Ana dili sərhədləri
aşanda...
“XALQ ƏMANƏTİ” LAYİHƏSİNİN
25-Cİ NƏŞRİ “GÜNEY AZƏRBAYCAN POEZİYASI”
ANTOLOGİYASI OLDU
“Türkün dilitək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan, bu əsil dil əsil olmaz.
Öz ləfzini farsa, ərəbə qatmasa şair,
Şeirin oxuyanlar, eşidənlər kəsil olmaz”.
M.Şəhriyar
Mayın 16-da Azərbaycanın mədəni həyatında
daha bir əlamətdar hadisə baş verdi. Son 15 ildə “Xalq
Əmanəti” layihəsi çərçivəsində Azərbaycan
şairlərinin poetik toplularını, təsviri sənət
ustalarımızın bədii albomlarını ərsəyə
gətirməklə milli mənəvi irsimizin qorunmasına və
təbliğinə möhtəşəm töhfələr
verən Xalq Bankın baş ofisində bu dəfə layihənin
daha bir yubiley nəşri - 25-ci buraxılışı
ictimaiyyətə təqdim olundu.
“Güney Azərbaycan poeziyası. Seçmələr”
adlı bu nəşr Cənubda ana dilimizdə yazıb-yaradan
şair soydaşlarımızın əsərlərinin toplu
halda təqdimatı olmaqla yanaşı, Araz çayı
üzərindən hər iki taya uzanaraq dərin, canlı
köklərə malik, geniş şaxəli, bol bəhrəli
ağac kimi ucalmış Azərbaycan poeziyasının iki
qüdrətli budağını özünəməxsus
şəkildə birləşdirən körpüyə
çevrildi. XX-XXI yüzilliklər Azərbaycan ədəbi
mühitini layiqincə tanıtmaq məramı daşıyan
bu kitab həm də tariximizi dolğun əks etdirmək
baxımından önəmlidir.
Toplunun tərtibində AYB-nin beynəlxalq əlaqələr
üzrə katibi şair Səlim Babullaoğlu, filologiya elmləri
doktoru, professor Esmira Fuad və filologiya elmləri doktoru Pərvanə
Məmmədli iştirak ediblər.
Müxtəlif ədəbi məktəb təmayül
və cərəyanlara mənsub 50 şairin əsərləri
toplanmış kitabda ərəb-fars sözlərinin və
dialektizmlərin lüğəti, müəlliflərin
bioqrafiyası və coğrafi adların tanıtımı da
yer alıb. “Xalq Əmanəti”nin əvvəlki bütün nəşrləri
yüksək poliqrafik keyfiyyət, milliliyə köklənmiş
peşəkar dizayn ilə seçildiyi kimi, layihənin yeni
buraxılışı da bu baxımdan istisna olmayıb.
Təqdimat mərasimini açaraq tədbirə
toplaşmış mədəniyyət, ədəbiyyat, incəsənət
və media nümayəndələrini salamlayan Azərbaycanda
Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov
bildirdi ki, mədəni-maarifləndirici məzmun, sosial və
milli xarakter daşıyan “Xalq Əmanəti” zəngin milli irsə
söykənərək mənəviyyatımızın
gerçək incilərini üzə çıxararaq
onları xalqa yenidən çatdırır. Bu kitabın son dərəcə
əlverişli bir məqamda, Azərbaycan-İran münasibətlərinin
aşkar yüksəliş dönəmində işıq
üzü gördüyünü deyən akademikin fikrincə,
ədəbiyyatşünaslarımız, filoloq alimlərimiz
indiki dövrdə belə bir sualla qarşılaşıblar:
“Güney Azərbaycandakı anadilli ədəbiyyata ədəbi
əlaqələr, yoxsa vahid milli ədəbiyyat
bucağından baxmalıyıq? Buna birmənalı cavab vermək
çətindir, çünki hər nə qədər biz
bunları qarşı-qarşıya qoymasaq da, onlar arasında
müxtəlif siyasi müstəvilərdə ortaya
çıxan ideoloji, mənəvi və linqvistik fərqlər
mövcuddur. Ancaq milli ədəbi nümunələrin elmi təhlili
göstərir ki, müxtəlif xarakterli bəzi fərqlərə
baxmayaraq, bu iki dövlətə mənsub azərbaycanlı
şairlər bütövlükdə vahid bir ədəbi dildə
yazıb-yaradırlar. Bu fakt özlüyündə hər bir
azərbaycanlı üçün həm ədəbi-mədəni,
ictimai-siyasi, həm də şəxsi baxımdan ciddi məna
daşıyır”.
Ümummilli lider Heydər Əliyevin Güney Azərbaycan
mövzusuna daim xüsusi diqqətlə
yanaşdığını deyən akademik N.Cəfərov
vurğuladı ki, Yazıçılar Birliyində bu istiqamətlə
əlaqədar şöbənin təşkili də məhz
Ulu Öndərin təşəbbüsünün nəticəsidir.
