsul Rzanın hər şeirinin sonunda o ədəbi
örnəklərin yazılma tarixi var. Həmin şeirlərdəki
fikirlər, düşüncələr isə şeirin
altında qeyd olunan tarixlərdən daha sonraya aiddir. Rəsul
Rza köhnə Azərbaycanın deyil, yeni Azərbaycanın
şairi idi.
Babam avam idi
indiyə
görə.
Mən avamam sabaha görə.
...Babam
olmasaydı,
mən
olmazdım.
Ancaq qala
bilmərəm
babam
kimi.
Gələcək günlərə aparmalıyam
mürəkkəb
əsrimi.
Rəsul Rzanın ata-babaları avam adamlar
olmamışdılar. Ən azı ona görə ki, bu şəcərə
xan nəsli idi. Rəsul 6 yaşındaykən atasını
itirdikdən sonra dayısı Hüseyn Rzayevin himayəsində
yaşayaraq onun soyadını götürsə, sonacan “Rza”
qalsa da, əslində familiyası Məmmədxanlı idi.
Atası İbrahim əyalətdə - Göyçayda
yaşaya-yaşaya rusca təhsil ala bilmişdi,
gözüaçıq bir insandı və kəndin
bütün yazı-pozu işləri onun qələmindən
keçdiyindən elə camaat arasında da “Mirzə
İbrahim” kimi məşhurlaşmışdı. Avam
olmamışdı Rəsul Rzanın ata-babası, amma yeni
zaman “avam” adlanmamaq üçün daha başqa keyfiyyətlər
tələb edirdi.
Rəsul 1910-cu ildən idi və onun başlanan həyatı
dəyişən, yeniləşən bir zamana
düşürdü və sonrakı bütün ömrü
ərzində həmişə məhdudiyyətlərdən
qırağa sıçramağa çalışan Rəsula
ilk uşaqlıq əyyamlarından artıq Göyçay dar
gəlirmiş. Əmisi oğlu, görkəmli
yazıçı Ənvər Məmmədxanlı artıq
ixtiyar çağlarında yada salırdı günlərin
birində Rəsulun təklifiylə buralardan baş
götürüb uzaqlara, xülyalar dünyasına, Türkiyəyə
qaçmaq istəmələrini. Rəsul Rzanın
ömrünə, zəka bəhrələrinə illərin
indiki ucalığından baxarkən duyulan əsas həqiqətlərdən
biri də budur ki, o, mühitə uyğunlaşanlardan, onacan
mövcud olan, başqalarının rahatca
yaşadığı ab-havada ömür sürməyə
gözüyumulu alışanlardan deyilmiş. O, dünyaya
özü mühit yaratmaq üçün gələnlərdən
idi. Bakıya ilk dəfə qədəm basanda 20
yaşındaydı, XX əsrin otuzuncu illəri
başlanırdı və köhnə ədəbiyyatla yeni,
yeniləşən, yeniləşməyə can atan ədəbiyyat
yanaşıydı. Tək yanaşı yox, çox cəhətdən
üzbəüz, qarşı-qarşıya idi. Köhnə ədəbiyyatın
ağırçəkili canlı klassikləri də
ortadaydı, onların yolunu tutub gedən Rəsul
yaşında olanlar da az deyildi. Ədəbiyyatda ilk
addımlarını atan, ucqardan nabələd Bakı
mühitinə təşrif gətirən köməksiz,
arxasız bir cavandan ötrü ayağının yer
tutması, maneəsiz irəliləyişi üçün bəlkə
də ənənəvi cərəyanın rahat axarına
qoşulmaq münasib idi. Amma elə Bakı ədəbi
mühitinə qatıldığı lap başlanğıc
aylarda - 1931-ci ildə Rəsul Rza “Bolşevik yazı”nı qələmə
aldı və dəliqanlıca öz ədəbi məsləki
və məqsədinin yenilikçilik, çərçivələrdən
aşaraq yeni üfüqlər fəth etmək olduğunu
bildirdi. O səs - keçmiş yazlardan yox, gələcək
yazlardan yazmağa çağıran səs Rəsul Rzanın
içərisindəki yenilikçi fəhmin və Vaxtın
səsi idi.
Sonrakı yarım əsrlik ədəbi yolu içərisində
Rəsul Rza tənqidləri də, tərifləri də
çox görəcək.
