Ağ və qara
"Əgər hökumət, bu qədər
böyük işlərlə bərabər, hələ
çatdırıb bizə də maaş verə bilirsə,
bu, qəhrəmanlıqdır!" - Qarabağda və Şərqi
Zəngəzurdakı nəhəng quruculuq-bərpa işlərini
müşahidə edən bir həmkarımızın heyrət
içərisində dediyi bu təsirli sözlər, neçə
vaxtdır, zehnimdə dönə-dönə təkrarlanır.
Bəli, şükürlər olsun ki, hələ də
var və az da deyil belə nəcib düşüncəli, qədirbilən,
əmək itirməyən vətəndaşlarımız!
İndi Vətənimizin ən parlaq və şərəfli
dövrünü yaşadığını dərk edən,
bundan qəlbən qürur duyan, bu cür möhtəşəm
işlərin müqabilində öz xırda maaşından
da keçməyə tərəddüdsüz hazır olan sadə
insanlarımız!
Amma təəssüf ki, belə canıyanan,
gözü-könlü tox vətəndaşlarla
yanaşı, cəmiyyətimizdə nankorlar da boy göstərə,
nanəciblər də ortaya çıxa bilirlər. Onlar
öz cılız maraqları, şəxsi mənfəətləri
naminə çevrəsindəki misilsiz yenilikləri görməzdən
gələn, girəvə düşən kimi yaxşı hər
şeyə çirkab atan, batini xəbislik, kin-küdurət
qaynayan zavallı fürsətcillərdir! Sözsüz, belələri
həmişə olub, ancaq indi - gün
işığının məmləkətimiz üzərində
gur işıqlar saçdığı bir zamanda daha tez və
çox gözə batırlar. İlk növbədə ona
görə ki, öz xəbis düşüncələrini
tirajlamaq üçün əllərinə sosial şəbəkə
kimi əlverişli vasitə düşüb və necə deyərlər,
bulanıq suda balıq tutmaq asanlaşıb. İçinin zəhərini
həvəslə, pərdələmədən yayanlar öz
yerində! İkrah doğuran söz və əməllərini
üstüörtülü, dolayı yollarla ötürmək
istəyənlərdir. Özü də içlərində
o qədər xılt var ki, öz mənfur mövqelərini
ört-basdır etməyə çətinlik çəkirlər.
Belə davranışlar başqa dövrdə, bəlkə də,
fərqli təsir yarada bilərdi. Amma Azərbaycanın
inanılmaz uğurlara imza atdığı parlaq bir dövrdə
gedən əzəmətli proseslərə də ağız
büzdüklərindən onların bu çirkin mövqeyi
daha artıq hiddət doğurur. Belə nankor və
naşükürlərin arasında xüsusən müstəqillik
illərində dövlətin yaratdığı imkanlardan
geninə-boluna bəhrələnib doğru-əyri yollarla sərvət
yığanların da olduğunu görəndə adamı
sadəcə dəhşət bürüyür. Sanki iki
qütbdür - Ağ və qara. Bir tərəfdə - Ağ
qütbdə - sosial-iqtisadi çətinliklərlə
yaşasa da, Vətənimizin bugünkü uğurunu dərk
edən, çətinliklərə dəyanətlə sinə
gərib ağıllı, soyuq mühakimələr
yürüdən sadə, səmimi vətəndaşlar, o
biri tərəfdə - Qara qütbdə isə müstəqilliyimizdən
yararlanıb özünə və nəslinə saya-hesaba gəlməyən
sərvətlər toplayan, lakin hələ də gözü
doymayıb ağız büzənlər. Zülmətə
bürünmüş tərəfdəki ikincilərin
narazı və üsyankar ovqatı yalnız nifrət
yaradır. Və yazının əvvəlində fikrini
xüsusi qeyd etdiyim sadə həmkarımızın, onun kimi
örnək vətəndaşların mövqeyinə,
düşüncə tərzinə hörmət, ehtiram qat-qat
artır.
Baş verənləri vicdanla, insafla
ölçüb-biçmək, Azərbaycanın son beş
ildə qazandıqlarının çoxəsrlik tariximizdə
heç vaxt əldə edilmədiyini ürəklə dilə
gətirmək lazımdır!
Ən azından yaxın tariximizə ekskurs edib həm
müstəqil dövlət olaraq, həm də bir vətəndaş,
konkret fərd kimi haradan-hara gəldiyimizi anlamaq gərəkdir!
