El bilir ki, sən mənimsən...
Gözümü açıb Laçının
min-bir halını görmüşəm. Çiçəkləyən
dağlarını, yağışdan sonra göy
üzünü bəzəyən
göyqurşağını, sellənən dərələrini,
quşbaşı qar ələnən təpələrini,
dumandan göz-gözü görməyən
aşırımlarını, şaxtası qılınc kimi
kəsən qışını, göylərindən ulduz
tökülən gecələrini, comərd insanlarını,
qonaq-qaralı evlərini, aşıb-daşan
çağlarını... Amma Laçını heç vaxt
belə cilvəli görməmişdim - torpağı
qanadlı, daşları qanadlı, ağacları qanadlı,
suları qanadlı, adamları qanadlı...
Bu dəfə Laçına bambaşqa bir ovqatla
gedirik. Yol yoldaşlarım Laçının
tanınmış ziyalıları, adlı-sanlı
insanlarıdır. Üz-gözündən işıq
yağan yerlilərimin sevinci yerə-göyə
sığmır. Arabir telefon zənglərinə verilən
cavablar 28 ilin həsrətini əridib yox edir: “Laçına
gedirəm!” Mənə görə Yer üzündə bu iki kəlmə
qədər bir-birinə yaraşan söz yoxdur.
“Laçına gedirəm!” ifadəsinin içində
qürur var, inam var, ilahi ədalətin təntənəsi,
ümidli gələcəyin apaydın mənzərəsi var!
Laçına gedirik... Füzuliyə salam verib, Cəbrayılla,
Zəngilanla görüşürük, ağ binəli
Ağalının işıqları göz oxşayır.
Qubadlıya çataçatda səmada buludlar talalanır,
kimsə: “Mən bu buludları tanıyıram, indi
Laçına yağış yağır”, - deyir.
Laçından gələn zəng laçınlının
gümanını düz çıxarır - Laçına yağış
yağır...
Uzaqdan Həkərinin hənirtisini alırıq. Burdan
o yana Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin dediyi kimi, “Yer üzünün cənnəti” -
Laçın başlayır...
Şehli şəhər
Bəlkə də, dünyada ən çətin
görüş işğaldan azad olunan torpaqla
görüşdür. O torpaqla ki, ilahi bağların, gen
yaddaşın, ruhun o torpağa bağlıdır. O torpaqla
ki, orada uluların torpaq olub, doğmaların binə salıb,
anaların duası, şəhidlərin qanıyla o müqəddəs
torpaq Vətən olub! O Vətən ki, ona deyiləsi nə qədər
sözümüz var...
Çiçəyim, gülüm Vətən,
Ağzımda dilim Vətən.
Bir çaqıl daşın üçün,
Yolunda ölüm, Vətən.
Dağ yuxarı qalxdıqca Laçının gözəlliyi
ağlımızı başımızdan alır.
Böyük Zəfərdən sonra dünyanı heyrətləndirəcək
qədər qısa vaxtda yenidən ev-ev, binə-binə, kərpic-kərpic
tikilən bu füsunkar şəhər indi unudulmaz
görüşlərə, böyük tarixi hadisələrə
ev sahibliyi edir.
Uzun illər may ayı laçınlıların
işğala məruz qaldığı, torpağından,
elindən-obasından ayrı
düşdüyü, qürurunun sındığı, kədər,
göz yaşı ay kimi yad edilib. Şükürlər olsun,
böyük Sərkərdəmiz, şir ürəkli
oğullarımız Qarabağımızı azad eləyib Zəfər
tarixini yazdı. Bu şanlı qələbənin sayəsində
dörd ildən çoxdur ki, müzəffər xalq kimi
böyük Zəfərin sevincini, fərəhini, xoşbəxtliyini
yaşayırıq.
Səmamız aydın, müstəqilliyimiz əbədi
olsun!
