"Heydər
Əliyev heç zaman, heç kəsin qarşısında
baş əyməyən dağa bənzəyir"
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN
REKTORU, AKADEMİK İSA HƏBİBBƏYLİ İLƏ
SÖHBƏT
Azərbaycanın Xalq yazıçısı, publisist
Elmira Axundova "Heydər Əliyev və yaradıcı
ziyalılar" mövzusu üzərində işləyir.
2-cildlik kitab bu ilin payızında işıq üzü
görəcək. Kitabın 2-ci cildində Elmira
xanımın görkəmli sənət adamlarıyla
çox maraqlı, eksklüziv söhbətləri yer alacaq.
Bu söhbətlərdə təkcə dahi Heydər
Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti
deyil, elə müsahiblərin özləri də oxucu
üçün bəzən gözlənilməz, naməlum
tərəflərdən açılır. Onlar müəlliflə
canlı, səmimi, bəzən çox məhrəm dialoq
aparır, təkcə müsahibənin qəhrəmanı barədə
deyil, həm də öz həyatları haqda
danışırlar və quru rəsmiyyətdən uzaq
söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq
doğurur.
Mart ayından başlayaraq söhbətlərdən bəzilərini
"525-ci qəzet"də çap etməyə qərara
almışıq. Təqdim etdiyi eksklüziv materiallara görə
Elmira Axundovaya minnətdarlıq bildiririk.
Elmira Axundova - İsa müəllim, 1990-1993-cü illər
ərzində sizə Heydər Əliyevlə ünsiyyət
saxlamaq, söhbətləşmək, onun keçirdiyi tədbirlərdə
iştirak etmək qismət olub. Onun həyat və fəaliyyətinin
Naxçıvan dövründə siz Heydər Əliyevin
xarakterinin hansı xüsusiyyətlərini müşahidə
etmisiniz? Və ümumiyyətlə, Ümummilli liderin həyatının
həmin dövrünü necə qiymətləndirirsiniz?
İsa Həbibbəyli - Heydər Əliyevin həyatının
Naxçıvan dövrü respublika əhalisinin gözü
qarşısında keçmiş, regionda isə hər bir vətəndaş
üçün əsl məktəbə çevrilmişdir.
1990-1993-cü illər Naxçıvan Muxtar
Respublikasının əhalisi, xüsusən dövlət rəsmiləri,
ziyalılar və gənclər, biz hamımız sözün
ən yüksək və ciddi mənasında Heydər
Əliyev dərsləri keçmiş, bu möhtəşəm
və nadir şəxsiyyətin dövlətçilik və vətənpərvərlik
universitetinin dinləyiciləri olmuşuq. Bu, bizim
üçün həm məsuliyyət və həm də
xoşbəxtlikdir.
Əlbəttə, SSRİ kimi fövqəldövlətin
əsas rəhbərlərindən biri olmuş, dünyada
böyük siyasi xadim olaraq qəbul edilən, uzun illər Azərbaycan
Respublikasına bacarıqla rəhbərlik etmiş Heydər
Əliyev üçün Naxçıvan Muxtar Respublikası
idarəetmə baxımından ölçüyəgəlməz
dərəcədə kiçik fəaliyyət meydanı idi.
Ancaq o böyük şəxsiyyət bunun fərqinə
varmadan, yaranmış çətin tarixi şəraitdə
Naxçıvan Muxtar Respublikasını Ermənistanın
işğalından xilas edərək Azərbaycan
Respublikasının tərkibində qoruyub saxlamağa və
daha da möhkəmləndirməyə ümummilli vəzifə
kimi baxır, məsələyə geniş mənada
respublikanın ərazi bütövlüyünün təmin
edilməsinin tərkib hissəsi müstəvisindən
yanaşırdı.
Qarabağda torpaqlarımızın günbəgün
əldən getdiyi şəraitdə daha çətin region
olan, üç tərəfdən Ermənistanla əhatə
olunmuş Naxçıvanın ərazi
bütövlüyünün qorunması, sərhədlərinin
keçilməzliyinin təmin edilməsi ümumrespublika səviyyəli
böyük və ciddi dövlət işi idi.
Görkəmli dövlət xadimi Heydər Əliyev bu
ümumdövlət əhəmiyyətli xilaskarlıq
işini Naxçıvanda uğurla yerinə yetirdi. Tərəddüdsüz
demək olar ki, Naxçıvan Muxtar Respublikasının
işğala məruz qalmaması və Azərbaycanın tərkibində
qorunub saxlanılması Heydər Əliyevin müstəqil
dövlətçiliyimizə ən böyük xidmətlərindən
biridir. Bütün bunlara görə həyatının digər
mərhələləri kimi, Heydər Əliyevin tərcümeyi-halının
həmin tarixi dövrünün də hər günü, hər
anı qiymətli və ibrətamizdir, mühüm siyasi-tarixi
əhəmiyyətə malikdir. O çətin və şərəfli
illər müstəqil dövlətçiliyin sınaq
imtahanları dövrü olduğu üçün ətraflı,
dərindən, sistemli şəkildə, elmi səviyyədə
öyrənilməlidir.
E.A. - Bəlkə bir neçə belə tarixi anı
yada salasınız?
İ.H. - Naxçıvan MR Ali Məclisinin Heydər
Əliyevin sədrliyi ilə keçən iclasında Ulu
öndərin təklifi ilə üçrəngli Azərbaycan
bayrağının dövlət rəmzi kimi qəbul edilməsi
mühüm tarixi hadisədir. Həmin gün, 17 noyabr 1991-ci
ildə müstəqillik tariximizin ən böyük tarixi
hadisəsi baş vermişdir. Naxçıvan Ali Məclisinin
deputatı Heydər Əliyevin sədrliyi ilə keçən
sessiyanın iclası radio vasitəsilə meydanda səsləndirilirdi.
