Rəmiş
Povest
(Əvvvəli ötən sayımızda)
Qapıda fayton dayanmışdı. Rəmiş
faytonçunu tanıdı, dünən onu gətirən idi,
dönüb Paqanininin köməkçisinə dedi:
- Bu kişini buraxdırırsan içəri.
Faytonçu quruyub qalmışdı,
qarşısında iki Paqanini durmuşdu.
Zal ağzınadək dolu idi. Küncdə-bucaqda
adamlar ayaq üstə durmuşdu. Ortadakı keçiddə də
oturmuşdular.
Rəmişin yadına Musiqili Komediya Teatrında
verdiyi konsert düşdü. Onda da zalda oturanlar qədər
ayaq üstə duranlar da vardı. Hətta səhnə də
doluydu. Yalnız Rəmiş üçün səhnənin
ortasında bir yer düzəltmişdilər.
"Neftçi"nin bütün futbolçuları da
konsertə gəlmişdi. Onlar da ayaq üstə idi. Yalnız
Səməd Qurbanov xanımı ilə gəldiyindən
ön sırada oturan iki gənc Səmədə hörmət
əlaməti olaraq qalxıb yerlərini ona verdilər.
Rəmiş onda çalğısıyla
hamını dəli eləmişdi. Bəs indi necə
olacaqdı? İndi səhnədə tək deyildi, Paqanini də
vardı. Onlar səhnəyə çıxanda zala bir
sükut çökdü. Hamı çaşdı. Səhnəyə
iki Paqanini çıxmışdı - biri skripka ilə, biri
də gitara ilə. Necə çaşmışdılarsa,
alqışlamaq da ağıllarına gəlmirdi.
Vəliəhd xanımı və əyanları ilə
lojada oturmuşdu. Səhnəyə baxıb əyanlarına
dedi:- Keşişlər bir şeytanla bacarmırdılar, indi
ikisi ilə nə edəcəklər?!
Nəhayət, konsert başladı. Birinci Paqanini
başladı, Rəmiş isə Paqanininin
çalğısına uyub getmişdi. Həmişə
tamaşaçıları ələ alan Rəmiş bu dəfə
zalı buraxmışdı Paqaninin skripkasına. Nəhayət,
o da barmaqlarını işə saldı. Zaldakılar ilk dəfəydi
belə bir gitara dinləyirdilər. Əvvəl Paqanininin
ardınca gedən Rəmiş bir fincan istədi, gitaranı
yenə qoydu dizinin üstünə, başladı fincanla
çalmağa. Gitara bəzən skripka, bəzən də
tütək səsi çıxarırdı. Zalı necə
uyutmuşdusa, hətta Paqanini də bu çalğıya uyub
indi də o, Rəmişin
ardınca gedirdi. Hamı ayağa qalxmışdı.
Musiqiyə ağlaşma səsi qatılmışdı. Bəzən
insanlar özlərindən çıxıb
bağırırdılar. Hətta ürəyi gedənlər
vardı. Paqanini də, Rəmiş də öz şeytan
barmaqları ilə insanların içinə şeytan
doldurmuşdu.
Bu hayqırtının içində Rəmiş qəfildən
doğma bir səs eşitdi, kimsə bağırırdı:
- Ay bay! Ay bay!
Elə bildi bu səs hansısa toydan qulağında
qalıb. Amma bu bağırtını bir də eşitdi:
- Ay bay! Ay bay!
Paqanini dayandı. Rəmiş isə gedirdi. Hara
gedirdi, niyə gedirdi özü də bilmirdi. Bu yol çox
uzun bir yol idi, çətin gedib sona çataydı.
Paqanini gördü Rəmiş gedir, onu saxlamasa,
axırda uçuruma düşə bilər,
yaxınlaşıb onu qucaqladı. Rəmiş indi
ayıldı. Zalda bağırtı qarışıq necə
bir alqış qopdusa, yaxınlıqdakı kilsədə
eşidilirdi bu bağırtı, bu alqış.
Keşişlərdən biri o birisinə dedi:
- Bu şeytan yenə camaatı yoldan
çıxartdı. Şəhərdən qovmaq
lazımdı.
