8 Noyabr - inam və
qürurun təntənəsi
XXI əsrin müharibəsi kimi dünya hərb salnaməsinə
qızıl hərflərlə yazılan, şanlı Azərbaycan
Ordusunun cəmi 44 günə uğurla başa vurduğu,
xalqımızın haqq mübarizəsində qalib gəldiyi
Vətən Müharibəsi tarixə əbədi həkk
olundu. 8 Noyabrda Böyük Zəfərlə yekunlaşan bu
müqəddəs savaşın hər gününü dərindən
araşdırmaq, həmin dövrdə döyüş
meydanında, arxa cəbhədə, diplomatik mübarizədə
yaşananları ən incə detallarına qədər
öyrənmək və yaddaşlara yazmaq vacibdir. Bu məsuliyyət
isə qismətinə qələbəmizə şahidlik etmək
yazılmış bugünkü nəslin, Vətən
Müharibəsinin müasiri olanların üzərinə
düşür.
İkinci Qarabağ müharibəsi tarixdə bənzəri
az olan bir dövrdə - qlobal COVID-19 pandemiyası şəraitində
baş verdi. Bu dövrdə Azərbaycan xalqı eyni anda iki
böyük sınaqla üz-üzə qalmışdı:
görünməz virusun qorxusu və Vətənin
azadlığı uğrunda gedən ölüm-dirim
mübarizəsi.
Pandemiya insanların sosial əlaqələrini məhdudlaşdırmış,
izolyasiya, qeyri-müəyyənlik, ölüm vahiməsi və
digər faktorlardan doğan uzunmüddətli stress
yaratmışdı. Bunun üzərinə müharibə xəbərləri,
itkilər və informasiya axını əlavə olunanda, cəmiyyətimiz
emosional gərginliyin pik nöqtəsini yaşadı.
Elmi tədqiqatlara görə, bir toplum eyni anda bir
neçə stress mənbəyinin təsirinə məruz
qaldıqda fərdlərdə travmaya reaksiya intensivliyi
iki-üç dəfə artır. 2020-ci ilin payızında
Azərbaycan cəmiyyətində bu hal açıq şəkildə
müşahidə olunurdu: bəzi insanlar panikataklar, yuxu
pozuntuları və emosional uyuşma yaşayırdı. Digərləri
isə bu ikili gərginliyə iman, vətənpərvərlik
və milli birlik hissi ilə qarşı dururdu. Maraqlı
paradoks ondadır ki, pandemiyanın yaratdığı təcrid
şəraiti eyni zamanda xalqı daxili birliyə və ortaq
düşüncəyə yönəltdi. İnsanlar evlərindən
kənara çıxa bilməsələr də, qələbə
xəbərlərini ekran arxasından göz yaşları ilə
izləyir, xalqın kollektiv emosional ritminə qoşulurdular.
44 günlük müharibə zamanı Azərbaycan
dövləti təhlükəsizlik məqsədilə sosial
şəbəkələrdə və bəzi internet
platformalarında məhdudiyyətlər tətbiq etmişdi.
Psixoloji elmi araşdırmalar göstərir ki, informasiya
axınının məhdudlaşdırılması bəzən
fərdlərdə kontrol hissinin itməsi və stress səviyyəsinin
yüksəlməsi ilə nəticələnir. Lakin bu vəziyyətdə
fərdlər emosional stabilliyi qorumaq üçün alternativ
psixoloji mexanizmlər yaradırlar. Həmin dövrdə
insanlarımız bir-biri ilə sıx emosional əlaqəni
itirsələr də, daxili bağlılıqlarını
gücləndirdilər. Psixoloji baxımdan bu, emosional yüklənmənin
sıxılmış forması idi: insanlar
duyğularını paylaşa bilməsələr də,
onları içlərində topladılar. Və həmin
emosional enerji 8 Noyabrda, Şuşanın azadlığı xəbəri
yayılanda bir anda boşaldı, sevinc
qışqırıqlarına, qürurdan yaranan göz
yaşlarına və zəfər nidalı yürüşlərə
çevrildi.
Azərbaycanlı olan hər kəs o günlərdə
öz daxilində döyüşdü: bəziləri ön
xətdə, bəziləri arxa cəbhədə, hətta
kimisə də elan edilmiş xüsusi rejimi pozmadan qələbə
xəbərlərini evdə həyəcanla gözləyərək.
Qorxu, gərginlik və ümid bir yerdə
yaşayırdı, amma heç kim inamını itirmədi.