Amma özünün görmədiyi,
oxumadığı bir qiymət ki həmin “Bolşevik
yazı”dan dərhal sonra yaranmışdı, mənə
çox əziz gəlir. Yaşlı bir insan, köhnə ədəbiyyatın
sadiq bir təmsilçisinin qiymətidir o qiymət. Hüseyn
Cavidin Naxçıvanda yaşayan, müəllimlik edən, hərdən
qələm təcrübələri yerli qəzetdə və
respublika mətbuatında dərc edilən böyük
qardaşı Şeyx Məhəmməd Rasizadə vermişdi
o qiyməti:
Gələcəkdə səndən çox şey
gözlənir,
Ədəbi məsləkin bir gün izlənir.
Rza, durma, Rza, durma, Rza, yaz!
Qoca şair ilk qələm təcrübələrini
oxuduğu, ona doğma olmayan üslubda yazan gəncin yolunun, məsləkinin
bir gün izlənəcəyini, ədəbi mühitə
yenicə atılmış cavanın bir gün
özünün mühit yaradacağını peyğəmbər
bəsirətliliyi ilə sezmişdi.
Ən sevimlisi isə odur ki, köhnə ədəbiyyatın
təmsilçisi və məftunu olan bu insan yenini və
cavanı qəlb genişliyi ilə qarşılamağa
özündə qətiyyət tapmışdı.
İllər ötəcək, Rəsul Rza məhz
yenilikçi olduğuna görə, məhz köhnəlmişi
rədd etdiyinə görə, məhz
birovuzlaşmışdan imtinaya
çağırdığına görə saysız
hücumlara hədəf olacaq. Nə qədər
gücünü, əsəbini aparacaq bu mənasız
mübarizələr. Əslində mənasız da demək
olmaz. Bu mübarizələr gərək idi. Bu mübarizələr
olmasaydı, Rəsul Rza öz yolunu, üslubunu və ardıcıllarını
müdafiə edə, qoruya bilməzdi. Bu mübarizənin
özü yox, mübarizənin aparıldığı rəqiblər
mənasız idi. Amma neyləyəsən ki, onlar çox idilər,
əksəri güc, səlahiyyət, nüfuz sahibi idi.
Bir də - Rəsul Rzanın apardığı
yalnız ədəbi mübarizə deyildi ki! O, ədəbiyyatda
ən ciddi siyasi mübarizə aparan, qaranlıq mühit
içərisində azadfikirliliyin işığının
sönməməsinə mərd sinəsini qabağa verərək
çalışan nadirlərdən idi.
O, mahiyyətcə çürük, gələcəksiz,
ancaq nəhəng, gücü ipə-sapa yatmayan sovet rejimi ilə
də mübarizədəydi. Rəsul Rzanın ömür təqvimində
XX yüzildə Azərbaycanın taleyindən keçmiş
mühüm olmuşların hamısının izi var. Tale
sanki onu həmişə o vacib hadisələrin mərkəzinə,
ən qaynar nöqtələrinə doğru qovub. Rəsul Rza
otuzuncu illərin repressiya dəhşətlərini də
görüb, otuz-qırx-əllinci illərin mədəni
quruculuğunun çətin və fərəhli
gedişatının da iştirakçılarından olub,
İkinci Cahan savaşının odlu-alovlu cəbhələrindən
də keçib, 1944-1945-ci illərdə İranda, Cənubi
Azərbaycandakı milli oyanışın, milli dövlət
quruculuğunun fərəhini də əllə toxunacaq qədər
yaxından izləyib. Təbii, bütün bunlar onun
yaradıcılığında, solmaz şeirlərində əbədiləşib.
Lakin o illərin, o keçilmiş yolun elə həmin
dövrdə yaranan şeirlərdən daha artıq bir
faydası qazanılan ömür təcrübəsi idi. Həmin
təcrübə, ömür yolunun bütün
eniş-yoxuşuyla bunca zənginliyi uzun zaman keçişindən
sonra həm arxada qalmış o dövrləri, həm də
ümumən həyatı və insanları daha sərrast
görüb anlamaqda Rəsul Rzaya yardımçı oldu.
Rəsul Rzanın həyat yolu ağsaqqal müasirləri
Cavid kimi, Seyid Hüseyn kimi, Mümtaz kimi, tay-tuşlarından
olan Müşfiq kimi 1937-də, 1938-də qırıla bilərdi.