O biri keşiş:
- Deyirlər, vəliəhd də xanımı ilə
konsertdədi. Onu necə qovmaq olar?
Rəmiş də ayağa qalxıb Paqaninini
qucaqladı və dedi:
- Nikol, bir daha gördüm ki, sən məndən
böyük sənətkarsan. Səhər açılır,
uzaq yol gəlmişəm, mən gedirəm.Paqanini:
- Səni gözləyəcəm, tez-tez gəl. Gələn
dəfə sənə bir skripka bağışlayacam.
Rəmiş gözlərini açanda gördü ki,
Şair qabağında dayanıb ağlayır.
- Şair, sən nə vaxt gəldin?
- Mən getməmişdim ki. Zalda oturub Paqanini ilə sənə
qulaq asırdım. O bay-bay deyib bağıran mən idim.
lll
"Orta Sarıtel" çalırdı. Özü
də bilmədən huşu getdi, keçdi "Yanıq Kərəmi"yə.
Kərəm od tutub yanırda. O isə onu söndürməyə
çalışırdı. Nə illah edirdi, söndürə
bilmirdi. Toyda yüzlərlə adamın gözü
qabağında Kərəm yanırdı. Hamı da
üzünü əllərinə alıb biçarə
qalmışdı. Yenə ha elədi Kərəmi
söndürsün, əclaf keşiş onu elə
yandırmamışdı ki, söndürə biləydi.
Keşişi də tapmırdı gitaranı onun başına
çırpsın, ona görə də əlacsız
qalıb gitaranı atdı yerə, özü də dəli
kimi çıxdı mağardan.
Qədir başını bulayıb dedi:
- Ə, avara, Yanıq Kərəmi sənnik deyil
axı!
Mağardan çıxan Rəmiş oturdu
maşınına və üz tutdu Qazaxa tərəf. Yolboyu
da keşişə söyürdü:
- Ay şandığa, niyə yandırırsan Kərəmi?
Neyləmişdi Kərəm sənə?
Yolu necə getdi bilmədi. Qazaxda maşını bir
başa sürdü Aşıq Ədalətin evinə.
Darvazanı döydü. Ədalət ayağında şəpit
darvazanı açdı. Gördü önündə rəngi-rufu
qaçmış Rəmiş dayanıb.
- Qağa, noluf?
- Gəl otur maşına. Gəl, gəl, tez.
- Noluf dana?
- Otur deyəjəm.
- Qoy gedim ayağıma ayaqqavı geyinim.
Rəmiş:
- Ayaqqabını neynirsən, səni evləndirməyə
aparmıram. - deyib ayağındakı şəpitləri
göstərib; - Görmürsən, mən də şəpitlə
gəlmişəm.
Ədalət bir söz demədən keçib oturdu
maşına. Rəmiş maşını sürdü
Qarayazı meşəsinə. Düşdülər.
- Qağa, bir de görüm noluf dana?
- Heç, Ağdamda Kərəmi yana-yana qoymuşam.
Çıxart sazını, onu söndür.
- Sazı götürməmişəm ha.
Rəmiş əsəbləşdi:
- Ə, sazsız səni neynirəm.
Aşıq Ədalət:
- Eşitməmisən, dəli dəlini görəndə
dəyənəyin götünə sıxar?
Yenidən oturdular maşına, qayıtdılar
Ədalətgilə. Rəmiş Ədaləti maşından
düşməyə qoymadı. Düşüb darvazanı
özü döydü, bir uşaq çıxdı.
- Ə, get dədəyin sazını gətir.
Aşıq Ədalət:
- Ə, qoy düşüm ayağıma ayaqqavı
geyinim.
- Otur yerində. Sazı ayaqqavıyla çalassan?
- Hə, sən niyə gitaranı ayaqqavıyla
çalırsan?
- Maa baxma. Saz gitara döyül!
Uşaq sazı gətirdi. Təzədən
qayıtdılar Qarayazıya.
Ədalət sazı köynəkdən
çıxartdı və sinəsinə basıb
"Yanıq Kərəmi" çalmağa başladı.
