UÇMAQ HAQQI OLMAYAN
DURNALAR
Bəlkə də Qubada, o Möhüc kəndindəki
hələ həyatda olan hansısa ağsaqqalların,
ağbirçəklərin - 1930-cu illərin
sonlarının, 1940-cı illərin əvvəllərinin
uşaqlarının - nə əvvəl, nə sonra
gördükləri ədəbiyyat müəllimlərinin
heç birinə bənzəməyən, dərsindən
doyulmaz, Sibirin dəhşətlərini dadıb gəlmiş,
yenə də çox keçmədən elə gəldiyi
yerə də qaytarılan Cəfər müəllim
yadındadır.
Yediyi bütün vaxt zərbələrinə
baxmayaraq, əsla ruhdan düşməmişdi, əksinə,
bəlkə həvəsi daha da artmışdı,
Möhüc kənd məktəbində şövqlə dərslərini
deyirdi, bununla da ürəyi soyumurdu, Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun Tarix fakültəsinə də ərizə
göndərmişdi, 1940-42-ci illərdə oranı da qiyabi
yolla oxuyub başa vurdu. Ümid bəsləyirdi ki, çox
keçməz, Bakıya qayıdar, ədəbi mühitlə
qaynayıb-qarışar, təzədən ədəbi fəaliyyətini
dirçəldər. Ancaq sən saydığını say,
gör şura hökuməti nə sayır.
1942-ci ilin 10 oktyabrında Cəfər İsmayılzadəni
gecənin şirin yuxusundan kirələdiyi komanın
yanında dayanan maşının səsinə
hürüşən itlər oyadır. Yenə ardınca gəlmişdilər.
Qubanın Möhüc kəndi ucqar bir yer idi. Cəfər
Rəmzinin də oradakı günləri səhər tezdən
məktəbə gedib axşamacan dərslərini demək, evə
qayıdandan sonra da kimsəylə oturub-durmadan sabahkı dərslərə
hazırlaşaraq yuxuya getməkdən ibarət idi. İlan
vuran ala çatıdan hürkər - qorxusundan yazı-pozuyla
da məşğul olmurdu ki, onu dübarə ilişdirməkdən
ötrü yapışmağa yer olmasın. Ancaq
dovşanı araba ilə tutan, 1937-38-ci illərin siyasi
repressiya tüğyanlarında bir az da qartlaşmış
şura hökumətinin əlində bir insanı ittiham etməkçün
səbəblər tapmaq su içmək kimi asan idi.
Cəfər İsmayılzadəni təzədən
"NKVD" zindanına atmışdılar və ittiham
edirdilər ki, sən Möhüc kəndində əhali
arasında antisovet təbliğat aparmısan.
Günahlandırırdılar ki, 1941-ci ildə faşist
Almaniyası Sovet İttifaqının üzərinə
hücum edəndən sonra sən əhali arasında
danışırsanmış ki, almanlar gəlib buranı
tutsalar, biz ağ günə çıxacağıq.
Ha and-aman edirdi ki, böhtandır, bircə nəfər
gətirin, təsdiq eləsin ki, o sözləri mən
demişəm. Sadədil bir insan idi. Lazım olsa, bir yox,
onlarla adam gətirə bilərdilər.
Və hamısı da
qırmızı-qırmızı üzünə durar,
birinin üstünə beşini də qoyaraq təsdiq edərdilər
ki, həmin sözləri Cəfər İsmayılzadənin
dilindən bir kərə deyil, dəfələrlə
eşidiblər.
Qondarma şahidlər tapmaq, qəlp ittihamlar uydurmaq
ovaxtkı (bir qədər dəyişik şəkildə elə
həm də sonrakı) sovet cəza orqanlarının gündəlik
işi idi.
1942-ci ilin 11 oktyabrında artıq Keşlə həbsxanasında
gecələyən Cəfər İsmayılzadə bir
neçə günlük dindirmələrdən sonra
Krasnovodska yola salınır - oradan Daşkəndə, oradan
Alma-Ataya (indi Almatı), oradan da Novosibirskə. Ona bu dəfə
15 il iş kəsmişdilər. Bu isə təxminən
yoxluğa göndərilməyə bərabərdi.
Cəfər müəllim onillər sonra etiraf edirdi
ki, artıq Bakıdan çıxarkən ölümə
getdiyini, bir daha vətənə qayıda bilməyəcəyini
gözünün altına alıbmış.
Gedib çatır şəraiti Komidən də sərt
olan, illərlə sözün bütün mənalarında
dustağı və əsiri olacağı o ucqar məkana.
Yazı-pozusundan, müəllimliyindən əlavə
Cəfər Rəmzi arxada qalan illərdə fotoqraflıq sənətinə
də yiyələnmişdi. Sürgün həyatı
yaşayırdı, hər günü ağır qul əməyinə
bərabərdi. Yarıac-yarıtox güzəran
keçirirdi, ancaq tədricən fotoqraflıq həyatında müəyyən
nizam yaranmasına dayaq durur. Həbs düşərgəsinin
nəzarətçiləri də elə
yaxınlıqdakı evlərdə yaşayırdılar.
Onların ailələrində ad günləri də qeyd
edilirdi, hansısa bayramlar da. Belə olanda həmişə Cəfəri
də dəvət edərdilər.
