“Bütün tənqidlər
telekanala yönəlir, tamaşaçıdan danışan
yoxdur”
ETİBAR BABAYEV: “AZƏRBAYCAN DİLİNİ
BİLMƏYƏN, NİTQİ SƏLİS OLMAYAN APARICININ
EFİRDƏ NƏ İŞİ VAR?”
Həsən bəy Zərdabinin 1875-ci ildə
“Əkinçi” qəzetilə əsasının qoyduğu Azərbaycan
mətbuatının bu il 150 yaşı tamam olur...
Biz xəbərlə böyüyən nəsilik. Televizorun
qarşısında xəbər saatını gözləyən,
qəzet köşklərində növbəyə duran nəsli
görə-görə ərsəyə gəlmişik. O zaman
informasiya bu qədər əlçatan deyildi, amma dəyəri
daha böyük idi. Çünki hər xəbər bir hadisə,
hər efir bir bayram, hər qəzet səhifəsi sabahın
tarixçəsi idi. Bir sözlə, Kütləvi
İnformasiya Vasitələri (KİV) cəmiyyətin
güzgüsü hesab edilirdi. İndi həmin güzgü
çox dəyişib.
Biz sadəcə KİV deyib keçsək də, o, cəmiyyətin
ruh halını tutmağa qadir bir sahədir və həmin sənəti
yaşadanlar illərdir ki, bu ölkədə bir məktəb
qurmağı bacarıb. Onlardan birilə bu gün
oxucularımızın görüşünə gəlmişik.
Qəzetimizin şənbə qonağı “Azad Azərbaycan”
Teleradio Şirkəti prezidentinin müşaviri, Bakı Slavyan
Universitetinin professoru, Əməkdar jurnalist Etibar Babayevdir.
- Çox zaman insanın yetişdiyi mühit onun gələcək
yolunu müəyyən edir...
- Fikrinizlə razıyam. Gözümü açandan ətrafımı
saran ədəbi mühit ömür yoluma ciddi təsir
göstərib. Ötən əsin 60-70-ci illərində
yaradıcılığın bütün sahələrini əhatə
edən ziyalılar arasındakı səmimi münasibət
onları bir araya gətirməyə, ailəvi dostluq etməyə
şərait yaratmışdı. Atamın yaxın
dostları, onların ailə üzvləri ilə mehriban
ünsiyyəti zamanı gördüklərim, eşitdiklərim
ədəbiyyata, incəsənətə marağımı
artırırdı. Atam uzun illər Milli Dram Teatrında ədəbi
hissə müdiri vəzifəsində
çalışdığından, axşamlar onunla
tamaşalara baxmağa gedərdim. Aktyorlarla, rejissorlarla
tanışlıq çox maraqlı idi. Səhnədə
gördüyüm qəhrəmanları yaxından izlədikcə,
sənətə marağım artırdı. Və bu maraq məktəbi
bitirəndən sonra məni Azərbaycan Dövlət İncəsənət
İnstitutunun Teatrşünaslıq fakültəsinə gətirib
çıxardı. Akademik Cəfər Cəfərov, Xalq
artistləri Adil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasib
kimi görkəmi şəxsiyyətlərlə hər
görüş mənim üçün böyük bir məktəb
idi. Tələbəlik illərindən müxtəlif
tamaşalara yazdığım resenziyalar, aktyorlar
haqqındakı məqalələr dövrü mətbuatda dərc
olunmağa başladı. Daha sonra politologiya üzrə ikinci
təhsilimi aldım.
- Amma tələbəlik illərindən televiziya
adlı bir dünyanın qapısını da
çaldınız və artıq uzun illərdir ki, bu yoldan
ayrılmamısınız...
- 1972-ci ildən Azərbaycan televiziyasının “Gənclik”
Baş redaksiyası ilə əməkdaşlığa
başladım. “Tələbə klubu”, “7-ci qitə” və digər
verilişlərin müəllifi və aparıcısı
oldum. Daha sonralar AzTV-də baş redaktor, “Azərbaycantelefilm”in
rəhbəri, dövlət televiziyasının sədr
müavini, Teleradio Akademiyasının rektoru kimi fəaliyyət
göstərmişəm.
- Həmin illərdə müəllifi olduğunuz
“Sözlü-nəğməli İstanbul”, “Kanal 6 təqdim
edir” silsilə proqramlarınız tamaşaçıların
marağına səbəb olmuşdu...
- Bu işə mürəkkəb bir şəraitdə
- müstəqilliyimizin elan edildiyi vaxtda başladım.