Kərəm yanırdı, Rəmiş əl atıb
ağlaya-ağlaya onun yanan paltarını
çıxarmağa çalışırdı. Əlləri
yanırdı, amma əllərinin yanmağına baxmayaraq, Kərəmin
əynindəki xələtin qırxıncı düyməsini
açmağa çalışırdı. Artıq Rəmiş
də yanırdı.
Aşıq Ədalət gördü ki, Rəmiş də
Kərəmlə bir yerdə yanır, Kürün suyunu
axıtdı bunların üstünə, ikisini də
söndürdü.
- Hə, razı qaldın?
Rəmiş:
- Qaqa, vallah, sənin yiyən yoxdu, sən dahisən.
Otur maşına.
Ədalət bir də gördü ki, maşın
Qazaxdan çıxdı:
- Ə, hara sürürsən, saxla düşüm də.
- Ağdama. Gedəh Kərəmi orda da söndür.
Aşıq Ədalət başını buladı:
- Vallah, sən dəli deyilsən ey, zırramasan.
Heç olmasa əyin-başımı dəyişərdim.
Rəmiş:
- Darıxma, Ağdamda sənə elə bir kostyum
alajam ki, heç dədə-baban da elə kostyum
görmüyüf.
Nəhayət, gəlib çatdılar
Ağdamdakı toya. İkisi də birdən girdi mağara.
Aşıq Ədaləti görəndə bütün
mağar ayağa qalxıb alqışlamağa başladı.
Qədir Aşıq Ədaləti görüb dedi:
- Dəlinin biri də gəldi.
Ədalət:
- Qədir, üç dəli baş-başa verib
görəh neyniyirik. - dedi və sazı basdı sinəsinə,
başladı "Baş Sarıtel" çalmağa.
Rəmiş:
- Ə, sənə deyirəm Kərəm yana-yana
qalıb, söndür, sən ayrı şey çalırsan.
Ədalət:
- Kərəmi elə Baş Sarıtellə
söndürəjəm.
İlk dəfəydi ki, Ağdam toyunda Aşıq
Ədalət saz çalırdı. Camaat Aşıq Ədalətin
başına pulu xəzəl kimi tökürdülər. Rəmiş
Ədalətə dedi:
- Qaqa, indi bu pulnan özünə kostyum yox ey, təzə
maşın da ala bilərsən.
Amma Ədalət pulu götürmədi:
- Mən pay gəlmişəm. O pulları ikimizin
adından yazdır toy dəftərinə!
lll
Sarayda iki gündən sonra keçiriləcək
dövlət konsertinə möhkəm hazırlıq gedir. Orkestr
və ansambllar son məşqlərini eləyirlər. Hər
kəs öz növbəsini gözləyir. Dirijor pultu
arxasında Maestro pəjmürdədədi.
Skripkaların birindən yad səs gəlir. Amma nə qədər
çalışırlar yad səs çıxaran
skripkanı tapa bilmirlər. Maestro əsəbi halda
çubuqları pultun üstünə atıb səhnədən
yendi və oturdu birinci sırada. Bu vaxt Rəmiş gəldi,
Maestronu öpdü, əyləşdi yanında:
- Maestro, noluf, nəyə əsəbləşmisən?
- Rəmiş, sən Allah, qoy oturum.
- İstəyirsən durum gedim.
- Yox, otur. Orkestr çalır, skripkaların birində
yad səs var, tapa bilmirik. İyirmi skripka var,
hamısını bir-bir yoxlayıram səsi yerində. Elə
ki orkestr başlayır yenə yad səs var.
Rəmiş:
- Maestro, olar bir dəfə çalsınlar mən də
qulaq asım?!
Maestro işarə elədi, orkestr çalmağa
başladı. Rəmiş də gözünü
qıyıb qulaq asır. Nəhayət dilləndi:
- Maestro, səkkizinci skripkaya deyin düşsün
aşağı.
Maestro işarə elədi səkkizinci skripka yendi zala.
Rəmiş ondan skripkanı alıb gitara kimi barmaqları ilə
yoxladı, sonra yenidən köklədi. Bir də barmaqları
ilə bir az çalıb verdi skripkaçıya.