Çünki bu xalq ürəkdən inanırdı: haqq-ədalət
onun tərəfindədir!
8 Noyabr ilk növbədə bu inamın nəticəsi
oldu. Bu tarixi gündə xalqımızın əsrlərlə
çəkdiyi iztirab qürurla, qələbə sevinci ilə
əvəzləndi. Hər bir azərbaycanlının qəlbində
həmin gün bu cümlə səsləndi: "Biz qalib gəldik!"
Biz 8 Noyabr Zəfəri ilə dünyaya bir daha
göstərdik ki, Azərbaycan xalqı necə təmkinli,
iradəli və mərddir. Biz sübut etdik ki, müharibə
yalnız silahla deyil, inamla, ruhla və birliklə
qazanılır.
Psixoloji baxımdan, bu cür möhtəşəm
hadisələr kollektiv travmanı sağaltma gücünə
malikdir. Cəmiyyətin birgə yaşadığı
ağrılar fərəh və fəxarətlə əvəzləndikdə
milli psixologiyada yenilənmə mərhələsi
başlayır.
Müharibə zamanı əsgərlərimiz hər
an ölümlə, qorxu və məsuliyyətlə
üz-üzə idilər. Onların psixoloji
dözümlülüyü yalnız fərdi güclə
deyil, Vətənin azadlığına inamla möhkəmlənirdi.
Araşdırmalara görə, milli məqsəd uğrunda
döyüşən insanlarda psixoloji müqavimət səviyyəsi
digər hallarla müqayisədə daha yüksək olur. 44
günlük Vətən Müharibəsində qazi olmuş
leytenant Qurbanəli İsmayılovdan eşitdiklərim bu
baxımdan xeyli maraqlı və təsirlidir:
"Müharibənin mənəvi təsiri mənim
üçün o qədər də ağır olmadı.
Çünki uşaqlıqdan hərbiyə böyük
marağım var idi və 15 yaşımda bu yolu
seçmişdim. Mən və mənim kimi o sırada dayanan
yoldaşlarımın bir məqsədi var idi: təhsilimizi
başa vurub zabit kimi ordu sıralarında xidmət etmək, Vətənimizi
qorumaq, işğalda olan torpaqlarımızı azad etmək və
1990-cı illərdə millətimizə qarşı törədilən
vəhşiliklərin qisasını almaq. Biz bu yolu seçəndə
yaxşı bilirdik ki, asan yol deyil. Qarşımızda
sınaqlarla dolu, çətin bir yol uzanırdı. Amma biz
qorxmadıq, çünki bu yol Vətən yoluydu. Vətən
müharibəsində başımıza gələnlər,
aldığımız yaralar bizi sarsıtmadı. Əksinə,
bu yolda aldığım hər bir yara mənim
üçün qürur nişanıdır. Hər dəfə
o izlərə baxanda içimdə fəxarət hissi
oyanır. Lakin bizim üçün ən ağır, ən
təsirli anlar o idi ki, illərlə birgə xidmət
etdiyimiz, çiyin-çiyinə döyüşdüyümüz
dostlarımızı itirirdik. Düzdür, heç bir qələbə
itkisiz qazanılmır. Amma insan illərlə həm
yaxşı, həm də pis günlərini
paylaşdığı silahdaşlarını itirəndə,
onun ürəyində heç vaxt dolmayan bir boşluq
qalır..."
8 Noyabrda Azərbaycan xalqının öz yaxın tarixini
ağrı-acılarla deyil, qürurla xatırlamaq ənənəsinin
əsası qoyuldu. Hər bir azərbaycanlı
üçün 8 Noyabr məğlubiyyət kompleksinin yox
edildiyi, qalibiyyət ruhunun yenidən doğulduğu gün
oldu. Bu tarixi gün bizim üçün milli özünəinamın
bərpası kimi çox dəyərlidir. 8 Noyabr Zəfəri
xalqda mənəvi güvən, birliyə inam və gələcəyə
ümid hissini möhkəmləndirdi. Böyük Zəfərimiz
8 Noyabr tarixi ilə əbədiləşsə də,
yalnız bir günün nəticəsi deyil,
xalqımızın əsrlərlə çəkdiyi əzablara
illərlə hazırlaşaraq verdiyi qətiyyətli
cavabdır.
Mədinə QAFARZADƏ
BDU Hüquq fakültəsinin 1-ci kurs tələbəsi
525-ci qəzet .- 2025.- 6 noyabr (№203).- S.14.