Azərbaycan: Əli
Naxçıvaninin 1995-ci ildə doğulduğu ölkəyə
səfərinin qısa tarixçəsi
(Əvvəli ötən şənbə
sayımızda)
Konfrans qurtarandan sonra, Naxçıvana yola düşməzdən
bir neçə saat əvvəl atam Rübabə
xanımın bəzi qohumu ilə görüşməyə
də macal tapdı. Bir əlin barmaqları qədər az olan
bu ikinci və üçüncü nəsil bacı
uşaqları, yaxud bacı nəvələri bibisinin
Bakıda yaşayan ailəsinin həyatda qalan son nümayəndələri
idilər. Hava limanına getməzdən əvvəl, tələsik
də olsa, onlarla birlikdə son dərəcə ləziz yeməyin
dadına baxdıq - bu zəfəranlı düyü və
şabalıdlı qara ilə hazırlanmış plov idi.
Qohumlarla bir vaxtlar atamın valideynlərinin
yaşadıqları, özünün də həyatının
vətəndəki bir ilini keçirdiyi evdə
görüşdük. Görüşün şərəfinə
bizə ailə albomunda saxlanan şəkilləri göstərdilər.
Burada Əbdülbəhanın və ilk Bakı bəhai
icması üzvlərinin, Mirzə Əli Əkbərin gənclik
illərinin, hətta İranda qətlə yetirilmiş bir
neçə bəhai şəhidinin şəkilləri
vardı. Ailə albomunda atamın qardaşı ilə birlikdə
çəkilmiş uşaqlıq şəklini də
gördük. Bu şəkli Fatimə xanım baldızına
Hayfaya qayıdandan sonra, orada çəkdirib göndərmişdi. Qohumlar QULAQ təhlükəsinə
baxmayaraq, terror illərində bu şəkilləri əziz
xatirə kimi qoruyub saxlamışdılar. 1937-ci ildən sonra
yüzlərlə bəhai Sibirin əmək düşərgələrində
izsiz-soraqsız yoxa çıxmışdı. Sağ qalanlar
isə qorxu və səksəkə içində keçən
həyatlarını çox dəhşətli itkilər
bahasına yaşamışdılar. Hətta indi - təhlükənin
sovuşduğu və şəratitin dəyişdiyi bir vaxtda
da onlar vurulan yaraların ağrı-acısın yaşamaqda davam edirlər.
Qohumlarla təsirli görüş zamanı nəhayət,
səfərimizin birinci günü ziyarət etdiyimiz məzarın
qaranlıq tarixçəsini də
aydınlaşdırmağa nail olduq. Tam təsadüf nəticəsində
Mirzə Əli Əkbərin Bakıda deyil, bağ evində -
Şüvəlanda öldüyünü və əvvəl
elə rəhmətə getdiyi kənddə də dəfn
edildiyini öyrəndik. Atam da orada dünyaya göz
açmışdı. Mirzə Ələkbərin məzarı
dövlət mülkiyyətinə keçən ərazidə
yerləşirmiş. Neft mədənlərinin get-gedə
genişlənməsi, neft sənayesinin inkişafı nəticəsində
qəbiristanlığın əvvəl-axır yox olma təhlükəsi
yaranmışdı. Aradan xeyli keçəndən sonra, həyatının
son ilində Rübabə xanım böyük
qardaşının nəşinin qalıqlarının
Bakıya gətirilib buradakı ailə məzarlığında
dəfn edilməsinə müvəffəq olmuşdu. Ailə əfsanəsinə
görə, tabutu qəbirdən çıxarıb
açanda Rübabə xanım Mirzə Əli Əkbərin
sifətinin hələ də tanınan halda
qaldığını görmüşdü. Lakin hava ilə
təmas nəticəsində dərhal parçalanıb
dağılma baş vermişdi. Sümükləri bir yerə
toplayıb Bakıya gətirmiş, Rübabənin oğlu
Münibin məzarında yenidən dəfn etmişdilər.
Başdaşı da yenilənmişdi. Şüvəlan qəbiristanlığında
üzərində ərəb əlifbası ilə yazılar
olan daşda ad və soyad bu dəfə kiril əlifbası ilə
həkk edilmişdi. İlk Bakı bəhailərinin adəti
üzrə məzar daşlarında dünyadan köçən
günahkar bəndənin Allahın mərhəmət və
şəfqətinə əmanət olunduğunu bəyan edən
Quran ayəsi pozulmuşdu. Nəhayət, ölüm tarixi də
hicri təqvimdən miladi təqvimə dəyişdirilmişdi.