Gəlirdi, onların şəkillərini çəkirdi,
ertəsi gün fotoları aşkarlayırdı, seçərək
ən yaxşılarını çap edib gətirirdi və əvəzində
pul-para vermirdilər. Amma düşərgədəki şəraiti
müəyyən qədər babatlaşırdı, onunla
başqa sürgünlülərə nisbətən
mülayim davranırdılar, əsas qazancısa bu olurdu ki, hər
şəhərə yolları düşüb qayıdanda
ara-sıra foto kağızı, aşkarlayıcı, bərkidici
məhlullar alıb gətirirdilər. Bunu, təbii, özləri
üçün edirdilər ki, ehtiyac duyanda şəkillər
çəkdirib-çıxartdırmaqda
sıxıntıları olmasın. Amma Cəfər də əlinə
təbərrük kimi düşən foto sursatını qənaətlə
sərf edirdi ki, həmişə "qara gün"
üçün ehtiyatı qalsın.
Cəfər Rəmzi sonralar söyləyirdi ki, orada
bir akademiyanı keçib gəlmiş kimi oldum, hər
növ insanla rastlaşdım. Qaçağından-quldurundan,
başkəsənindən-əzazilindən tutmuş ən
böyük alimlərinə, ən mötəbər
ziyalılarınacan.
Cəfər İsmayılzadənin 21 il 2 ay sürən
bu həbs, sürgün həyatından sonra vətənə
qayıdaraq yaradıcılığa başladığı
müddətdə nəşr etdirdiyi bir yığın
kitabın sırasında "Gəlin birlikdə gülək"
adlı balaca toplu da var. Ora dünya xalqlarının gülməcələrini,
məzəli söhbətlərini cəmləyib. Ümumən
iti söz, şuxluq, hazırcavablıq, zarafatcıllıq bu
insana çox xas idi. Həyatın o təhər ağır
iztirabları onu sındıra bilməmişdi.
Mehribanlığı, həlimliyi həmişə
qalırdı. Sifətinin təbəssümü də əskik
olmazdı. Ömrünün faciəli əyyamlarından
keçmiş ən qəmli hadisələri də bir
çimdik duz qataraq elə məzə ilə nağıl edərdi
ki, mahiyyətcə kədərlə dolu olan əhvalatların
da qüssə yükü azalardı, ən qəmgin məzmunlarda
da dodaqqaçıran nəsə işarardı.
Deyirdi ki, Sibirdə müxtəlif vaxtlarda qalstuka
görə tutulmuş iki nəfərlə rastlaşıb.
Və başlayırdı onların hekayəsini
danışmağa ki, qalstuka görə "ASA" (ASA -
antisovet agitasiyası - antisovet təbliğat) maddəsi ilə
həbs olunaraq 8-10 ilədək iş almış iki nəfərdən
biri moskvalı görkəmli alim, digəri ovaxtkı
Leninqraddan, indiki Sankt-Peterburqdan olan görkəmli rəssam
idi. Birini qalstuku çox bəyənib istifadə etdiyi
üçün, digərini isə qalstuka biganə
baxdığına görə həbs etmişdilər. Cəfər
İsmayılzadə bu şəxslərlə
büsbütün fərqli vaxtlarda rastlaşmışdı
və özü də təəccüblənirdi ki, necə
olur Allah belə söhbətləri elə mənim
qarşıma çıxarır. Hər iki hekayəti elə
can yiyələrinin özlərindən eşitmişdi. Həmin
leninqradlı rəssam danışırmış ki, mən
azad sənətkaram, sənətdə olduğu kimi, elə
geyimdə də sərbəst, təmtəraqsız üslubu
xoşlayıram. Günlərin birində dostlarla yeməkxanada
oturub pivə içirdik. Söz sözü çəkdi,
söylədim ki, hər gün qalstuk bağlayan adamları
anlaya bilmirəm. Çünki gündəlik belə əhəmiyyətsiz
işə vaxt sərf etmək bekar adamların işidir. Təsəvvür
edin ki, hər səhər qalstuku seçmək, boynuna dolamaq,
düyünləmək, sonra bir xeyli o düyünü
oyan-buyan edib sahmanlamaq nə qədər bihudə zaman
aparır. Ağlı başında olan, vaxtına hörmət
edən adam o işlə məşğul olmaz. Bax, mən
ömrümdə qalstuk taxmamışam, taxmayacağam da,
bunun narahatlığını da heç hiss eləmirəm.
Gecə bu kişinin ardınca gəlib basırlar
dustaq maşınına, aparırlar aparılmalı yerə.
Çəkirlər məhşər ayağına ki, bu
gün günorta çağı, saat filan-filan dəqiqədə,
filan yeməkxanada, camaat arasında Leninin əleyhinə
danışmısan.
Rəssam heyrətə düşür, dərhal
etiraz edir ki, şərdir, mən ömrümdə o cür
sözü dilimə gətirməmişəm, gətirmərəm
də. Lenin hara, mən hara? Onun adı bu günlərdə
heç dilimə gəlməyib.
Çımxırırlar ki, özünü bicliyə
vurma. Necə yəni rəhbərin adı dilinə gəlməyib?
Oturmusan sənə oxşayan alkoqolik yoldaşlarınla,
içib keflənəndən sonra iç üzünü
açmısan, demisən ki, qalstuklular avara,
işi-gücü olmayan, mənasız yerə vaxt itirən
gicbəsər adamlardır.
