Prezidentin AMEA-dan verdiyi mühüm
mesajlar
"İlham Əliyevin çıxışı bir
daha göstərdi ki, dövlətimizin elmə, təhsilə
və intellektual inkişaf strategiyasına yanaşması
sistemli, uzaqgörən və milli dövlətçilik
maraqlarına tam uyğundur"
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə
keçirilən tədbirdə çıxışı
zamanı dövlətimiz və xalqımız
üçün mühüm əhəmiyyətə malik olan
bir sıra istiqamətlər üzrə vacib mesajlar verdi,
müasir dövrdə elmi-akademik dairələrin
qarşısında duran vəzifələr barədə
danışdı. Xüsusi diqqət Azərbaycan dilinin
saflığının qorunmasına yönəldi.
Prezident bildirib ki, Azərbaycan dilinin
saflığının qorunması hər bir Azərbaycan vətəndaşının
işi olmalıdır, dövlət, alimlər, dilçilər,
yazıçılar, şairlər, jurnalistlər, siyasətlə
məşğul olanlar bu məsələyə çox
böyük diqqət verməlidirlər. Dövlət
başçısı bu məsələni 10 il bundan əvvəl
də qaldırdığını bildirib: "Çünki
bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər
görüldü ki, biz dilimizi kənar kəlmələrdən
qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, -
həm televiziyalarda, həm yazılı mediada, həm bəzi
insanların çıxışlarında, - buna heç bir
gərək yoxdur. Yəni biz xalq kimi, millət kimi öz
dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də
sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər
kəsə çatacaq və özüm də daim bu məsələ
ilə bağlı məşğul olacağam, izləyəcəyəm,
lazımi tədbirlər görəcəyəm. Azərbaycan
alimlərindən də bax, bu məsələyə də
öz münasibətini və dəstəyini göstərmək
çağırışını edirəm".
Dövlət başçısı 10 il əvvəl
- AMEA-nın 70 illik yubiley tədbirindəki
çıxışında bildirmişdi ki, əsrlər boyu
Azərbaycan xalqını bir xalq kimi qoruyan onun mədəniyyəti,
incəsənəti, musiqisi, xalçaçılıq sənəti
və başqa ənənələri olub: "Bizim bu sahədəki
bütün fəaliyyətimizin əsasında Azərbaycan
dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi
qoruyub. Əsrlər boyu biz başqa ölkələrin,
imperiyaların tərkibində yaşadığımız,
müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi,
ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin
saflığını qoruya bilmişik. Ona görə, bu
gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən
müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr
Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan
da çox narahat edir".
Yubiley tədbirində, həmçinin Akademiyanın
80 il ərzində böyük yol keçdiyi, Azərbaycanda
elmin inkişafında aparıcı rol oynadığı
vurğulanıb. Ulu öndər Heydər Əliyevin hər
zaman Azərbaycan alimlərini dəstəklədiyi, ötən
əsrin 70-ci illərində onun rəhbərliyi ilə
Akademiyanın fəaliyyətinin təkmilləşdiyi, bir
neçə yeni elmi-tədqiqat institutu
yaradıldığı, elmin inkişafına böyük vəsait
ayrıldığı qeyd olunub.
Dövlət başçısının
çıxışı zamanı süni intellekt, kibertəhlükəsizlik
iqtisadiyyatın, sənayenin, o cümlədən hərbi sənayenin
inkişafı, bərpa olunan enerji, geoloji kəşfiyyat,
xüsusilə işğaldan azad olunmuş ərazilərdə
bu istiqamətdə aparılan işlər, Azərbaycan
tarixinin tədqiqi və təbliği, ermənilərin
saxtalaşdırmalarına qarşı mübarizə, Qərbi
Azərbaycanda toponimlərimiz, onların saxtalaşdırma və
erməniləşdirilməsi problemi kimi önəmli məsələlər
diqqətdə olub.
Prezident süni intellektin bu gün artıq ölkələrin
gələcək inkişafının ayrılmaz hissəsinə
çevrildiyini və bu istiqamətdə geri qalmamaq
üçün lazımi addımlar
atıldığını söyləyib. Azərbaycan alimlərini
bu məsələdə fəal olmağa
çağırıb.