Dəyişmə zamanı 1919-cu il 1920-ci illə əvəz
olunmuşdu. Bu isə öz növbəsində atamı da
çaşdırmışdı. Beləliklə, məlum
oldu ki, ziyarət etdiyimiz məzar əslində Mirzə
Əli Əkbərin ilk və həqiqi məzarı deyil. Sadəcə,
1960-cı illərin əvvəlində Şüvəlandan
bura köçürülən qəbiridir.
Valideyninin hansı şəraitdə
öldüyünü və qalıqlarının sonradan
Şüvəlandan Bakıya gətirilib yenidən dəfn
edildiyini öyrənən atam qohumlarla qısa
görüş zamanı həm də onun doğum yeri haqda səhih
məlumat aldı. Yalnız Naxçıvana uçan təyyarəyə
minməmişdən üç saat əvvəl nəslimizin
kiçik vətəni olan Ordubadın - Ermənistanla
İranın sərhədində, ən cənub nöqtədə
yerləşən kiçik əyalət şəhərinin
adını eşitdik. Bu məlumat atama sanki dünyanı
bağışladı. Çünki 1957-ci ildə,
Hayfanı ziyarət zamanı Şövqü Əfəndi ilə
son görüşündə Din Mühafizi böyük
uzaqgörənliklə ümidvar olduğunu bildirmişdi ki,
gün gələcək, Əli Naxçıvani
"atasının baş qoyduğu torpağa
qayıdıb" orada onun ruhuna dualar oxuyacaq. Atam qərara gəlmişdi
ki, Mühafizin arzusunu yerinə yerinə yetirsin. Bunun
üçün tək Azərbaycana qayıtmaq yetərli
deyildi. Heç Naxçıvana səyahət də kifayət
deyildi. İlk növbədə mütləq Ordubadı və
Şüvəlanı - atasının doğulduğu və
öldüyü yerləri ziyarət etməli idi.
Həmin bazar günü Naxçıvana hərbi təyyarədə
uçduq. Çox narahat və soyuq oturacaqlarda üzbəüz
əyləşmişdik. Səfərlə bağlı bizə
bir neçə alternativ təklif gəlmişdi. Rahat
kresloları olan "normal" təyyarə ilə də
uça bilərdik. Yaxud yük təyyarəsində,
qoyun-keçilərlə, iri baqaj tayları arasında
uçmaq imkan da vardı. Üçüncü variant isə
bu hərbi təyyarə idi. Üstünlüyü yanacaq
götürmək üçün dayanmadan birbaşa
Naxçıvana uçması idi. Bilirdik ki, çox da rahat
olmayacaq. Amma yenə onu seçdik. Sayları təxminən
iyirmi nəfərə çatan sərnişinlər əvvəl
bizə bir az ehtiyatla baxırdılar. Yaşlı bir kişi
qara muncuğu xatırladan gözlərini bütün yol boyu
üzümüzdən çəkmirdi. Axırda
görünür, özünü saxlaya bilməyib ehtiyatla
bir məsləhət verdi. Xəbərdarlıq edib dedi ki, gərək
Naxçıvanda fırıldaqçılardan və
oğrulardan uzaq dayanmağa çalışasınız, hər
adama inanmayasınız. Təbii ki, ağsaqqal bu məsləhəti
əslən Naxçıvandan olan iki Naxçıvaniyə
verdiyinin fərqində deyildi!
Uçuşun uca nöqtəsində pilot bizi öz
kabinəsinə, Naxçıvan mənzərələrini
havadan seyr etməyə çağırdı. Atam gözləri
önündə açılan lövhələrdən elə
həyəcanlanmışdı ki, 25 dəqiqə ərzində
burada dayanıb Ağrı dağının qarlı zirvəsini
və aşağıda gümüş ilmə kimi burulan Araz
çayını uzun müddət seyr etdi. Aydın məsələdir
ki, bir bəhai Azərbaycanın cənub sərhədi boyunca
on beş dəqiqəlik məsafədə yerləşən
Maku və Çiriki - Babın keçilməz dağlar
arasında həbsdə saxlandığı yerləri də
diqqətdən qaçıra bilməzdi. Dinin tarixi burada daha
aydın nəzərə çarpırdı. Hafizin Arazın
rayihə saçan sahilləri
haqqındakı peyğəmbərliyini isə quraq
çöllərin arasındakı uçuş-enmə
zolağına yaxınlaşdıqca elə bil, burun pərlərimizlə
hiss edirdik.