Qayıdır ki, bəli, ona oxşar sözlər
demişəm, ancaq Lenin adını tutmamışam.
Üstünə bağırırlar ki, yaxşı oldu
özün etiraf etdin, onsuz da ifşa olunacağını hiss
edərək hər şeyi boynuna aldın.
Üstüörtülü şəkildə proletariatın
dahi rəhbərinə sataşmaq daha necə olmalıdır
ki! Vladimir İliç həmişə kostyumda gəzər,
səliqə ilə geyinər, qalstuk taxarmış.
Çünki qalstuka səliqə-sahman, məxsusi mədəniyyət
əlaməti kimi baxırmış. Sən bu gün o yeməkxanada
antisovet element, xarici kəşfiyyata qulluq edən casus olaraq
qalstuk haqqında söhbəti təsadüfən
açmamısan, dolayısı ilə Lenini vurursan, "avara"
deyib ona sataşmaq istəyirsən. Sənin kimi "xalq
düşmənləri"nin yeri Sibirdir.
Vədlərinə əməl etmişdilər,
kişiyə 10 il iş verib göndərmişdilər Sibirə.
Üstündən bir müddət keçəndən sonra isə
Cəfər İsmayılzadə artıq qalstuk taxmağı
sevdiyinə görə həbs olunan başqa bir adamla tuş
düşmüşdü. O da məşhur alim, Moskva
Universitetinin professoru imiş. Çoxlu tələbələri,
yetişdirdiyi alimlər varmış - sanballı bir insan.
Cəfər müəllim söyləyirdi ki, bir
gün tayqada meşə doğradığımız vaxt
arada dustaqlara bir neçə dəqiqəlik papiros fasiləsi
vermişdilər, həmin moskvalı professor başına gətirilən
müsibəti danışdı. Deyir, məşğələlərimdən
birində aspirantlarımı yığmışdım,
onlara elmi məsləhətlərimi verəndən sonra bunu da
tövsiyə etdim ki, savad-bilik öz yerində, çalışın
yaxşı alimlər olun, elmdə irəli gedin, dərs
deyin, seçilən müəllimlər olun, amma həmişə
geyim-keciminizə də xüsusi fikir verin. Çünki
geyim-kecim insanın şəxsiyyətini tamamlayan vacib əlamətdir.
Məsələn, qalstukdan daim istifadə edin. Çünki
qalstuk ziyalılıq, kübarlıq əlamətidir. Mədəni
adam, səliqəli şəxs, özünə və ətrafa
hörmət eləyən insan gərək həmişə səliqə
ilə kostyum geyinsin və qalstuk taxsın.
Gecəylə bunun da ardınca gəlib alırlar
caynaqlarına: "Stalinin əleyhinə danışmısan.
Demisən ki, mədəniyyətsizdir, kübar deyil, şəxsiyyəti
natamamdır. Sənin ellər atasına nifrətinin səbəbi
nədir? Sən hansı qüvvələrin
çaldığı ilə oynayırsan?!"
Ha etiraz etsə də ki, mən nəinki yoldaş
Stalinin əleyhinə danışmışam, əksinə,
onu çox sevirəm, dərslərimdə əsərlərindən
sitat da gətirirəm, ona məhəbbətimi cavanlara da
aşılayıram.
Söyürlər, döyürlər, işgəncə
verirlər ki, həqiqəti boynuna al! Kişi nə qədər
fikirləşsə də, tapa bilmir ki, Stalin barəsində
harada, nə söyləyib.
Yadına salırlar ki, filan auditoriyada, filan saatda,
aspirantın olan filankəslərin beynini doldurmağa
çalışmısan ki, guya qalstuk mədəniyyət əlamətidir,
ona biganə olanların mədəni səviyyəsi
aşağıdır. Yaxşı, Stalin yoldaş qalstuk
taxmır, demək istədiyin budurmu ki, dahi rəhbərimiz mədəniyyətsiz,
səliqəsiz, kübarlıqdan uzaq
adamdır?
Dili tutulubmuş, bu əcaib məntiqin
qarşısında aciz qalıbmış, bunun da belinə
yenə həmin antisovet təbliğat maddəsi ilə 10 il
şələləyərək yollayıblarmış Sibirə. Dövr belə dövr
imiş, siyasəti, həyatı absurdlar idarə edirmiş...
Və Cəfər Rəmzini həmin ləngərini
itirən çaşbaş zəmanədə dürlü
absurdların hamısından daha çox narahat edən bu
olmuşdu ki, o, yazmaq imkanından məhrum edilibmiş.
Söyləyirdi ki, qələm-kağız yox idi,
hamımızın da şəxsi işləri əllərindəydi.
Bilirdilər kim vaxtilə yazı-pozu ilə məşğul
olub, elm adamıdır, yazıçıdır. Belələrini
xüsusi nəzarətdə saxlayırdılar ki, əllərinə
qələm-kağız düşməsin; mən də
şeirlər yazırdım. Daha doğrusu, şeirlər
içərimdə doğulurdu. Ancaq onları kağıza
köçürməyə ürək etmirdim. Hətta hərdən
əlimə təsadüfən qələm-kağız
yetişəndə də yazmağa cürətim olmurdu.
