Müasir incəsənətin təbliğatçılığı
İncəsənət tarixən təkcə estetik
ifadə vasitəsi deyil, həm də ideoloji, sosial və
siyasi anlamların daşıyıcısı kimi
çıxış edib. Xüsusilə 20-ci əsrin
sonlarından etibarən formalaşmağa başlayan müasir
incəsənət formaları - küçə sənəti,
rəqəmsal media, performans sənəti və instalyasiya -
dövrümüzdə siyasi təbliğatın ən təsirli
vasitələrindən birinə çevrilib. Bu dəfə
incəsənətə fərqli bir rakursdan - müasir incəsənətin
siyasi təbliğata necə xidmət etdiyi, onun ideoloji
yükünü və müxtəlif regionlardan real nümunələrlə
bu təsirin təzahür formaları müstəvisindən
baxaq.
Təbliğat məqsədyönlü informasiya və
ideyaların ictimai rəyə təsir göstərmək
üçün yayılması prosesidir və tarix boyu müxtəlif
vasitələrlə həyata keçirilib. İncəsənət
isə bu ideoloji yayımın vizual və emosional təzahür
forması kimi çıxış edir. Antonio Gramşinin “mədəni
hegemoniya” konsepsiyasına görə, hakim ideologiyalar yalnız
zor gücü ilə deyil, həm də mədəniyyət
vasitəsilə cəmiyyətə yeridilir. Müasir incəsənət
bu hegemoniyanın həm daşıyıcısı, həm də
ona qarşı duruş sərgiləyən bir güzgü
ola bilər. Sənət özlüyündə həm bir
vasitə, həm də bir meydan rolunu oynayır - burada həm
güc nümayiş olunur, həm də etiraz səslənir.
Müasir incəsənətin fərqli sahələrindən
fərqli nümunələrlə boz təbliğatın sənətsevərlər
arasında necə yayıldığına nəzər yetirək.
Poster və qrafika
Barak Obamanın seçki kampaniyası zamanı
Şephard Ferey tərəfindən yaradılmış məşhur
“HOPE” posteri, sadə vizual dillə kompleks siyasi mesaj
çatdırmağın bariz nümunəsidir. Bu poster
emosional rezonans doğurmaqla yanaşı, ümid
ideyasını kollektiv şüura yeritməyə
çalışırdı. Digər tərəfdən, Sovet
İttifaqı və nasist Almaniyasında istifadə olunan
şüarlar, afişalar və plakatlar da incəsənətin
dövlət ideologiyasının yayılmasında necə
mühüm rol oynadığını göstərir, milli
birliyi, güc və lider kultunu təbliğ edirdi.
Küçə sənəti və divar rəsmləri
Banksi kimi sənətkarların küçə sənətində
yaratdığı əsərlər - “Girl with Balloon”, “Napalm”
və “There Is Always Hope” - kapitalist cəmiyyətə, hərbi-sənaye
kompleksinə və sosial ədalətsizliyə qarşı
vizual etirazdır. Bu əsərlər anonim şəkildə
ictimai məkanlara yerləşdirilsə də, onların
gücü sosial mediada paylaşılması ilə daha
geniş kütləyə çatır.
İranda Məhsa Əmini hadisəsindən sonra
qadın azadlığını simvolizə edən qrafiti və
divar yazıları, senzura səbəbilə tez silinsə də,
rəqəmsal məkanda “yaşamağa” davam etdi və qlobal
həmrəylik yaratdı.
Performans sənəti
Performans sənəti siyasi mesajların bədən
dili ilə çatdırıldığı, çox vaxt sərhəd
tanımayan ifadə formasıdır. Marina Abramoviçin
“Rhythm 0” performansı tamaşaçılara onun bədəni
üzərində istədiklərini etməyə icazə verərək,
güc və nəzarətin təhlükəli hədlərini
göstərdi. Pussi Riotun Moskvanın Ortodoks kilsəsində həyata
keçirdiyi siyasi performans isə Rusiyada söz
azadlığının boğulmasına qarşı
açıq etiraz idi və onların həbs olunması beynəlxalq
diqqətə səbəb oldu.
