Leyla Camal: “Mənim aləmimdə
ifaçılıq səhnədə ürəyini ortaya
qoymaqdır”
Hər səsin bir ünvanı var. Bəziləri dərhal
eşidilir, bəziləri isə kütlə səs-küyünün
arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində
yaranan gurultu içində bəzən o səslər
eşidilmir, zövqlər qarışır, istedadlar isə
kölgədə qalır. Amma gələcəyə ümid
sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni
səslər doğulur. Biz də həmin səslərin izinə
düşürük. Azərbaycan musiqisinə yeni nəfəs
gətirən, amma hələ geniş auditoriya tərəfindən
kifayət qədər kəşf edilməmiş gəncləri
“525-ci qəzet”in yeni - “Səsin izi ilə” rubrikasında
oxuculara təqdim edəcəyik. Hər şənbə bir gənc,
bir səs, bir hekayə, bir ümid... Çünki istedad
eşidilməyə layiqdir. Bu rubrika istedadın
ünvanıdır.
“Səsin izi ilə...” rubrikasının budəfəki
qonağı gənc və istedadlı müğənni Leyla
Camaldır. O, təkcə gözəl səsi və musiqi
duyumuna görə deyil, həm də zəngin daxili aləmi və
ədəbiyyata, sözə olan xüsusi marağı ilə
seçilir. Tanınmış şair Cığatel
İsaqızının övladı olan Leyla sənətə
həm söz, həm də musiqi mühitinin içindən gəlir.
Onun ifasında səslənən hər bir not sanki həm
poeziyanın incəliyini, həm də musiqinin dərinliyini
daşıyır. Leyla özü də yazır, hisslərini
sözə çevirir və bu yönü sayəsində
musiqi ilə ədəbiyyat arasında gözəl bir
körpü yaradır. Davamını müsahibimin öz
dilindən oxuyaq:
“Musiqiyə marağım lap körpəlik illərimdən
başlayıb. Evdə həmişə danışırlar
ki, mən dil açanda ilk sözlərim “ata”, “ana” yox,
“Arım, balım, pətəyim” mahnısının
misraları olub. Yəni ilk dediyim sözlər bir
mahnının sətirləri imiş. Zaman keçdikcə bu
marağımı görən valideynlərim məni musiqi məktəbinə
yazdırdılar. Orta məktəb illərində də, demək
olar ki, birinci sinifdən “Əlifba” bayramından
başlamış bütün tədbirlərdə və
bayram şənliklərində mahnı oxuyardım. Həmin
çıxışların lent yazıları bu gün də
evimizdə saxlanılır.
Bu sənətə böyük marağım və
sevgim olub. Müxtəlif musiqi məktəblərində təhsil
alsam da, etiraf etməliyəm ki, musiqi sahəsində istədiyim
səviyyəyə tam çatmamışam. Həyatımda
müəyyən dövrlər olub ki, bu yolda bir qədər
geri qalmalı olmuşam. Amma düşünürəm,
heç nə üçün gec deyil. Hazırda mənim həyatımla,
sənətimlə və yaradıcılığımla
bağlı ən böyük planım akademik musiqi təhsili
almaqdır. Allahın izni ilə bu arzuma da yaxın zamanda
çatacağıma inanıram.
Ümumiyyətlə, musiqi elə bir dəryadır
ki, onu öyrənmək üçün bir ömür belə
azdır. Amma mən bu dəryada üzürəm, öyrənirəm
və öyrənməyə də davam edəcəyəm.
Heç vaxt konkret şəkildə şöhrət
dalınca qaçmamışam, şöhrətpərəst
biri olmamışam. Əslində, musiqidən böyük
gözləntilərim də yoxdur. Mən oxuyanda əsas məqsədim
hisslərimi, duyğularımı insanlara
çatdırmaqdır. Maddi baxımdan isə bu sənətdən
heç bir umacağım yoxdur.
Amma etiraf etməliyəm ki, bu, çox çətin
sənətdir. Bu yolda addımlamaq və irəliləyə
bilmək üçün əvvəlcə çox
güclü olmaq lazımdır. Ardınca isə çox
ağıllı. Çünki sənət və hörmət
bir-birindən ayrı düşəndə, ikisi də dəyərsizləşir.
Amma hər ikisi bir arada olanda, bu sənətin ləzzəti
tamam başqa olur.
Hər zaman deyirəm ki, istənilən peşədə
insanlar əgər hörmətli olmağın dadını,
ləzzətini bilsəydilər, heç vaxt özlərini
yüngül, nalayiq şəkildə aparmazdılar. Mənim
aləmimdə ifaçılıq səhnədə ürəyini
ortaya qoymaqdır. Oxuyarkən ürəyini göstərmək
və qarşılığında həmin ürəyə
görə hörmət qazanmaq - bax mənim üçün
sənət budur”.