Çünki şəkk-şübhə yox idi ki, məni
kağız-qələmlə tutsaydılar, işimin
üstünə iş artıracaqdılar. 15 il vermişdilər,
cəzamı çəkirdim, haçansa bu müddətin bitəcəyinə
xəfif ümid də vardı, lakin bu 15-in üstünə əlavə
10 il də artırılsaydı, demək, bütün həyatım
Sibirdə çürüməli idi.
Ona görə də Cəfər Rəmzi şeirlərini
ürəyində, düşüncəsində
qoşurmuş və dönə-dönə təkrarlayırmış
ki, hafizəsinə həkk olunsun.
Və ən əzablısı da odur ki, haçansa
yaddaşındakı, hafizəsindəki o şeirləri
kağıza köçürməyə imkanının
olacağı bir günün yetişəcəyinə
ümid də bəsləmirmiş. Söyləyirdi ki, məni
Sibir illərində ən çox qüssələndirən
bu idi ki, o şeirlər ürəyimdəcə,
yaddaşımdaca ölüb gedəcək.
Cəfər İsmayılzadə bunu da yada
salırdı ki, günlərin birində yenə ağır
iş saatlarından sonra arada bizə verilmiş yarım
saatlıq fasilədə oturmuşduq. Kimi öz aləminə
qapılmışdı, həmişəki kimi
qatmaqarışıq fikirlərin əlində idi, kimlərsə
bir-birilə söhbətləşirdi, kimi maxorkasını
bükürdü. Bu arada silahlı nəzarətçilərdən
biri ucadan səsləndi ki, yoldaş Stalin vəfat edib. Bircə
nəfər də yerindən tərpənmədi, bircə nəfər
də qımıldanmadı. Bir çoxları elə
dodaqaltı söydülər. Əvvəlki vaxtlar olsaydı,
kimin ağzı nə idi mil durmayaydı! Dövr dəyişmişdi,
insanlar başqalaşmışdı.
...Bu xəbər gəlincə, hər kəsin
içərisində bir ümid yaranıbmış ki, bəlkə
qapımız açıldı. Bu donuşluğu bitməyən,
dirisinin də canlı meyit olduğu özü boyda insan məzarlığında
- Sibirdə hər günü ölümlə göz-gözə
keçirilən illərdən sonra insanların içərisindəki
vahimə, qorxu hissi də sanki çoxdan
ölübmüş.
Cəfər Rəmzi bunu da xatırlayırdı ki, o
xəbər yayılandan sonra buradakıların hər birinin ürəyində
ümid şöləsi yanmağa başladı - deyəsən,
işgəncələrin sonu lap yaxındadır. Elə həmin
gündən etibarən tez-tez öz aralarında
danışmağa başlayırlar ki, ola bilsin, tezliklə
işlərimizə də yenidən baxılacaq, bizi də
buradan azad edəcəklər. Hamı
başlayıbmış Moskvaya elə bu xahişlə məktublar
yollamağa...
Cəfər İsmayılzadə orada - Sibirdə ikən
bir daha vətənə qayıda bilməyəcəyinə
artıq daxilən əmin olduğundan ailə həyatı
qurmuşdu, bir rus qadınla evlənmişdi. Üç
övladı da dünyaya gəlmişdi - Nizami, Venera, Melodiya.
Artıq onunçün də ölüm zənginin əvəzinə
həyat melodiyasının çalınacağı
çağlar yetişmişdi. 1956-cı ildə tilsim
qırılır. Çox qapılar açılır və
Cəfər Rəmzi də ailəsini götürərək
Sibirdən böyük ümidlərlə Bakıya
qayıdır...
O, bu dili sevirdi, ömrü uzunu bu dilin eşqi ilə
yaşayırdı. Zahirən guya burada qeyri-adi nə var ki!
Ana dilimizdir, azərbaycancanı hamımız sevirik. Ancaq Cəfər
Rəmzinin ana dilinə məhəbbəti bir başqa idi.
Çünki o, çoxlarından, bəlkə də əksəriyyətimizdən
fərqli olaraq, günlərin birində bu dili itirmək dəhşətini
yaşamış, bunu köksündə ən çəkilməz
dərd kimi daşımışdı. Həm də bir il,
üç il, beş il yox, onillər boyu! Ona görə onun
dilə məhəbbəti bu üzücü qorxunu
yaşamamış bütün ətrafındakılara baxanda
birə-beş çox idi. Əslində
uşaqlığından - 8-9 yaşından, şeirlər
yazmağa başlayandan bu dilin vurğunu idi. Ancaq yaşa
dolduqca, şeir ömrünü doldurduqca dilə də, dilin
hər bir sözünə də münasibəti dəyişmişdi.
Bu əhvalatı da özü danışırdı,
ancaq bənzər hekayəti taleyi ona bənzəyən bir
başqa insandan da eşitmişdim. Cəfər Rəmzi həbs
düşərgələri, sürgünlər, Sibirlər
görüb qayıtmış insan idi. Eyni aqibəti ondan illər
sonra İsmixan Rəhimov da yaşamışdı. İkisindən
də oxşar sarsıntılı əndişələr
haqda etirafları eşitmişəm. Cəfər Rəmzi
danışırdı ki, tale məni ağlıma gəlməyən
elə yerlərə aparıb çıxarmışdı
ki, sağımda-solumda bircə nəfər belə azərbaycanlı
yox idi. Düşünürdüm ki, illərcə burada
qalacam, kəlmə kəsəcək bir azərbaycanlı da
yox, dil yadımdan çıxa bilər, içimdə dil
ölə bilər.