Çöldəki yüzlərcə dinləyicilər
arasında gənclər, xüsusən, tələbələr
çoxluq təşkil edirdi. Üçrəngli
bayrağın zala gətirilməsi elan olunanda meydanda çəpik
və alqış səsləri qopdu. Belə sürəkli,
gur reaksiyanı mən yalnız kinolarda
görmüşdüm.
Naxçıvanda 1992-ci ildə silahlı dövlət
çevrilişi cəhdinin qarşısının dinc yolla
alınması da Heydər Əliyevin müstəsna liderlik
qabiliyyətinin əyani göstəricisi idi. Naxçıvan
MR Ali Məclisinin sədri Heydər Əliyevə xalqın
sonsuz məhəbbətinin ifadəsi idi. Əliyalın xalq
Heydər Əliyevin çağırışına cavab olaraq
"Ya Heydər!" deyərək, Naxçıvan Daxili
İşlər Nazirliyində yerləşmiş silahlı xəyanətkarların
üstünə getdi və bu dövlət qurumunu azad etdi.
Nehrəm kəndindən olan Şeyx Muradəli, Abbas kişi,
Əqil həkim və kəndin digər sakinləri həmin
dövrdə Naxçıvan camaatı ilə birlikdə Heydər
Əliyev yolunda canlarından keçməyə hazır olan
insanlar kimi silahlı üsyançılarla
qarşı-qarşıya durdular və qalib gəldilər.
Naxçıvan Televiziyasının azad edilməsində
isə qadınlar, ziyalılar və gənclər iştirak
edirdilər. Xüsusən, qadınlar birləşərək
sel gücü ilə televiziyanın qarşısında az
qala BTR-i aşırırdılar. Bütün bunları
görmədən Heydər Əliyevə ümumxalq sevgisinin
və inamının nə qədər dərin və
sarsılmaz olduğunu bütün reallığı ilə
başa düşmək olmaz. Heydər Əliyev böyük
xilaskardır.
Ya da dahi Hüseyn Cavidin yubileyinin Naxçıvanda
yüksək səviyyədə keçirilməsini yada salaq.
Hüseyn Cavidin 110 illiyinin Naxçıvanda keçirildiyi
günlərdə də Heydər Əliyev sanki bu
böyük sənətkara müstəqillik dövründə
gerçək bəraət vermək, onu xalqa qaytarmaq
missiyasını yerinə yetirirdi. O, Cavidin 110 illiyinin
Bakıda qeyd olunmamasını da həmin dövr Azərbaycan
rəhbərliyinin zəifliyinin və Naxçıvana
münasibətinin təzahürlərindən biri hesab edirdi.
Naxçıvan teatrının binasında
keçirilən yubiley gecəsində Heydər Əliyev
çox dəyərli nitq söylədi. Deyirdi ki, biz sovet
hakimiyyəti illərində Cavidi xalqa tanıtmaq
üçün bir çox işlər gördük.
"İblis" əsəri "Azdrama"da tamaşaya
qoyuldu, böyük şairin cənazəsinin qalıqları
Sibirdən Azərbaycana gətirildi, anadan olmasının
yüz illiyinin dövlət səviyyəsində qeyd
olunması üçün qərar qəbul etdik. Lakin
bütün bunlar Hüseyn Cavidin sənəti ilə
müqayisədə azdır. Müstəqil Azərbaycan
dövləti Cavidi xalqa qaytarmaq üçün çox
iş görməlidir.
Başqa bir hadisəni də qeyd etməyi vacib sayıram.
Müxalifət görkəmli dövlət xadimi Heydər
Əliyevə Siyasi Büronun üzvü və iki dəfə
Sosialist Əməyi Qəhrəmanı kimi Naxçıvan
şəhərində ucaldılmış heykəli SSRİ
dövrünün qalığı kimi uçurmaq istəyirdi.
Naxçıvan şəhərinin və yaxın kəndlərin
məktəbliləri hər gün səhərdən-axşama
kimi heykəlin qabağına gedən yolun üstündə
uzanaraq canlı sipər yaratmışdılar. Müxalifət
qüvvələri elin gücünü, sonsuz ümumxalq məhəbbətini
görüb, məqsədlərinə çata bilməyəcəklərini
başa düşməyə məcbur oldular.
E.A. - Mən bilirəm ki, Heydər Əliyev təhsilə
böyük diqqət yetirirdi, dəfələrlə sizin rəhbərlik
etdiyiniz universiteti ziyarət etmişdi. Bu zaman o sizə
hansı tövsiyələri verirdi?
İ.H. - Qeyd olunan tarixi mərhələdə Heydər
Əliyevin böyük uzaqgörənliklə həyata
keçirdiyi tədbirlərdən biri də Muxtar Respublikada
ziyalılığın, ziyalı mühitinin qorunub
saxlanılması sahəsindəki misilsiz xidmətləri ilə
bağlıdır. Bu məqsədlə o, diyarda yaşayan və
pərakəndə salınmış ziyalıların
müxtəlif siyasi qrupların deyil, məhz Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin, xüsusən bu mötəbər
təşkilatın sədrinin ətrafında birləşdirilməsinə
nail oldu. Qısa müddətdən sonra ağsaqqalları və
ziyalıları, düşünən gənc nəslin
nümayəndələrini öz ətrafında birləşdirərək
ictimai mühiti, siyasi prosesləri idarə etmək şansını
əlinə aldı. Bu, regionun xilası üçün,
birlik, həmrəylik və sabitlik yaratmaq baxımından
çox əhəmiyyətli bir dönüşə nail olmaq
demək idi.