“Son onilliklərə qədər Azərbaycan dilinin
yasaq olduğu və hər vasitəylə
sıxışdırıldığı bir ölkədə
ana dilində yazan 700 şair tapılırsa və onlardan da ən
mahir 50-si seçilərək əsərlərindən
bütöv toplu hazırlanırsa, buradan yalnız bu nəticəni
çıxarmaq olar: zəngin mənəvi və intellektual
imkanlara malik belə bir xalqı məhv etmək mümkün
deyil və onun parlaq gələcəyi var” - bu fikri çox təsirli şəkildə
dilə gətirən Xalq şairi Sabir Rüstəmxanlı əlavə
etdi ki, azadlıq ruhu, ana dilimizə və doğma mədəniyyətə
alovlu məhəbbət Güney Azərbaycandan olan
bütün şairlərin yaradıcılığında
öz əksini tapıb.
Nəşrin həm də redaktoru və ön söz
müəllifi olan Səlim Babullaoğlu dedi ki, toplunun tərtibində
vaxtilə Xalq yazıçısı, akademik Mirzə
İbrahimovun təşəbbüsü,
başçılığı və iştirakı ilə
aparılan, bu istiqamətdə mühüm nəticələr
verən tədqiqatlara geniş istinad olunub. O, antologiyada Şəhram
Şeydayi, məşhur ədib və alim Rza Bərahəni
kimi, əsasən farsdilli yaradıcılığı ilə
tanınan, lakin eyni zamanda ana dilində dəyərli bədii
nümunələr yaratmış müəlliflərin də
əsərlərinə yer verildiyini vurğuladı.
Çıxışının sonunda S.Babullaoğlu
güneyli şair Məhəmmədtağı Zehtabinin ana
dilinə məhəbbət aşılamaq baxımından
misilsiz təsirə malik şeirini oxudu:
“Su deyibdir mənə əvvəldə anam, “ab” ki yox,
Yuxu oyrətdi uşaqlıqda mənə, “xab” ki yox...
Anam “əxtər” deməyibdir mənə, ulduz deyib o,
Su donanda deməyib “yəxdi, bala”, buz deyib o...”
Əslən Güney Azərbaycandan olan, bu
antologiyanın nəşrini xüsusi məmnunluqla
qarşılayan tanınmış qələm adamları Həmid
Herisçi ilə Sayman Aruz da mərasimdə
çıxış etdilər. H.Herisçi diqqətə
çatdırdı ki, həm siyasi, həm də ədəbi
mövqe və düşüncələrin bir topluda əks
olunması nadir hadisədir: “Fikrimcə, təqdimatı
keçirilən antologiya bu cəhətinə görə də
bütün dünya azərbaycanlıları
üçün böyük əhəmiyyət kəsb edir”.
S.Aruz təqdim olunan toplunun tarixi önəm
daşıdığını deyərək bu antologiyanı
yüksək səviyyədə ərsəyə gətirdiyi
üçün Xalq Bankın yaradıcı heyətinə dərin
minnətdarlığını bildirdi.
Güney Azərbaycan ədəbiyyatı üzrə
mütəxəssis professor Esmira Fuad toplu hazırlanarkən hər
bir müəllifin yaradıcılığı, seçilən
hər əsər üzərində çox dəqiqlik və
incəliklə iş aparıldığını önə
çəkdi, nəşrin məzmunca da, formaca da mükəmməl
alındığını qeyd etdi.
Filologiya elmləri doktoru Pərvanə Məmmədli
bildirdi ki, təqdim edilən bu antologiya həm də Güney
Azərbaycan şairlərinin
yaradıcılığının mövzu rəngarəngliyindən,
olduqca geniş bəşəri məsələləri əhatə
etməsindən xəbər verir.
Qonaqlar sırasında olan dəyərli alim, 50-yə
yaxın elmi kitab və lüğətin müəllifi, fars
dili üzrə tərcüməçi-mütəxəssis,
AMEA Əlyazmalar İnstitutunun direktor müavini, filologiya
üzrə fəlsəfə doktoru, dosent Əkrəm
Bağırov “Xalq Əmanəti”nin yeni nəşri barədə
fikirlərini bölüşərkən dedi ki, “Güney Azərbaycan
poeziyası” antologiyası hər cəhətinə görə
təqdirəlayiq işdir: “Burada, böyük Şəhriyardan
günümüzə qədər, ana dilində yazan şairlərimizin
yaradıcılığını layiqincə əks etdirən
nəhəng ədəbi material toplanıb. Mən Xalq
Bankın yüksək peşəkarlığa malik
yaradıcı heyətini bu növbəti misilsiz nəşr
münasibətilə təbrik edirəm!”
Qeyd edək ki, Xalq Bank ASC-nin 2010-cu ildən etibarən
həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi Azərbaycan
xalqının mədəni irsinin qorunması və gələcək
nəsillərə ötürülməsi, həmçinin
Azərbaycanın milli mənəvi dəyərlərinin
dünyaya tanıdılması məqsədi
daşıyır. Layihə üzrə hazırlanan kitab və
albomlar Azərbaycan, ingilis və rus dillərində çap
olunur. Bu nəşrlər ölkənin ali və orta təhsil
müəssisələrinə, uşaq evlərinə və
kitabxanalara, müxtəlif fondlara, dövlət qurumlarına,
Azərbaycandakı, həmçinin xaricdəki səfirlik və
konsulluqlara, dünyanın böyük muzeylərinə,
kitabxanalarına, eləcə də sənətsevər
insanlara hədiyyə edilir.
A.İSLAM
525-ci qəzet .- 2025.- 31 may(¹94).- S.17.