- İndi getsin yenidən çalsınlar.
Orkestr təzədən başladı çalmağa.
Artıq yad səs yox idi. Maestro Rəmişi sıxdı sinəsinə:
- Sənə dəli deyənin atabatasına lənət.
Sən genisən. İndi bir daha görürəm ki, səni
Ağdamdan Bakıya gətirməkdə səhv etməmişəm...
...İmarətdə böyük bir konsert proqramı
keçirilirdi. Bakıdan da incəsənət ustaları gəlmişdi.
Böyük sənətkarlar da rayonun qonağı idi.
Maestro da rayonun birinci katibi ilə gəbə-xəli
döşənmiş şərəf tribunasında oturub
konserti izləyirdi. Səhnəyə "Şur"
ansamblı çıxdı. Ansamblda bir nəfər
hamıdan fərqlənirdi.
Özünəməxsus geyinmişdi. Saçları da
çox uzun idi. O dəqiqə diqqəti cəlb edirdi. Sonra isə
çalğısıyla hamıdan fərqləndi.
"Segah"ı tamamilə fərqli çaldı.
Çalğısı Maestronu valeh elədi, birinci
katibdən soruşdu ki, bu uzun saçlı oğlan kimdi?
- Bizim kolxoz sədri Hüseynin oğludu. Gözəl
tar çalandı, amma bir az şərəşur adamdı.
Maestro:
- Mən ona qulaq asdım, o, böyük sənətkar
olacaq. Ağdamda qalsa, məhv olub gedəcək. Xahiş edirəm,
tapşırasınız axşam Qonaq Evinə gəlsin, onla
görüşüm.
Birinci katib başını bulayıb:
- Maestro, inanmıram gələ, amma tapşıraram
çağırarlar. - sonra üzünü köməkçisinə
tutub dedi; - Konsertdən sonra Rəmişə denən ki,
axşam gəlsin Qonaq Evinə, Maestro onu görmək istəyir.
Axşam katibin "şərəşur"
adlandırdığı Rəmiş Maestronun sözünü yerə salmağa
cəsarəti çatmadı. Belə bir dahi insanla
görüşməyi şərəf bildi. Və gəldi
Qonaq Evinə. Və bu, onun həyatında böyük bir səhifə
açdı. Maestro onu özüylə Bakıya gətirdi...
...Bu vaxt Zeynəb xanım gəldi. O da oturdu Maestronun
yanında. O da soruşdu:
- Maestro, əsəbi görünürsən.
- Keçdi getdi. Yarım saatdı məşq edirik,
skripkalardan biri yad səs çıxarır, tapa bilmirdim, -
dedi və Rəmişi göstərdi; - bu geni tapdı. Allah buna hər şey verib, bircə
bəxti gətirməyib ki, eseseridə doğulub. İspaniyada, İtaliyada doğulsaydı,
bütün dünyaya meydan oxuyardı.
Zeynəb xanım:
- Bu günlərdə Tehranda konsert verirdim, konsertin
ortasında zaldan bir nəfər əlində tar
çıxdı səhnəyə və başladı
çalmağa. Aftandilə işarə elədim ki, sən də
çal. Başı ilə işarə elədi ki, çala
bilmərəm. Çöndüm Vəliyə tərəf, o
da çalmaq istəmədi. Özümdən asılı
olmayaraq dedim ki, hardan alım o dəli köpəyoğlunuku
bunu oturtsun yerində.
Maestro təəccüblə:
- Xaricə gedəndə Rəmişi
aparmırsınız ki?
- Yox, heç pasport da vermirlər. Hamıdan xahiş
etmişəm, nazirdən də, xeyri yoxdu. Deyirlər ki,
qorxuruq gedə, qayıtmaya. Deyirəm mən zamin dururam, deyirlər
o, heç atasını eşitmir. Heç görmürsən
saçını qırxdıra bilmirsən. Ümumi
ansamblın geyimini də geyindirə bilmirsən.
Rəmiş:
- Saçımı qırxdırsam, mən də
ütülü geyinsəm, başqalarından nə fərqim?