Repressiyalar girdabı onu udmadı, bu bəladan qurtuldu.
Otuzuncu illərin qarayaxa mətbuatında bircə qələm
dostu haqqında da bircə əxlaqsız, namərd sətri
görünmədi. Amma neçələrinin qələm
yoldaşları haqqında xəlvətdə yazdıqları
donoslar bir yana, o dövrün mətbuatında donosdan geri
qalmayan, dünənəcən üzünə güldükləri
neçə şairi, yazıçını dirigözlü
məhvə yuvarlayan nə qədər riyalı
yazıları da işıq üzü gördü.
Rəsul Rzanın həyatı faşizmlə
ağır dava illərində də bitə bilərdi. Sadiq
dostlarından olan, sonraların görkəmli ədəbiyyatşünas
alimi Abbas Zamanov xatırlayırdı Rəsul Rzanın qorxunc
bir müharibə axşamında hər ehtimala qarşı
vida məktubu yazaraq şüşəyə qoymasını,
kiminsə rastına çıxacağı ümidiylə dənizə
atmasını. Müharibədən də sağ-çillə
qayıdıb gəldi. Əllinci illərin ortalarınacan Rəsul
Rzanın şeirləri, poemaları qədərincə idi,
kitabları çıxmışdı, yazdıqları dillərə
tərcümə edilmişdi və Azərbaycandan
qıraqlarda da imzası tanınırdı. Ömür yolu
37-də qırılsaydı da, müharibədə bitsəydi
də, qırxıncı illərin sonları, əllinci illərin
əvvəllərində Rəsul Rza Mircəllad dediyi qəddar
Mərkəzi Komitə katibi Mircəfər Bağırovun
növbəti qəfil qəzəbtutmalarından birinə
giriftar olub gedər-gəlməzə göndərilsəydi də,
qalacaqdı. İstedadlı bir şair kimi əllinci illərin
ortalarına qədər o, ədəbiyyatın
yaddaşında qalmaq haqqını qazanmışdı. Amma
Tanrı ona böyük yaradıcı üçün,
qınamayın məni, adi insandan qat-qat daha lazımlı olan
uzun ömür də verdi. Rəsul Rza yaşadı, əllinci
illərin ortalarından XX yüzilin sonuna doğru 30 ilə
yaxın bir yol keçdi və ədəbiyyatın
yaddaşında yox, HƏR GÜNÜNDƏ daim yaşayacaq Rəsul
Rzanı yaratdı.
Rəsul Rzanın əllinci illərin ortalarına qədərki
yaradıcılığı o mərhələdən sonra
başlanacaq BÖYÜK YARADICILIĞI üçün bir
hazırlıq mərhələsi imiş. Rəsul Rza məhz
yaradıcılığının və şəxsiyyətinin
bu mərhələsi ilə mühit yaradıcısına,
MƏKTƏBə çevrildi. Məbəd anlayışı
ilkin olaraq yada ehkamı salır. Rəsul Rzaya Azərbaycan gəncliyi
artıq XX əsrin 60-cı illərində məbəd kimi
baxırdı. Lakin Rəsul Rza məbədi o nadir məbədlərdən
idi ki, ehkamları, basmaqəlib düşüncəni rədd
edirdi, onun nə şeirində, nə yaratdığı
mühitdə ehkamçılığa yer vardı.
Rəsul Rza şair idi, peşəsi şeir yazmaq idi,
amma böyük ölçüdə şeir də,
şairlik də ondan ötrü vasitəyə
çevrilmişdi. Özünün Xalqçılıq, Vətənçilik,
Azərbaycançılıq, Türkçülük fəlsəfəsi
və konsepsiyasını gerçəkləşdirməkdən
ötrü münasib bir vasitəyə.
Rəsul Rzada dünyanın çox ölkəsindən
Azərbaycan ədəbiyyatına və Azərbaycan
xalqına doğru uzanan yollar qovuşurdu. Rəsul Rza
yalnız Azərbaycanın şairi deyildi və artıq sovet
zamanlarında o, türk dünyasının böyük və
ortaq şairləri mərtəbəsinə
ucalmışdı.