Otuz nəfər türk bəhaisini gətirmiş
(onlardan bəziləri bizi görmək üçün 22
saat yolda olmuşdu) avtobus Naxçıvanın kiçik hava
limanında dayanıb gözləyirdi. Yerli valinin (söhbət
rayon icra hakimiyyətinin başçısından gedir - V.Q.)
qonaq otağını iki gecəliyinə
ixtiyarımııza verməsi, üstəlik, şəxsi
avtomobilini istifadəmiz
üçün ayırması da diqqətimizdən
yayınmadı. Şahbuz rayonunun başçısı olan həmin
vali özü idarə etdiyi maşınla bizi Araz
çayının kənarı ilə İran sərhədi
boyunca kiçik Ordubad şəhərinə aparmaq məsələsində
xüsusi israr elədi. Bütün yol boyu maşını
dağların ətəyi ilə sürürdü. Geniş
yayılmış rəvayətə görə, Nuhun gəmisi
bu dağların zirvələri ilə sürüşərək
gövdəsinin ölçülərini və
formasını təbiətə əks etmişdi. Valinin
maşını Ağrı dağının kölgəsi
ilə, Araz çayına paralel uzanan sərhəd xətti
istiqamətində şütüyürdü. Yolumuz Azərbaycanla
İranın qovuşduğu nöqtədə yerləşən
Culfadan keçdi. Nəhayət, son dayanacağa, Qafqaz
dağlarının uca zirvələri arasında
görünməz olan kiçik Ordubad şəhərinə
çatdıq. Burada bir zamanlar zorxana kimi fəaliyyət
göstərmiş yığcam muzey binasında mən Mirzə
Əli Əkbər Naxçıvaninin xatirəsini dua ilə yad
etdim. Bu, atamın çox sevdiyi, xüsusilə də indi
üzərində gəzdiyimiz torpağa çox uyğun gələn
bir dua idi:
"Mən bilmirəm, ey Allahım, bu nə atəşdir
ki, Sən Öz torpağında yandırmısan. Torpaq
heç zaman bu atəşin parlaqlığına kölgə
sala bilməz, su onun şöləsini söndürə bilməz.
Yer üzünün heç bir xalqı onun gücü
qarşısında duruş gətirməyə qadir deyil. Bu
atəşə yaxınlaşmağı, onun istisini
duymağı, çatıltısını eşitməyi
bacaran şəxsin fəziləti nə qədər böyükdür..."
Dua bitəndə deyəsən, muzeyin əməkdaşına
da ilham gəldi. İngilis dilində bir kəlmə başa
düşməsə də, "Mən də sizə şeir
oxuyacağam" - deyə təntənəli səslə elan
etdi. Sonra isə ara vermədən həqiqətən də
azı on beş dəqiqə şeir oxudu.
Ordubaddan Naxçıvana qayıdanda aramsız
yağış yağırdı. Lap musson yağışlarına
bənzəyirdi. Palçıqlı su sel kimi yolun kənarlarından
axır, çala-çuxura dolub kiçik gölməçələr
yaradırdı. İki addım qabağı görmək
mümkün deyildi. Amma vali nədənsə
"süpürgələri" işə salmaq istəmirdi.
"Hər şey iyidir" - deyə türk dilində bizi
inandırmağa çalışırdı: "Yolu
çox iyi görürəm". Bəlkə də sadəcə
"süpürgələri" nasaz idi. Bəlkə heyfi gəldiyindən
onları işlədib köhnəltmək istəmirdi. Ya da
ürəyindən sadəcə qeyri-adi
sürücülük məharətinin nümayiş etdirmək
keçirdi. Beləcə sürəti azaltmadan növbəti
bir saat ərzində göydən sel kimi tökülən
yağışın altında yoluna davam etdi. Üstəlik,
maşın sürə-sürə bizə Gəlin
Dağı deyilən və bəyaz rəngə çalan
dağın tarixçəsini danışırdı.