Qardaş Türkiyədən hazırladığım ilk
veriliş 1990-cı il noyabrın 7-də
tamaşaçılara təqdim edildi. Sovet dönəmində
7 noyabr dövlətin böyük rəsmi bayramı kimi qeyd
olunurdu. Məhz həmin tarixdə dövlət televiziyasının axşam xəbərlərindən
sonra saat yarımlıq “TRT-də bir gün” adlı müəllif
proqramının efirə çıxması müşkül
məsələ idi. Türkiyədə çəkilişlər
aparmaq, İstiqlal savaşı ilə bağlı nadir kino
kadrları əldə etmək, Türkiyə Böyük Millət
Məclisində millət vəkillərilə
görüşüb onlarla Qarabağda baş verən hadisələr
ətrafında söhbət aparmaq asanlıqla başa gəlmirdi.
Türkiyənin görkəmli ictimai-siyasi xadimləri, sənət
və nüfuzlu iş adamları ilə
tamaşaçılarımız ilk dəfə bu verilişdə
tanış oldular. Barış Mançonun Azərbaycan
televiziyası ilə ilk çıxışı da həmin
proqramda oldu. “Sözlu-nəğməli İstanbul” verilişi
silsilə proqramları ilə on il
tamaşaçıların görüşünə gəldi.
- İllərinizi verdiyiniz televiziyadan danışaq...
- Gələn il Azərbaycan televiziyasının 70
yaşı tamam olur. Zaman göstərdi ki, bu illər ərzində
televiziya insanların həyatında özəl yer
tutmağı bacarıb və istər texniki tərəfdən,
istər yaradıcılıq istiqamətində təkmilləşərək
uzun bir yol gəlib. Ənənəvi olaraq televiziyanın əsas
üç vəzifəsi var - maarifləndirmə, xəbər
çatdırma və əyləncə. İndi televiziya
kanallarının sayı, eləcə də vəzifələri
xeyli artıb. İstifadə
edilən texniki avadanlıq yaradıcılıq
üçün böyük imkanlar yaradır. Yayım vasitələrinin
əhatə dairəsi genişlənib, keyfiyyəti yüksəlib.
Fəqət bəzən efir siyasətində qeyri-müəyyənlik,
etik normaların gözlənməməsi, mövzuya
qeyri-peşəkar yanaşma halları diqqəti cəlb edir və
təəssüf doğurur. Peyk yayımının, internetin,
sosial şəbəkələrin yaranması televiziyalar
üçün həm də rəqabət mənbəyidir.
Tamaşaçı kanal seçimində sərbəstdir, bir
düymə ilə istədiyi kanalda zövqünə
uyğun verilişə və ya proqrama baxmaq öz əlindədir.
Bu gün dünya xəbərləri daha operativ və asan əldə
etmək imkanı qazanıb. Həyatımızın
ayrılmaz hissəsinə çevrilən mobil telefonlar. Daima
yanımızdadır və bu da o deməkdir ki, planetin ən
ucqar nöqtəsindən belə, istənilən xəbəri
əldə edə bilirik. Belə olan halda televiziya xəbərçiliyi
öz operativliyini, aktuallığını itirməmək
üçün nə etməlidir? Zənnimcə, bu məsələ
xəbər yayan televiziya kanalları qarşısında
başlıca problemlərdən birinə çevrilib.
Günümüzün tələb olunan məsələlərindən
biri kimi televiziya maarifçiliyinin özü də
günün tələblərinə cavab verəcək ekran həllini
tapmadığından, bu istiqamətdə
tamaşaçının hələ də gözü yolda,
qulağı səsdədir.
- Aparıcılar televiziyanın əsas
simasıdır. Günümüzün
teleaparıcıları...
- Hər verilişin xarakterinə uyğun öz
aparıcısı olmalıdır. Aparıcı təqdim
etdiyi verilişdə iştirakçılarla ünsiyyət
qurmağı bacarmalıdır. Müzakirə olunan məsələnin
üzə çıxarmaq qabiliyyətilə seçilməli,
nitqi, geyimi, davranışı, zahiri
görünüşü mövzuya uyğun olmalıdır.
Kiminsə sözünü kəsmək, fikrinin tamamlamağa
imkan verməmək kimi hallar verilişin qonaqlarına, eləcə
də auditoriyaya qarşı
hörmətsizlik əlamətidir. Belə hallar baş
verməsin deyə, efirə qədər gələn yolda
aparıcı peşəkar kimi formalaşmalıdır. Azərbaycan
dilini bilməyən, nitqi səlis olmayan aparıcının
efirdə nə işi var?
- İllərin təcrübəsinə sahibsiniz və Azərbaycan teleməkanlarının
bu günü haqqında bir peşəkar kimi söz
haqqınız var...
- Bəxtiyar Vahabzadənin bir sözü var:
“Dünyada satandan əvvəl alan var”, yəni heç bir
tacir tələbat olmayan malı bazara çıxarmaz.