Bəzən insanın içində elə dərin
hisslər olur ki, onları sözlə ifadə etmək
çətinləşir. Müsahibim də hisslərinin bu zənginliyindən
danışarkən musiqi və söz arasındakı
bağa toxunur. Onun üçün yazmaq da, oxumaq da nəfəs
almaq kimidir. Lakin bu nəfəsin ifadəsi zamanla, daxili
hazırlıqla tamamlanır...
“Musiqi və söz elə bir vəhdətdədir ki,
onlardan heç biri o birindən üstün ola bilməz.
Çünki musiqisiz söz, sözsüz musiqi olmaz. Mənim
də musiqi ilə yanaşı, ədəbiyyata böyük
sevgim və müəyyən istedadım var. Azərbaycan
Yazıçılar Birliyinin üzvüyəm. Lakin təəssüf
ki, çoxdandır yazmıram.
Bu məsələnin səbəbi barədə
çox düşünmüşəm. Nəticədə
belə qənaətə gəlmişəm ki, hisslərim bəlkə
də sözlərə sığmayacaq qədər
böyükdür. Bu da mənə çətinlik
yaradır. Çünki əvvəllər yazı ilə məşğul
olduğum vaxtlarda daha rahat, daha özümə yaxın hiss
edirdim. İllərdir dəftər-qələmdən uzaq
düşmək məni ruhən yorur. Bəzən yazmağa
cəhd edirəm, amma hiss edirəm ki, kifayət etmir.
Duyğularım çox dərindir, dünyam genişdir və
bu böyük dünyanı sözlə ifadə etmək
heç də asan deyil.
Amma əminəm ki, bir gün o dərin hissləri də
kağıza köçürə biləcəyəm.
Çünki yazmaq mənim üçün doğmadır -
canımda, qanımda var. Mən şair ailəsində
doğulmuşam. Anam Cığatel İsaqızının
poeziya dünyasına, istedadına oxucular yaxşı bələddirlər.
Onu yazarkən seyr etdikcə düşünürəm ki, anam
necə də bəxtəvərdir. Allah onun qələmini də,
özünü də ədəbiyyatımıza çox
görməsin.
İnanıram ki, həyat təcrübəm
artdıqca, sözlərə bürünmək daha asan olacaq.
Musiqinin yeri bir başqadır, yazmağın yeri isə tamam
ayrıdır. Mənə görə, yazmaq oxumaq qədər
insanı rahatladan, nəfəs verən bir vasitədir. Ola
bilsin ki, bu gün hisslərimi səslə ifadə etdiyim
üçün yazmaq ikinci plana keçib. Bilmirəm.
Bütün bunlara zaman cavab verəcək”.
Musiqi bəzən bir coğrafiya, bir mədəniyyət
deyil, bütöv bir kainat olur insan üçün. Onun hər
küncündə bir duyğu, hər qatında bir hiss
yatır. Həmin kainatda dolaşmaq üçünsə
insana yalnız texniki bilik deyil, həm də o musiqinin ruhuna
sirayət edə biləcək bir qəlb, bir eşq
lazımdır. Leyla xanım üçün musiqi sərhədsiz
bir dildir. O, hansı janrda olursa-olsun, içində səmimi
duyğu, məntiq və ahəng olan hər bir səsi öz
iç dünyasında hiss edə bilir. Bu yanaşma onu təkcə
bir ifaçı kimi deyil, həm də musiqi ilə
düşünən, yaşayan bir sənətkar kimi fərqləndirir.
Hiss etmədiyi heç nəyi oxumayan, musiqinin yalnız
notlardan ibarət olmadığını dərk edən bu gənc
ifaçının düşüncələri isə belə
səslənir:
“Hər janrı ifa etməsəm də,
özümü musiqinin istənilən janrında
görürəm. Hətta bəzən xarici mahnılar olur
ki, sözlərini anlamasam da, musiqisi məni alıb aparır,
dinlədiyim musiqinin içərisində özümü
çox rahat hiss edirəm. Musiqinin dili, dini, irqi, ölkəsi
yoxdur mənim üçün. Yetər ki, ruhuma yaxın
olsun, sözlərində məntiq və duyğu olsun. Həmçinin,
ifaçı da onu insanların qəlbinə toxuna biləcək
səviyyədə oxuya bilsin.