Əslində İncildəki Lutun arvadının əhvalatını
xatırladan bir hekayə idi. Lakin burada qayınanasına
hörmətsizlik edən gəlin
duz sütununa deyil, daşa çevrilirdi.
Atam şəhərin mərkəzindəki kukla
teatrının zəif işıqlandırılmış
salonunda səhnənin ən yuxarı - üçüncü
pilləsində durub Naxçıvan bəhailəri
qarşısında nitq söylədi. Eyni məkanda həm səhər,
həm də günorta vaxtı bəhailərlə
görüşdə xeyli danışmışdı. Ona
görə də bir az yorğun görünürdü.
Auditoriya dediklərinə böyük maraqla qulaq asır,
çoxlu suallar verilirdi. Avtobusla Türkiyədən gəlmiş
qonaqların arasında bir neçə nəfər gənc, həm
də son dərəcə gözəl xanım vardı.
Naxçıvanlı dinləyicilər isə əsasən
kişilərdən ibarət idi. Amma onların da arasında
cavanlar üstünlük təşkil edirdi. Həmin axşam
bu gənclər bizim üçün maraqlı işıq
effektləri ilə müşayiət olunan lirik sevgi
mahnılarından ibarət konsert proqramı
hazırlamışdı. On dörd yaşlı bir oğlan
mikrofonla populyar mahnılar oxuyurdu. Gözlənilmədən
bütün işıqlar söndüyü zaman ifasında
heç bir dəyişiklik yaranmadı. Səudiyyə Ərəbistanıdan
olan bəhai tanışım mənə hədiyyə gətirdiyi
kiçik fənəri Naxçıvana səfər zamanı
özümlə götürməyimə israr eləmişdi.
İndi fənərin yanımda olması lap yerinə
düşmüşdü. İfaçının sifətini
işıqlandırdım və beləliklə, proqram öz
qaydası ilə başa çatdı. Zərb alətləri,
akkordeon və kiçik fleytada çalan üç növbəti
musiqiçi də zalın qaranlıq olmasına fikir vermədən
ifalarını davam etdirdilər. Bu arada səhnəyə
şamlar və kerosin lampası
gətirildi. Təxminən yarım saat sonra
işıqlar yenidən yananda gənc müğənninin bir
notu belə qaçırmadan oxuduğu bəlli oldu. Konsertdə
iyirmi beş yaşdan böyük yeganə ifaçı,
keçi yelinindən hazırlanmış volınkaya bənzər
musiqi alətində çalan balacaboy qoca idi. O,
sayrışan işıq effektləri arasında
ayaqlarını çəkə-çəkə səhnəyə
gəldi. Dərindən nəfəs alıb keçi yelininə
var gücü ilə üfürdü. Sonra da böyük təvazökarlıqla
səhnəni tərk etdi.
İfrat məqamlar Naxçıvanda kəskin nəzərə
çarpırdı. Növbəti axşam
iştirakçısı olduğumuz proqram teatrda
olduğundan tam fərqli idi və yaxınlıqdakı
kiçik kənddə təşkil edilmişdi. Ev sahibləri
avtobusla gələn otuz nəfər türkə də burada
yer verdikləri üçün indi hamımız birlikdə
idik. Bizi evində qəbul eləyən adamların
mehribanlığı və qonaqpərvərliyi sərhəd
tanımırdı. Sadə otaqda uzununa boyaboy müxtəlif
ölçülü masalar düzülmüşdü.
Üzərində isə bizim üçün bol
çeşidli bayram süfrəsi
açılmışdı. Buludlara qalaqlanmış ətirli
plov və təzə göyərti, badımcan və pomidor,
dolma və küftə, müxtəlif növ pendirlər və
ev çörəyi. Mən ömrümdə heç vaxt,
heç yerdə belə ləzzətli yeməklərin
dadına baxmamışdım.
