Armud ağacı
Esse
İldə bir dəfə “Check up” müayinəsindən
keçirəm. Bu il də istisna olmadı. Şükürlər
olsun ki, yekunda ciddi bir problem çıxmadı. Ancaq budəfəki
nəticələrdə əvvəlki müayinələrdə
rastlaşmadığım məqamları gördüm. Nəticələr
haqqında həkimlərlə apardığımız
müzakirələrdə onların daha çox genetik
faktorlara istinad etməsi xüsusilə diqqətimi çəkdi.
Həkimlərin sözlərinə görə, erkən yaşda
özünü göstərməyən problemlər zamanla
üzə çıxır. Maraqlıdır ki,
sağlamlığımda əvvəllər hiss etmədiyim,
ancaq indi varlığından xəbər tutduğum həm
müsbət, həm də mənfi məqamların çoxu
irsiyyətlə bağlıdır. Məhz bu təcrübədən
sonra ailənin insan həyatındakı rolunu daha yaxşı
dərk etdim.
Təsəvvür edin, bu, hələ bizim
kağız üzərində gördüyümüzdür.
Bir də bunun görünməyən tərəf var.
Hansı ki, ruhumuza, düşüncələrimizə, həyata
baxışımıza yön verir. Yenə canımızda,
qanımızda olan problemlərdən laboratoriyalar sayəsində
xəbərdar olub buna uyğun davrana bilirik. Tutaq ki, hansısa
xəstəliyə irsi meyilliliyini öyrənəndə,
potensial təhlükəni neytrallaşdırmaq
üçün imkan daxilində nəsə etməyə
çalışırsan. Ancaq ailənin rolundan danışərkən,
iş bitmir. Çünki ailədən yalnız bioloji yox, həm
də sosial kimliyimizə təsir göstərən cəhətlər
bizə miras qalır. Məhz bu məqam bir çox hallarda
insan həyatında həlledici amilə çevrilir.
Düzü, əvvəllər bu cür
düşünmürdüm. Fərdiyyətçiliyə
olan meylimdən dolayı bu düşüncə tərzinə
yaxın iddialar mənə daha məntiqli
görünürdü. Məsələn, ingilis filosofu Con
Lokkun “ağ lövhə” nəzəriyyəsi. Bu nəzəriyyədə
deyilir ki, uşaq doğulanda onun beyni ağ lövhə kimi təmiz
olur. Zaman keçdikcə ətraf mühit ona təsir edir və
xarakterini formalaşdırır. Lokk yazır: “Əgər biz
sizinlə birlikdə Soldan körfəzində doğulmuş
olsaydıq, bizim dünyagörüşümüz və
düşüncəmiz orada yaşayan vəhşi
qottentotların dünyagörüşündən artıq
ola bilməzdi. Virciniya kralı Apocan İngiltərədə
təhsil alsaydı, bəlkə də o, ən yaxşı
riyaziyyatçı və mömin ola bilərdi. Bunların
arasındakı fərq müəyyən qədər təhsilli
ingilis ilə onların işini məhdudlaşdıran adətləri
və baxışlarıdır. Buradan belə bir nəticə
çıxır ki, insanın yaşadığı şərait
onun inkişafına təsir edir. Deməli, hər şey təhsil
və tərbiyədən asılıdır”.
“Ağ lövhə” nəzəriyyəsində
mövzuya dair bir çox sualıma cavab tapdığım
üçün Lokkun iddialarının həmişə ən
doğrusu olduğunu düşünmüşəm. Həyatın
başqa rənglərini tanıdıqdan sonra “ağ lövhə”nin
həqiqət payını sorğulamağa başladım. Bu
yolda isə müxtəlif ağlabatan arqumentlərlə
rastlaşdım.
Məsələn, məşhur ingilis psixoloqu
D.Şattlevort irsiyyət və mühit amillərinin fərdin
əqli qabiliyyətlərinin formalaşmasında rolunu konkret
rəqəmlərlə əsaslandırır. Şattlevort
deyir ki, insanın inkişafında irsi amillərin rolu 64, ailə
mühitinin təsiri 19, qarışıq amillərin təsiri
isə 17 faizə bərabərdir.
Digər diqqətimi çəkən maraqlı
arqument isə məşhur genetik Ayerbaxa aiddir: “Hər bir insan
doğularkən həyata oyunçu oyuna kartlarla
başladığı kimi, “əlində” genlərlə
başlayır. Bəzən kartların paylanması elə pis
ola bilər ki, hətta qaneedici uğuru əldə etmək
belə, çətin olar. Yaxud da əksinə, heç bir səy
göstərmədən böyük uğur qazana bilərsən”.