O qədər saçı qırxılı, qalstuklu gitara
çalan var ki. Məni neynirsiniz, onlardan birini
götürün də ansambla. Azad insanları niyə
sevmirsiniz? Vaqif Mustafazadəyə dedilər
bığını qırxdır, guya bığıyla
çalırdı pianonu? Televizora, konsertə
buraxmadınız, o da küsüb getdi Gürcüstana, indi
orda kef edir. Bir də ki məni xaricə buraxmayanların
başı xarabdı, mən Bakıdan kənarda yaşaya
bilmərəm.
Maestro:
- Zeynəb xanım, mən çalışıb ona
pasport alaram.
Zeynəb:
- Bir dəfə istədim Kişinin özünə
deyəm, utandım, demədim ki, Allahın xarici pasportunu da
Kişidən istəyəm. Bir-iki ay bundan qabaq dövlət
konsertiydi, gördüm ki, mədəniyyət naziri deyir ya
saçını qırxdır, ya da səni dövlət
konsertinə buraxmayacam. Ansambl da səhnədədi. Mən də
xahiş elədim, dedi, yox, bu görkəmdə mən bunu səhnəyə
buraxa bilmərəm. Məcbur oldum gitarasız
çıxım səhnəyə. Elə ansambl təzə
başlamışdı ki, gördüm gitaranın səsi gəlir.
Rəmiş bir əliylə çalır, bir əliylə də
gitaranın şunurunu çəkə-çəkə girdi
sənhəyə, gəlib oturdu yerində. Konsertdən sonra
soruşdum ki, necə oldu nazir icazə verdi? Dedi ki, gözlədim
o getdi, sonra xəlvətcə girdim içəri.
Rəmiş:
- Bu dəfə də məni səhnəyə
buraxmasa, gitaranı onun başına çırpıf
çıxıb gedəjəm. Nə ola-ola.
Zeynəb xanım:
- Yaxşı, sarsaqlama. Yenə dəlilik eləmə
Rəmiş üzünü tutdu Maestroya:
- Maestro, vallah, mən dəli deyiləm. Mənə dəli
deyənlərin özü Maştağalıqdı. Mən məcburam
ki hamı kimi fikirləşim, hamı kimi oturum-durum? Onda Rəmiş
olmaram ki.
Maestro güldü:
- Konsertdən sonra gələrsən yanıma, mən
sənin pasport məsələni həll edəcəm.
lll
Rəmiş başının dəstəsi ilə
Filarmoniyanın bağında çay içirdi. Ordan-burdan
danışıb gülürdülər. Bu vaxt bir nəfər
yaxınlaşıb Rəmişi bağrına basdı:
- Bütün günü səni axtarmışam.
Axırda dedilər ki, bir Filarmoniyaya dəy.
Sonra stolda oturanlarla da bir-bir görüşdü, bir
stul çəkib oturdu. Rəmiş onu dostlarına təqdim
elədi:
- Qazaxlı balasıdı. Yaxşı da saz
çalır. Mənim də balelşikimdi. Gəmi
kapitanıdı.
Gəmi kapitanı:
- Mən burda oturanların hamısını
tanıyıram, hamısı böyük sənətkarlardı.
Rəmiş:
- Məni vurhavur axtarmaqda xeyir ola, toyunuz var?
- Yox, sənin üçün
darıxmışdım. Bu axşam Həştərxana səfərim
var. Dedim ki, elə dostlarını da götür sizi aparım
Həştərxana, gəzdirim. Gəmidə yaxşı
restoran var, istərsiz orda, istərsiz kayutada yeyib içə-içə
gedib-gələrik.
Rəmiş dostları ilə məsləhətləşdi,
hamısı razılaşdı. Qazaxlı balasına bir
şərt qoydu:
- Amma gitara çalmayajam ha.
Qazaxlı balası:
- Eybi yox, mən sizin üçün saz çalaram.
Görərsiniz ki, saz heç gitaradan geri qalmır.
Axşam deyilən vaxtı hamısı oldu limanda.
Kapitan özü qarşıladı və qaldırdı gəmiyə.
Həştərxana yola düşdülər.
