Azərbaycanda
çay istehsalı niyə azalıb?
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 3 602 ton
çay istehsal edilib. Bu göstərici ötən ilin eyni
dövrü ilə müqayisədə 8,2 faiz azdır.
Mayın 1-ə olan hazır məhsul ehtiyatı isə 48,5 ton
təşkil edib. Çayçılıq və
sitrusçuluq heç də hər ölkədə
yaradıla bilən istehsal sahələri deyil. Bundan
ötrü əlverişli subtropik təbii iqlim xüsusiyyətlərinin,
münbit becərmə şəraitinin olması vacibdir.
Tanrının lütfü Azərbaycan torpağını məhz
bu özəlliklə də şərəfləndirib.
Ölkədə çay bitkisi ilk dəfə XIX əsrin
sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə
1929-cu ildən, sənaye miqyaslı plantasiyaların
salınmasına isə 1932-ci ildən başlanıb. Əsas
hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə,
ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim
şəraiti, torpaqlarının mövcud vəziyyəti
çay bitkisinin becərilməsinə imkan verir.
Azərbaycan çayı dünyada məşhur və
seçilən çaylardandır. Ancaq son zamanlar bu sahədə
inkişaf deyil, əksi müşahidə edilir. Belə ki,
çay plantasiyalarının sayı azalıb, həmçinin,
istehsal da azalıb. Təbii ki, vəziyyət belə olanda
idxalın həcmi artır. Halbuki Azərbaycan çay istehsal
edən ölkə olmasına baxmayaraq, xaricdən çay
idxal olunur.
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə
görə, Azərbaycanın subtropik zonası olan Lənkəran-Astara
zonasında çay məhsulu becərilsə də, bu,
ölkənin tələbatlarına uyğun həcmdə
deyil. Əhalinin tələbatları daha yüksəkdir və
buna görə də çaya olan tələbatın ödənilməsi
üçün ölkəyə daha çox çay idxal
olunur. Bundan sonra isə həm ölkədə yetişdirilən,
həm də eyni zamanda idxal edilmiş çay
qablaşdırılaraq Azərbaycan şirkətlərinin
brendləri altında xaricə ixrac edilir. Ölkədə
keçən ilin birinci rübü ilə müqayisədə
bu ilin birinci rübündə həm həcm, həm də məbləğ
baxımından daha çox çay ixrac olunub. Əgər
keçən ilin birinci rübündə 156 ton 1.5 milyon
dollarlıq çay məhsulu ixrac edilmişdisə, bu ilin
birinci rübündə 173 ton 1 milyon 530 min dollarlıq
çay məhsulu ixrac edilib. İdxal olunan məhsullarda kəskin
artım var. Keçən illə müqayisədə birinci
rübdə çay məhsulunun idxalı kəskin artıb.
Amma bu dövrdə ixracın həcminin 20 ton artması,
idxalın həcminin isə təqribən 1800 ton artması
sual yarada bilər. Bu, sahibkarların anbar qalıqları və
gələcək sifarişlərinin icrası, öz
ehtiyatlarının planlaşdırılması çərçivəsində
ola bilər. Çünki ölkəmizdə əhalinin
çaya olan tələbatı kəskin artmayıb:
"Çayın istehlak norması bəllidir. Burada ciddi
istehlakçı davranışı dəyişmir. Sadəcə,
bu, sahibkarların öz anbar ehtiyatlarını tənzimləmək
cəhdləridir. Bu, növbəti dövrlərdə həm
ölkə daxilində bazar tələbatının ödənilməsi,
həm də ixraca yönəldiləcək məhsullardır.
Təbii ki, birinci rübdə məhsul idxalı kəskin
artıb, amma yəqin ki, növbəti rüblərdə biz
idxalın azalacağını və rəqəmlərin təqribən
ötənilki həcmlərdə formalaşacağını
müşahidə edəcəyik".
İqtisadçı-ekspert Rauf Qarayev deyir ki,
çayçılığın inkişafı Azərbaycanda
qədim ənənələrə malikdir: "Ölkədə
çayçılığa xüsusi yer verilir. Amma son
zamanlar ölkəmizdə çayçılıq ikinci plana
keçib. Bunun səbəbi isə yerli
istehsalçıların xaricdən çay almağı daha
ucuz hesab etməsidir. Buna görə də yerli mal kənarda
qalır. İkinci səbəb
isə kadr probleminin olmasıdır. Çünki ölkədə
iqtisadi sahədə daha çox kadr yetişir, nəinki aqrar
sahədə. Kadrların yetişdirilməsi üçün
onlar beynəlxalq təcrübələrə göndərilmir.
Bu baxımdan da ölkədə kadr yetişdirilməsi qənaətbəxş
deyil. Onu da əlavə edim ki, ölkədə satılan
çayın keyfiyyəti eksporta gedən çaydan çox
aşağı səviyyədədir. Ona görə də
istehlakçı məcbur olur ki, yerli maldan imtina etsin.