Dövlət başçısı tariximizin tədqiqi
və təbliğinin də vacibliyinə diqqət çəkib:
"Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri
bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər
ki, Azərbaycan xalqının tarixi, dövlətçilik
tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir.
Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və
yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim
hüdudlarımızın o tayında hər istiqamət
üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda
da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə
də yaşayacaq... Bizim xalqımız yaşadığı
ölkələrin dövlətçiliyinə töhfə
verib və bu gün heç bir ölkədə azərbaycanlılar
heç bir dövlət üçün, heç bir
başqa xalq üçün problem yaratmır və
yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana
qayıtması Ermənistan xalqını və dövlətini
qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan
əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza
qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə
qayıtmalıyıq".
Ölkə lideri çıxışında həmçinin
Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyətinin
Azərbaycan mənşəli olduğunu söyləyib:
"O xəritələrdə Sevan gölü adlı göl
yoxdur. O xəritələrdə Göyçə
gölüdür və bütün digər bizim istifadə
etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri
biz tərtib etməmişik ki, kimsə desin biz burada
saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin
o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və
Şərqi Anadoludan gətirərək bizim Qarabağ
torpağında yerləşdirib ki, burada etnik və dini tərkib
dəyişsin. Yəni bu xəritələr tamamilə tarixi
həqiqətə əsaslanan xəritələrdir. Ona
görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik.
Daha çox elmi əsərlər, daha çox hətta
kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm
Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər,
həm dünya ictimaiyyəti bilsin və eyni zamanda, indiki Ermənistana
bizim qayıdışımız da tamamilə məntiqli və
ədalətli səslənsin. Azərbaycan tarixi ilə
bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə
addımlara ehtiyac var. Bütövlükdə müstəqil
Azərbaycan dövlətinin tarixi ilə bağlı
sanballı elmi əsərlərə də böyük ehtiyac
var".
Milli Məclisin deputatı Fatma Yıldırım
mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycan
Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə
ölkə başçısı İlham Əliyevin
çıxışı bir daha göstərdi ki, dövlətimizin
elmə, təhsilə və intellektual inkişaf
strategiyasına yanaşması sistemli, uzaqgörən və
milli dövlətçilik maraqlarına tam uyğundur.
Prezident İlham Əliyev bu tarixi çıxışı ilə
həm Azərbaycan elminin keçdiyi böyük inkişaf
yoluna qiymət verdi, həm də gələcəyə
yönəlik konkret və strateji prioritetləri müəyyənləşdirdi.
Deputat bildirib ki, Azərbaycan elminin bugünkü səviyyəyə
çatmasında Ulu öndər Heydər Əliyevin müstəsna
xidmətləri vardır:
"Hələ ötən əsrin 70-ci illərində
onun rəhbərliyi ilə elmi-tədqiqat institutlarının
yaradılması, elmin maliyyələşdirilməsi və gənclərin
Sovet İttifaqının aparıcı ali məktəblərinə
göndərilməsi siyasəti ölkəmizin intellektual
potensialını köklü şəkildə gücləndirilib.
Bu siyasətin Prezident İlham Əliyev tərəfindən
müasir dövrdə uğurla davam etdirilməsi elmi
inkişafın dayanıqlı modelini formalaşdırıb.
Azərbaycan elminin müstəqillik illərində əldə
etdiyi nailiyyətlər məhz bu strateji xəttin
davamının nəticəsidir".
F.Yıldırım bildirib ki, bu gün dünyada hər
bir ölkənin gücü onun texnoloji potensialı ilə
ölçülür: "Süni intellektin, rəqəmsal
iqtisadiyyatın və müdafiə sənayesinin
inkişafı istiqamətində Azərbaycanın əldə
etdiyi nəticələr bu gün reallığa çevrilib.