Kapitan bütün sərnişinləri yola salandan və
gəmi heyətinə tapşırıq verəndən sonra
dedi:
- Hə, Rəmiş indi gedək, burda az-çox
gözəl bir restoran var. Özü də Azərbaycan mətbəxi də
var.
Taksilərə oturub gəldilər deyilən restorana.
Doğrudan da deyilmişkən vardı. Restoranda adam əlindən
tərpənmək mümkün deyil. Hələ bir on-on
beş nəfər də növbə gözləyirdi. Foyedə
oturub növbələrini gözləməyə
başladılar.
Kapitan:
- Eybi yox, bir az gözləyək.
Rəmiş:
- Ə, Bakıdan bura gəlib növbə gözləyəcəyik?
Sonra cibindən yüzlük çıxarıb verdi
nağaraçalana ki, apar ver administratora, stol boşalanadək
çöldə gözləməyək. İçəridə
üç stul versə bəsdi, iki-iki oturub içəridə
gözləyərik. Az keçmiş nağaraçalan
qayıtdı ki, keçək içəri, məsələ
həll olundu. İçəridə qapının
ağzında üç dənə stul qoymuşdular, iki-iki
oturdular və növbələrini gözləməyə
başladılar. Restoranın ansamblı rəqs havası
çalırdı, adamların əksəriyyəti də rəqs
edirdi.
Rəmiş nə fikirləşdisə Kapitana dedi:
- Qazaxlı balası, çıxart o
nağaraçalana yüz manat ver. - sonra üzünü tutdu
nağaraçalana; - Get pulu ver ansamblın rəhbərinə,
denən bizim bir gitara çalan var, icazə versinlər bir
on-on beş dəqiqə gitara çalsın.
Nağaraçalan durub getdi. Nə danışdı-nə
danışmadı qayıtdı ki, Rəmiş, razı
oldular. Rəmiş qalxıb sallana-salana, bir çiyni
üstündə getdi səhnəyə. Gitaranı
götürdü, zərb aləti çalana da gitaranın
üstündə barmaqları ilə nağara kimi çalaraq
dedi ki, bu ritmi tut. Bir-iki dəqiqə pərdələrdə
gəzişdi, amma hamının diqqətini cəlb elədi.
Sonra tufanı qopartdı. Necə çalmağa
başladısa, səs-küylü restorana sükut
çökdü. Hamı yeməkdən əlini çəkib
ona qulaq asmağa başladı. Rəmiş tufanı
saxladı, keçdi tans çalmağa. İndi də camaat
qalxdı, başladı rəqs etməyə. Rəmiş də
uyub getmişdi. Pulu yağış kimi
yağdırırdılar Rəmişin üstünə.
Bu vaxt ofisiantlar mətbəxdən stol və stul gətirdilər
dostların qabağına və
süfrəni doldurdular. Növbə gözləyənlər
də qapının ağzına yığışıb bu
qeyri-adi musiqiyə qulaq asırdılar.
Stola bir zabitəli kişi və bir qadın
yaxınlaşdı. Salamlaşandan sonra kişi dedi:
- Mən xanımımla mərc çəkmişəm,
mən deyirəm ki, bu oğlan bakılıdı,
xanımım deyir ki, yox, Leninqraddandı, orda Gitara
Akademiyasını bitirib.
Dostlar dedi:
- Siz düz demisiniz, bakılıdı. Heç bir
akademiya da qurtarmayıb, samouçkadı.
Kişi əlindəki konyakı qoydu stolunun
üstünə:
- Konyakdan mərcləşmişdik, buyurun, sizin olsun.
Və getdilər.
Rəmiş təxminən yarım saat çalandan
sonra gitaranı qoydu yerə və ortaya
yığılmış pulu da göstərib ansamblın
üzvlərinə dedi:
- Bu pullar sizindi.
Və düşdü gəldi dostlarının
yanına. Konyakdan yüz qram vurub dedi:
- Hə, nətərdi?
Gəmi kapitanı:
- Aləmsən də. Mən də sənə bu
çalğıya görə gəmiyə qayıdanda bir
sürpriz edəcəm.
- Nə sürpriz?