Televiziyada da verilişləri hazırlayan tərəf var, bir
də ekranın o biri tərəfində gözləyən
tamaşaçı var. Təəssüf ki, bu gün
televiziyadan söz düşəndə, bütün tənqidlər
telekanala yönəlir, tamaşaçıdan danışan
yoxdur. Bu gün bütün dünyada televiziyanın istehsal
etdiyi məhsul xaricilərin hazırladığı reytinq
sistemilə qiymətləndirilir. Reklam verənlər də həmin
göstəricilərə əsasən hər hansı bir
kanalda öz reklamını yerləşdirir. Özəl
telekanallar da bu səbəbdən reytinqləri nəzərə
almağa məhkumdur. İllərdir reytinq toplama mexanizminə
münasibətimi birmənalı şəkildə bildirməkdə
davam edirəm. Bu sistemin obyektivliyinə hələ də
inanmıram. Təxminən 500-600 nəfərin rəyini
öyrənməklə, milyonlarla Azərbaycan
tamaşaçısının rəyini necə əks etdirmək
olar? Bir düymənin üç-dörd dəfə
basılması baxış sayı demək deyil,
çünki dəqiq heç kim bilmir ki,
tamaşaçı həmin verilişi həqiqətənmi
sona qədər izləyib? Ümumiyyətlə, rəyi
öyrənilənlər əhalinin hansı təbəqəsini
təmsil edir? Hansı prinsiplərlə bu seçim
aparılır? Niyə bu məsələlər ictimailəşdirilmir?
Bəzən düşünürəm ki, bu sorğular
düşünülmüş bir sistemdir ki, onun sayəsində
efirlərdə mənasız, lağlağı verilişlərin
sayı artsın, insanların zövqü korlansın,
televiziyalar ciddi verilişlər hazırlamaqdan
yayınsınlar. Çox istərdim ki, televiziyaların maddi
asılılığı olmasın. Tez-tez belə bir fikir səslənir
ki, Azərbaycan vətəndaşının əksəriyyəti
yerli kanallara baxmır. Belə olan halda yaxın gələcəkdə
bu, bizə ciddi problemlər yarada bilər. Yad ölkələrin
televiziya proqramlarına baxmaqla, Azərbaycan dilini, onun tarixini,
mədəniyyətini öyrənmək olmaz.
- Belə çıxır ki, adı fərqli, məzmunu ilə bir-birini döyən
verilişlər, sosial layihələr
tamaşaçının görmək istədikləridir...
- Bunu reytinq toplayanlardan soruşmaq lazımdır. Həqiqətənmi
tamaşaçının gözlədiyi budur? Dediyiniz sosial
layihələr bir-birini təkrarlamaqla yanaşı, müxtəlif
kanallarda çox vaxt eyni saatda efirə çıxır. Bu
gün əksər televiziyaların proqramları əvvəlcədən
tamaşaçıya bəlli deyil. Bir vaxtlar həftəlik
televiziya proqramları qəzetdə çap olunardı.
Tamaşaçı hansı gün, hansı saatda, hansı verilişin
gedəcəyini bilirdi. Uşaqlar öz proqramlarının
saatını bilirdi, böyüklər hansısa bir
ziyalı, sənətkarla görüşəcəyi
saatı gözləyərdi və özünü buna
hazırlayardı. Yaxşı təcrübədən niyə
bəhrələnməyək?
- Sizin 70-ci illərin ortalarından başlayan siyasi fəaliyyətiniz
də olub. İkinci təhsilin səbəbi bu fəaliyyətinizlə
bağlıdır yəqin ki...
- 1974-cü ildən başlayaraq Azərbaycan Komsomolunun Mərkəzi
Komitəsində, Kommunist partiyasının Mərkəzi Komitəsində,
Bakı şəhər Partiya Komitəsində məsul vəzifələrdə
çalışmışam, dörd
çağırış Bakı şəhər Sovetinin
deputatı seçilmişəm. Təbii ki, bu işlər
üçün ali partiya təhsili almaq labüd idi. Onu da
qeyd edim ki, bu təşkilatlarda fəaliyyətim bilavasitə
mətbuat, teleradio, ədəbiyyat və incəsənətlə
bağlı olub. 2001-2006-cı illərdə “Spase” müstəqil
Teleradio şirkətinin prezidenti olmuşam. Hazırda ATV
müstəqil Teleradio şirkətində prezidentin
müşaviriyəm.
- Etibar Babayev həm də Bakı Slavyan Universitetinin
Jurnalistika fakültəsində dərs deyir, yəni gənclərin
əhatəsindədir...