Rəsul Rza Azərbaycan dilinə ən təmənnasız
və ən ardıcıl xidmət göstərən
insanlardan oldu. Onun şeiri dilimizin qoruqlarından idi. Gənclik
çağlarında vur-tut 23 bahar yaşamış Asəf
Zeynallı Rəsul Rzanın sözlərinə bir mahnı
yazmışdı: “Sərhəd bəkçisi”. Rəsul Rza
özü də illər sonra bir sərhəd bəkçisinə
- dilimizin sərhədlərinin keşiyini çəkən
yenilməz bir əsgərə döndü. Azərbaycan
şeir dilinin ifadə imkanlarını genişləndirdi,
dilimizin ərəb-fars lisanlarının qəliz
qatışıqlarından təmizlənməsi yolunda
ardıcıl iş apardı. Rəsul Rza Azərbaycanın bütün
tarixi boyu sönməmiş, səngiməmiş etiraz ədəbiyyatının
XX yüzilin ikinci yarısında, sovet ideoloji
maşınının ən mənəm-mənəm
çağlarında ən cəsur təmsilçisi oldu.
Senzura barılarının qat-qat, lay-lay yolu-rizi
bağladığı çağlarda Rəsul Rzanın Sovet
Azərbaycanında, Azərbaycan dilində dərc etdirdiyi
yüksək bədiiliyi yüksək
inqilabçılığına qovuşmuş mərd
şeirləri yatmış qafaları oyadırdı, onsuz da
oyaq qafaların ümidsizliyə qapılmasının
qarşısını alırdı, rejimin kökünə,
təməlinə balta çalırdı. Daha geniş
müstəvidə yanaşılırsa, Azərbaycan
insanında istənilən ən güclü görünə
bilən şərin mahiyyətdə süst, lax, lırt
olduğunu, istənilən ən zəif kimi görünən,
sozalan işıq təsiri bağışlayan HAQQIN isə
gec-tez mütləq qalib gələcəyinə inamı
artırırdı.
Rəsul Rza yalnız ədəbiyyatda deyil, mədəni
və ictimai-siyasi həyatın ən çeşidli sahələrində
zövqün, səviyyənin ən başlıca məhək
daşlarından, meyarlarından idi.
Otuzuncu, qırxıncı, lap elə əllinci illərdə
olduğu kimi, istəməyənləri, badalaq vuranları,
düşmənləri az deyildi. Özünün və xəttinin.
Amma dostları və silahdaşları, məsləkdaşları
vardı. Sağ yanında Nigarı vardı, Anarı
vardı, Ənvər Məmmədxanlısı vardı... sol
yanında Cəfər Cəfərovu, Sabit Rəhmanı, Qara
Qarayevi, Niyazisi... Fikir, əqidə, zövq, mübarizə
yoldaşları. Bir də cavan çiyindaşları, onu
candan sevən gənc dostları vardı. Ona görə Rəsul
Rza və onun mənsub olduğu dalğa güclü idi, bu
“müqtədir dəstə” yenilməz idi və bu möhtəşəm
axın Azərbaycanı XXI əsrin üfüqlərinə
doğru aparırdı.
Rəsul Rza Füzulini sevirdi, Nəsimini sevirdi,
Aşıq Ələsgəri sevirdi, Sabiri sevirdi,
keçmişimizdə yaxşı olan hər şeyi sevirdi.
Vacib həqiqəti dərk etmişdi ki, adamın gərək
babası ola. Amma daha vacib həqiqət Rəsul Rzadan
ötrü o idi ki, gərək hər insan babasını
yaxşı tanıya, babasından öyrənə, amma
babasından da irəli gedə.
Azərbaycanın ilk milli ensiklopediyasını
yaradırdı ki, bu xalq babasını tanısın və
olduğu kimi tanısın. Yaradırdı ki, bu xalqın, nəhayət
ki, doğru-düzgün tarixi yazılsın, təzə əsrə
istiqamət götürmüş xalq öz keçmişindən
bixəbər qalmasın.
Başa çatdırmağa imkan vermədilər.
Onun başladığı və XX əsrin yetmişinci illərində
üzə çıxmalı və daha yüksək
inkişafı təmin etməli işlər 20-30 il geri
atıldı. Amma Rəsul Rzanın ensiklopediyada
başladığı işlər nəticəsiz də
qalmadı. Onun qığılcımı artıq çox
beyinlərə dağılmışdı və əslində
ömrü boyu Rəsul Rza üçün ən
mühüm olan elə ondan saçıb beyinlərə,
ürəklərə düşən, sabah alova, ocaqlara
çevriləcək qığılcımların
varlığı idi. Vərəqləyirəm Rəsul
Rzanın kitablarını. Tək bu gün, indi yox ki! Tez-tez
açıram onun cildlərini. Müdrik bir dostla söhbət
etmək, dərdləşmək, güc, işıq almaq
üçün açıram.