Eyni duyğunun qorxusu ilə yaşamasını Cəfər
müəllimdən xeyli sonra - artıq 1948-ci ildə həbs
edilmiş, 25 il cəza almış və bütün bu
müddətini vətəndən uzaqlarda keçirəcək
vətən və dil aşiqi İsmixan Rəhimov da söyləyirdi.
Cəfər müəllim danışırdı ki,
dili itirmək, yaxud dili yadırğamaq məndə elə bir
həyəcan yaratmışdı ki, gecələr yatmazdan
öncə mütləq öz-özümlə
danışırdım. Ürəyimdə yox, ucadan
danışırdım ki, sözlər dilimdə səslənsin,
qulağımda eşidilsin, ta yadımdan çıxmasın.
Deyirdi ki, başqa dustaqlarla bərabər məni də
ağır işlər görməyə aparırdılar. Elə
həmin işləri görə-görə də
dodaqaltı danışırdım. Kənardan baxanların mənim
haqqımda dediyi sözləri eşidirdim.
Pıçıldaşırdılar ki, cavan oğlandır,
yazığın başına hava gəlib.
Ətrafdakı dustaqlar, nisbətən yaşlı, təcrübəli
adamlar bu gəncin düşdüyü şəraitə
görə dəli olduğunu zənn edirmiş. Dəli
olmağına dəli olmamışdı, ancaq hər halda elə
bu havaydı. Dilin havasıydı, dilin eşqi idi ki, onu adi vəziyyətindən
çıxartmışdı və bu hava, bu eşq, bu dil
sevdası Cəfər Rəmzi ilə 90 ili aşan
ömrünün bütün illəri boyunca ən əziz
sirdaş qaldı.
...Bu, köhnə söhbətdir ki, dünyada nə qədər
mal-dövlət, sərvət toplayırsan-topla, yenə əliboş
gedəcəksən, özünlə apardığın bircə
kəfən olacaq.
Cəfər Rəmzi vətəndən ayrılanda
özü ilə kəfən aparmamışdı. Amma hər
halda ölümə getdiyini düşündüyündən
özü ilə bir dəsmal aparmışdı. Həmin dəsmal
anasının yadigarı idi. Həmişə də o dəsmalı
göz bəbəyi kimi qoruyurdu. Ancaq gedəndə dəsmalın
içərisində bir ata yadigarını da
aparmışdı. Cəfər dəsmalın içərisinə
bir ovuc torpaq qoymuşdu.
Xatırlayırdı ki, Komidə olduğu, sonra
Qazaxıstanda ömür keçirdiyi həbs düşərgələrindəki
vəhşətli illərdə həmin dəsmalı
içindəki torpaqla birgə həmişə içəri
cibində, ürəyinin başında saxlayarmış. Elə
yerdə idi ki, oradan qar, yağış əskik olmazdı.
Bircə qorxusu ondan idi ki, bu dəsmal islanar, torpağa zədə
dəyər.
Həyatının daimi buzlaqlar, kəsilməz
şaxtalar mühitində keçən müdhiş günlərini
yada salanda bir məqamı həmişə qəhərlə
anırdı ki, günlərin birində bizi yenə meşə
doğramağa aparmışdılar. Axşamüstü
hamımız yorğun-arğın, ayaqlarımızı
zorla çəkə-çəkə qayıdırdıq.
Bir balaca çay vardı, onun üstündən keçəcəkdik.
Körpü-filan yox idi. Elə iki ağacı bu taydan o taya
atmışdılar. Həmin ağaclar körpünü əvəz
edirdi. Biraddım-biraddım, ehmallıca keçirdik. Birdən
sürüşüb düşdüm buz kimi suyun içərisinə.
Təpədən-dırnağa islandım. Orada islanmaq elə
ölümə bərabər idi. Çünki kəskin
şaxtalı bir gün idi. Soyuq bir neçə dəqiqənin
içərisində bütün geyim-kecimimi buz elədi.
Dayanmağa, ocaq qalayıb isinməyə, paltarları
qurutmağa nə imkan vardı, nə icazə. Yeganə
çarə nə qədər yorğun olsaq da,
addımları sürətləndirib yatacağımız yerə
tez çatmaq idi. Bir müsibətlə özümüzü
çatdırdıq mənzil başına. Ancaq
paltarlarımı çıxaranda, əlimi qoltuq cibimə
sarı uzadanda məni dəhşət bürüdü.
Gördüm ki, həmişə ürəyimin başında
saxladığım, içində Mərdəkan
torpağı olan dəsmal da islanıb.
Xəstələnir, ertəsi gün
qızdırması 40-a qalxır. Ancaq nə xəstələnməsinə
baxan vardı, nə qızdırmasının qalxmasına bənd
olan.
Deyirdi ki, sabahı gün yenə işə
çıxarıldıq, dünən kəsdiyimiz
ağacları meşənin içərisində
qırağa daşımalıydıq və yenə içərisi
vətən torpaqlı dəsmal mənimlə idi.
Düzdür, daha torpaq deyildi,
palçıqlaşmışdı, bərkimişdi. Gözlədim
ki, bir az da qurusun, lap daşlaşsın. Sonra onu ehtiyatla əzdim,
ovxaladım ki, yenə torpağa dönsün. Çünki
palçıqlaşandan, daşlaşandan sonra ürəyimin
üstündə sinəmi deşirdi.