- Zamanın nəbzini tutmaq baxımından tələbələrim
mənim dayağımdır. Keşmişlə bu gün
arasında bir növ körpü olmaq üçün
onların arasındayam. Gənc
adlandırdığımız nəsil müstəqillik
dövrünün yetirmələridir. Elə tələbələr
var ki, yaxın keçmişimizdən belə, bixəbərdir,
görkəmli elm, incəsənət, ədəbiyyat xadimlərini
tanımırlar. Əslində bu, onların günahı
deyil. Görünür, orta təhsil sistemində müəyyən
boşluqlar var. Teatra, muzeyə getmək həvəsi xeyli
azalıb. Hər hansı bir məlumatı telefon vasitəsilə
əldə etmək artıq dəb halını alıb.
Xalqının, dövlətinin dünənini bilmədən,
qəhrəmanını, ziyalısını tanımadan bir
jurnalist nə yazacaq, necə araşdırma aparacaq? Tələbələrimin
maraqlarını nəzərə alaraq, onları görkəmli
insanlarla görüşdürür, sərgilərə, rəssam
emalatxanalarına aparıram. Teatr tamaşalarına gedir,
yaradıcı heyətlə onları tanış edirəm,
çalışıram ki, dünyagörüşləri
artsın. Sirr deyil ki, bu günün gənci hər şeyə
sahib olmaq istəyir, amma buna nail olmağın yolunu tapmaqda
çətinlik çəkir. Düşünürəm ki,
bu yolda müəllimlərlə valideynlər birlikdə onlara
bələdçilik edə bilər.
- Bu il Zəfərimizin beş ili tamam olur. Xalq olaraq
yaşadığımız otuz il və 44 günlük
müharibə...
- Dünyada yüz illərlə azadlıq həsrətində
olanlar, müstəqil dövlət uğrunda mübarizə
aparan xalqlar var. Əslində tarix üçün otuz il bir
andır, böyük zaman kəsiyi deyil. Lakin
torpağını itirən, el-obasından didərgin
düşən insan üçün bir saat bir il qədər
uzundur. Azərbaycan xalqı mənfur qonşuların xəyanəti
ucbatından müvəqqəti də olsa, acı günlərini
yaşadı. Ulu öndərin
qayıdışı ilə nail olduğu atəşkəs
azadlığa gedən yolun ilk pilləsi oldu.
İqtisadiyyatın güclənməsi, ordu quruculuğunun əsaslı
dəyişməsi, hərbi sənayenin yaranması
taleyüklü məsələnin həlli üçün
real imkanlar yaratdı. Və nəhayət, ölkə
başçısı və Ali Baş Komandan bu illər ərzində
ordunu elə bir hazırlıqlı vəziyyətə gətirdi
ki, 44 günə bütün torpaqlarını aldı, iki
rayon bir güllə atılmadan qaytarıldı. Düşmənin
viran qoyduğu Qarabağ bu gün sürətlə
abadlaşır, insanlar yavaş-yavaş yurduna qayıdır,
torpaq dirçəlir, həyat axarına düşür və
Qarabağ rahat nəfəs almağa başlayıb.
İnanıram ki, bunlar hələ başlanğıcdır.
- Azərbaycan mətbuatı 150 yaşını qeyd
etməyə hazırlaşır. Bir peşəkar, eyni zamanda
həmkar arzularınız...
- Sosial şəbəkələr bu gün mətbuatı
da elektronlaşdıra bildiyindən ənənəvi mətbuatın
vəziyyəti mənə ağır gəlir. Çünki
mən vaxtilə iki qəpiyə satılan qəzeti almaq
üçün uzun-uzadı sırada növbə gözləyən
biri olmuşam. Nə olursa olsun, insanlar qəzet almadan işə
getməzdilər. “Bakı-Baku” axşam qəzeti vardı. Evə
qayıdanlar yolunu köşkdən salaraq, mütləq qəzet
alıb evə tələsərdilər. O zaman bir kiloluq
çörək 30 qəpik, bir nüsxə qəzet 2 qəpik
idi... Arzu edirəm ki, ənənəvi mətbuat fəaliyyətini
təkmilləşdirsin, istiqamətini dəqiq müəyyənləşdirsin,
oxucu marağını artırsın və hər kəsə
əlçatan olsun.
SÖZARDI: Deyirlər ki, media dördüncü
hakimiyyətdir. Unutmayaq ki, bu hakimiyyətin dediyi söz,
yaydığı xəbər, yazdığı cümlə
bir insan taleyinə, bir xalqın ovqatına toxuna bilər. Gəlin
əl-ələ verib Sabirin dediyi kimi: “Pisi pis, əyrini əyri,
düzü həmvar” yazaraq, ənənəvi mətbuatımızı
qoruyaq və yaşadaq.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 31 may(¹94).- S.12;13.