Baxmayaraq ki, Azərbaycanda yaşayan xalqlar daha çox
çay içən xalqlardan hesab olunurlar".
Meyvəçilik və Çayçılıq Elmi
Tədqiqat İnstitutunun Lənkəran Çay
Filialının direktoru Fərman Abdullayev bildirib ki, çay
ixracı üçün imkanlarımız mövcuddur:
"Yerli çay məhsulumuzu ixrac etmək yaxşı
haldır. İxracı davam etdirmək üçün də
yaxşı imkanlarımız var. Bunun üçün yeni
çay plantasiyalarının salınmasına ehtiyac duyulur.
Lakin yeni çay plantasiyalarının əkilməsi və
tam məhsula düşməsi üçün böyük zəhmət
və vəsait tələb olunur. Yaxşı olardı ki, yeni
əkilən çay sahələri üçün birdəfəlik
subsidiyalar ayrılsın".
F.Abdullayevə görə, çay əkinini
artırmaq üçün əlavə tədbirlər
görmək lazımdır: "Yeni çay plantasiyaları
elmi əsaslarla salınmalıdır. Belə ki, çay əkini
üçün torpaq sahəsinin düzgün seçilməsinə,
perspektivli sortlardan qələm (çilik) üsulu ilə əkin
materialının yetişdirilməsinə, intensiv əkin
texnologiyasından istifadə etməyə, müasir suvarma
sisteminin qurulmasına, aqrotexniki becərmə işlərinin
həyata keçirilməsi üçün xüsusi
texnikaların alınmasına və s. ehtiyac var".
Kənd təsərrüfatı məsələləri
üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə
əsasən, Azərbaycanın istehsal etdiyi çay keyfiyyətli
olsa da, az həcmdə istehsal edirik. Yəni istehsal etdiyimiz
çay tələbatımızın 1/20-i qədərdir.
Bunun da bir hissəsi xaricə ixrac olunur. Çaya olan tələbatımızı
əsasən idxal etdiyimiz çay ilə ödəyirik,
bununda bir çox səbəbləri var: "Bizdə məhsuldarlıq
çox aşağıdır. Azərbaycan sovet
dövründə 40000 ton çay istehsal edirdi. İndi isə
yaşıl çay istehsalı min tondur. O zaman istehsal
etdiyimiz çayın keyfiyyəti seylon çayı qədər
deyildi. Amma o dövrdə digər respublikaların da tələbatını
da biz qarşıladığımız üçün bu qədər
çox çay istehsal edirdik. İndi isə biz həm keyfiyyətli,
həm də ucuz çay istehsal etməliyik.
Özümüzün tələbatımızı ödəməklə
yanaşı, ixrac da etməliyik".
Ekspert qeyd edib ki, bununla bağlı görüləcək
bir çox iş var: "Bunlardan biri kəndlilərin maarifləndirilməsidir.
Lakin bununla məşğul olan yoxdur. Fermerlərin, kəndlilərin
istehsal vasitələrinə olan tələbatlarından biri
sudur, bununla bağlı işlər görülməlidir.
Onlar suvarma suları ilə təmin edilməlidir. Amma biz su təminatını
ödəyə bilmirik. Fermerlər keyfiyyətli gübrələr,
dərmanlarla təmin edilmir. Onlar üçün keyfiyyətli
gübrə və prefisitlərin əldə edilməsi
üçün seçim yaradılmalıdır. Buna görə
də rəqabətli mühit yaradılıb, idxalda monopoliya
aradan qaldırılmalıdır. Buna görə də bizdə
məhsuldarlıq aşağıdır, bahadır".
Vahid Məhərrəmov hesab edir ki, məhsuldarlıq
aşağı olanda məhsul baha başa gəlir: "Rəqabət
qabiliyyətli olmur. Bəzi fermerlər çox keyfiyyətli
çay istehsal edib ixrac etməlidir ki, ölkəyə valyuta
gəlsin, paralel olaraq da tələbata uyğun səviyyədə,
ölkəyə gətirilən keyfiyyətdə çay
istehsal etməliyik ki, daxili tələbat ödənilməli,
idxaldan asılılığı azaltmalıyıq. Bu işlər
kompleks şəkildə görülməlidir.
Çayçılıqla bağlı qanun, dövlət
proqramı qəbul edildi dəyişiklik olmadı. Bu sahənin
gəlirli olması üçün sadaladığım məsələlər
həll olunmalıdır. Çünki problemlər fermerlərin
bu sahəyə maraq göstərməsində əngəl
olur. Bu əngəllər aradan qaldırılmalıdır. Bu
zaman fermer başa düşəcək ki, istehsal vasitələri
var, onlar məhsuldarlığı artıra bilərlər və
daha çox məhsul istehsal edib gəlirlərini artıra bilərlər".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 31 may(№94).- S.7.