Bir dəfə Rəsul Rzayla Nigar Rəfibəylinin həyatda
və ədəbiyyatdakı ləyaqətli davamı Anarla
Buzovnaya getmişdik. O bağa ki, Rəsul Rzanın
ömrünün neçə yayı orada keçmişdi.
Neçə şeirini dənizin lap sahilindəki bu xudmani
bağın sakitliyində qələmə almışdı.
Çoxdan kimsənin gəlmədiyi bağ suyu qurumuş
çay yatağı kimi qüssə gətirirdi. Köhnə
rəfdə uzaq illərin təzə jurnalları, qəzetləri,
haçandan bəri qatı açılmamış kitablar, Rəsula,
Nigara müxtəlif şəhərlərdən gəlmiş
məktublar...
Bağın sahibləri yox idilər - sabaha
çıxıb getmişdilər. Kimsəsiz bağın sükutunu
yaxın dənizin səsindən başqa pozan yox idi. Nə
deyirdi dəniz?
Bizdən onillərcə əvvəl elə bu
bağda, belə səssiz, sakit axşamlardan birində Rəsul
Rza da dənizin qulaq cingildədən sakitliyi dağıdan
xışıltısını,
pıçıltısını dinləyirmiş,
danışırmış onunla.
Pəncərəmi açmışam dənizə.
Səhər hələ yoldadır.
Ay gecənin üfüq qapısında,
qarovuldadır.
Dəniz kimi, dənizin dalğaları kimi hər gəlməmiş
səhərdən ötrü darıxan, hər gedən
günün ömürdən getdiyini bilə-bilə yenə
növbəti səhərə can atan Rəsul Rza hər halda
son böyük arzusuna çatıb. O, XXI əsrdədir. Diri
şeiriylə, canlı sözüylə, bu gün yaranan
çox sözdən daha təravətli və gələcəkli
sözüylə XXI əsrdədir.
Mən dənizdən nə istəsəm alaram;
balıqdan tulmuş
şeirin möcüzəsinə qədər.
Mən dənizə nə verirəm?
Heç nə!
Mən dənizsiz qala bilmərəm,
dəniz mənsiz keçinər.
Dəniz sənsiz qaldı, ustad! Kədərlidir, amma
neyləyəsən ki, doğru sözmüş - dəniz sənsiz
keçinir. Biz ki sənsiz keçinə bilmirik! Sən
özün də dənizmişsən, ustad!
Hamımızın dənizi! Ötmüş günlərin və
yeni başlanan minilin Dənizi. Dənizin sonu varmı məgər?!
Dənizi axıracan kəşf etmək mümkünmü?! Dəniz
həmişə diri deyilmi, Rəsul Rza?
...İlk gəncliyində Rəsul Rza Bakıya pənah
gətirdi. Burada şöhrətini tapdı, sözü ilə
Azərbaycanı fəth etdi, dostlar qazandı,
ardıcılları yetişdi, dünyada tanındı, bir
kitabxana dolduracaq qədər kitablar doğurdu, yüksək vəzifələr
tutdu, dövrün, dövlətin nəvazişlərini
gördü, ordenlərə, medallara layiq görüldü...
Xoşbəxt oldumu Rəsul Rza?
Mahiyyəti bunca sərrast duyan belə geniş təfəkkürün
sahibi, həyatı və insanları bunca dəqiq görən
o cür bəsirətli gözlərin sahibi, hər zaman həmdərd
olmaq yanğısı ilə yaşayan şair xoşbəxt
ola bilərmi ki!
Xoşbəxt bizik, Azərbaycandır, millətimizdir
ki, Rəsul Rzamız vardı! Xoşbəxt bizik, Azərbaycandır,
millətimizdir ki, Rəsul Rzamız var! Xoşbəxt bizik, Azərbaycandır,
millətimizdir ki, Rəsul Rzamız həmişə olacaq!
Böyük millət olmağın mübarizəli yolu davam
etdikcə o, yaşayacaq, bizimlə qalacaq və həmişə
də mübarizənin ən ön sıralarında olacaq!
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 31 may(¹94).- S.18-19.