- Onu gəmiyə qayıdanda bilərsən.
Nəhayət, yeyib-içəndən sonra
ofisiantı çağırıb hesab istədi. Ofisiant dedi:
- Sizin hesabı ödəyiblər.
- Kim ödəyib?
- Bayaq sizə konyak gətirən. O general-mayordu. Həştərxanın
milis rəisidi. Arvadı da vəkildi. Axşamlar gəlib burda
bir tikə çörək yeyib musiqiyə qulaq asırlar.
Rəmiş gülümsəyib dedi:
- Rəmişin vesin görürsüz?!
Gəmi Kapitanı:
- Səndən Azərbaycanda yoxdu ey!
- Mənnən mirdə yoxdu!
Durub restorandan çıxdılar, qayıtdılar gəmiyə.
Kapitan hamını öz kayutuna dəvət elədi.
İçəri girən kimi bir meymun atıldı
kapitanın qucağına. Balaca bir meymunuydu. Kapitan meymunu
sığallayıb verdi Rəmişə:
- Sürpriz budu. Bu meymunu sənə
bağışlayıram. Mənə də bir türk kapitan
bağışlamışdı. - sonra da gülüb əlavə
elədi; - Rəmiş, bir suyu da sənə oxşayır.
- Brat, mən meymun saxlayanam? Heç özümü
saxlaya bilmirəm.
- Qağa, sən öl, ona elə öyrəşəcəksən
ki, heç ayrılmaq istəməyəcəksən.
Çox şirin baladı.
Yol boyu meymun Rəmişdən əl çəkmirdi.
Gecə yatanda da gəlib qonmuşdu sinəsinə uşaq
kimi, o da yatmışdı. Rəmiş meymunu gətirdi evə.
Nə fikirləşdi-fikirləşmədi cins
şalvarlarından birini götürüb düşdü
Beşmərtəbənin altındakı dərzi atelyesinə.
Burda bir erməni dərzi dostu vardı. Şalvarı dərziyə
verib dedi:
- Suren, bu şalvarı sök, ondan bu meymuna bir
şalvar, bir saroşka tik.
Suren təəccüblə:
- Meymuna?
- Hə də, meymuna.
Suren day heç nə demədi. Rəmişin köməyi
ilə birtəhər meymunun ölçülərini
götürdü və dedi ki, sabah gələrsən.
Səhər yenidən gəldi Surenin yanına, yenə
də birtəhər meymunu geyindirdilər. Meymun heç geyinmək
istəmirdi. Rəmiş onun qulağını nə təhər
çəkdisə, meymun
çığırdı.
- Geyin, köpəyoğlu.
Sonra da meymunu çiyninə alıb qayıtdı evə.
Yoldan iki-üç kilo banan aldı. Küçədən
keçənlər hamısı Rəmişə
baxırdı. Rəmiş hirsləndi:
- Nədi, ə, meymun görməmisiz? Ulu
babanızdı dana.
Səhərisi gün çıxdı şəhərə.
Yuviler mağazasından bir qızıl zəncir aldı. Sonra
getdi zərgərin yanına bir qızıl lövhə
aldı, üstünə də çox sevdiyi dostunun, Gəmi
Kapitanının adını yazdırdı, bağlatdı zəncirə.
Evə qayıdıb asdı meymunun boynundan. Meymun da o
zəncirlə başladı oynamağa.
Qapını bağlayıb çıxırdı
şəhərə, bəzən toydan çox gec
qayıdırdı. İçəri girən kimi meymun
atılırdı üstünə, Rəmişin boynunu
qucaqlayırdı. Meymun çox zaman Rəmişin
çiynində otururdu. Bəzən də başına
qalxıb saçını bitdiyirdi.
Bəzən də gitaranı qurdalayırdı, simlərindən
qəribə səslər çıxırdı. Rəmiş
gülüb deyirdi:
- Belə getsə, saa gitara çalmağı da
öyrədəjəm.
Bir axşam Gəmi Kapitanı gəldi onlara:
- Rəmiş, eşitdim meymuna mənim adımı
qoymusan? Gəldim gördüsünə.
Özüylə də xeyli banan gətirmişdi.