Atamın dediyinə görə, bu kənd evlərinin
ab-havası ona gənclik illərində İranın ucqar
bölgələrində yerləşən bəhai
icmalarına səfərləri zaman gördüyü mənzərəni
xatırladırdı. Ev dörd tərəfdən
hündür daş divarla əhatə edilmiş həyətin
içində idi. Həyətə isə dar xiyabana
açılan darvazadan girmək olardı. İkinci mərtəbəyə
qalxanda otağa keçməzdən əvvəl
ayaqqabıları pilləkən meydançasının
başındakı kiçik balkonda soyunduq. Çünki əllə
toxunmuş xalçaları küçənin
palçığı və suyu ilə çirkləndirmək
istəmirdik. Xalılar döşəməyə
salınmış, üstlərinə isə sıra ilə ağır
qalın parçalar (müəllif çox güman kənd
evlərində istifadə olunan döşəkçələri
nəzərdə tutur - V.Q.) qoyulmuşdu. Adamlar bu
parçaların üstündə ayaqların altlarına
yığıb (yəni bardaş qurub - V.Q.) arxalarını
divara söykəyərək oturmuşdular. Atama diqqətlə
qulaq asırdılar.
İşıq o qədər zəif idi ki, bir-birimizin
üzünü görə bilmirdik. Yalnız səsini
eşidirdik. Amma mənə nədənsə Nuhun gəmisini
xatırladan bu sığınacaqda hər kəsin həyatda
istəyə biləcəyi hər şey: heyvanlar,
bağ-bostan, ailə, hətta yaxınlığı ilə adamın
əsəblərini cırmaqlayan
ulduzlar da vardı. Bu ulduzlar sanki əl çatan məsafədə
görünürdü. Çünki göy üzü
çox açıq, hava isə tutqun idi. Heyva
ağaclarının budaqları meyvənin bolluğundan
aşağı əyilmişdi. Mənə elə gəlirdi
ki, həmin anlarda biz sanki Allahın xeyir-duası ilə dolu
bir mühitdəyik.
Atam həmin axşam qonaqlara İasın əhvalatını
danışdı. Əslində bu, Əbdülbəhanın
çoban oğlan haqqında hekayəsi idi.
Cır-cındır içində gəzən həmin
oğlan ürəyində daim yaşatdığı
kralı görmək istəyi və həsrəti ilə bir
gün özünü boş, vəhşi çöldən
keçən kral karetasının qarşısına
atmış, bu yolla da hökmdarın diqqətini cəlb edə
bilmişdi. Əlahəzrətin ürəyində ona səmimi duyğular
yaranmışdı. Oğlanı
şəhərə gətirmiş, burada təlim-tərbiyəsi
ilə özü məşğul olmuşdu. Zamanla dünənki
çoban sarayda şöhrət və uğur qazana
bilmişdi. Vaxt keçdikcə kralın daha çox
etimadına layiq görülmüşdü. Ona böyük səlahiyyətlər
verilmiş, çox mühüm vəzifələr həvalə
edilmişdi. Amma bunun yanı sıra sarayda İasa
qarşı paxıllıq və həsəd hissi də
artmışdı. Saray adamları onu kralın gözündən
salmaq üçün dünənki çobanın yalnız
özünü düşünən xudbin və başı
sərvət toplamağa qarışmış tamahkar adam
olması haqda şayiələr uydurmağa
başlamışdılar. Krala deyirdilər ki, İas
var-dövlətini sarayın xüsusi bir otağında gizlədib
və hər axşam qızıllarını saymaq
üçün ora gedir. Bir gecə kral İasın izinə
düşüb səsini çıxarmadan, özünü
göstərmədən onu təqib etməyə
başladı. Ardınca gedib sarayın uzaq, hicra bir qülləsinə
qalxdı. Gözəgörünməz kölgə kimi
İasın dalınca otağa daxil oldu. Paxıl vəzir-vəkilinin
dediyi kimi, burada ölkənin hər tərəfindən
talanıb gətirilmiş zəngin sərvət xəzinəsi
görməyə hazırlaşdığı məqamda
bomboş otaqda keçmiş çobanın
cır-cındır paltarları və illərdən bəri
divardakı mıxdan asılı vəziyyətdə qalmış
çomağı gözünə dəydi. Kral: "İas,
nə üçün hər axşam bu otağa gəlirsən?"