Belə çətin sınaq günlərində,
1992-ci ilin oktyabr və noyabr aylarında Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin iki
dəfə Naxçıvan Dövlət Universitetinə gəlməsi,
burada ziyalılar və tələbələrlə
görüşüb söhbətlər aparması,
çıxışlar etməsi yeni ziyalı mühitinin
formalaşdırılmasının əsasına
çevrilmişdi. Heydər Əliyevin 11 oktyabr 1992-ci il tarixdə
Naxçıvan Dövlət Universitetində "Bazar
iqtisadiyyatına keçid şəraitində sərhədyanı
ticarətin və iqtisadi əlaqələrin təşkili"
mövzusunda keçirilmiş beynəlxalq simpoziumdakı
çıxışı hələ haqqında yalnız elmi
mühitdə ilkin söhbətlərin getdiyi bir zamanda sərbəst
bazar münasibətləri, keçid dövrü
iqtisadiyyatı haqqında ən dərin, əhatəli, nəzəri
cəhətdən əsaslandırılmış, dünya
praktikasına və yeni mühitə uyğun gələn
proqram idi. Heydər Əliyevin - Sovet İttifaqının
keçmiş kommunist rəhbərinin simpoziumda bazar
iqtisadiyyatına keçid haqqındakı konseptual
çıxışı qonşu ölkələrdən -
Türkiyə Cümhuriyyətindən və İran İslam
Respublikasından dəvət olunmuş alimlərin təəccübünə
və marağına səbəb olmuşdu.
Naxçıvan Dövlət Universitetinin 12 noyabr
1992-ci il tarixdə keçirilmiş 25 illik yubileyində
görkəmli dövlət xadimi Heydər Əliyevin
iştirak etməsi bu ali təhsil ocağının tarixi
salnaməsinin ən parlaq səhifəsini təşkil edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Heydər Əliyev yubileyin keçirildiyi günü
bütünlüklə Naxçıvan Dövlət
Universitetinə həsr etmişdi. O, universitetin ərazisini gəzmiş,
kollektivin ayrı-ayrı üzvləri ilə söhbətlər
aparmış, mövcud problemləri öyrənmiş,
çıxış yolları haqda dəyərli tövsiyələr
vermiş, universitetə əməli kömək göstərmişdi.
Heydər Əliyevin Naxçıvan Dövlət
Universitetinin 25 illik yubileyindəki dərin məzmunlu nitqi,
sözün geniş mənasında o vaxtkı çətin
durumda respublikamızda ali təhsilə həsr olunmuş ciddi
bir məramnamədir. Məhz həmin tədbirdə ali təhsilin
keçmiş sovet ideologiyasından ayrılması, millilik və
bəşərilik istiqamətində idarə olunması,
universitetlərin beynəlxalq əlaqələrinin genişlənməsinin
zəruriliyi, bütövlükdə ali təhsilin yeni
islahatlara möhtac olması ideyaları Heydər Əliyev tərəfindən
uzaqgörənliklə irəli sürülmüşdür.
Bu tarixi nitq Naxçıvan Dövlət Universitetinin
inkişafının uzunmüddətli proqramıdır.
Ümumiyyətlə, həmin ideya və tövsiyələr
yeni dövrdə Azərbaycan ali təhsilinin tərəqqisi
üçün də mühüm əhəmiyyətə
malikdir. Aradan 30 ildən çox bir müddət keçməsinə
baxmayaraq, Heydər Əliyevin Naxçıvan Dövlət
Universitetinin 25 illik yubileyindəki tarixi nitqi bu gün
üçün də, gələcək üçün də
aktualdır.
Möhtərəm Heydər Əliyevin həmin tarixi
yubiley tədbirlərində qarşılanması,
müşayiət olunması və yola salınması, universitet
rəhbərliyi, o cümlədən, elmi işlər üzrə
prorektor və yubiley tədbirlərinin aparıcısı
kimi, mənim üçün də ciddi bir imtahan idi. Bununla
biz görkəmli dövlət xadiminin timsalında rəsmi tədbirlərlə
əlaqədar bir sıra vacib protokol qaydalarını dərindən
mənimsəməli və böyük məsuliyyətlə
sınaqdan keçirməli olduq.
Onu da qeyd etməliyəm ki, həm 11 oktyabr 1992-ci ildə
keçirilmiş beynəlxalq elmi konfransın və həm də
12 noyabrdakı Naxçıvan Dövlət Universitetinin
yubiley tədbirinin aparıcılığını Heydər
Əliyev mənə tapşırmışdı.
Mənim 1996-cı ildə rektor vəzifəsinə təyinatım
da, əməkdar elm xadimi fəxri adına layiq görülməyim
də ölkə rəhbəri Heydər Əliyevin etimadı
idi. Bu, mənim üçün böyük şərəf
və unudulmaz tarixdir.
Naxçıvan Dövlət Universitetinin yenidən
qurulmasına və daha da inkişaf etdirilməsinə Ulu
öndərimiz Heydər Əliyev daim böyük
qayğı göstərmişdir. Azərbaycan
Respublikasının Prezidenti möhtərəm Heydər
Əliyevin 17 oktyabr 1999-cu ildə Naxçıvan Dövlət
Universitetində yeni tədris korpusunun açılması
münasibətilə keçirilmiş görüşdə
dediyi fikirlər bu ali təhsil ocağının kollektivinə
verilmiş yüksək qiymətin və bəslənilən
böyük ümidlərin parlaq ifadəsidir -
"Naxçıvan Dövlət Universiteti Azərbaycanın
ən dəyərli, qabaqcıl ali məktəblərindən
biridir..."
Bu tarixi görüşün bir hissəsinin payız
yağışının altında keçirildiyini, ölkə
Prezidentinin ətrafındakı mühafizəçilər tərəfindən
təklif olunan çətirdən imtina etdiyini, nitqini tələsmədən
xeyli davam etdirib sona çatdıraraq
yekunlaşdırdığını xatırlamamaq
mümkün deyil. Universitetin foyesində təşkil
olunmuş kitab sərgisində "Coğrafiya"
kafedrasının müdiri Səfərəli Babayevin
"Kitabi-Dədə Qorqud" dastanlarında
Naxçıvan toponimləri" kitabını göstərdiyim
zaman milli mənafelərə xidmət edən,
Naxçıvan diyarının oğuz türklərinə və
onların ulu əcdadlarına məxsus olduğunu dəlil-sübutlarla
təsdiqləyən bu sanballı əsərə görə
onun müəllifinə "Əməkdar elm xadimi" fəxri
adının verilməsi barədə qərarını yerində
bəyan etməsi də 17 oktyabr 1999-cu ilin tarixi anlarından
biridir. Prezident Heydər Əliyevin həmin gün rəmzi
lentini kəsib universitetin kollektivinə ərməğan
etdiyi beşmərtəbəli tədris korpusundakı
böyük akt zalında təşkil etdiyimiz konsertə
maraqla tamaşa etdiyini və razı qaldığını da
yaxşı xatırlayıram.