Bu dörd ildə ikinci dəfədir cənab Ali
Baş Komandan məhz 28 may - Müstəqillik
Gününü azad Laçında laçınlılarla
birlikdə qeyd edir. Bu dəfə Laçın həm də
ağlasığmaz tarixi hadisələrə qürurla, fəxrlə,
sonsuz şükranlıqa şahidlik edir. Bu tarixi gündə
Laçında Azərbaycan, Türkiyə, Pakistan -
üç qardaş ölkənin liderləri
görüşür. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevlə Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın iştirakı ilə dəniz səviyyəsindən
1700 metr hündürlükdə bənzəri olmayan
Laçın Beynəlxalq Hava Limanının
açılış mərasimi keçirilir.
Bundan sonra Laçın səmasında qartallarla
yanaşı, həm də bu torpağa xoş niyyətlə
üz tutan təyyarələr
uçacaq. Dünyanın hər yerindən insanlar
Laçının əsrarəngiz
təbiətini, şəfalı sularını, əzəmətli
dağlarını görməyə gələcək.
Bu möhtəşəm gündə üç
qardaş ölkənin liderləri azad Laçından
dünyaya barış mesajı göndərir: bu torpaqlarda əbədi
sabitlik, inkişaf hökm sürəcək!
28 may - Müstəqillik Gününə həsr
olunmuş tədbirdə də hər üç lider
iştirak edir. Ölkə başçısı cənab
İlham Əliyev qonaqları salamlayır, müstəqillik
günü münasibəti ilə xalqımızı, azad
Laçının sakinlərini təbrik edir: “Bu gün bizim
qonaqlarımız azad edilmiş torpaqlarda gedən işlərin
bir hissəsi ilə tanış olmuşlar. Artıq Şərqi
Zəngəzur və Qarabağ bölgələrimizdə 43
min insan yaşayır və çalışır. Bu bölgəyə
həyat qayıdıb, bu bölgənin sahibləri
qayıdıblar. Biz qayıtmalıydıq və
qayıtmışıq. Biz Ermənistan ordusunu məğlub
etmişik və bununla Azərbaycan xalqı fəxr edir.
Artıq dörd ildən çoxdur ki, biz müzəffər
xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə
qədər yaşayacağıq”.
Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib
Ərdoğan çıxışında ölməz Səməd
Vurğunun “Azərbaycan” şeirindən misralar deyib
sözünə davam edir: “Bir azdan dinləyəcəyimiz
musiqilərdə Qarabağın azad torpaqlarının səsi
var. Bu nəğmələrdə Şuşanın
daşlarında əks-səda verən azadlığın,
Laçının vadilərində böyüyən
ümidin, Gəncədə və Bakıda canlanan milli iradənin
təzahürü var. Səslənən hər bir bəstədə
qəhrəman şəhidlərimizin canları və
mübarək qanları bahasına əldə olunmuş
möhtəşəm Zəfərin ruhu var. Məhz bu gün
bu konserti əbədi qardaşlığımızı, ortaq
yaddaşımızı, rifah və güclü gələcəyimizi
salamlayan bənzərsiz bir görüş kimi qiymətləndiririk”.
Görüşdə qardaş ölkənin -
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi
çıxışında deyir: “Bu gün bu füsunkar məkanda
- Laçın şəhərində üç ölkənin
bayraqları dalğalanır və bu, onu sübut edir ki, bu
bayraqlar bir yerdə, hər zaman yüksəklərdə
ucalacaq, dalğalanacaq və inşallah, biz firavan gələcəyə
doğru inamla irəliləyəcəyik.
Üç liderin unudulmaz
çıxışından sonra 28 May - Müstəqillik
Gününə həsr olunmuş möhtəşəm
konsert proqramı könülləri oxşayır.
Laçınımızdan belə qanadlı, fərəhli,
qürurlu duyğularla ayrılırıq. Dünya durduqca səmamız
aydın, Vətənimiz azad, yurdlarımız abad olsun!
Təranə VAHİD
525-ci qəzet .- 2025.- 31 may(¹94).- S.6.