- deyə soruşdu. "Hökmdarım, ona görə gəlirəm
ki, vaxtı ilə kim olduğumu və sizin sayənizdə
hansı mərtəbəyə ucaldığımı
heç vaxt yaddan çıxarmayım. Ona görə hər
axşam bura gəlirəm ki, hökmdarımın mərhəmətini,
nəcibliyini heç zaman unutmayım. Çünki əks-təqdirdə
indi də boş, vəhşi çöllərdə qoyun
otaran ac-susuz çoban kimi qalardım".
Çoxsaylı diqqətəlayiq görüşlər,
tanışlıqlar, qulaq asdığımız ibrətamiz
həyat hekayələri və musiqi ilə bir sırada
Naxçıvan səfəri atam üçün həm də
buradakı müxtəlif bəhai qurumları ilə
çoxsaylı məsləhətləşmə və fikir
mübadiləsi imkanı idi. Beləcə, vaxt çox
sürətlə keçdi və iki günlük səfərimiz
hiss olunmadan başa çatdı. Ayrılıq saatı
yetişdi, yola hazırlaşmağa başladıq. Bura gecə
saatlarında, nisbətən təcrid olunmuş şəraitdə
gəlmişdik. Ona görə də aeroportda bizi
qarşılayan bəhai icması üzvlərindən
başqa heç kəsi görməmişdik. Lakin indi,
günün günorta saatında yola
düşdüyümüz üçün kiçik hava
limanında xeyli adam vardı. Onlar baqajların yanında
dayanıb səbirlə gözləyirdilər.
Analarının dizləri üstündə yer tutan,
saçları rəngbərəng şallarının
altından çıxmış kiçik qızlar bizə səssiz
heyranlıq hissi ilə baxırdılar. Kiçik oğlanlar
isə bağlamaların üstündə balaca şahzadələr
kimi oturmurdular. VİP salonu kimi istifadə olunan yerə
darısqal yerə aparılarkən gözləri ilə bizi
müşayiət edirdilər. Orada hava limanının rəisinə
təqdim olunduq. Möhtəşəm
görünüşlü, saçları
çallaşmış bu bazburutlu adamın səfər boyu
daim bizimlə birlikdə olan Milli Məclis üzvlərindən
Rəna xanımın ailəsinə qohumluğunun
çatdığını da burada öyrəndik.
VİP salonundakı son dəqiqələr xüsusi ilə
təsirli idi. Biz artıq qonaq kimi gəldiyimiz yeri tərk
edirdik. Amma digər tərəfdən də nə isə
çox vacib şeylər sanki indi başlanırdı.
Qardaşıma hədiyyə aparmaq üçün mənə
kiçik bir torba Naxçıvan duzu, bir balaca bağlama da
Naxçıvan torpağı verdilər. Hamı bizim kimi onun
da Vətən torpağının ətrini sinəsinə
çəkmək və əcdadlarının
dolaşdığı torpaqlara ayaq basmaq üçün
mütləq "gələn dəfə" bura gəlməsini
arzu edirdi. "Gələn dəfə" hissi çox
güclü idi, lakin o, eyni zamanda "son dəfə" hissi
ilə qarışmışdı. Təyyarə havaya qalxanda
ürəyimizi burada qoyub getdiyimizin fərqinə vardıq.
Naxçıvandan Bakıya 90 dəqiqəlik
uçuşumuz zamanı yanacaq doldurmaq üçün
dayandıq (Mənim Bakı ilə Naxçıvan
arasındakı məsafənin çox
qısalığı səbəbindən əlavə
yanacağa ehtiyac olmaması ilə bağlı qeydim
müqabilində Bəhiyyə xanım bu məsələdə
israr etdi. Təsvirlərindən Nasosnı hərbi aeroportunda
dayandıqlarını başa düşdüm - V.Q). Balaca məntəqədəki
uçuş-enmə zolağında parlaq günəş
altında altı-yeddi nəfər adam atamın ətrafına
toplaşdı. Əvvəlcə nə istədiklərini
başa düşə bilmədim. Sonra öyrəndim ki, onu
ölümdən sonrakı həyat, "siratı-müstəqim"
("düzgün yol") və "Peyğəmbərlərin
sonuncusu" haqda sorğu-suala tutublarmış. Atam gözlə
görünməyən havanı əlləri ilə
cızaraq jestlərlə cavab verirdi: günəşin hər
gün dan yerindən necə qalxdığını, il boyu səmada
öz parlaq şüaları ilə hər dəfə
üfüqün müxtəlif nöqtələrini necə
nura boyadığını, bizim isə günəşdə
heç bir fərq görmədən sadəcə həftənin
günlərinə fərqli adlar verdiyimizi izah etdi. Onlara dedi
ki, günümüzü mənəvi günəşi Bəhaulladır.