Görkəmli dövlət xadimi Heydər Əliyev
Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin
inkişafına ciddi əhəmiyyət verməyi bir vəzifə
kimi qarşımıza qoymuşdu. Böyük Öndər hələ
1992-ci ildə Naxçıvan Dövlət Universitetinin 25
illik yubiley mərasimindəki dərin məzmunlu
çıxışında həmin məsələnin əhəmiyyətindən
bəhs edərək demişdir: "İndi artıq siz
keçmiş Sovetlər İttifaqının çərçivəsində
olan təcrübəni yox, bütün dünya təcrübəsini
gərək mənimsəyəsiniz, ondan səmərəli
istifadə edəsiniz və ali təhsil işinin təşkilini
daha müasir səviyyədə təşkil edəsiniz.
...İndi bütün dünya qarşımızda
açıqdır. Və bütün dünyanın bəşəri
elmindən, bəşəri ali təhsil təcrübəsindən
biz gərək səmərəli istifadə edək. Bu sahədə
Naxçıvan Dövlət Universiteti... öz vəzifələrini
çox dəqiq müəyyən etməlidir".
Unudulmaz rəhbərin bu uzaqgörən mülahizələri
Naxçıvan Dövlət Universitetinin fəaliyyətində
əsas kimi qəbul edilmişdir. Hazırda NDU-nun
dünyanın dörd qitəsində 73 ali məktəblə
əlaqələri formalaşmışdı.
E.A. - Çox gözəl və ibrətamiz xatirələrdir...
Heydər Əliyevin Naxçıvana gələn Bakı
ziyalıları ilə görüşləri ilə
bağlı müşahidələrinizi də
bölüşərdiniz.
İ.H. - Naxçıvana Heydər Əliyevlə
görüşmək üçün ən çox gəlib-gedənlərdən
biri akademik Fəraməz Maqsudov idi. Mən onların söhbətlərində
iştirak etməmişəm. Ancaq Heydər Əliyevlə
görüşəndən dərhal sonra dəfələrlə
Fəraməz Maqsudovla söhbət etmişəm. Maqsudovlar
ailəsinə yaxın olduğum üçün Fəraməz
müəllim həmin görüşlərin təəssüratları
barədə mənə çox şey danışıb.
Onun danışıqlarından belə aydın olurdu
ki, Heydər Əliyevin Bakıya qayıtmaq, yenidən vəzifə
tutmaq fikri yox imiş. Fəraməz müəllim bundan
çox narahat idi. O, yana-yana deyirdi ki, Azərbaycanın Heydər
Əliyevə böyük ehtiyacı var. Biz bu yolda
çalışmalıyıq. Fəraməz Maqsudovun fikrincə,
Heydər Əliyev respublika rəhbərliyinin ona və
Naxçıvana anlaşılmaz münasibətindən də
narazı idi.
İkincisi isə Heydər Əliyev vaxtilə ad-san
qazandırdığı, vəzifə və dəstək
verdiyi adamların dönük çıxmalarını da
"zamanın tərs üzü" kimi
qarşılayırdı. Nəhayət, Heydər Əliyev
yaranmış çətin hərbi-siyasi şəraitdə
Naxçıvanda qalıb, muxtar respublika əhalisini Ermənistanın
təcavüzündən qorumağı müstəqil Azərbaycan
dövləti və Azərbaycan xalqı qarşısında
məsuliyyətli bir borc hesab edirdi.
Hesab edirəm ki, akademik Fəraməz Maqsudov Bakıda
yaşayan ziyalılarla Heydər Əliyev arasında bir
körpü funksiyasını yerinə yetirmişdir.
Keçmiş siyasi elita Heydər Əliyevin gözündə
etibarını itirdiyi üçün ünsiyyət
baxımından ziyalılar ön mövqeyə
çıxmışdılar. Mən müxtəlif vaxtlarda Bəxtiyar
Vahabzadənin, Xəlil Rza Ulutürkün, Ziya Bünyadovun,
Murtuz Ələsgərovun Naxçıvan MR Ali Məclisinin sədri
Heydər Əliyevlə görüş üçün
Naxçıvana gəldiklərini müşahidə etmişəm.
Adını çəkdiyim ziyalıların demək olar ki,
hamısı Heydər Əliyevlə görüşdən ya
əvvəl, ya da sonra şəxsən özünün
tapşırığı ilə Naxçıvan Dövlət
Universitetinə gəlmiş, tələbələrlə
görüşmüş, bəzən hətta dərs də
demişdilər. Heydər Əliyevin Yeni Azərbaycan
Partiyasını yaratmasında ona Murtuz Ələsgərov və
Fəraməz Maqsudov çox dəstək olmuşdular.
E.A. - Mənim də xüsusi müxbir kimi
"Literaturnaya qazeta"ya müsahibə almaq məsələsi
də unudulmaz anlar idi...
