Milli İncəsənət Muzeyində
sərgi: “Zəfərin rəngləri”
Azərbaycan Milli İncəsənət Muzeyində “Zəfərin
rəngləri” adlı sərginin açılış mərasimi
keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, əvvəlcə
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar
İttifaqı və Milli İncəsənət Muzeyinin birgə
təşkilatçılığı ilə reallaşan sərgi
44 günlük Vətən müharibəsində
qazanılmış şanlı Zəfərin 5 illiyinə həsr
olunub.
Daha sonra Azərbaycan Milli İncəsənət
Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar
İttifaqı sədrinin birinci müavini, Xalq rəssamı
Salhab Məmmədov çıxış edərək “Zəfərin
rəngləri” sərgisinin qələbəmizin sənət
salnaməsini yaradan rəssamların Vətənə olan
sevgisinin, qürur və birliyimizin rənglərdəki təcəssümü
olduğunu vurğulayıblar.
“Zəfərin rəngləri” sərgisinin
ekspozisiyasında tanınmış və gənc rəssamların
Vətən müharibəsi qəhrəmanlarına,
işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq
işlərinə, Böyük qayıdış
mövzularına, Qarabağın füsunkar təbiətinə
həsr olunmuş əsərləri nümayiş olunur.
Sərgidə Xalq rəssamları Arif Hüseynov, Sirus
Mirzəzadə, Əməkdar rəssamlar Adil Şıxəliyev,
Elşən Hacızadə, həmçinin təsviri sənətin
müasir təmsilçiləri sırasında yer alan Vəfa
Pənahova, İntiqam Ağayev, Nigar Vəliyeva, Mirzə
Quliyev, Hafiz Kərimov, Ülkər Əliyeva və digər rəssamların
müxtəlif texnikalarda işlədikləri əsərləri
təqdim olunur.
Təsviri sənətin rəngkarlıq və qrafika növlərində
işlənmiş kompozisiyalar, eləcə də dekorativ-tətbiqi
sənətə aid qobelen nümunələri möhtəşəm
qələbə ruhunu, xalqımıza Zəfər sevincini bəxş
etmiş igid qəhrəmanların obrazlarını bədii
dildə ifadə edir. “Cıdır düzü”,
“Xarıbülbül ”, “Xudafərin körpüsü”,
“Qayıdış”, “Zəfərin şəfəqi”,
“Şuşa, sən azadsan” və digər əsərlər
daşıdıqları ideya-bədii məzmunu ilə
ekspozisiyanın əsas konseptual xəttini təşkil edir.
Sərgi noyabrın 9-dək davam edəcək.
525-ci qəzet .- 2025.-
8 noyabr (¹205).- S.16.