Təbii resurslar bir gün tükənə bilər, lakin elmi
potensial, intellektual güc və insan kapitalı Azərbaycanın
əbədi və tükənməz sərvətidir. Bu
baxımdan, dövlətin elmə, gənclərin təhsilinə,
innovasiyaya və texnologiyaya yatırdığı sərmayə
əslində Azərbaycanın gələcəyinə, milli
təhlükəsizliyinə qoyulan sərmayədir. Elm,
süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik
sahələrində dövlətimizin atdığı
addımlar göstərir ki, Azərbaycan artıq postneft
dövrünün reallıqlarına tam hazırdır".
O, əlavə edib ki, Azərbaycan son 10 ildə
inkişaf və zəfərlərlə dolu bir dövr
yaşayıb. Torpaqlarımızın azad edilməsi, ərazi
bütövlüyümüzün bərpası və suverenliyin
tam təmin olunması müasir Azərbaycan tarixinin ən
şanlı səhifəsidir: "Bu gün artıq
Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa
və yenidənqurma işləri, həyata keçirilən
enerji, sənaye və geoloji layihələr Azərbaycanın
gələcək inkişafında mühüm yer tutur.
Prezidentimizin Azərbaycan dili ilə bağlı dərin məzmunlu
fikirləri hər birimizi düşündürməlidir. Bu
çağırış hər bir ziyalının,
jurnalistin, müəllimin, ictimai xadimin və vətəndaşın
məsuliyyətini artırır. Ana dilimizin
saflığının qorunması milli kimliyimizin əsas
sütunudur və dövlət başçısının
bu məsələni prioritet səviyyəsində
qaldırması strateji əhəmiyyət daşıyır.
Bugün ölkəmizin iqtisadi göstəriciləri bir daha təsdiqləyir
ki, Azərbaycanın iqtisadiyyatı sağlam təməllər
üzərində qurulub. Bu güc bizə həm təhlükəsizliyimizi
qorumağa, həm də azad edilmiş torpaqlarda böyük
miqyaslı bərpa və quruculuq işlərini sürətlə
aparmağa imkan verir. Bu gün Azərbaycanın enerji siyasəti
artıq yeni mərhələyə qədəm qoyub.
Qarabağda və Şərqi Zəngəzurda həyata
keçirilən bərpaolunan enerji layihələri, su,
külək və günəş stansiyalarının
yaradılması ölkəmizi "yaşıl enerji"
ixracatçısına çevirəcək. Eyni zamanda,
Qarabağda və Şərqi Zəngəzurda aparılan
genişmiqyaslı geoloji tədqiqatlar yeni iqtisadi imkanların əsasını
qoyur. Bu istiqamətdə Azərbaycan alimlərinin
iştirakı dövlətin onlara verdiyi yüksək
etimadın təzahürüdür.
Prezidentin çıxışında
vurğuladığı əsas məqamlardan biri də Azərbaycan
xalqının tarixi həqiqətlərinin təhrifinə
qarşı elmi əsaslı mübarizənin vacibliyi idi. Bu məsələdə
alimlərimizin, tarixçilərimizin, ictimai təşkilatların
üzərinə böyük məsuliyyət
düşür. Biz öz tariximizi yalnız tədqiq etməməli,
həm də dünyaya elmi əsaslarla təqdim etməliyik.
Prezident İlham Əliyevin AMEA-nın 80 illiyində etdiyi
çıxış təkcə elm bayramı münasibətilə
deyilmiş sözlər deyil, bu, gələcək
inkişafın strateji manifestidir. Elm, təhsil, texnologiya, milli
tarix, dil və dövlətçilik məsələlərini
vahid ideoloji xətdə birləşdirən bu nitq müasir
Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin
ideya təməlini təşkil edir. Azərbaycan alimləri,
ziyalıları və gəncləri bu
çağırışlardan ruhlanaraq ölkəmizin
dayanıqlı, texnoloji və intellektual inkişafı naminə
daha əzmlə çalışmalıdırlar.
Çünki bu gün biz təkcə müstəqil dövlətin
deyil, həm də Zəfər qazanan, elmə və intellektə
söykənən qalib millətin nümayəndələriyik".
Pərvanə
525-ci qəzet .- 2025.- 6 noyabr (№203) .- S.5.