İ.H. - Bəli, görkəmli dövlət xadimi
Heydər Əliyevlə 1990-cı ilin dekabr ayında olan həmin
görüşü də yada salmağı vacib sayıram. Həmin
ilin noyabr ayında o vaxt Moskvada "Literaturnaya qazeta"ya Azərbaycan
üzrə yenicə xüsusi müxbir təyin olunmuş
filologiya elmləri namizədi Elmira Axundova mənə zəng
çalaraq redaksiyanın Heydər Əliyev haqqında
müsahibə hazırlamaq tapşırığı ilə əlaqədar
Naxçıvana gəlmək istədiyini bildirdi. Mən o
zaman təqaüddə olan böyük siyasi xadim Heydər
Əliyevin görüşünə gedib, Elmira Axundovanın
arzusunu ona çatdırdım. Qeyri-adi yaddaşa, xüsusi
hafizəyə malik olan Heydər Əliyev vaxtilə Moskvada fərdi
təqaüdçü kimi yaşadığı illərdə
Elmira Axundovanın "Bakinski raboçi" qəzetində
Azərbaycan həqiqətləri mövzusunda
yazılmış "Biz hamımız keçmişdən
çıxmışıq" ("Vse mı vışli iz
proşloqo") adlı obyektiv
mövqedən yazılmış məqaləsini oxuduğunu
xatırladı, şəxsən tanımadığı bu
jurnalist xanım haqqında cəmi bir-iki suala cavab aldıqdan
sonra onu qəbul etməyə razılıq verdi.
Elmira Axundova ilə birlikdə dekabr ayında iki
gün Heydər Əliyevin "qonağı" olduq. Və
bu iki günlük yaxın ünsiyyət mənim Heydər
Əliyevi görkəmli dövlət xadimi və bənzərsiz
şəxsiyyət olaraq daha dərindən
tanımağıma şərait yaratdı. Yaxşı
xatırlayıram ki, Heydər Əliyev Kreml rəhbərliyi,
şəxsən SSRİ adlanan böyük dövlətin fəaliyyətdə
olan başçısı Mixail Qorbaçov haqqında
"Literaturnaya qazeta"nın azərbaycanlı xüsusi
müxbirinə sərt, lakin çox arqumentli, əsaslandırılmış
fikirlər söyləyir, bəyanatlar verir, irəli
sürdüyü mülahizələrinin müsahibədə
dəyişdirilmədən, olduğu kimi öz əksini
tapmasını tələb edirdi. Belə söhbətlərin
birində Elmira Axundovanın bu cür qəti mövqedən
çıxış edərkən hazırda tabeliyində
böyük qüvvə olan nəhəng bir dövlətin
başçısından ehtiyat edib-etməməsi barədə
sualına cavabında Heydər Əliyev tərəddüd etmədən
"yox" dedi. Və bildirdi ki, Mixail Qorbaçovun hakimiyyəti
yalan və boş illüziyalar üzərində qurulduğu
üçün tezliklə məhvə məhkum olacaq,
payız yarpaqları kimi töküləcək. Zaman
uzaqgörənliklə deyilmiş bu fikrin əsl gerçəklik
olduğunu ən qısa vaxtda meydana qoydu. Bu uzaqgörən
sözlərin həqiqətə çevrilməsi
üçün cəmi bir ildən də az vaxt lazım oldu.
SSRİ dağıldı...
O tarixi görüş günlərində
yaranmış səmimi şəraitdən istifadə edərək,
görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə
haqqında böyük siyasi xadimin fikrini öyrənmək
istədim. Heydər Əliyevin ustad sənətkar Cəlil Məmmədquluzadə
barəsindəki mülahizələri nəinki geniş oxucu kütlələri,
hətta mənim kimi Mirzə Cəlil irsinin
araşdırılması ilə məşğul olan bir tədqiqatçı
üçün də yeni, əhəmiyyətli və cəlbedici
idi. O deyirdi ki, XX əsri Cəlil Məmmədquluzadəsiz və
"Molla Nəsrəddin"siz təsəvvür etmək
mümkün deyil. "Molla Nəsrəddin" olmasaydı,
böyük bir tarixi dövr boş qalardı. Cəlil Məmmədquluzadənin
və "Molla Nəsrəddin" jurnalının
xalqımızın milli-mənəvi
oyanışındakı xüsusi rolunu heç nə ilə
əvəz etmək mümkün deyildir. Həmin dəyərli
fikirlər və ideyalar sonralar Cəlil Məmmədquluzadənin
həyatı və yaradıcılığının təhlil
edilib qiymətləndirilməsində mənə bələdçilik
etdi.
Təbii ki, "Literaturnaya qazeta"da Elmira
Axundovanın müsahibəsini çap etmədilər. Amma
jurnalist xanım çətin şəraitdə
aldığı həmin müsahibəni 1 mart 1991-ci ildə,
o günlər 100 min tirajla nəşr olunan, Sabir Rüstəmxanlının
baş redaktoru olduğu "Azərbaycan" qəzetinin səhifələrində
dərc etdirə bildi. Şişirtmədən deyə bilərəm
ki, o müsahibəni bütün respublika oxudu! Bir neçə
ildən sonra "Azərbaycan" qəzeti özünün
bir neçə sayında Elmira Axundovanın "Mən
xalqım qarşısında alnı açığam"
adlı genişhəcmli jurnalist qeydlərini, müsahibəsini
bütün təfərrüatı ilə oxuculara
çatdırdı.
E.A. - Əziz dost, çox sağ olun ki,
Naxçıvana səfər barədə
xatırladınız, çünki bu, mənim böyük
liderlə uzunillik, çox mehriban və səmimi münasibətlərimin
başlanğıcı oldu. Bu tarixi görüşü isə
mənim üçün məhz siz təşkil
etmişdiniz. Bilirəm ki, belə görüşlərlə
bağlı mənim başqa həmkarlarıma da kömək
olurdunuz.
İ.H. - Heydər Əliyevin Sabir Rüstəmxanlı
ilə görüşünü də xatırlayıram.
