Bişkekdə azərbaycanlı
teatr xadiminə “Çingiz Aytmatov” medalı təqdim edilib
Bişkekdə Azərbaycanın tanınmış
teatr xadimi, Əməkdar mədəniyyət
İşçisi, şair, dramaturq, aktyor və rejissor
İftixar Piriyevin yeni monoqrafiyalarının təqdimatı
keçirilib.
AZƏRTAC Qırğızıstan Milli
Yazıçılar Birliyinin mətbuat xidmətinə
istinadla xəbər verir ki, tədbirdə
yazıçılar, alimlər, ictimai xadimlər və bu
ölkədə fəaliyyət göstərən Azərbaycan,
Tacikistan və Özbəkistan milli mədəniyyət mərkəzlərinin
rəhbərləri iştirak ediblər.
Çıxış edənlər İftixar Piriyevin
yaradıcılığını və elmi fəaliyyətini
yüksək qiymətləndiriblər.
Onun iki xalq arasında elmi-humanitar əlaqələrin
inkişafına, eləcə də teatr tarixi və nəzəriyyəsinə
əhəmiyyətli şəxsi töhfəsi qeyd edilib
İ. Piriyevin “Elçin teatrı: Absurd dram “Qeyri-səlis
məntiq” nəzəriyyəsi kontekstində” və “Qeyri-səlis
məntiq və teatr” monoqrafiyaları dünya teatr sənətinə
ümumiləşdirilmiş və yeni baxışın təzahürüdür.
Dünyaşöhrətli yazıçı
Çingiz Aytmatovun oğlu və Beynəlxalq İssık-Kul
Forumunun prezidenti Əskər Aytmatov
çıxışında qeyd edib ki, İftixar Piriyev teatr,
poeziya, elmi-yaradıcılıq vasitəsilə yüksək
mənəvi dəyərlərin təbliğindəki, eləcə
də Çingiz Aytmatovun humanist irsinin
populyarlaşdırılmasındakı görkəmli nailiyyətlərinə
görə “Çingiz Aytmatov” medalı ilə təltif
olunur.
O, Qırğızıstan paytaxtında geniş
ictimaiyyətin iştirakı ilə yüksək
mükafatı Azərbaycandan olan qonağa təqdim edib.
Təqdimat mərasimində İftixar Piriyevə, həmçinin
Mərkəzi Asiyanın qüruru olan böyük sufi
şairi və maarifçisi Xocanəzər Huvaydo adına
Beynəlxalq Elm və Təhsil Fondunun Fəxri Sertifikatı təqdim
edilib.
Qırğız Respublikası Milli
Yazıçılar Birliyinin rəhbərləri və
üzvləri İftixar Piriyevin dramaturq kimi incəsənət
əhəmiyyətli töhfələr verdiyini və Türk
dünyasında böyük nüfuz qazandığını
qeyd ediblər. Onun dərin fəlsəfi ideyaları,
çoxşaxəli bədii və elmi əsərləri
türk xalqlarını birləşdirmək ideyası ilə
doludur və onların ortaq tarix və gələcəyi
bölüşmələri baxımından eyni istiqamətdə,
vahid şəkildə hərəkət etməli olduqları
ideyasını təbliğ edir.
Mərasim iştirakçıları İftixar Piriyevə
gələcək fəaliyyətində uğurlar
arzulayıb, ona xatirə hədiyyələri təqdim ediblər.