Mənasız söz toplusu, “oxuyum, bir mahnım da
artsın” düşüncəsi ilə ifa edilən
mahnılar böyük bir boşluqdur, mənə görə.
Azərbaycan musiqisi muğam üzərində
formalaşıb. Muğam bütün musiqilərin
açarıdır. Mənim də ruhuma, qəlbimə,
kimliyimə ən yaxın, ən doğma musiqi elə
muğamdır”.
Bəzən insanın həyatında elə döngələr
olur ki, ən sevdiyi, ən çox bağlandığı
yollar belə ondan uzaq düşür. Amma bu uzaqlıq
heç vaxt tam qopmaq anlamına gəlmir. Səssiz və təmkinli
geri dönüşlərin arxasında isə çox vaxt
böyük bir iradə, yanğı və təvazökar təşəkkür
dayanır. Leyla Camalın sənətə yanaşması da məhz
belədir. Bu, özünü tanıyan, ustadını
unutmayan, həyatın çətinliklərinə baxmayaraq,
yenidən musiqiyə doğru addımlayan bir ruhun səmimi
etirafıdır...
“Ustadım Xalq artisti Gülyaz Məmmədovadır.
Ondan dərs almışam. Amma etiraf edim ki, həyatımın
bir dövründə yaşadıqlarım məni həm
musiqi təhsilimdən, həm də səhnədən uzaq
saldı. O dövrü və itirdiyim zamanı
düşünəndə özümə yazığım
gəlir. Ancaq yenə də deyirəm ki, öyrənməyin
yaşı, zamanı yoxdur. Yetər ki, istəyəsən. Bu
dünyada hər şey istəməklə başlayır.
İstək və bir az da güc olandan sonra insanın
Allahın izni ilə çata bilməyəcəyi yer yoxdur. Mən
bütün ustadlarıma, xüsusən də, Gülyaz
xanıma mənə öyrətdiklərinə görə
öz təşəkkürümü bildirəm.
Musiqi təhsili mənim üçün çox
önəmlidir. Ancaq istedad olmasa, təhsil heç bir işə
yaramır. Mütləq şəkildə istedad
olmalıdır ki, insan o təhsildən duyğuları ilə
birgə yararlana bilsin. Təhsil almış oxumağa
çalışanlar çoxdur. Amma ürək, istedad və
yaradıcılıq olmayanda bir müddət sonra musiqi ondan
uzaqlaşır. O istəməsə də, musiqi
uzaqlaşacaq. İstedadı olan adama isə bəli, təhsil
də önəmlidir”.
Bəzən insanın dediyi hər söz, qurduğu hər
cümlə onun yalnız fikrini deyil, həm də həyat fəlsəfəsini
açır. Plan qurmaqla bağlı tərəddüdləri,
ömrün faniliyi ilə barışmış
baxışları, bir tərəfdən ruhunun həyatsevərliyi,
digər tərəfdən isə zamanın vəfasızlığına
olan dərin anlayışı həmsöhbətimin şəxsiyyətini
bir qədər də aşkara çıxarır. Onun
üçün gələcək dəqiq cədvələ
salınmış bir yol deyil, qismətə, Allaha, insanın
öz istəklərinə bağlı olan bir ümiddir.
Musiqi isə bu yolun ən işıqlı, ən təsirli
ünvanıdır. Leylanın səsi kimi fikirləri də səmimidir,
planları arzudur, arzuları isə xalqına olan sevgidən
doğur. O, bu sözlərlə həm özünün, həm
də bir çox sənətkarın ruh halını ifadə
edir:
“Əslində, gələcəklə bağlı
plan qurmaq bir tərəfə, xarakter etibarilə bu gündən
sabaha da plan quran insan deyiləm. Həyatı, xüsusən də
ölümü dərk edən insan plan qurmur. Yox, bədbin,
pessimist insan deyiləm. Əksinə, çox həyat dolu,
şövqlü insanam. Ancaq həyatın vəfasızlığına
da yaxşı bələdəm. Əgər həyat vəfa
edərsə, gələcəklə bağlı planımda
musiqini öyrənmək, təhsilimi təkmilləşdirmək,
muğam təhsilimi dərinləşdirmək, bu sənətdə
insanların qəlbinə yol tapacaq universal mahnılar ifa etmək
var. Bunlar plan deyil, arzudur, istəkdir. Əgər həyat
şərtlərim buna imkan verərsə, nə gözəl.
Tək arzum hörmətlə, izzətlə bu sənəti, əsl
musiqini tamaşaçılarımıza təqdim etməkdir.
Bu həyatda tək amalım insanların sevgi və hörmətini
qazanmaqdır”.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 31 may(¹94).- S.16.