Aspiranturada birgə təhsil aldığımız dövrdən
dostluq etdiyimiz Sabir Rüstəmxanlı Azərbaycan
Respublikasının Mətbuat Komitəsinin sədri vəzifəsində
ikən o zaman hələ viza rejiminin də, "Ümid
körpüsü"nün də olmadığı şəraitdə
Türkiyədə ali təhsil alan oğlu Gündüzü
Sədərək-Aralıq-Dilucu nəzarət-buraxılış
məntəqəsindən keçirmək üçün
Naxçıvana gəlmişdi. Mən onu aeroportda
qarşılayıb evimizə apardım. Onu da qeyd etməyi
lazım bilirəm ki, Sabir Rüstəmxanlı rəsmi
qarşılanmağı düşünməsə də,
Heydər Əliyevlə görüşmək arzusunda idi.
... Az sonra Naxçıvan MR Ali Məclisinin sədrinin
məsul nümayəndəsi bizə zəng vurdu. Telefon
danışığı zamanı Naxçıvan MR Ali Məclisinin
sədri Sabir Rüstəmxanlıya dedi ki, siz deputat və
komitə sədri kimi rəsmi şəxssiniz və protokol
qaydalarına görə səfəriniz barədə əvvəlcədən
məlumat verməli idiniz. Sabir Rüstəmxanlı isə səmimiyyətlə
bildirdi ki, İsa Həbibbəyli ilə çoxillik
dostluğumuz boyu məni həmişə o
qarşılayıb və daim onların evində qonaq
olmuşam. Sovet dövründə cəmi bir gecə Təbriz
oteli təzə açılanda mehmanxananın adına
görə orada qonaq qalmışam.
... Sabir Rüstəmxanlı gənclik illərində
onun taleyində Heydər Əliyevin xüsusi rol
oynadığını dəfələrlə etiraf edib. Mən
də, Sabir Rüstəmxanlı da həmişə o fikirdə
olmuşuq ki, şair dostumun zamanı çox qabaqlayan "Gəncə
qapısı", "Sağ ol, ana dilim" kimi bir sıra əsərləri
yalnız Heydər Əliyev epoxasının ab-havasında
ictimai mühitə çıxa bilərdi. Sabir Rüstəmxanlını
əvvəlcədən yaxından tanıyan, ona dəstək
olan Heydər Əliyev sadəcə olaraq cavan millət vəkilinə
onun Naxçıvana gəlişindən xəbərdar
olduğuna işarə edirdi. Və Sabir Rüstəmxanlı
xüsusi bir dəvət gözləmədən
Naxçıvan MR Ali Məclisi sədrinin qəbuluna getdi.
Üç saatdan çox çəkən görüşdən
sonra bizə qayıdan Sabir Rüstəmxanlı Heydər
Əliyevlə söhbətlərini ümumiləşdirərək
dedi: "Heydər Əliyev nəhəng şəxsiyyətdir.
İndi yaranmış vəziyyətdə onu Nuh peyğəmbərlə
müqayisə etmək olar. Vaxtilə Nuhun gəmisi dünya
tufanından keçərək Naxçıvandakı Gəmiqayada
yerə enmişdi. Keşməkeşli tale yaşamış
Heydər Əliyevi də müasir Naxçıvan qəbul
edib. Heydər Əliyev də Nuh peyğəmbər kimi əbədidir".
O zaman Heydər Əliyevin telefon
danışığı zamanı haqqımda Sabir Rüstəmxanlıya
dediyi "İsa Həbibbəyli etibarlı adamdır"
sözləri mənim üçün məsuliyyətli bir dəyərdir.
Yeri gəlmişkən, onu da deyim ki, 1996-cı ildə
Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsinə
etimad göstərərkən dediyi sözlər də mənə
həmişəlik dərs olmuşdur: "Mənim İsa Həbibbəyliyə
xüsusi bir tapşırığım yoxdur. Ən çətin
günlərdə bizimlə olmuşdur. Dərsi əzbərdir!"
Bu sözlər məni heç vaxt tərk etməyib.
Məsuliyyətimi artırıb, mənəvi borc hissimi
qüvvətləndirib.
Heydər Əliyevin Sabir Rüstəmxanlıya
münasibətində yaradıcı insanlara rəsmilikdən
qat-qat uzaq olan səmimi münasibət dayanırdı. Həmin
görüş zamanı da Naxçıvan MR Ali Məclisinin
rəhbəri Mətbuat Komitəsinin sədri ilə ölkədəki
mürəkkəb ictimai-siyasi vəziyyət,
qarşılıqlı etimad mühitinin yaradılması və
ədəbiyyat məsələlərindən
danışmışdılar. Hansı partiyanı təmsil
etməsindən asılı olmayaraq, Heydər Əliyev
istedadlı insanlara, yaradıcı şəxslərə həmişə
böyük diqqət yetirir, dəstək verirdi. Sabir Rüstəmxanlı
ilə görüş də bunun təzahürlərindən
biri idi. Sonralar da Azərbaycan Respublikasının Prezidenti kimi
Naxçıvana ilk səfəri zamanı da Heydər
Əliyev Sabir Rüstəmxanlıya rəsmi bir ziyafətdə
çıxış etmək imkanı yaratdı. Sabir
Rüstəmxanlı öz çıxışında
ölkəmizin və xalqımızın tarixində
böyük yeri və xidmətləri olan Heydər Əliyevi
XII əsrdə güclü dövlət yaratmış və
mədəniyyət sahəsini yüksək dərəcədə
inkişaf etdirmiş Atabəylər ilə, Şəmsəddin
Eldəniz Atabəylə müqayisə etdi...