Arada Komidəki müddəti
bitəndən sonra vətənə qayıdanda,
sürgünlüyü burada bir başqa şəkildə
davam edəndə, Bakıya gəlməsinə yasaq qoyulub
Qubanın ucqar kəndinə sığındığı
çağlarda da həmin dəsmaldan
ayrılmamışdı - dəsmal həminki yerində,
ürəyinin başında idi.
Sibirə növbəti 15 illik sürgünündə
də palçığa dönüb quruyan, sonradan ovulub
tozlaşan həmin bir ovuc vətən torpağı ana
yadigarı dəsmalın içində ürəyinin
başında idi.
Bir dəfə yenə ikilikdə oturmuşduq, Cəfər
müəllim cibindən səliqəli xətti ilə
yazdığı vərəqlərdən birini
çıxartdı və şeir oxudu. O şeir elə torpaq
haqqında idi. Sibirdən, artıq bəraətlər
mövsümündə həbs düşərgələrindən
canını qurtararaq vətənə qayıdan bir
keçmiş məhbus haqqında. Şeiri oxudu və
qayıtdı ki, "qoca" dediyim əslində mən
özüməm.
Düzdür, qayıdanda ona qoca demək olmazdı.
1956-cı il idi, 51 yaşı vardı. Heç 51
yaşına oxşamayan qədər də gümrah,
qıvraq görünürdü. Sibirin
şaxtası-sazağı, orada çəkilən məşəqqətlər
üst-üstə qalanaraq insanı nə qədər
sıxsa da, sanki həm də ona əlavə güc, intəhasız
dözüm verirmiş. 1970, 1980, 1990-cı illərdə Sibir
sürgününü görmüş, tayqada onilləri
keçmiş neçə sabiq məhbusla həmsöhbət
olmuşam. Gedər-gəlməzdən salamat qurtarıb
qayıdan o nəcib "xalq düşmənləri"nin əksəri
80-i adladı, bir çoxu 90 ildən də çox
yaşadı. Sanki orada ötmüş ağır illər bu
insanların hamısını içəridən səfərbər
etmiş, varlıqlarındakı yaşamaq eşqini birə-on
artırmışdı. Amma hər halda məndə elə o
vaxtlar bu güman da yaranmışdı ki, məsələnin
mənəvi tərəfi, daxilən toparlanıb qüvvətlənmək,
mətinləşmək öz yerində, yəqin, bunun bir
öyrənilməmiş tibbi səbəbi də var.
Mümkündür, şiddətli Sibir soyuqları bədəndəki
ömür qısaldan hansısa hüceyrələri
öldürüb yox edirmiş ki, orada uzun illər qalıb
qayıda bilənlər sonra uzunömürlü olurlarmış.
Cəfər müəllim indi yadıma düşən
o şeiri 1956-cı ildə yazmışdı - bir məhbus
artıq azad edilərək vətənə qayıdır. Vətən
torpağına çatınca ilk işi yerə çökmək
olur. Dizini atır, vətən torpağını
öpür.
Qismətinə vətən ayrılığı
düşmüş, Cəfər taleli onlarla, yüzlərlə,
minlərlə başqası da eyni hərəkəti
etmişdi, vətənə yetişincə, illərlə həsrətlisi
olduqları, bir daha görəcəklərinə ümid belə
bəsləmədikləri torpağı
öpmüşdü (İkinci Dünya müharibəsindən
ev-eşiyinə qayıtmışların bir çoxunun da məhz
bu cür etməsi haqda da onların özlərindən, ya
doğmalarından az eşitməmişəm).
"Qafqazskaya"da dayandı qatar,
Bir vaqondan endi yerə ixtiyar.
Hələ heç Azərbaycana çatmayıblar. O
qoca "Qafqazskaya" stansiyasında, artıq Qafqaza yetişəndə
öpüşünün siftəsini etmişdi.
Qafqazsa Sibirləri görüb dönən vətən
həsrətlilərindən ötrü elə doğma yerlər
deməkdi.
Dalğalı dəniztək coşdu,
çağladı,
Üz qoydu torpağa, öpdü, ağladı."Çəkinmə,
qəlbini söylə, aç mənə".
Titrəyə-titrəyə qaldırdı
başın,
Sildi saqqalından axan göz yaşın,
Dedi: "Əhd etmişəm olanda girdə
Dumanlı, şaxtalı, qarlı Sibirdə:
Ölməyib də görsəm Qafqazı bir də,
Öpüb o müqəddəs əziz məkanı,
Sinəsi üstündə tapşırım
canı".
Cəfər Rəmzi qayıtdı, torpağı
Qafqazda da öpdü, qatar Azərbaycan ərazisinə daxil
olandan sonrakı ilk dayanacaqda da öpdü, Bakıya
yetişincə elə burada da öpdü, getdi doğma Mərdəkanına,
orada da dəfə-dəfə öpdü.
Və həmişə sadəcə əziz deyil, həm
də müqəddəs saydığı bu torpağın
üstündə sonra 40 il yaşadı.
Yaşadı və bu torpağa, bu dilə, bu vətənə
hər nəfəs çəkdikcə xidmət etdi.