Rəqəmsal incəsənət və yeni
texnologiyalar
Müharibə zamanı Ukrayna hökumətinin NFT-lər
vasitəsilə həm maliyyə vəsaiti toplaması, həm
də dünyaya informasiya yayması rəqəmsal incəsənətin
təbliğati gücünün yeni bir formasıdır.
Burada sənət həm iqtisadi alət, həm də siyasi
silah funksiyasını daşıyır. Sosial media
platformaları bu cür rəqəmsal işləri qlobal səviyyədə
görünən və təsirli edir.
İdeoloji mövqelərin sənətdə təzahürünü
təxminən bu cür qruplaşdıra bilərik:
Milliyətçilik - Bayraq simvolları, qəhrəmanlıq
motivləri, tarixə istinad;
Liberalizm - İnsan hüquqları, fərdi azadlıq,
seçki motivləri;
Avtoritarizm - Lider kultu, təhrif olunmuş simvollar,
senzura;
Sol ideologiya - Əmək motivləri, kollektivlik, təbiət
və bərabərlik.
Məsələn, Çində dövlətin dəstəklədiyi
“harmoniya” konsepsiyası sənət vasitəsilə vizual
harmoniya və tabeçilik mesajı verir. Eyni zamanda, alternativ
sənətkarlar gizli yolla senzura və qeyri-bərabərliyə
qarşı çıxırlar.
Təbliğat ilə müqavimət arasındakı
toqquşma
Siyasi incəsənət bəzən güc
strukturlarının sərt reaksiyası ilə qarşılaşır.
Rusiyada, Çində və İranda rejimə qarşı
mesaj daşıyan əsərlər cinayət kimi qəbul
olunur. Lakin bu senzura, əksər hallarda əks effekt
yaradır. Məsələn, Mahsa Aminiyə ithaf edilən
qadın portretləri beynəlxalq müstəvidə həmrəylik
simvoluna çevrildi.
ABŞ-da Corc Floydun ölümündən sonra yaranan
mural və heykəllər şəhər məkanlarını
“ictimai xatirə yerləri”nə çevirərək, incəsənətin
kollektiv yaddaş yaratmaq gücünü ortaya qoydu.
Azərbaycanda müasir incəsənət və siyasət
Azərbaycanda müasir incəsənətin təmsilçilərindən
olan Aida Mahmudova kimi rəssamlar urbanizasiya, milli identiklik və
yaddaş kimi mövzuları diqqət mərkəzinə
çıxarırlar. Qarabağ müharibəsindən sonra
yaranmış rəqəmsal incəsənət nümunələri
isə əsasən milli həmrəylik və qələbə
ideyasını gücləndirmək məqsədi
daşıyırdı. Bir sıra gənc rəssamlar bu sahədə
yeni vizual dil formalaşdırmağa başlayıblar.
Bir neçə teatr və musiqi qrupları da
hazırda vizual incəsənətin “Küləklər şəhəri”ndəki
simalarıdır.
Müasir incəsənət, siyasi təbliğatda həm
onun bir vasitəsi, aləti, həm də ona qarşı
çıxan bir platforma kimi çıxış edir. Sənətkarlar
bəzən ideologiyanın daşıyıcısına
çevrilir, bəzən isə ona qarşı duruş
nümayiş etdirən dissident kimi çıxış edirlər.
Texnologiyanın, sosial medianın və qloballaşmanın təsiri
ilə bu mübarizə artıq lokal yox, qlobal xarakter
daşıyır. Beləliklə, aydın olur ki, incəsənət
təkcə gözəllik deyil, həm də güc, fikir və
dəyişiklik vasitəsidir.
Rəvan CAVİD
525-ci qəzet .- 2025.- 31 may(¹94).- S.11.