Heydər Əliyevin müxalifətlə münasibətlərinin
gərgin olduğu bir dövrdə, 1996-cı ilin may ayında
Sabir Rüstəmxanlının Opera və Balet teatrında
keçirilən 50 illik yubileyi mərasiminə gəlməsi
və orada sona qədər iştirak etməsi ilk növbədə
əvvəlcədən yaxşı tanıdığı
Sabir Rüstəmxanlıya və onun
yaradıcılığına hörmətin böyük ifadəsi
idi. Bu hadisə həm də ümumiyyətlə Heydər
Əliyevin istedadlı insanlara, yaradıcı şəxsiyyətlərə
illərdən bəri bəslədiyi yüksək və
qayğıkeş münasibətin yeni tarixi epoxadakı
konkret əməli təzahürlərindən biri kimi
böyük əhəmiyyət kəsb edirdi. Eyni zamanda,
dövlət başçısının bu addımı
ölkədə gerçək demokratik proseslərin
inkişaf etdirilməsi baxımından da mühüm hadisə
idi. Mənim də əsas məruzəçi qismində
iştirak etdiyim həmin geniş yubiley mərasimi Heydər
Əliyevin Azərbaycan müxalifətinə, sənətə,
sənətkara, yaradıcı şəxsiyyətlərə,
ümummilli məsələlərə necə həssas
münasibət bəslədiyini, hansı səviyyədə
yanaşmağı öyrədən bir dərs oldu.
E.A. - Vilayət Quliyev də sizinlə birlikdə Heydər
Əliyevin qəbulunda olmasından danışır.
İ.H. - Bəli, Heydər Əliyevin Vilayət
Quliyevlə görüşünü də yada sala bilərəm.
Türkiyənin Ərzurum Universitetində işləmək
üçün Naxçıvandan keçib-getməli olan
Vilayət Quliyevin Naxçıvan MR Ali Məclisinin sədri
Heydər Əliyevlə görüşməsi
üçün əlaqə yaratdım. Bizi birlikdə qəbul
etdi. Heydər Əliyev adını mətbuatdan
tanıdığı Vilayət Quliyevlə onun elmi
araşdırmaları ətrafında geniş söhbət
etdi, haqqında monoqrafiya yazdığı Mirzə Kazımbəyin
xidmətlərini yüksək qiymətləndirdi. Eyni zamanda,
Heydər Əliyevin görkəmli şərqşünas Mirzə
Kazımbəyin tərcümeyi-halının bəzi
görünməyən tərəfləri, xüsusən də
böyük alimin nəslinin davamçılarının fəaliyyətləri
barəsində söylədikləri mənim
üçün də, bu şəxsiyyətin tədqiqatçısı
Vilayət Quliyev üçün də yeni idi. Bundan başqa,
bu görüş zamanı Heydər Əliyev də o vaxta qədər
mətbuatdakı yazılarından tanıdığı Vilayət
Quliyev haqqında yaranan təəssüratlar aspirant dostumun
sonrakı həyatında mühüm rol oynadı.
E.A. - Heydər Əliyevin gənclik illərindən
tanıdığı insanlara münasibəti necə idi?
İ.H. - Heydər Əliyev Naxçıvanda
yaşadığı dövrdə və Muxtar Respublikaya səfərləri
zamanı keçmiş müəllimlərini və
Naxçıvan Pedaqoji Texnikumundakı tələbə
yoldaşlarını həmişə axtarmış, onlarla
çox səmimi söhbətlər etmişdir.
Naxçıvan Pedaqoji Texnikumunun müəllimi Lətif
Hüseynzadə ilə görüşləri dövlət
xadiminin öz müəlliminə ehtiram göstərməsinə
nümunə sayıla bilər. Bu görüşlər
dövlətin müəllimə, ziyalıya münasibətinə
ciddi bir mesaj idi.
Naxçıvan Yazıçılar Birliyinin sədri
Hüseyn İbrahimov da Heydər Əliyevin Naxçıvan
Pedaqoji Texnikomundakı tələbə yoldaşlarından
idi. Hüseyn İbrahimovla olan ayaqüstü qısa söhbətlərindən
başa düşmüşdüm ki, Heydər Əliyev
keçmiş tələbə yoldaşının əsərləri
barədə məlumatlıdır. Azərbaycan
Respublikasının Prezidenti kimi Heydər Əliyevin Sərəncamı
ilə Hüseyn İbrahimova Xalq yazıçısı fəxri
adının verilməsində də onun şəxsi qənaətləri
mühüm rol oynamışdı.
Pedaqoji texnikumda eyni illərdə təhsil
aldığı Naxçıvan Dövlət Universitetinin
kafedra müdiri Səfəralı Babayevlə, gənclik illərindən
tanıdığı dosent Yunis Qasımovla qırx-əlli
ildən sonrakı Naxçıvan Dövlət Universitetində
baş tutan görüşlər tarixə, tərcümeyi-hala,
insani münasibətlərə ehtiramın,
bütövlükdə əsl sədaqətinin nümunəsi
idi. Bu görüşlər həm də Heydər Əliyevin
qeyri-adi yaddaşını da diqqət mərkəzinə
çəkirdi. Hər dəfə o, gənclik
yoldaşlarına birgə münasibətlərinə dair yeni
və ibrətamiz, təsirli hadisələri və faktları
yada salırdı. Bunlar həm də Heydər Əliyevin sədaqət
dərsləri idi.
E.A. - Azərbaycan alimlərindən kimləri daha
çox xatırlayırdı?
İ.H. - Əsl elm xadimi kimi Yusif Məmmədəliyevə
yüksək qiymət verirdi. O, çox vaxt Yusif Məmmədəliyevdən
söz açır, onu alimlər üçün nümunə
hesab edirdi.
Professor Abbas Zamanovun vətəndaşlıq
mövqeyini yüksək qiymətləndirirdi. Abbas Zamanov da
Yusif Seyidovla birlikdə Naxçıvana - Heydər Əliyevin
görüşünə ilk gələnlərdən
olmuşdu. Abbas Zamanov deyirdi ki, Heydər Əliyev heç
zaman, heç kəsin qarşısında baş əyməyən
əzəmətli dağa bənzəyir.
Akademik Məmməd Cəfər Cəfərovu nəcib
şəxsiyyət və mütəfəkkir alim hesab edirdi
Heydər Əliyevin elm adamlarında görmək istədiyi əsas
keyfiyyətlər vətəndaşlıq mövqeyi və əsərlərindəki
elmi dərinlik və azərbaycançılıq ideyası
idi.