Təbii ki, əgər vicdan və insafın zərrəcə
qırıntıları qalıbsa...
Azərbaycanın Zəfər Lideri son 5 ildə
ölkəmizi, xalqımızı nə qədər təhlükələrdən
sağ-salamat, həm də ardıcıl qələbələrlə
çıxarıb, Azərbaycanımızı dünyada
ön sıralara qaldırıb, qalib və qadir dövlətə
çevirib. Son beş ildə dəfələrlə olub,
müxtəlif siyasətçilər, ictimai xadimlər,
ziyalılar hegemon güclərin Azərbaycana yarada biləcəyi
təhlükələrdən yayınmaq üçün ən
müxtəlif səviyyələrdə "bəzən bir
az güzəştə getməyin
mümkünlüyü"nü dilə gətiriblər.
Amma Müzəffər Liderimiz qətiyyən tərəddüd
etməyib, haqlı mövqeyindən bir addım da geri çəkilməyib.
Bəlkə də, bir çoxumuz vaxtilə bu suallar ətrafında
beyin yormuşuq: "Günlərlə o tərəfdə
yan-yana düzülüb Xankəndinə yardım aparmaq icazəsi
gözləyən TIR-lardan bir neçəsini sərhədimizdən
içəri buraxıb gərginliyi nisbətən azaltmaq
olmazmı?! Fransa, Rusiya kimi ölkələrlə münasibətlərdə
təhlükəli həddə çatmamaq üçün
sərt ritorikanı bir az yumşalda bilmərikmi?" Son
beş ildə bu qəbildən olan daha neçə epizod
sadalamaq olar.
Bəli, biz - sadə insanlar ehtiyatlanmışıq, yəqin
ki, çoxumuz da səmimi narahatlıqla belə
düşünmüşük.
Lakin Müzəffər Liderimiz sonadək qətiyyətli
davranıb!
Axıra qədər qərarlılıq göstərib!
Səbr-təmkin mübarizəsində, əsəb
savaşında misilsiz dəyanət nümayiş etdirib!
Özünün nəzərdə tutduğu və əslində
mütləq əksəriyyətimizin arzuladığı
yüksək nəticəni alanadək dözüb, dayanıb
və davam gətirib!
Başqa hansı siyasətçi, hansı lider bunu
bacarardı?!
Azərbaycanla bağlı məsələ
aydındır: müqayisəyə ehtimal belə yoxdur! Amma
ümumən müasir dünyada, beynəlxalq siyasi mühitdə
də bu qüdrəti kimdənsə ummaq mümkün deyil -
məntiqsiz, öncədən iflasa məhkum cəhddir!
Yalnız O imza ata bilərdi belə böyük Zəfərə
və uğurlara!
Yalnız O bacardı bunu!
Və bu möhtəşəm nailiyyətlər,
çox şükürlər ki, bizim bəxtimizə, Azərbaycanın
payına düşdü!
Ancaq əfsuslar ki, nadanların, nankorların,
naşükürlərin, xəbislərin də ən
anlaşılmazlarına, ən bədxislətlərinə də
nədənsə elə biz düçar olmuşuq...
İndi - Böyük Zəfərimizin 5-ci
ildönümü ərəfəsində bunları soyuq
ağılla düşünüb anlamaq, nəcib təbiətli
sərçə misalı, bir damcı su ilə də olsa,
kömək edib bir yaxşı işə yaramaq yerinə, xəyanət,
nankorluq yolunu tutub rəzil günə qalanlara nə deyəsən?
Yəqin ki, elə bu rəzil günlərinin davam etməsini!
Amma yox: tövbə qapısı, etiraf yolu həmişə
açıqdır! Əfv diləyib yanlışdan dönmək
yenə də mümkündür!
Baş verənləri vicdanla, insafla
ölçüb-biçmək, Azərbaycanın son beş
ildə qazandıqlarının çoxəsrlik tariximizdə
heç vaxt əldə edilmədiyini ürəklə dilə
gətirmək lazımdır!
Ən azından yaxın tariximizə ekskurs edib həm
müstəqil dövlət olaraq, həm də bir vətəndaş,
konkret fərd kimi haradan-hara gəldiyimizi anlamaq gərəkdir!
Təbii ki, əgər vicdan və insafın zərrəcə
qırıntıları qalıbsa...
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .- 2025.- 7 noyabr (№204) .- S.7.