Ayerbaxın da dediyi kimi, necə bir həyat
yaşayacağımız böyük mənada genlərimizdə
daşıdığımız xüsusiyyətlərə
bağlıdır. Bir sözlə, sənin atan, baban, yaxud da
ulu baban hansısa sahədə bacarıqlı olubsa, deməli,
sənin də bu sahədə uğur qazanmaq ehtimalın
yüksəkdir. Gözəlliyin də genetik olmasını
unutmaq olmaz.
Doğulduğumuz ev, tərbiyə
aldığımız ailə, böyüdüyümüz
mühit fərd olaraq formalaşmağımızda
mühüm rol oynayır. Əlbəttə, hər şeyi
soyadın üzərinə yıxmaq olmaz. Ad ki səninkidir.
Dmitri də, Aleksey də Fyodor Pavloviç Karamazovun
oğlanları idi. Ancaq Aleksey olmaq da asan deyil axı...
Çox vaxt həyatımızı erkən yaşdan
mənimsədiyimiz həmin forma və normalara görə
yaşayırıq. Təbii ki, həyatın sonrakı mərhələsində
yiyələndiyi doğruları üstün tutub buna əsasən
ömür sürənlər də var. Ancaq onların
saylarının nisbətdə daha az olduğu danılmaz
faktdır. Xüsusilə də, Şərq tərbiyəsinin
aparıcı rol oynadığı bizim kimi cəmiyyətlərdə.
Buralarda atanın-ananın doğrusu çox vaxt elə sənin
doğruna çevrilir. Həyatının hansısa mərhələsində
bunun yanlış olduğunu dərk etsən belə, ya
qarşı çıxacaq cəsarəti özündə
tapa bilmirsən, ya da ağ qarğa olmaqdan qorxub
açılan cığırla gedirsən. Bir sözlə,
özündən öncəkilərin səhv və düzlərinin
varisinə çevirir həyat səni.
Varislikdən söz düşmüşkən, rifah məsələsini
də unutmaq olmaz. Sirr deyil ki, insanın aid olduğun sosial
sinif həyatına yön verən əsas amillərdən
biridir. Burada söhbət yalnız pula sahib olmaqdan yox, ona həyatının
hansı mərhələsində sahib olmaqdan gedir. Yəqin
ki, siz də pulla sonradan tanış olan adamların
çoxunun qeyri-adekvat davranışlarını
müşahidə etmisiniz. Bunun əksinə olaraq maddi cəhətdən
təminatlı ailələrdə böyüyən şəxslər,
həyatın hansısa mərhələsində sahib
olduqları maddi gücü itirib sonradan qazansalar belə, eyni
cür davranmırlar. Yaxud da kasıb təbəqədən
olan insanlar böyüdülmə tərzindən və ya
aldıqları travmalardan dolayı bu qorxunu son nəfəsəcən
özləri ilə daşıyırlar. Bir müəllimimiz
danışırdı ki, uşaqlığı və gəncliyi
sözlə təsvir olunmayacaq dərəcədə
yoxsulluqla keçən nənəsi ömrünün sonuna
kimi şkafda çörək gizlədirmiş. Bu
davranış travma nümunəsi olmaqla bərabər,
keçmişin bu gün və gələcək üzərində
gücündən xəbər verir.
Deyir, doğulduğun evin yanındakı evdə belə
dünyaya göz açsaydın, taleyin bambaşqa olardı.
Sıradan bir fikir kimi səslənsə də, mahiyyətini
varanda ağırlığını anlaya bilirsən. Məsələn,
atan, yaxud anan o adam olmasaydı, həmin evdə böyüməsəydin,
necə olardı həyatın?
İnsan övladı çox şeyi dəyişmək
iqtidarındadır. Nəzərə alsaq ki, nə
quldarlıq dövründəyik, nə feodelizmdə, deməli,
bir çox şeyin ixtiyarı fərdin öz əlindədir.
Ancaq təəssüf ki, məsələnin ən asan tərəfi
məhz elə ən çətin görünənidir. Bəzi
şeyləri sonradan dəyişə bilsək də,
genetikamız və hələ körpə ikən
aşılanan dəyərlərin qoyduğu izlər
ömür boyu bizimlədir.
Qəribədir, sanki doğulanda öncədən biçilən
taleyi əynimizə geyindirib bizi həyatın qucağına
buraxırlar. Sən də elə bilirsən,
yaşadığın taleyi seçən özünsən.
Halbuki sən sadəcə seçilənsən. Deyəsən,
insan da armud kimidir - yetişdiyi ağacın dibinə
düşür...
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 31 may(¹94).- S.13.