E.A. - Sizin Cəlil Məmmədquluzadənin nəvə-nəticələrini
axtarıb tapmağınıza da Heydər Əliyev dəstək
olub.
İ.H. - Doğrudur. Mən Cəlil Məmmədquluzadənin
nəslinin davamçılarını axtarıb-tapmaq
üçün illərlə çalışmışam.
Bu məqsədlə "Vətən" cəmiyyətinin
"Odlar yurdu" qəzetində və Tehranda doktor Cavad Heyətin
çap etdirdiyi "Varlıq" jurnalında "Ənvəri
kim tanıyır" adlı məqalə çap etdirib
axtarış elan etmişdim... Nəhayət, uzun
axtarışlardan sonra Mirzə Cəlilin oğlu Ənvər
Məmmədquluzadənin övladlarının İranda - Tehranda
yaşadıqlarını öyrənə bildim,
ünvanlarını əldə etdim. Bu barədə
Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə
məlumat verdim.
O zaman, İrana vizalı-vizasız gediş-gəliş
yox idi. Nazirlər Kabinetinin birdəfəlik icazə vəsiqəsi
ilə səfər etmək mümkün idi. Əvvəla,
Heydər Əliyev Cəlil Məmmədquluzadənin nəvələrinin
tapılması haqqındakı xəbəri çox
böyük maraqla qarşıladı. Mütləq əlaqə
yaratmaq haqqında tapşırıqlar verdi. Naxçıvan
MR Ali Məclisinin sədrinin tapşırığı ilə
Nazirlər Kabineti tərəfindən mənə və
Naxçıvan Dövlət Universitetinin müəllimi
Miryaqub Seyidova İrana keçid üçün icazə vəsiqəsi
verildi. Biz 25 yanvar 1992-ci ildə soyuq və qarlı bir
qış günü Tehrana gedib çıxdıq.
Ünvanı dəqiq bildiyimiz Mirzə Cəlilin qız nəvəsi
İrena Cavanşirinin əri, "kürəkənimiz"
Əmir Hüseyn Süleymani bizi qəbul etmək istəmədi.
Ünvanı yanlış saldığımızı dedi.
Tehrandakı "Dünya ədəbiyyatı" nəşriyyatının
sahibi Böyük İrəvaninin apardığı həyəcanlı
telefon danışıqlarından sonra Ənvər Məmmədquluzadənin
oğlu Teymur Cavanşirinin telefon nömrəsini tapdıq və
onunla görüşümüz baş tutdu. Hamımız
göz yaşları içində qucaqlaşdıq. Bir
axşam Teymur Cavanşirinin evində qonaq olduq. İrena
Cavanşiri və əri Əmir Hüseyn Süleymani də, hətta
Polşada yaşayan, İranda qonaq olan Midhət Cavanşiri də
Teymurgilə gəldilər. Səhərə qədər məclis
davam etdi. Çoxlu şəkil çəkdirdik.
Naxçıvana qayıdıb bütün bunlar haqqında
Heydər Əliyevə məruzə etdim. Dərhal Cəlil Məmmədquluzadənin
nəvələrinin Naxçıvana dəvət edilməsi
barədə tapşırıq verdi. Dəvət məktubları
göndərildi. Təəssüf ki, Teymur Cavanşirinin qəfil
vəfat etməsinə görə görüş baş
tutmadı. Heydər Əliyevin tapşırığı və
dəstəyi ilə Tehranda Teymur Cavanşirinin 40 məclisində
iştirak etdik...
Beləliklə, Cəlil Məmmədquluzadənin nəvələrini
axtarıb tapmağımda, böyük ədibin nəslinin
davamçıları ilə münasibətlərimin möhkəmləndirilməsində
Heydər Əliyevin böyük rolu olmuşdur.
E.A. - Heydər Əliyevin Azərbaycanın taleyində
və sizin taleyinizdə rolu haqqında nə deyə bilərsiniz?
İ.H. - Görkəmli dövlət xadimi Heydər
Əliyev Azərbaycan xalqının taleyində müstəsna
dərəcədə böyük rol oynayıb. Heydər
Əliyev Azərbaycanın dövlət müstəqilliyinin
banisi, xilaskarı və baş memarıdır.
Ümumiyyətlə, mənim nəzərimdə Heydər
Əliyevi xarakterizə edən ən mühüm cəhətlər
siyasi iradənin möhkəmliyi, qətiyyət, uzaqgörənlik,
müdriklik və Azərbaycana hədsiz sədaqətdən
ibarətdir.
Xoşbəxtəm ki, ömrümün bir neçə
ili bu böyük liderin yaxın əhatəsində
keçmişdir. Bu dahi şəxsiyyətlə ünsiyyəti,
onun bizə verdiyi əsl vətəndaşlıq, konkret
mövqeyə malik olmaq, doğma torpağa sonsuz məhəbbət
və dövlətçilik dərslərini taleyimin ən
böyük hadisəsi hesab edirəm.
Heydər Əliyevin dövlətçilik dərsləri
müstəqil Azərbaycanın taleyini həll etmişdir.
Dövlət müstəqilliyimizin var olması, xilas edilməsi
və yaşaması, uğurla davam etməsi üçün
Azərbaycan xalqı görkəmli dövlət xadimi Heydər
Əliyevə borclu və minnətdardır. Xalqımız
haqlı olaraq öz lideri ilə fəxr edir.
Tarixin gedişatını dəyişməyi bacaran
Heydər Əliyev Azərbaycan dövlətini
parçalanmaqdan, müstəqil dövlətçiliyimizi isə
yox edilməkdən xilas edib, yeni inkişaf magistralına
çıxarmış, qarşısında yaşıl
işıq yandırmışdır...
Naxçıvan.
2007-ci il
525-ci qəzet .- 2025.- 31 may(№94).- S.8-10.