...Komidə durnaların nə işi?! Oranın nə
yayı, nə qışı durnalara uyğun idi. Durnalar
dünyanın çox ölkələrində
yaşayır. Hər il də vətən etdikləri o
ölkələrdən qışlamaqçün, qatarla,
ikinci vətən kimi seçdikləri digər ölkələrə
uçurlar, aylar sovuşur, sonra yenə həminki sayaq sabit
düzümləri ilə qayıdıb gəlirlər əvvəlki
yurdlara. Ancaq Komiyə durnalar nə gəlirdi, nə də
buradan harasa gedirdi. Çünki Kominin nə yayı yay kimi
yay idi, nə qışı qış kimi qış.
Qış deyəndə ki, buralarda elə təxminən il
boyu qış idi. İlin təxminən 200-250 günü
qışabənzər keçirdi. Qış da sadə
qışlardan deyildi, damarda qan donduran qış idi. Bəzən
şaxtanın şiddəti 40-50 dərəcəni də
keçirdi. İndi təsəvvür edin buralara gəlib
düşmüş Cəfər Rəmzi kimi isti diyarlardan
olan adamların halını. Nələr
yaşayırmışlar, nələr çəkirmişlər
zavallılar! Elə cəzanın ən ağırlarından
biri də bu idi - evindən-elindən ayrılıq,
dustaqlıq, saysız məhrumiyyətlər, üstəgəl
iynəsi iliyə işləyən şaxta.
Təqvimlə guya yaz da olurdu, yay da gəlirdi. Amma nə
o yaza yaz demək olardı, nə o yaya yay. Buranın
yazı-yayı Cəfər Rəmzi kimi cənublulardan
ötrü sərt payız, nisbətən yumşaq
qış demək idi. İlin bütün qalan günləri,
aylarısa zəlo-zəlo şaxtalar. Ancaq Cəfərin xəyallarında
durnalar hər gün uçurdu. Cəfərin
röyalarında sığırçınlar da,
qaranquşlar da hər gün səmadaydı. Cəfər
köksündə şair ürəyi daşıyan bir cavan
idi. Ondan illər, onillər, yüzillər əvvəl də
şairlər səmaya üz tutmuşdular, durnalarla
danışmışdılar, durnalarla dərdləşmişdilər.
Zamanında ayrılıq, həsrət qubarı ürəyini
incidəndə Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım
bəy Zakir göylərə üz tutmuş, durnalarla həsb-hal
etmişdilər, 1936-cı il idi, indi o söhbəti Cəfər
edirdi.
O, heç cür alışa bilmədiyi soyuq diyarda
idi, burada nəinki durna, heç mavi səma da yox idi.
Göyün üzü həmişə qaraqabaq adam kimi bomboz
olardı. O bomboz göydəsə nə durnalar vardı, nə
qaranquşlar, nə sığırçınlar. Ancaq Cəfərin
içərisində durnalar uçmaqda idi. Ürəyinin fəzasında
həmişə o durnalar uçmasaydı, ömrü elə
Sibir yolunun başlanğıcındaca bitərdi, Komiyə gəldiyi
ilk aylardaca canını tapşırardı. Onu yaşadan
içərisində həmişə
uçuşlarını davam etdirən durnalar idi. Cəfərin
qəlbindəki durnalar xəyalən uçub vətənə
də qovuşurdu, vətəndən ona salamlar da yetirirdi, xəbərlər
də çatdırırdı. 1936-cı ilə qədər
- Cəfərəcən durnalara saysız şeirlər həsr
edilmişdi. Ancaq Cəfər Rəmzinin durnalara üz tutaraq
söylədiyi şeir heç bir əvvəlki durnalar
şeirinə bənzəmirdi.
Sibirdə günümüz dönübdür ilə,
Vicdansızlıq gəlməz qələmə, dilə.
Dözmək olmur bəlalara, müşkülə,
Gəlin biz tərəfə, haya, durnalar!
Kremldir iftiralar yuvası,
Stalinsə hiylələrin mayası.
Zərrə qədər yox üzündə hayası
Lənət deyin Moskvaya, durnalar.
Cəfərə qədər gözlərini göylərə
dikərək, durnalara üz tutaraq ürəyində dilək
tutanlar, xahiş edənlər çox olmuşdu. Ancaq Cəfərə
qədər durnalardan bu cür rica edən heç
olmamışdı. Ancaq qürbətlərə məhkum,
durnalarla danışan bu cavan şairin başqa bir dərdi də
vardı. İçərisində qövr eləyən
acıların nəticəsi olaraq bu şeir qəlbində
doğulmuşdu. Ancaq onu qələmə ala, kağıza
köçürə bilmirdi. Çünki artıq buralarda
olduğu qısa müddət içərisində bir acı
həqiqəti anlamışdı. Gəlib Komiyə düşmüşdüsə,
səbəbi vaxtilə hələ Bakıda, Azərbaycanda
olanda yazdığı dikbaş şeirlər idi. İndi elə
bir şeir doğurmuşdu ki, onu özündən başqa
kimsəyə oxuya bilməzdi (Əslində heç
yanında-yörəsində onun dilini anlayan, dərdləşəcəyi,
bu şeiri göstərəcəyi, oxuyacağı bir kimsə
də yoxdu).