Onun təlimi bu gün bizim üçün yolgöstərici
istiqamətləri təyin edir və vahid dünyadan enerji
almağımıza imkan verir. Uzun illəri əhatə edən
peyğəmbər zühuru məsələsi artıq
tamamlanmışdı və Məhəmməd həqiqətən
də özündən əvvəl gələn hər
şeyin möhürü olmuşdu. Tanımadığı
adamlar Azərbaycanın bu
guşəsindəki uçuş-enmə
zolağında atamın ətrafında
dayanmışdılar. Söylədiklərinə valeh
olduqları görünürdü. Nəhayət, təyyarəyə
yanacaq doldurulması başa çatanda və bizi yenidən
salona dəvət edəndə bir nəfər dedi ki, dünən
bütün günü niyə yağış
yağdığını və uçuşunun təxirə
salındığını yalnız indi başa
düşdü - çünki qismətində atamla
görüşmək var imiş! Uçuş-enmə
zolağındakı müzakirələrin davam etdiyi
bütün müddət ərzində müvəqqəti
aerodromun dövrəsinə çəkilmiş tikanlı məftilin
arxa tərəfindəki bağda bir dəstə gənc
qız yaqut kimi qıpqırmızı narları ağacdan dərir,
həm də işlərinə ara vermədən maraqla bizə
tamaşa edirdilər.
Azərbaycana səfərimizin sonuncu günü
Bakı ətrafındakı Balaxanı kəndinə baş
çəkdik. Gəlişimiz münasibəti ilə digər
yerlərdən də bəhailər bura dəvət
olunmuşdu. Birlikdə köhnə bəhai məzarlarının
qorunub saxlandığı əski qəbiristanlığı
ziyarət etdik. Qəribə görünsə də, Azərbaycanla
tanışlığımız qəbiristanlıqla
başlayıb, orada da başa çatırdı. Bakıdan
çıxıb əyri-üyrü yollarla, kimsənin
gözə dəymədiyi boş neft mədənlərinin
arasından keçib küləyin cövlan etdiyi məzarlığı
alçaq təpə üzərində yerləşən bu
kiçik qəsəbəyə gəlmişdik. Müxtəlif
ölçülü paslanmış borular evlərin yanı
ilə pəncərə karnizləri
hündürlüyündə dar küçə boyu
uzanıb gedirdi. Borular dəhşətli dərəcədə
köhnə idi, çox təhlükəli
görünürdülər. Axtardığımız yerə
çatanda artıq toranlıq qovuşurdu. Qəbiristanlığın
salındığı yamaca qalxarkən biri-birinə
sarmaşan tikanların və qurumuş otların arasında
ayağımızı hara qoyduğumuzu çətinliklə
görürdük. Cırıldayan mancanaqlardan düşən
işıq dilimləri altında əyilmiş məzar
daşlarının kölgə kimi ətrafa
yayıldığı qəbiristanlıq çox sirli,
sürrealist təsir bağışlayırdı. Bakı və
Naxçıvandakı kimi burada da hava mövsümə
uyğun olmayan tərzdə soyuq idi. Yağış
damcıları boş ərazidəki köhnə
nasosların və boz rəngli məzar daşlarının
üzərinə çiləyirdi. Aşağı tərəfdəki
dəmir qapıdan keçib bəhai məzarlarının
yan-yana düzüldüyü əraziyə girdik. Dostlar bir
neçə dua oxuyub başa vurana qədər artıq daha da
qatılaşmaqda olan qaranlıqda soyuqdan titrədiyimizi hiss
etdik.