Rəmiş:
- Çox fikirləşdim nə ad qoyum. Öz
adımı da qoymaq istədim, sonra fikirləşdim iki Rəmiş
bir yerdə yola gedə bilməz. Səni çox istədiyimdən
sənin adını qoydum.
Gəmi Kapitanı gülüb dedi:
- Dur, adaşımı da götür gedək bizim
bağa. Arvad-uşaq da bağdadı. Qoy tanış olsunlar.
Dostunun Şüvəlanda çox gözəl və
geniş bir bağı vardı. Adətən qışda yığışardılar o
bağa - yeyib-içməyə, çalıb-oxumağa.
Durub gəldilər bağa. Uşaqlar meymunu görəndə
necə sevindilərsə, elə meymun kimi atılıb
düşdülər. Meymun da qoşuldu uşaqlara.
Axşam çörək yeyəndə dostu Rəmişə
dedi:
- Qağa, bu meymunla şəhərə az
çıx. Onsuz da adına yüz şəbədə
qoşurlar. İndi də sənə deyəcəklər
meymun gəzdirən Rəmiş.
- Brat, sarsax adamları yanımda gəzdirməkdən
yorulmuşam. Bu meymun onlardan sədaqətlidi. Görürsən,
çörək yeyəndə də gəlib qucağımda
oturur.
- Sən o meymunu Ağdama aparsan, dədən səni
öldürəcək.
Rəmiş gülüb dedi:
- Dədəmin yan-yörəsində o qədər
meymun var ki, mənim meymunum onların yanında kişi
adamdı.
Dostu bir az fikirləşdi:
- İndi mən sənin meymununa nə
bağışlayım? - dedi, sonra dərhal qolundakı
bahalı İsveçrə saatını açdı,
bağladı meymunun qoluna; - Qoy məndən adaşıma
yadigar olsun.
Rəmiş:
- Bəzən gitara çalanda elə
çığırır ki, mən də onun
acığına gitaranı elə
çığırdıram ki, qorxub çıxır
şkafın üstünə. Ciyiltisinə öyrəşmişəm.
Sonra gitaranı ciyildədirəm, o dəqiqə
düşüb gəlir, başlayır o da ciyildəməyə.
Bilirsən necə kef verir.
Rəmiş meymunu götürüb gəldi
Ağdama. Atası meymunu görən kimi özündən
çıxdı:
- Elə bircə meymunum əskiyiydi? Neynirsən,
özün elə meymun kimi bir şeysən də. Dur,
götür meymununu, rədd ol get Bakıya. Mənim
Qarabağla bir hörmətim var, məni hörmətdən
salma.
Böyük qardaşı Vaqif gəldi:
- Dədə, day gecdi, bütün şəhər Rəmişdən,
meymundan danışır. Hətta bir uşaq atasına deyib
ki, ata, Rəmişi gördüm, çiynində də meymun.
Atası da qayıdıb ki, day denən iki meymun görmüsən
də.
Rəmiş:
- Şəhər meymunla doludu, onları
görmürsüz, mənim meymunumu görürsüz. Hələ
aparacam Abdala, kəndimizi də görsün.
Atası:
- Səni and verirəm Həzrət Abbasa, kəndə-zada
aparma. Götür çıx get Bakıya. Nə qədər
də istəyirsən sənə pul verim.
Rəmiş durub oturdu pianonun arxasında, meymun da
çiynində. Necə bir "Segah" çalmağa
başladısa, atası kövrəldi və ürəyi
yumşaldı. Və gözü dolmuş halda dedi:
- Oğul, sənin o barmaqlarına heyfim gəlir. Cəhənnəm,
istəyirsən meymun gəzdir, istəyirsən həyətdəki
qoyun itini. - sonra
üzünü tutdu kiçik oğluna; - Romik, dur həyətdəki
o iti də aç, ver onu da özüylə gəzdirsin. Bu,
heç Allahın sözünə əməl etmir, onda ki mənim
sözümü eşidə.
(Ardı var)
Aqil ABBAS
525-ci qəzet .- 2025.- 6 noyabr (¹203).- S.12-13.