Belə bir şeir qoşmasını eşidib-bilən
olsaydı, ya əgər kağızda yazardısa, o vərəq
hökumət adamlarından kiminsə əlinə düşsəydi,
cəzasının üstünə cəza gələrdi. Bəlkə
heç cəzasının üstünə cəza gəlməzdi,
hökmünü birdəfəlik çıxarardılar,
ömrünün son nöqtəsini güllə ilə
qoyardılar. Odur ki, Cəfər istər Komidə olduğu
günlərdə, istərsə də sonra Qazaxıstanda
Komidəkindən də ağır şəraitdə
"yaşayarkən" durnalarla şeirləşmələrini
xəlvəti - ürəyindəcə davam etdirirdi. Durnalarla
şeirə dönən söyləşmələri yenə
olurdu, onların heç biri uça bilmirdi. Cəfər Rəmzinin
şeirlərindəki durnalar elə özü kimi dustaq idi -
uçmaq haqqı olmayan durnalar.
Azərbaycanın böyük rəssamı Mikayıl
Abdullayevin bir-birindən gözəl bolluca əsərləri
var. Heç vaxt rəngləri solmayacaq, həmişə Azərbaycan
insanıyla yaşayacaq o əsərlərin sırasında
portretlər də az deyil. Mikayıl Abdullayev Azərbaycanın
neçə böyük şəxsiyyətinin surətini
fırçaya alıb. Ancaq həmin şəkillərin
arasında Cəfər Rəmzinin də portreti var.
Açığı, bu, məni təəccübləndirmişdi.
Cəfər Rəmzi gecə-gündüz yazıb-yaradan, qələmlə
əlləşən, sözə fəhləlik edən insan
idi. Di gəl, 1950-80-ci illərdə onun sağında-solunda
bir-birindən adlı-sanlı ədəbiyyatşünaslar,
şairlər, nasirlər vardı ki, həmin təntənəli
sırada Cəfər Rəmzi İsmayılzadə məqamca
xeyli azgörünən bir nöqtədə idi. Həmin
adlı-sanlılar qafiləsində şöhrətli
Mikayıl Abdullayevin fırçasının sanbalına
çəkicə Cəfər Rəmzidən daha əvvəl
layiq olanlar az deyildi. Təəccüblənmişdim ki, necə
olub bu qədər nəhəngin arasında onun yadına Cəfər
Rəmzi düşüb. Günlərin birində şahidi
olduğum əhvalat bu sualın da cavabını
öz-özünə aydınlaşdırdı.
1980-ci illərin sonları idi, Nizami muzeyində yenicə
işləməyə başlamışdım və burada
Mikayıl Müşfiqin xatirəsinə həsr edilmiş məclis
keçiriləcəkdi. Azərbaycanın tanınmış ədəbiyyatçılarının,
şairlərinin, söz adamlarının çoxu gəlmişdi.
Qonaqların arasında Cəfər müəllim də
vardı. Təbii ki, təşrif gətirənlərin
hamısı Cəfər Rəmzini tanıyırdı,
artıq ağsaqqal, oturuşmuş insan idi, hamısı
onunla ehtiramla görüşür, hal-əhval tuturdu. Ancaq gələnlərin
arasında iki nəfərin Cəfər müəllimə
xüsusi sayğıyla, həm də sadəcə ehtiramla
deyil, məxsusi nəvazişlə, həssaslıqla
yanaşması diqqəti istər-istəməz cəlb etdi.
Biri şair Balaş Azəroğlu idi, digəri rəssam Mikayıl
Abdullayev. Üstündən bir neçə gün keçdi.
Cəfər müəllimlə növbəti
görüşümüzdə ondan bu barədə
soruşdum. Xəbər aldım ki, Balaş Azəroğlunun,
Mikayıl Abdullayevin sizə münasibətindəki bu incə
yanaşma nədəndir? Dedi, düz tutmusan. Onlar mənə
başqaları kimi yanaşa bilməzdi ki! Haçan məni
görürlərsə, elə bu cür rəftar edirlər.
Bu istiqanlılığın, məhrəmliyin səbəbi
nə idi? 1980-ci illərin sonlarında həm Mikayıl
Abdullayev, həm Balaş Azəroğlu artıq özləri
də yaşlı insanlar idi. Ancaq gendən baxırdım, Cəfər
müəllimlə söhbət edərkən onlar sanki
yaşlarından qat-qat gənc kimi görünürdülər.
Sirri Cəfər müəllim özü açaraq
söylədi ki, mən 1930-cu illərin əvvəllərində
müəllimliyə başlayarkən Balaş Azəroğlu
da, Mikayıl Abdullayev də rəhbərlik etdiyim şeir dərnəyinin
üzvləri idilər, onların ilk şeirlərini oxuyub
düzəlişlər edərdim, həvəsləndirərdim
ki, yaxşı yazırlar, hər görüşümüzə
yeni şeirləri ilə gəlsinlər.
Gənc müəllim Cəfər İsmayılzadə
bu yeniyetmələrdəki şeir yanğısını daha
da coşdurmaqçün öz dərnəyinin məşğələlərinə
daha bir İsmayılzadəni tez-tez dəvət edərmiş
- dostu Mikayıl Müşfiqi! Hər yeni günün
onlarçün elə şeir kimi olduğu bəxtiyar,
ümidli, arzulu çağlarmış...
31 oktyabr 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 8 noyabr (№205).- S.18-19.