Zavallı atam tamam yorulub əldən
düşmüşdü. Amma Balaxanının iki
tanınmış bəhai ailəsi onun xatirinə yemək tədarükü
görmüşdü və ikisi də xörəklərin
dadına baxmağa təkid edirdilər. Onlar eyni binanın
birinci və ikinci mərtəbəsində
yaşayırdılar. Hər iki mərtəbədə
üstü yeməklərlə dolu masalar
açılmışdı. Təbii ki, bu iki yemək dəsgahına
münasibətdə eyni dərəcədə ədalətli
olmaq asan iş deyildi. Atam üçün isə əsl ziyafət
ev sahiblərinin göstərdikləri köhnə fotolara
baxmaq oldu. Bu şəkillərdən birində Susan Moodi
1909-cu ildə Bakıdan keçib İrana gedərkən ilk
Azərbaycan bəhailərinin böyük bir dəstəsi ilə
birlikdə təsvir olunmuşdu. Doktor Moodi amerikan bəhaisi
idi. Əbdülbəha onu qadınlara tibbi xidmət göstərmək məqsədi ilə
İrana getməyə təşviq etmişdi. Aradan bir
neçə il keçəndən sonra xanım Moodi Tehranda bəhai
qızları üçün ilk məktəb
açmışdı. Bakıya, oradan da Xəzər dənizini keçib
Ənzəli limanına gəlmişdi. Sonra isə Tehrana qədərki
yol boyu on doqquz stansiyanın on altısında dayanmalı
olmuşdu. Bizə göstərilən fotoda o Mirzə Əli
Əkbərin baş mühəndisi olduğu neft
milyonçusu Musa Nağıyevlə yan-yana oturmuşdu. Digər
fotoda isə Azərbaycandan olan bir neçə nəfər zəvvar
Əbdülbəha ilə birlikdə Bab məqbərəsinin
qarşısında dayanmışdı. Atam ilk toplu şəkildə
Əli Əkbər Naxçıvanini başındakı ənənəvi
silindrdən tanıdı.
Ertəsi gün səhər Bakıdakı Bəhai
evində mənim iyirmi nəfərdən ibarət bir qrup
qadınla çox səmimi görüşüm oldu. Atam
artıq əməlli-başlı soyuqladığından həmin
gün heç yerə çıxmayıb yol qabağı
bir az özünə gəlmək istəyirdi. Aeroporta gedəndə
vəziyyəti daha da pisləşmişdi. Bizi yola salmağa
xeyli adam gəlmişdi. Aralarında Orucovlar ailəsinin də
iki üzvü vardı. Bəhailər bizi dövrəyə
alıb xatirə əşyaları
və kiçik hədiyyələr təqdim edir, son dəfə
qucaqlayırdılar. Mən onlara Mirzə Əli Əkbərin
həmin səhər köhnə fotodan çəkilib
çap olunan silindrli şəklini bağışlayanda
aralarında canlanma yarandı. "Biz sizə
yazacağıq" - deyə hərəkətə gəldilər.
Nəhayət, pasportlarımızı yenidən əlimizə
almaq vədəsi çatdı. Ayrılmaq çox çətin
idi. Göz yaşları və sıx-sıx qucaqlaşmalar
içində Azərbaycanda tapdığımız gözəl
ailə və dostlarla vidalaşdıq. Bakıya ayaq
basdığımız ilk gecə dəvət olunduğumuz
VİP salonu indi gün işığında tamam fərqli
görünürdü. Azərbaycandan gedişimiz də bura gəlməyimizlə
eyni deyildi. Xoş bir təsadüf nəticəsində biletlərimiz
"biznes klass"a dəyişdirilmişdi. Bu, artıq ciddi
qripə yoluxmuş atam üçün göydəndüşmə
fürsət oldu.
Hava limanının təhlükəsizlik bölməsindən
keçərkən geri çevrilib əziz dostlara sonuncu dəfə
əl eləyəndə lap arxada tökmə bədənli,
möhkəm çənəli, üzünə dünəndən
bəri ülgüc dəyməmiş bir nəfərin
dayandığını gördüm. O, gəldiyimiz gündən
bizi gəzdirən taksi sürücüsü idi. Baryerin
arxasında dayanıb hamı kimi əl edir, bizimlə
vidalaşırdı. Mən düşündüm:
dünyanın hansı ölkəsində taksi
sürücüsü təhlükəsizlik baryerinə qədər
gəlib sərnişininə əl edə bilər?
Təbii ki, yalnız Azərbaycanda!
İngilis dilindən tərcümə edən
Vilayət Quliyev
Bəhiyyə NAXÇIVANİ
525-ci qəzet .- 2025.- 31 may(¹94).- S.14-15